Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

AYNURƏ NƏSIROVA.Ruhi ehtiyac varsa

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Əkbər Mehdi oğlu Yolçuyev (Qoşalı). Altun Bitig (Qızıl Kitab). “Vektor” Nəşrlər Evi. Bakı 2007.

Yeni bir kitab işıq üzü görüb – Əkbər Qoşalının “Altun Bitig. Qızıl Kitab”ı. Burada Azərbaycan dilində işlənən alınma sözlərin türk mənşəli qarşılığı, türk mənşəli insan, yer adları, ayların, həftənin günlərinin, bürclərin adları və Türk əlifbası verilmişdir. Kitabda türk dillərindən toplanmış sözlərlə yanaşı, fərdi qaydada yaradılmış sözlərdən də istifadə olunmuşdur. İlk baxışdan çox maraqlı, düşündürücü görünür. İdeya baxımından gözəl və əhəmiyyətlidir. Doğrudan da, əgər dilimiz bu sözlərə qarşılıq verə bilirsə, nə üçün öz sözlərimizdən istifadə etməyək ? Əslində, kitabda bir çox sözlər var ki, öz dilimizdə onları ifadə etmək üçün, doğrudan da, daha uğurlu vahidlər var: həcm-tutum, informasiya-bilgi, inşaat-tikinti, məna-anlam, ittifaq-birlik, krant-şırnaq, mədaxil-gəlir, şahid-tanıq.
Bu onun göstəricisidir ki, dilimiz türk dili olaraq böyük potensiala malikdir.
Kitabda əhatə olunan bu qədər sözü və bu sözlərin hər biri üzərində çəkilmiş zəhməti görəndə, doğrudan da, hiss olunur ki, müəllifin dediyi kimi, “bu bir vətəndaşın ruhi ehtiyacının, ürək yanğısının məhsuludur”. Ancaq unutmamalı ki, bu istəyin, ideyanın dilçilik yönü, elmi tərəfi də var.
Düzdür, müəllif qabaqcadan dilçi olmadığını və kitabın sadə bir vətəndaşın qələmindən çıxdığını ; aşıladığı ideyaya baxmayaraq, dildə alınmaların lazım olduğunu da qeyd edir, ancaq niyyətində də qətidir.
Ümumiyyətlə, dilin lüğət tərkibi çox dinamik və dəyişilməyə tez uğrayan sahədir. Ancaq bu dəyişiklik gözlə müşahidə ediləcək tərzdə getmir. Bunun üçün uzun illər gərəkdir. Əgər dildə alınmalar lazımdırsa onda, bəlkə, uzun əsrlər ərzində dilimizə keçmiş, oturuşmuş və bəzən alınma olduğu belə unudulan sözlərə toxunmasaq, daha düz olar. Əslində, dili canlı varlıq kimi düşünmək lazımdır. Dil yaranır, inkişaf edir, zənginləşir, təmasda olur, yayılır...
Dilə məcburi söz gətirmək çətindir. Belə sözlər olsun ki, bir neçə vaxt işlənir, lakin onlar ədəbi dilə keçib, oturuşa bilmir. Dilin lüğət ehtiyatına şüurlu müdaxilə olunarsa, o süniləşər, başa düşülməsi çətinləşər. Dil lüğət tərkibini – istər alınma sözlər olsun, istərsə də dilin öz imkanları hesabına yarananlar olsun – özü seçir, tənzimləyir.
Dilimizdəki alınmaların bir çoxu konkret predmetlə, məfhumla birlikdə dilimizə keçmişdir. Bu adı ona yaradıcısı olan xalq vermişdir. Onun adının dəyişilməsi mənanın təhrif olunmasına gətirib çıxara bilər (arxitektor-əliqızıl, ucaltman; bakteriya-canüzər, gözgörməz; aviasiya-havaçılıq; motosikl-üçtəkərli; sistern-daqqa; hərf-orxoncuq, yazıçı və s.)
Zaman keçdikcə, yeni məfhumlar yarandığı üçün yeni sözlər də yaranacaq. Biz o predmetləri qəbul etdikcə onların adlarını da qəbul edəcəyik. İstər-istəməz bütün məfhumları adlandırmaq üçün öz dilimizdə mənanı tam əks etdirən vahidlər tapmaq çətindir.
Dil özü-özünə qapanarsa, digər dillərdən bəhrələnməzsə, təmasda olmazsa inkişafdan qalar. Dilin zənginləşməsi, inkişafı üçün yeniləşməsi lazımdır.
Bizim lüğət tərkibimizə başqa dillərdən sözlər daxil olduğu kimi, dünya dillərinin bir çoxunun lüğət tərkibinə də türk sözləri daxildir. Onlar da bizim sözlərdən imtina etməlidirmi ?
Bu baxımdan, niyyət nə qədər xoş olsa da, kitabda bir çox sözlər var ki, əvəzlənməsi uğurlu görünmür: aləm-dördbulun, hər yan; aktrisa-oyunman; diktor-vərəqoxuyan; əlavə-ək; ekipaj-sürənər; söhbət-danışıq; fürsət-ələgəlmə; təsəvvür etmək-düşünmək;
Alınma sözlərə qarşılıq kimi göstərilən bu sözlər əslində əvvəlki sözün ifadə etdiyi mənanı tam, dəqiq verə bilmir. Müəllif hövsələ və iradə sözlərinin hər ikisinə qarşılıq olaraq dözüm sözünü göstərir. Hər iki sözün əvəzinə dözüm sözünün işlənməsi dildə qeyri-dəqiqlik yaratmırmı ?
Kitabda göstərilən bəzi qarşılıqlar isə (amma-ancaq; əhatə-yan-yörə; iftira-şər; məcmuə-toplu; xəyanətkar-satqın; təqdir-bəyənmək; valideyn-ata-ana vəs.) dilimizdə uzun zamandır sininim kimi işlənməkdədir. Deməli, dildə hər iki vahidə ehtiyac var ki, onlar ədəbi dildə sərbəst işlənə bilirlər.
Lüğətdə eyni zamanda ədəbi dilə daxil olmayan, yalnız şifahi nitqdə işlənən sözlərin də əvəzlənməsi verilib. Bu sözlər danışıqda çoxdan işlənməsinə baxmayaraq, ədəbi dilə keçməyib, əksərinin dilimizdə qarşılığı var : voobşe-bir də (ki), bir sözlə, ona qalanda; spravka-arayış, sorğac; obıçnıy-babat, saya; kusok-kəsik, qisim və s.
Ədəbi dildə bu sözlərin – ümumiyyətlə; arayış; sadə; parça, dilim variantları var. Bu bir daha sübut edir ki, dil yararlı və lazımlı sözləri seçir.
Kitabın adlarla bağlı bölməsi maraqlıdır. Təklif olunanlar içərisində gözəl adlar çoxdur. (Altunay, Dilək, Güləsər, Yazgül, Ayxan, Barış, Özgür, Elbəy və s.) Zaman keçdikcə körpələrə bu adları vermək də gözəl olardı. Müəllifin dediyi kimi “bu adlar səsləndikcə ruhumuzu oxşayacaq, soyumuzu ehtiramla andıracaq, yaddaşlarımızı təzələyəcək”. Ancaq başqa xalqın dilindən alınan gözəl mənalı və səslənişli bir adın övladına verilməsi heç də o insanın soyundan, kökündən, xalqından uzaq düşəcəyi, yadlaşacağı anlamını vermir. İnsan ruhu ilə, beyni ilə xalqına, soykökünə bağlı olur.
Məqsədimiz heç də kitabın önəmini azaltmaq deyil. Əksinə, oxucunu gərəkli bir mütaliəyə hazırlamaqdır. Çünki hər bir ifrat təfritə gətirib çıxara bilər. Doğma dilin qayğısı ilə yaşamaq təkcə bir yazarın deyil, hamımızın ruhi ehtiyacı olmalıdır.
Kitabın sonunda qədim türk əlifbası olan Orxon-Yenisey əlifbası və bu əlifba əsasında Asif Ata Ocağının təklif etdiyi Türk Əlifbası verilmişdir.
Kitabın elmi redaktoru Azər Turan, redaktoru Osman Ənvəroğlu, məsləhətçisi prof. Elçin İsgəndərzadədir. Rəssamı Zeynel Beksaçdır (Kosovo).

(Qaynaq: “Tenqid.net”)



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib firuz, 05 Noyabr, 2009 02:17:58
    məncə kitab çox faydalı görünür. artıq bu məntiq ki, dil canlıdır onun alınmalarına toxunmaq olmaz köhnə bir məntiqin donunu geyir. bu gün sünni varlıq yaradmaq olursa onda nə üçün söz yaradmaq olmaz. sözü yaradın və radio, televiziya və mediada işlədin həmən yerini alar. bunun üçün dünya təcrübəsi var. Əkbər müəllimin əlləri ağrımasın əla iş görübdür. Tehrandan bir oxucu

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az