Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Dialoq və monoloqda bədii vəziyyət xarakterin psixoloji özünüifadə məkanı kimi

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Xanverdi TURABOĞLU /AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun əməkdaşı, BDU-nun dissertantı

 Dramatürgiyada  psixologizmi şərtləndirən bədii üsul və vasitələrdən biri də dialoq və monoloqla üzə çıxan bədii vəziyyət xarakterin psixoloji özünüifadə məkanı kimi reallaşır. Əsərdə bədii təhlil obyektinə çevrilən obraz, fərd,  şəxsiyyət, onun daxili aləmi, yaşantıları, davranışları, ətraf gerçəkliyə, adamlara, həyata, cəmiyyətə, dövrə, mühitə münasibəti və ya əksinə, dövrün, mühitin, cəmiyyətin  fərdə,  şəxsiyyətə münasibəti təqdim olunan müəyyən psixoloji proses vəziyyət daxilində, əlbəttə, təbii ki, bu vəziyyət müəyyən bədii forma və məzmuna və ya ideyaya xidmət edən dramatik, satirik-yumoristik,  nəqli-informativ və ya  epik, eləcə də lirik-romantik və ya sentimental, faciəvi tərəfləri ilə  birgə alınaraq ümumilikdə obrazlar aləminin psixoloji durumunun  özünüifadə məkanı kimi şərtlənir. Bu baxımdan tarixən yanaşıldıqda M.F.Axundov, N.Vəzirov, Ə.Haqverdiyev, Mirzə Cəlil, H.Cavid, Ü.Hacıbəyov, S.Rəhman, İ.Qasımov dram yaradıcılığında özünüifadə məkanı kimi gerçəkləşən bədii vəziyyətlə ilişik maraqlı bədii nümunələr müşahidə etmək mümkündür. Sadəcə bir neçə misal. Bayramla Tarverdinin (M.F.Axundov. «Hekayəti-xırs-quldurbasan») mübarizəsi qəribə vəziyyət üzərində qurulur. Onlara görə ən yaxşı, nüfuzlu, mərd, uzaqgörən adam olmaq üçün sözün mütləq mənasında kiminsə mal-qoyununu, atını, toyuğunu oğurlamaq və ya yollarda dayanmaqla karvan qabağını kəsib adam soymaqla pul, var-dövlət ələ keçirməklə böyük hünər sahibi olmaqdır. Əks təqdirdə qaçaq-quldurluq, oğurluqla məşğul olmayanlar el-oba arasında hörmətsiz adam kimi qəbul olunur. Belə adət-ənənə onların yaşayış və düşüncə tərzində adi hala çevrilməklə onlarda bu qanunauyğun hadisə hesab olunur. Hazırki bizim düşündüyümüz əxlaqi-mənəvi baxış bucağından  və ya məntiqi-hüquqi baxımdan yanaşdıqda bu normal görünmür. Burada dramaturq yuxarıda qeyd olunan cəhətlərdə dövrün, mühitin, cəmiyyətin ümumi ab-havasında izlədiyi yaşanılan ürəkaçmayan problemi kimi təqdim edir. Əsərdə inikasını tapan və yaşanılan bu problem isə müəllifə görə müasiri olduğu dövrün, mühitin, cəmiyyətin bütövlüklə ümumiləşmiş bədii vəziyyəti kimi simvollaşır. Bu baxımdan Bayramın monoloquna diqqət yetirək:
Bayram: …(Yalqız)  Ax Tarvedi, Tarvedi! Güman edirsən ki, Pərzadı qoyacağam sənə gedə! Bu gədə qəribə axmaqdır! Bir fikir eləmir ki, axır nə hünərim var ki, mən Bayram ilə meydana girirəm? Onun kimi ata bilmənəm, vura bilmənəm, iki atın arpasın bölə bilmənəm, adım bir qoçaqlıqda söylənməyib, bir quldurluqda çəkilməyib, ömrümdə bir at oğurlamamışam, bir öküz qovmamışam, gecə vaxtı qorxudan alaçığın çətirindən başımı dişarı çıxara bilmənəm. Bu ürək ilə necə Bayram kimi adamın sevgilisinə göz dikirəm. Vallah, əgər Pərzad izin versə, bir gün onu sağ qoymanam! [2,69].
Bayram fikrində, düşüncəsində, hərəkət, davranışlarında özünü nə qədər ciddi, ağıllı, təmkinli adam kimi təqdim etməyə çalışsa da dövrün, cəmiyyətin, iç dünyasından gələn  və ona hiss olunmadan israrla diqtə və sirayət olunan hərəkət, davranışlardakı gülünc və anormal vəziyyəti duya bilmir. Əksinə gülünc və anormallığı o, Tarverdinin hələ indiyə qədər at oğurlamamasında görür. Başqa sözlə, dramaturq gülüş hədəfini Tarverdi üzərindən daha çox Bayram obrazının ümumiləşmiş bədii vəziyyəti, hərəkət və düşüncələri, davranışları, münasibətləri üzərində və ya  mühitin, cəmiyyətin onun anormal davranışlarının hələ də dəstəkləməsi üzərində kökləmiş, cəmləmişdir. M.F. Axundovun digər əsərində həmin  cəmiyyətin üzvi olan Şəhrəbanu xanım və Xanpəri də («Hekayəti-Müsyo Cordan həkimi  nəbatat və dərviş Məstəli Şah cadukuni-məşhur») Bayram obrazının hərəkət və düşüncələrini, davranışlarını eyni olmasa da başqa vəziyyət və formada təkrarına nail olur. Onlar da savadsızlığın hökm sürdüyü bir dövrün, cəmiyyətin üzvü kimi   davranışlarında, münasibətlərində özlərini nə qədər yüksək nümunəli adam təəssüratı oyatmağa çalışsa belə yenə düşünülməmiş səhv addımlarının nəticələri qarşısında normal olmayan vəziyyətə düşdüyünü anlamır. Əksinə, elmə, maarifə səsləyən  nəbatat alimi Müsyö Cordanın Şahbaz bəyi Parisə  aparıb təhsil verməsinə qarşı çıxaraq onu günahlandırmaqdan belə çəkinmir. Başqa sözlə, gülüş hədəfi burada Müsyö Cordan və ya  Şahbaz bəy yox, məhz Şəhrəbanu, Xanpəri və Məstəli Şah simasında, davranışlarında cəmləşən savadsızlığın hökm sürdüyü dövrə, cəmiyyətə yönəlikli  arzuolunmayan pis vərdişlərin, əməllərin və adət-ənənələrdəki ümumi psixoloji durumu,  vəziyyətin  tənqidi və ifşası ilə qabardılaraq üzə çıxır. Buradakı bədii vəziyət isə ümumilikdə obrazlar aləminin psixoloji özünüifadə məkanı kimi reallaşır. Bu baxımdan fikrimizə söykənəcək bir mühüm  cəhətə diqqəti  artırmağa  ehtiyac duyulur. Şəhrəbanu xanım  və  Məstəli Şah qarşılaşması təbiətcə iki bir-birinə zidd əks qütbdə dayanan obrazlar - biri savadsızlığın, ümumi ab-havasını özündə əks etdirən kortəbii hərəkət,  davranışları ilə sadəlövh aciz, digəri onun sadəlövh   münasibətindən öz xeyrinə istifadə edən mahir kələkbaz,  fırıldaqçı. Bu iki bir-birinə zidd qütbdə qalan obrazların hər birisi öz anlamında özünəxas məqsədə qulluq edir. Biri qızının nişanlısını səfərdən saxlamaq cəhdi və ya özgə şəhərə təhsil almaq niyyəti ilə yollananın qarşısını almaq cəhdi, digərinin isə çoxlu pul əldə etmək  marağı. Onların hər birisi  hərəkət,  davranışlarında, münasibətlərində  indiki halda dövrünün adamı olaraq mühitin, cəmiyyətin yetirməsi kimi ondan kök atıb rişələnən ümumi psixoloji durumun, vəziyyətin özünüifadə məkanı kimi qabardılmasına və gerçəkləşməsinə nail olur:
Şəhrəbanu:  Baba dərviş, bir cüzvi, yüngül işdən ötrü sənə zəhmət vermişəm. Mətləb budur ki, bizim Şahbaz  lap yolundan azıb. Bir firəngi qonağımız var, xəyalındadır ki, ona qoşulub Paric  şəhərinə getsin, mənim bu oturan, gülüzlü uşağımı ki, onun adaxlısıdır, iyirmi gündən sonra  toyu başlanacaq, ağlar, sızlar qoysun. Mən və Hətəmxan ağa nə qədər yalvardıq, söylədik, qulaq asmadı, gərəkdir ki, bir iş edəsən ki, bizim Şahbaz  Paricə   gedə bilməsin və müsyö Cordan ondan əl çəksin, aparmasın.
Məstəli Şah: xanım, bu cüzvi işdə  mənim cadümün əsəri  ya Paricin, ya  müsyö Cordanın başında çatlasın…indi mən bu saatda, xanım, sizin gözünüzün qabağında Paricin heykəlini bərpa edib burda onu pozacağam. Və divlərə və ifritələrə hökm eləyəcəyəm ki, haman dəqiqə Parici yıxsınlar və on günə qədər xəbərini müsyö Cordana çatdırsınlar ki, Şahbaz bəyi aparmaq fikrindən düşsün, yainki bir xoruzu qabağımda tutub  adın qoyacağam müsyö Cordan, bu saatda onun boynunu vurub Mərrix ulduzuna əmr edəcəyəm ki, bu tövr ilə o da on günədək xilas olsun…xanım, divlərin əl muzdunu, ənamını kərəm edin! Artıq istəmirəm, nə qədər ki, vədə edibsiniz…yüz bacaqlı [1,38-44].
Dramaturq Məstəli Şahın simasında düşdüyü şərait və vəziyyətdən məharətlə istifadə edən və bəhrələnən şəxsləri özünəxas daxili-psixoloji cəhətləri ilə qabardır. Müəllif bu dəfə Məstəli Şahın köməkçisi Qulaməli obrazının vasitəsi ilə həmçinin avam xanımların anlamadığı başqa bir dillə dialoqunu yaradaraq onun daxili aləmini, iç dünyasını, hərəkət, davranışlarında, münasibətlərində üzə çıxan mənfi keyfiyyətlərin qabardılmasına nail olur.
Qulaməli: Nə etmək istəyirsiniz?
Məstəli Şah: Paric şəhərinin heykəlini qurmaq istəyirəm ki,  divlərə və ifritələrə hökm edim, bu qadının gözü qabağında bu heykəli alt-üst edincə Paric  şəhərini də  göz qırpınca alt-üst etsinlər.
Qulaməli: Nə səbəbə?
Məstəli Şah: Yüz dənə bacaqlı səbəbinə ki, indi bu xanımdan bu işdən ötrü alacağam.
Qulaməli: Yaxşı, bu xanımın Fransa paytaxtı və xalqı ilə nə düşmənliyi var?
Məstəli Şah: Bu  hekayət çox uzundur, indi danışmaq yeri deyil, taxtaparaları xurcundan çıxart!
Qulaməli: Bu  saat, amma ağlıma sığmır ki, bu çətin iş düzələ, bilmirəm zarafat edirsən, ya yox. Göz qırpınca Paric xarab ola nə deməkdir!
Məstəli Şah: A kişi, necə yəni, nə?! Əlan bu böyük xanım bu iş üçün mənə yüz dənə təzə bacaqlı verəcəkdir və on gün də cadunun əsər etməsi üçün vaxt var bir adam da  bu sirri bilmir və bilməyəcək də. Bacaqlıları alandan sonra əl-ayaq açmışam. On günə qədər özümü Arazın o tayına sala bilmərəmmi? Məni orada kim tapacaqdır? Məndən sonra  hər nə  olursa olsun,  on günə Paric  xarab olsa, danışıqsız bacaqlılar həzmi-rabedən keçəcəkdir. Sən nə bilirsən, bəlkə o vaxtadək bəzi səbəbdən Paric xarab ola. Məgər belə  qəribə işlər dünyada az törəmişdir?
Qulaməli: Bu axırıncı fəqərəni qətiyyən ağlım qəbul etmir, xam xəyaldır
[1.40-41].
Ə.Haqverdiyevin dram əsərlərində müşahidə olunan hadisə, proses, vəziyyət, müəyyən olunan özünəməxsus psixoloji hadisə, vəziyyətin ifadəçisi kimi çıxış etməklə ümumilikdə bədii ideyanın, məqsədin ardıcıl olaraq izlənilməsinə də yardımçı olur. Məsələn, qardaşının ölümündən sonra onun böyük mülkünə sahib duran Hacı Səməd ağa («Bəxtsiz cavan») zahirən özünü səxavətli göstərsə belə özünüifadə edən müəyyən bir vəziyyətə düşdükcə onun daxili aləmi, hərəkət,  davranışlarında, münasibətlərində üzə çıxan mənfi xüsusiyyətlər dərhal həmin anda qabarıq gözə çarpır:
Hacı Səməd ağa:  Buyur, Kərbəlayı! Bu sənin təməssükün, bu da sənin girovun (Kərbəlayı Bəndəli şeyləri alıb gəlib əyləşir). Mirzə, axşam gələn övrəti razı elədinmi?
Mirzə Qoşunəli: Bəli, hacı ağa, bu sabah on manat aparıb verdim.
Hacı Səməd ağa: On manat azdır. Altı yetimi var, on manatdan biçarəyə nə olsun! On manat da apar ver!...di o iki yüz manatı ver buraya. Qırx manatı saxla özündə. Sən bilirsən ki, o qırx manata mən əlimi də vurmaram, o da gərək füqarəyə qismət oluna. (Mirzə Qoşunəli pulun bir hissəsini verir Hacı Səməd ağaya, hacı alıb üzünü tutur Kərbəlayı Bəndəliyə). Çox yaman camaatdır, Kərbəlayı, bizim camaat. Heç kəsin ürəyində allah qorxusu yoxdur. Hər kəs hər nə qazansa, yediyini, yeyir, artığını da gizləyir. Daha demir ki, mənim fəqir qardaşım da var, onun da əlindən gərək tutum. İndi əlacım kəsilib, mən də bir belə qayda qoymuşam ki, özüm fəqirlərə məsrəf elədiyimdən əlavə hər kəsə borc versəm, yüzə bir cüzi, yəni iyirmicə manata müamilə qoyub o müamiləmi də fəqirlərə verirəm,
Kərbəlayı Bəndəli: …allah hacı ağanın vücudlarını bizə çox görməsin (Durur ayağa). Xudahafiz…
Hacı Səməd ağa:  Xoş gəldin, Kərbəlayı (Kərbəlayı gedir). Mirzə, di, o pulu da buraya ver görüm.
Mirzə Qoşunəli: Necə pulu?
Hacı Səməd ağa:  Necə pulu nədir? Belə o qırx manatı.
Mirzə Qoşunəli: (gülür) Bəs bu fəqir pulu deyil?
Hacı Səməd ağa:  İşini gör, rəhmətlik oğlu, fəqir nədir, heç mənim özümdən böyük fəqir yoxdur.
Mirzə Qoşunəli: İmdi ki, belədir, mən səndən də fəqirəm, yarısı sənin, yarısı mənim.
Hacı Səməd ağa:   Gic-gic danışma, bəri ver. Sonra görüşərik.
Mirzə Qoşunəli:  Necə görüşərik? Budur, altı aydır ki, sənə qulluq edirəm. Heç mənimlə görüşməyibsən. Bundan sonra  nə görüşəcəksən?...Babam ərvahına and olsun, sənə iyirmi manatdan bir qəpik artıq verməyəcəyəm. Rəhmətliyin oğlu, mən məgər burada hambali-bimuzdam?...(öz boğazından tutur)  Hacı ağa, axır özün bilirsən ki, mən sənin kələk yoldaşınam. And olsun babam  ərvahına və bir oğlum Səbzəlinin canına, səni aləm içində rüsvay elərəm. Rəhmətlik oğlu, sən məni işimdən, gücümdən avara eləyib altı aydır ki, gətirib burada dustaq eləyibsən ki, nədir səni dünya malından qəni eləyəcəyəm. Bir belə vaxtda səndən bir qulluq görməmişəm. Məgər insan deyiləm, məgər mən külfət sahibi deyiləm? Mənə deyən gərək ay axmaq, məktabdarlıqda nə yamanlıq gördün ki, buraxıb gəlib buna nökər oldun? Məktabdarlıqdan min cür mədaxil götürürdüm… Mən bir nəfi əldən buraxıb sənin qoltuğuna qısılmışam, sən də mənimlə belə rəftar edirsən. Məgər bunu allah götürər? Mən sənin adına aldanıb gəlmişəm, görürəm, hamı sənin barəndə danışılan əfsanə sözlər imiş! Məni də eləyibsən nəqli-məclis! Sənətim səni bazarda, məclislərdə, dükanlarda tərif eləyib  imanımı yandırmaqdır? Məgər mənim imanımın bahası belə rəftardır? Yalan danışmaqdan bilmərrə həyam, abrım tökülüb. Budur, gərək hansı seyidin yetimlərinə bir çuval un gedib? Hansı  arvada on manat verdin? Bir insafın olsun, ağa? [3,49-51].
Hüseyn Cavidin dram yaradıcılığında da müşahidə olunan bədii vəziyyət ümumilikdə obrazlar aləminin psixoloji özünüifadə məkanı kimi reallaşır. Buradakı bədii vəziyyət ciddi dramatik və fəlsəfi romantik planda və axarda təqdim olunur və estetik dəyərini əldə edir:
Orxan: …Ölüm hər kəsi qorxutsa da Orxanı qorxutmaz. Mən vəzifə uğrunda min dəfə ölüb dirildim. Yıldırım məni öldürtmək istərkən belə qəhqəhələrlə güldüm. İmdi isə gülmək deyil, yalnız heyrət  edirəm. Həm də  başqa əlləri qanımla ləkələndirmək istəməm. (Belindəki xəncəri çıxarır. Özünü vurmaq istər) Ah, sən məni alçaltdın, fəqət mən…iştə!
Teymur: (gur və kəskin səslə) Orxan! Əcələ edirsən, mən səni alçaltmaq  deyil, yalnız imtahan etmək istədim (şən qəhqəhəylə)  Unutma ki, Teymur şahmat oynarkən belə, taxtadan yapılmış kiçik bir piyadanı qeyb etmək istəməz. Halbuki sən cəsur və eşsiz bir qəhrəmansan (Yaxınlaşıb Orxanın omuzunu oxşar) Əvət, sənin məharət və cəsarətin işlədiyin qəbahətdən daha böyükdür. Olqayı, o dəyərli yadigarı mükafat olaraq sənə bagışladım. Fəqət qəlbin onun, düşüncə və biləklərin bizim olsun.
Almas: (çılğın bir tövr ilə Teymurun qarşısına keçərək) Xeyr, Xeyr! Sən bunu əsla yapamazsan… Xeyr, Xeyr (Olqanı göstərir) Sən ona bütün aldığın ölkələri bağışlaya bilərsən, fəqət mənə verilən bir qəlbi əsla! Əsla! (Orxana) Neçin susdun, cavab ver?!
Orxan: Xaqan  hüzurunda xəyanət eyləmək daha böyük ədəbsizlikdir.
Olqa: (Teymur qarşısında diz çökərək) Böyük Xaqan! Mənim varlığım bir çoxlarının hissiyatını zəhərləyir, məni öldür də hər kəs iztirabdan qurtulsun.
Teymur: (onun qolundan tutub qaldırır) Xeyr, Moskva çiçəyi, xeyr…Mən yalnız qızğın aslanları, azğın qaplanları şikar edirəm. Mənim oxum yalnız vəhşi qartalların qanilə boyanır. Sən  şətarətli bir gövərçinsən, halbuki Teymur əsla gövərçin qanı tökmədi.
Almas: Gövərçinləri də şahinlər parçalar (Qoynundan ufaq bir xəncər çıxarıb vurmaq istər)
Olqa: (qırıq səslə,acı təbəssümlə) Heç təlaş etmə…Almas!...(Qanlı köksünü açaraq) Mən…iştə yaralanmışam…Artıq kimsəyə…zəhmət verməyəcəyəm. Ah, ah, ahh…(Bayılıb düşür) [4. 146-148].
Orxan-Teymur-Almas və ya Olqa-Almas qarşılaşma səhnələri özünəxas təbii psixoloji  cəhət və vəziyyətlə müşaiyət olunur, onların hər birisi ayrı-ayrılıqda yaranmış bədii vəziyyət müqabilində təbiətinə, xarakterinə müvafiq olaraq hərəkət, davranışların, münasibətlərin özünəməxsus forma və məzmununda nümayiş etdirir.
İlyas Əfəndiyevin dram yaradıcılığında da müşahidə olunan bədii  vəziyyət ümumilikdə  obrazlar  aləminin psixoloji özünüifadə məkanı kimi meydana çıxır. Məsələn, Nurcahanla Sahibin («Mənim günahım») dialoqunda izlənilən bədii vəziyyət obrazlardakı özünəxas düşüncə tərzinin hərəkət, davranışlarının ətraf aləmə  münasibətlərinin müəyyən tərəfləri ilə  qabardılmasına zəmin yaradır. Burdakı bədii vəziyyət lirik romantik qatla yüklənərək təhlilə çəkilir:
Nurcahan: Bir zaman bu gözəlliyi qoyub gedəcəyini  düşündükcə elə bil ki,  ayaqlarının altında dibsiz bir boşluq açılır.
Sahib:) Nə üçün belə boş şey  haqqında düşünürsən…
Nurcahan: (əlini onun əlindən çəkərək) Yox… Sahib boş şey deyil… Mən dənizdə batan o günəş kimi qürub etmək istəmirəm. O, səhər yenə də qayıdacaqdır. Mən…Mənim gəncliyim, rəqslərim isə bir də  heç zaman qayıtmayacaqdır…indi  gurlayan alqış  sədaları məni dəhşətə salır. Sanki on doqquz-iyirmi yaşlarımda məni xoşbəxt eləyən bu sevinc, bu heyrət nidaları indi məni əbədi bir heçliyə, bir qaranlığa yola salırlar. And iç ki, məni əvvəlki məhəbbətinlə sevirsən!
Sahib: Axı, mən neyləmişəm ki, sən belə şübhələnmisən.
Nurcahan: Bilmirəm. Mənə elə gəlir ki, indi sən mənə sadəcə olaraq ancaq hörmət edirsən.
Sahib: … (olduqca pərişan) Heç bilmirəm bu lənətə gəlmiş şübhələr sənin ürəyinə hardan yol tapdı…
Nurcahan: (ona dərin bir diqqətlə baxaraq birdən boynunu qucaqlayıb ehtirasla öpür) Mənim əzizim. Mənim sahibim. Sən bu sözləri  o qədər ürəkdən, o qədər məyus söylədin ki…Məni bağışla (səadət içində) Axı mən bu  mərdanə baxışlara necə inanmaya bilərəm?...Biz ikimiz də xoşbəxtik. Elə deyilmi…Yox…sən dinmə. Sən sus…Sənin gözlərin hər şeyi mənə aydın, elə səmimi söyləyir ki…Heç bir məlun şübhə  onların qarşısında dayana bilməz. Biz ikimiz də xoşbəxtik…Biz Göy-gölə gedəcəyik. Sərin yay axşamlarında qayıqda gəzəcəyik. Mən sənin üçün ilk gənclik  nəğmələrindən  oxuyacağam. Axı, sən onları çox sevirsən…(Birdən sarsılaraq) O…nə üçün sən məhz  onları çox sevirsən! (Kinli) Yoxsa… yoxsa…Yoxsa bu təmiz mələk baxışlarının arxasında rəzil bir ikiüzlülük gizlənmişdir?!
Sahib: (kəskin) Axı sən bilirsən ki, mən hər şeyə dözərəm, yalnız təhqirə yox! 
Nurcahan:  Bilirəm …Tale həqiqi ərlərə məxsus bütün mərd sifətləri sənə bəxş etmişdir. Ona görə də mən sənin əsirinəm...
Sahib: Sən yalnız bir adam üçün yaşamırsan, Nurcahan…Yoxsa, bu günəşi məhbəsə salmaq kimi ağlasığmaz bir iş olardı…
Nurcahan:  (Əsəbi qəhqəhələrlə gülür) Görürsənmi, sənin hər cümləndə xoruzun quyruğu görünür. Madam ki, mən bütün bir xalqa lazımam, demək sənsiz də keçinə bilərəm, eləmi? Sən mənə təsəlli verirsən…(yalnız indi özünə gələrək dərindən nəfəs alır. Ürəkkeçmədən ayılan adamlar kimi halsız görünür) Gedək, Sahib. Mən özünü yorğun hiss edirəm  [5,208-211]. 
Nurcahan əvvəlki  gənclik ehtirası ilə yaşayıb yaratmaq və sevilmək istəsə də lakin bu sevginin qarşı tərəfdən lazımi cavab reaksiyası ilə gerçəklənmədiyinə görə dərin təəssüf hissi və kədərlə yaşamağa məcbur olur. Nurcahandakı bu hal, daxili gərginlik, vəziyyəti indiki məqamda onun duşuncə tərzinin, həyata, cəmiyyətə baxışının, münasibətinin özünəxas forma və məzmununda üzə çıxması ilə obrazın psixoloji özünüifadə məkanı kimi qabardılır.
Ədalətlə Ancelin dialoqunda da yaranmış bədii  vəziyyət məqamında  obrazların özünəxas düşüncə tərzi, həyata, cəmiyyətə baxışının müəyyən tərəfləri üzə çıxır. Ancel Ədalətdən aldığı mənəvi zərbənin acısını indiki anda hələ də yaşamaqdadır. Ədalət isə baxmayaraq Anceldən uşağı var, onun bir müddət rəfiqəsi olmuş Fəridə ilə  evlənmək ərəfəsindədir. Ancaq hələlik Ədalətlə Ancelin yaxın münasibətlərindən Fəridə xəbərsizdir. Ancel özü kimi Fəridənin də  həyatının korlanmasından ehtiyat edərək Ədalətlə Ancelin  yaxın münasibətlərindən Fəridənin məlumatı yoxdur. Ancel özü kimi Fəridənin də həyatının korlanmasından ehtiyat edərək Ədalətlə açıq mübarizəyə qoşulur. Ancel Ədalətlə qarşılaşmasında onun hərəkət,  davranışlarının, münasibətlərinin yaxşı olmayan, ürəkaçmayan tərəflərinə aydınlıq gətirməklə  onun daxilən əzilməsinə, sınmasına nail olur:
Ədalət: Sən nə vaxt gəlmisən?
Dünən (Qısa pauza) Nə üçün sən mənimlə tanış olduğunu gizlədin?
Ədalət: (ona yaxınlaşır) Ancel, gəl, elə bilək ki, biz doğrudan da yeni tanış oluruq.
Ancel: (ona uzun nəzər salaraq) Onsuz da bizim münasibətlərimizdən sənin həyatında heç nə qalmamışdır.
Ədalət:  Mən evlənirəm, Ancel!
Ancel: Bilirəm (Qısa pauza. Ancel siqaret çəkir)
Ədalət: Eşitdim ki, sən də altmış dörd yaşlı bir professorla yaşayırsan.
Ancel: Yaşayırdım!
Ədalət: Bəs nə oldu?
Ancel: Öldü.
Ədalət: Demək bu qara paltar ona görədir?
Ancel:  Xeyr. Ona görə deyil. Bu, mənə yaraşdığı üçün geymişəm. (Kinli) Professordan sonra mən ondan qırx yaş kiçik bir oğlanla yaşamışam
Ədalət: (acığını büruzə verməməyə çalışaraq) Aydındır.
Ancel: Yox, bu hələ hamısı deyil.
Ədalət: Kifayətdir! Mən sənin həyatın haqqında haqq-hesab soruşmuram.
Ancel: (bərkdən gülərək) Yoxsa yandırır?
Ədalət: Sənin gündə bir kişiylə olmağın nə üçün məni yandırmalıdır?
Ancel: (ayağa qalxaraq ona yaxınlaşır. Dərin kin və istehza ilə) Çünki mən sənin oğlunun anasıyam.
Ədalət: (qorxmuş) Bir az yavaş, Ancel!
Ancel: (qəhqəhə ilə gülərək) Qorxursan, nişanlın eşitsin? Demək, sən ondan gizləmisən?!
Ədalət: (yalvarışlarla)  Ancel…rica edirəm…
Ancel: Sən rica? Dünyanın nə qəribə işləri olurmuş. Yox, Fəridə hər şeyi bilməlidir. Sonra nə nəticə çıxarar-çıxartsın, bu onun öz işidir.
Ədalət: Sən yəqin zarafat eləyirsən, Ancel?
Ancel: Qətiyyən! (Qüssə ilə) Fəridə mənim günahsız vaxtlarımın yoldaşıdır. Mən onun da özüm kimi aldanmasına razı ola bilmərəm.
Ədalət:  Sən onun həyatını tar-mar eləyə bilərsən. O məni sevir.
Ancel: Mən  indi təsəvvür eləyə bilmirəm ki, səni necə sevmək olar.
 Ədalət:  (izzəti-nəfsi yaralanır.Lakin gülümsəyərək mümkün qədər yumşaq cavab verir) Ancel, insafın olsun, Moskvadan mənə gündə on dəfə zəng eləyən sən deyildinmi?
Ancel: (birdən ürəyindən vurulmuş quş kimi boynu bükülür. Dərin bir kədər və nədamət içində) Mən idim…[5, 255-256].
Ancelin Fəridə ilə dialoqunda da Ədalətlə ilişik bəzi mühüm məqamlar bədii vəziyyətin içindən boy atıb rişələnərək ümumilikdə onların hər birinin özünəxas daxili aləminin açılmasına yönəldilir. Buradakı bədii vəziyyət obrazlar aləminin psixoloji özünüifadə məkanı kimi gerçəkləşir:
Fəridə: Mən  səninlə söhbətə gəlmişəm, Ancel.
Ancel: Nə barədə?
Fəridə: Özüm barədə.
Ancel: (gülümsəyərək) Sənin  kimi xoşbəxt xanımın özü barədə söhbəti maraqlıdır.
Fəridə: Yox, Ancel. Mənim xoşbəxtliyimdə nə isə  çatmır…(həyəcanla) Mən səndən məsləhət, təsəlli almağa gəlmişəm.
Ancel: Mənim verəcəyim məsləhət qorxuram sənin üçün ağır olsun, Fəridə….çünki sənin ərin çox mahir fırıldaqçıdır.
Fəridə: (qışqırır) Sən nə ixtiyarla onun haqqında belə sözlər danışırsan?
Ancel: (eyni soyuqqanlıqla)  Əlbəttə, ixtiyarım olmasaydı danışmazdım.
Fəridə: Yalandır! O namuslu adamdır!
Ancel: Ş…ş…sakit! Siqaret istəyirsən?
Fəridə: İstəmirəm.(Ancel onun qolundan tutaraq o biri otağa çəkir)
Ancelin səsi: Necə oğlandır?
Fəridənin səsi: (acıqlı) çox qəşəngdir…Kimin uşağıdır?
Ancelin səsi: Mənim.
Fəridənin səsi Bəs niyə indiyə qədər deməmisən?
Ancelin səsi: Onun səbəbini sonra bilərsən…Gözlərinə, alnına, ağzına diqqətli bax! (Qısa pauza) Kimə oxşayır?
Fəridənin səsi: (həyəcan, qorxu içində)  Yox, ola bilməz!
Ancelin səsi:  (Amiranə qışqırır) Kimə oxşayır?
Fəridənin səsi: Ola bilməz  (Qısa pauza. Ancel siqaret yandırır. Fəridə birdən ona sarı dönərək tamam taqətdən düşmüş halda)  Bəs nə üçün bunu məndən gizlədirdin, Ancel   [5, 294-296].
Bədii vəziyyət özü diqtə edir ki, obraz özünü  etiraf məqamında yaşamaqla  vəziyyətin içindən boylanaraq özünün , eyni dərəcədə ətraf aləmin psixoloji durumunun ifadəçisi kimi çıxış edir. Xurşudbanu və Knyaz Xasay («Xurşudbanu Natəvan») özünü etirafda bu baxımdan diqqəti çəkir. Xurşudbanu elini düşünən, onun həyat  şəraitinin yaxşılaşmasına çalışan xeyirxahniyyətli əməllərini davam etdirdiyi halda, Knyaz Xasay onun gördüyü işlərin müqabilində öz eli-obası yolunda azca da olsa xeyirli işlərlə məşğul ola bilmədiyinə görə özünü qınayır. Özünü qınama, özünü etiraf bədii vəziyyətdən doğan obrazlar aləmində psixoloji özünüifadə məkanı kimi  şərtlənir. Bu halda üzə çıxan  bədii vəziyyət lirik- romantik qatla və vətəndaşlıq duyğusu ilə yüklənərək təhlilə çəkilir:
Xurşudbanu: Ax, Knyaz, nə üçün sən bu gün şənliyimizdə  iştirak etməyib çıxıb getmisən? Bircə görsəydin ki, bulağın açılışına qala əhli necə sevinir…Elə bil ki, bayram idi…
Knyaz Xasay: (gizli dalğınlıqla) Bir özün düşün, Banu, arvad o cür işlər görür, camaat əl çalıb onu alqışlayır, ər isə kənarda dayanıb gözünü döyür…
Xurşudbanu: (alınaraq) Mən hər bir yaxşı işimlə səni öz yanımda hiss edirəm, knyaz. Elə bil ki, biz bir adamıq…
Knyaz Xasay: (pərt halda gülümsəyir) Biz bir-birimizi nə qədər sevsək də, ər ərdir, arvad da arvad! (Xurşudbanunun pərtliyini hiss edərək) Mən səni başa düşürəm, banu sənin öz xalqını bu qədər sevməyini, daim ona xidmət etməyə can atmağını da qiymətləndirirəm…lakin onu da etiraf edirəm ki, elə bu məni öz gözümdən salır. Mən özüm-özümə  avara-sərgərdan bir adam kimi görünürəm…İnan ki, bunun səbəbini soruşsan izah eləyə  bilmərəm, ancaq elə bil ki, sən mənə məzəmmətlə baxıb soruşursan: «Heç öz xalqından xəbərin varmı?».
Xurşudbanu: (son dərəcə pərişan) Mən deməyə söz tapmıram, knyaz.
Knyaz Xasay: (Banunu öpərək) Nə olursa-olsun mən sənin məhəbbətindən başqa heç nə haqqında düşünmək istəmirəm. Əgər mən  indiyə qədər öz xalqımın taleyinə biganə olmuşamsa, günahkar özüməm. [6,254]… Əmimin  yaşı doxsanı keçib..ondan sonra ata-babamızın yurdunda tək mən qalıram. Əgər mən də oranı həmişəlik tərk eləyib xaraba qoysam, düşmənlər sevinəcək, dostlarsa mənə nankor, yaramaz bir oğul kimi lənət yağdıracaq.
Xurşudbanu: (sanki bütün cəsarətini toplayaraq) Knyaz, mən sənin həmvətənlərinin lənətinə məruz qalmağına dözə bilmərəm!
Knyaz Xasay: Bilirəm ki,  sən dünyanın ən alicənab qadınısan! Gedək, Dağıstana, banu! İndiyə qədər Qarabağda yaşamışıq, qoy bundan sonrakı ömrümüz də,   Dağıstanda keçsin.
Xurşudbanu: Yox, Knyaz! Öl desən ölərəm, amma bu faciəli vətənimi atıb getmərəm. Mənim kəndlilərim mənə ana kimi baxırlar. Məndən kömək umurlar.
Knyaz Xasay: Sən tez-tez gəlib onlara baş çəkirsən. Axı…axı…sənin öz həyatın da var, banu!
Xurşudbanu: Bu medalyonun içində bizim övladlarımızın - Mehdiqulu ilə Xanbikənin şəkilləri qoyulub. Apar özünlə! Allah səni həmvətənlərinlə xoşbəxt eləsin.
Knyaz Xasay: (həyəcanla) Ax, banu!...(Banunu sinəsinə sıxır)
Xurşudbanu: (onu bərk-bərk öpür)  İndisə get, Knyaz! Bizim birlikdə keçirdiyimiz günlərin xatirələri mənim üçün o qədər əzizdir ki, bundan sonra ömrümə on ömür də calansa yenə də onlar məni yaşatmağa kifayət edər! [6,261].
Xurşudbanunun Knyaz Xasay  və müəllimi Mirzə Ruhulla ilə söhbətlərində həyata, cəmiyyətə yeni baxış bucağından yanaşan, intellektual davranışları ilə fərqlənən  və vətəndaşlıq duyğusu ilə yoğrulmuş fikirlərini bölüşdüyü halda qohumu Hidayət xanla həmin mövzu ətrafında dialoqa girə bilmir. Hidayət xandakı öz xeyri üçün həddi aşan şəxsi mənafe, iddia imkan vermir ki, onu bürüyən ətraf aləmdəki bəzi mühüm məqamlara aydınlığı ilə nəzər yetirsin, xeyiri şərdən ayırsın. Həddən artıq mənfiyə yüklənən  şəxsi mənafe, iddia, istehzalı baxış onda həmyerlilərinə, həmvətənlərinə qarşı hörmət hissi və ya vətəndaş mövqeyi nümayiş etdirməsinə imkan yaratmadığı üçün qarşı tərəfin kəskin mövqeyi ilə rastlaşması mövcud təbii vəziyyətdən və zərurətdən doğur. Buradakı bədii vəziyyət obrazlar aləminin psixoloji özünüifadə məkanı kimi reallaşır:
Hidayət xan: …Deyirlər təzə ərə gedirsən…
Xurşudbanu: (cəsarətlə) Bəli, gedirəm!
Hidayət xan: Cəsarətli qadınsan.
Xurşudbanu: Nə barədə?
Hidayət xan: Hər barədə. Əgər Qarabağ hakimi İbrahim xanın nəvəsi Mehdiqulu xanın qızı heç kəsin rəyini nəzərə almayıb əvvəl Dağıstandan azıb gəlmiş sünni bir ləzgiyə, sonra da İrandan qaçmış, əsli-kökü məlum olmayan səfil bir gədəyə ərə gedirsə, demək onun üçün heç bir hüdud yoxdur!
Xurşudbanu: Rica edirəm, nə knyaz haqqında, nə də cənab Seyid Hüseyn haqqında belə təhqiramiz kəlama yol verməyəsən!
Hidayət xan:  Oho…cənab Seyid Hüseyn…Görünür, Seyidin gözəl siması onu sənin gözündə «cənab Seyid Hüseyn» etmişdir.
Xurşudbanu: Yox! (bir növ zarafatyana) Gözəlliyə  qalsaydı, səndən gözəl, yaraşıqlı kim var idi…Sən zadəgan salonlarına girəndə kübar xanımlar özlərindən gedirlər…
Hidayət xan: (eyni zarafatyanalıqla) Amma sən mənə gəlmədin…Heyləmi?. Yaxşı, gəl bu atmacaları-zadı kənara qoyaq… Axı fikirləşirsənmi ki, sən o gədəyə ərə getsən, özünü də, bizi də biabır eləmiş olarsan?
Xurşudbanu: (qəzəblə) Gədə deyil o! Mən böyük əsil-nəsəb sahibi olan Knyaz Xasaya ərə gedəndə  hamınız ağız-ağıza verib məni məzəmmət eləyirdiniz ki,  xan qızı bu boyda Qarabağda bir kişi tapmadı, getdi ləzgiyə. İndi də xalis azərbaycanlıya ərə gedəndə deyirsiniz «xan qızı bir gədəyə ərə gedir». Çünki bu sizin ağalıq şəninizə toxunur. (qəzəblə) Mən  xan qızı Xurşudbanu bu izdivacımla kübar cəmiyyətlə rəiyyət arasında çəkilən məşhur  səddi uçururam!
Hidayət xan: Uçura bilməzsən, əmi qızı! O sədd səddi-çindən də möhkəmdir! Elə güman edirsən ki, sənin atdığın addımı təkrar eləyənlər tapılacaq? Bilirsənmi, indi kübar məclislərində necə söhbətlər gedir? Deyirlər xan qızı surətpərəst əxlaqsız bir şairə olduğu üçün iranlı gədəsinə təşuq yetirmişdir.
Xurşudbanu: (acı gülüşlə)  Sən  onların bu alçaq sözlərini təkrar etməklə elə bilirsən ki, mənə təsir eləyəcək, mən kasıb bir rəiyyət oğlu olan Hüseynə ərə gedəcəm və bununla da söhbəti bitmiş hesab edirəm!
Hidayət xan: (qəzəblə) Mən çoxlarının dərsini verdim. Hamının da dilini kəsmək olmaz! Demək, sən dediyindən dönmürsən?! Yaxşı!
Mirzə Ruhulla: Nə olub, banu bəyim, xan acıqlı getdi…
Xurşidbanu: Xan mənim Seyid Hüseynə ərə getmək istəməyimdən qəzəbnak olub. Ax, Mirzə, millətim ilan zəhərini mənim qanıma damcı-damcı yeridir…
Mirzə Ruhulla: Millət yalnız ağalardan, bəylərdən  ibarət deyil, banu bəyim. Düzünü bilmək istəyirsənsə, onların heç millətə dəxli yoxdur. Elə bilməyin ki, mən kasıb bir rəiyyət oğlu olduğum üçün belə deyirəm. Bir sinif ki, hər yadelli qəsbkara qul olacaqmış, onu necə millət adlandırmaq olar? Bu o sinifdir ki, minlərlə azərbaycanlıya divan tutmuş Ağa Məhəmməd Şah kimi qaniçəni öldürüb insanların canını qurtaran qəhrəmanı tutub ayağına nal vuraraq İran şahının hüzuruna göndərdi…hər şey aydındır. Bəşəriyyətin birinci düşməni həmişə hakimiyyət başında əyləşən vicdansız ağalar olmuşdur. Əgər Arximed yer kürəsini aşırmaq üçün istinad nöqtəsinin harda olduğunu məndən soruşsaydı, deyərdim: insanların vicdanındadır o istinad nöqtəsi. Vicdan gücü isə o kəslərdədir ki, onlar ata-babadan bəri öz əllərinin halal zəhməti ilə yaşayıb vətən torpağı ilə ünsiyyət bağlamışdır. Mən sənin adi bir rəiyyət oğlu olan Hüseynlə izdivacını alqışlayıram [6,275-277].
Xurşidbanunun intellektual davranışı, həyata, cəmiyyətə yüksək baxışı  və əməlləri ilə üstün ola bilməyən  Hidayət xan hər dəfə  ondan qisasını aldıqca yenə də onun qəzəbli baxışları ilə üz-üzə qalır. Və hər birisi də öz işi, əməli,düşüncəsinə görə özünü haqlı sayır. Bu o deməkdir ki, yaranmış bədii vəziyyət müqabilində obrazların hər birisi özünəxas düşüncə tərzi, həyata, cəmiyyətə münasibəti fərqli mövqedən təhlilə çəkilir:
Hidayət xan: Salam, əmizadə (Xurşudbanu dinmir) Dinmirsən…Amma mənim ürəyim  dözmədi, yenə də gəldim.
Xurşudbanu: Nə olub, yoxsa mənim çəkdirdiyim arxı uçurub dağıtdığına görə ürəyin nazilib?
Hidayət xan: Yox, əmiqızı…Ürəyimi  kövrəldən sənin taleyindir.
Xurşudbanu: O! ...Doğrudanmı? [6,375-376].
Bədii vəziyyət elədir ki, əsərdə iştirak edən  obrazların hər birisi burada  səviyyələrinə  və ya öz düşüncə və həyat tərzinə  uyğün  davranışlarını, münasibətlərini nümayiş etdirir. Əlbəttə, buradakı vəziyyət, situasiya müəyyən bədii məqsədə xidmət etməklə mahiyyət və məzmununa görə   müxtəlif  tipli ola bilər;  dramatik, lirik romantik, satirik, yumoristik, fəlsəfi-intellektual  tipi ilə müəyyənləşə bilər. Tarixən milli  dramaturgiyamızda  bədii vəziyyətlə ilişik kifayət qədər nümunələr mövcuddur. Yuxarıda mövzu ilə  bağlı apardığımız müşahidələrin elmi nəticələri verilib. Məsələn,  M.F. Axundovun dram yaradıcılığında izlənilən bədii vəziyyət əsasən  satirik yumoristik tipi ilə müyyənləşir, Hüseyn Cavidin  əsərlərindəki bədii vəziyyət daha çox fəlsəfi-intellektual-romantik  və ya şərti-metaforik, mistik  tipi ilə  müşahidə olunur.  Ən nəhayət, təhlil   obyektinə çevirdiyimiz İlyas Əfəndiyevin dram yaradıcılığında isə bədii vəziyyət, baxmayaraq ki, dramatik fəlsəfi-intellektual tipii ilə müşahidə olunsa da  daha çox lirik-romantik tipi kimi müəyyənləşir. Yuxarıda təhlil obyektinə  çevrilən mövzu ilə ilişik nümunələrlə yanaşı Gülrux və Şahzadə xanımın dialoqunda olduğu kimi vəziyyət ciddi dramatik və fəlsəfi-intellektual planda  və şəkildə  təqdim olunsa da  onu  bürüyən lirik-romantik ab-hava daha çox dərin qatda izlənilir. Buradakı vəziyyət iki bir-birlərinə zidd qütbdə  dayanan  obrazların  psixoloji özünüifadə  məkanı kimi  gerçəkləşir:
Şahzadə xanım:  Mən  neçə dəfə demişəm ki, sizin revolver gəzdirməyiniz naqabil bir haldır.
Gülrux: O tapancanı atam bağışlayıb mənə. Nə etməli, Şahzadə xanım, mən cənabınız arzu etdiyi qədər də incə xanım ola bilmirəm. Uşaqlıqdan  oğlan kimi  tapanca  gəzdirməyə adət etmişəm. Atamın yeganə övladı olduğu üçün belə xasiyyətlərim xoşuna gələrdi. O istəyirdi ki, mən oğlan kimi cəsur böyüyüm…
Şahzadə xanım:  (zarafatyana, istehza ilə) Atavizm…
Gülrux: Ola bilər,  qartal balası da yumurtadan çıxan kimir göylərə qanad çalır!
Şahzadə xanım:  (istehza ilə) Oho…
Mübarək Səltənə: (gülümsəyir) Gülrux xanımın tapanca ilə sərraf nişan vurmağı mənim xoşuma gəlir.
Gülrux: Qiyamçılar maşının qabağını kəsib, bizi daşa basanda, ucaboylu bir oğlan qışqırıb dedi: «maşındakı azərbaycanlı Hacı Fərhadın qızıdı, əl saxlayın!» Yoxsa bizi daş-qalaq eləyəcəkdilər!
Mübarək Səltənə: Qara camaatın çoşmağı dağ selinin daşması kimidir. qabağına gələni aparasıdır.
Şahzadə xanım:  (qəzəblə) Qara camaatı qılınc gücünə yerində oturtmaq lazımdır! Ata-babaları qaçaq-quldur olan azərbaycanlılar azıb, yollarından çıxıblar! İran məmləkətinin içində müstəqil dövlət yaratmaq xəyalına düşüblər!
Gülrux: (incimiş) İgid azəri türkləri heç zaman qaçaq-quldur olmayıblar, Mahrux xanım! Onlar  həmişə öz vətənlərini müdafiə etməyə məcbur olublar.
Şahzadə xanım: (Gülruxa)  İran  şahzadəsinin zövcəsi olduğun halda sənin o baş kəsənləri bu cürə müdafiə etməyin çox qəribə deyilmi?
Gülrux:  Mən həqiqəti deyirəm.
Şahzadə xanım: Həqiqət…Onların adını eşidəndə mənim bütün əsəblərim yerindən oynayır (qəzəblə) Mən onlara nifrət edirəm (Əsəbi halda çıxır) [6,350-351].
 Aynurla Qədimin qarşılaşması  («Büllur sarayda»)  tamam başqa vəziyyətlə  müşahidə olunsa da  ümumi  cəhətlər az deyil. Gülruxla Şahzadə xanımın dialoqunda olduğu kimi buradakı situasiya tamam  fərqli mövqedə   dayanan  obrazların fərqli düşüncə və həyat tərzi bədii təhlil obyektinə çevrilir. Yaşanan bədii vəziyyət obrazların psixoloji özünüifadə məkanı kimi meydana çıxır:
Qədim: (onun qarşısında diz çökərək) Bu qədər daşürəkli olmayın! Yalvarıram!...Gülün, təhqir eləyin, öldürün, ancaq bilin ki, yaşaya bilmərəm sizsiz!
Aynur:  Mən taleyin istehzasına gülürəm. Mən sizin komfortabelli kabinetinizdə  öz  sədr stolunuzun arxasında necə kral kimi  oturduğunuzu, şikayətçiləri on günlərlə qəbul etmədiyinizi, qəbul etdiklərinizi də necə soyuq, başdansovma cavablar verdiyinizi görmüşəm! Ona görə də  indi o cənab  sədrin, vəzifəsiz adi bir qızın qarşısında dizin-dizin sürünməyi mənə ləzzət verdi! Mən çox istərdim ki, sizin kabinetinizdən izzəti-nəfsləri təhqir olunmuş çıxan o şikayətçilər indi sizin bu halınızı görəydilər! Necə sözdü?! (Birdən gülür)
Qədim: (qalxaraq) İnsafınız olsun! Əgər bu sözləri bir başqası mənə desəydi…
Aynur:  Heç nə edə bilməzdiniz.
Qədim: Mən heç kimin qarşısında əyilməmişəm!
Aynur: (sakit) Əyilmisiniz! O qədər əyilmisiniz ki,  belinizin belə şax qalmasına təəccüb eləmək olar (gülür) Əgər məni sevirsinizsə, gərək inciməyəsiniz.
Qədim: Axı mən kimin qarşısında əyilmişəm?!
Aynur: Vəzifəcə özünüzdən böyüklərin….
Qədim: Siz xəncər alıb məni doğrasanız da uf demərəm. Bəlkə buna görə siz mənim sədr olduğum sahədə də işləmək istəmədiniz….Mən sizin arxitektorluq talantınıza heyran idim…
Aynur: (kəskin) Mən istedadımın sizin hərrac bazarında torqa qoymağınıza dözmədim!...Siz mənim  o cür həvəslə tikdirdiyim binanı paylatdırdınız anaş toyuqlara! Amma o binanın tikilişində  hər gün dörd-beş adamın işini görmüş, səkkiz baş ailə sahibi usta Qaraya kvartira vermədiniz. [6,315-316].
Aynur Qədimi ona görə sevə bilmir ki, onda insanı xoş duyğularla ovunduran müqəddəs adlanan ali hiss və düşüncələrin və əməllərin əvəzinə ikiüzlü, saxtakar həyat və düşüncə tərzinə malik ürəkaçmayan cəhətlərini hər an, hər dəqiqə görür və hiss elədikcə ona olan nifrəti bir daha güclənir. Aynurun Qədimlə sonrakı qarşılaşmasında da həmin vəziyyət mövcuddur. Bu dəfə Qədimlə  bağlı daha kəskin ittiham irəli sürülür:
Aynur: Deyirlər, sizin sahələrdə möhkəm yoxlama gedir…
Qədim:  Bəli, gedir. Həmin yoxlamanın sədri də sizinlə bir yerdə oxuyub
Aynur: Elədir, biz Rəşidlə institutu bir yerdə oxumuşuq. İstəyirsiniz sizi ona tapşırım?
Qədim: Tapşırmazsınız.
Aynur: Nə  üçün?
Qədim: Çünki sevmirsiniz məni.
Aynur: Sevgi başqa, vətəndaşlıq borcu başqa. Əgər sizin heç bir günahınız yoxdursa,  nə üçün kömək eləmək olmaz.
Qədim: (hərarətlə) İnanın ki, mənim heç bir təqsirim yoxdur. Dünyada ən çox istədiyim sizin qarşınızda namusuma and içirəm ki, bütün bunlar mənim düşmənlərimin düzəltdikləri provakasiyadır. Deyirlər, Rəşid Quliyev sizə pərəstiş  edir. Kömək eləyin mənə, qoymayın namərdlər xalq uğrunda canından keçən bir insanı ləkələyib aşırsınlar.
Aynur: Namərdlər (Bərkdən gülür) Sədaqət tutulmamışdan qabaq sizin bütün sirlərinizi mənə danışdı…Danışdı ki, siz cürbəcür kələklərlə onu da necə tora salıb özünüzə əlaltı eləmisiniz.
Qədim: O, belə qələt eləyə bilməz!
Aynur: Son günlər o qorxusundan gecələr evdə yata bilmirmiş, orqanlar izinə düşüdüyü üçün siz onu öldürə bilərdiniz.
Qədim: (qışqırır) Yalandır!
Aynur: Siz dəhşətlisiniz! Sizinçin bu dünyada  müqəddəs heç bir şey yoxdur! Siz hər şeyi  satmağa öyrənmisiniz! Adamları satırsınız, vəzifələri satırsınız, namusunuzu satırsınız.
Qədim: Mən  atanızı sizə görə güllələnməkdən qurtarmışam. Qaytarın borcunuzu!
Aynur: Elədiyiniz köməyin indi mənası yoxdur. Onun dilindən iltizam alıblar ki, şəhərdən çıxmasın.
Qədim: Mənim işim düzəlsə atanıza da heç nə olmaz. Yalvarıram, kömək edin mənə…(Diz çöküb əlindən tutmaq istəyir)
Aynur: Toxunmayın mənə, mən sizə nifrət edirəm! (Gedir) [6,336].
Saxtakar həyat tərzinə öyrəşən Qədim təkcə Aynurun kəskin ittihamları ilə üzləşmir. Eyni zamanda onun evli olan bacısı Lalə ilə də intim əlaqə yaratmaqdan çəkinmir. O da bacısı Aynurun irəli sürdüyü ittihamı təkrar etməyə bəzən məcbur olur; baxmayaraq dəfələrlə Qədimin həyat tərzinə uyğun davranışlarını nümayiş etdirsə də. Lalə yalnız indilikdə anlamağa çalışır ki, Qədimlə olan hərəkət, davranışlar, münasibətlər heç də zahirdə güründüyü kimi  ürəkaçan  təəssüratı oyada bilmir, daxilən o, əksinə,  hərəkət, davranışlarına geniş sərbəstlik verərək psixoloji özünüifadə məkanı kimi reallaşan münasib vəziyyət daxilində daha təhlükəli və qorxunc addımlar  atmaqdan çəkinmir.
Lalə: Afərin, Aynur.
Qədim: O, xəstədi!
Lalə: O xəstə deyil. O əsl insan kimi sevir, sənin kimi riyakarlıq eləmir, aldatmır!
Qədim: (qəzəblə) Mən səni  aldatmamışam, dünən özün də etiraf elədin ki, sən özün gəlib girdin mənim otağıma!
Lalə: Mən təcrübəsiz qız idim. Sən öz  riyakar, nəzakətli, şirin komplimentlərinlə mənim başımı dumanlandırdın. Sən mənim öz nişanlımı sevməməyimdən istifadə elədin.
Qədim: Bunlar  köhnə bayatıdır. Siz qadınlar bir işi əvvəl özünüz eləyib sonra yazıq kişiləri taqsırlandırırsınız.
Lalə: Hər halda, sən o yazıq kişilərdən deyilsən.
Qədim: (saxta mehribançılıqla) Lalə! Mən səndən iyirmi neçə yaş böyük, sənə nisbətən təcrübəli adam idim. Sonra fikirləşdim ki, bizim o cür hissiyata qapılmağımız səni bədbəxt eləyə bilər. Mən sənin qarşında vicdanı məsuliyyət daşıyıram.
Lalə: (gərgin gülüşlə)  Vicdanı məsuliyyət…Sən  iclasda da vicdanı məsuliyyət barədə odlu  nitqlər deyirsən. Sadəlövh axmaqlar da sənə inanırlar. Onlar daha bilmirlər ki, sən heç olmazsa, Aynurun  mənim bacım olmağından da utanmadın.
Qədim: (saxta səmimiyyətlə)  Vallah, utanıram. Lalə! Utandığımdan  sənin üzünə də baxa bilmirəm. Ancaq neyləyim, özümlə bacara bilmirəm…
Lalə: (gərgin gülüşlə)  Elə bilirsən, mən sənin bu yalançı səmimiyyətlərinə inanıram? Yer üzü sənin kimi həyasız görməyib!
Qədim: (əsəbi)  Mən onunla evlənməsəm də biz səninlə bir daha görüşməyəcəyik! Başa düş!
Lalə: (isterik gülüşlə) Sən  bununla məni qorxudursan? Mənim səndən zəhləm gedir! Eşidirsənmi? Zəhləm....Zəhləm gedir!...
Qədim: İnsafın olsun, Lalə! Düşmənlərim məni aşırmağa çalışırlar…Mənim belə vaxtımda sən də bu cür başlamısan…
Sədaqət: (gəlir) Qədim müəllim….(yaxınlaşaraq) Səfərov yoxa çıxıb….[6, 326-327].
Qədimin Lalənin əri Farizlə dialoqunda da  onun bədii vəziyyyət müqabilində  daxili aləmi üzə çıxır. Fariz də arvadı Lalə kimi düşünərək  Qədimdəki  daha yırtıcı davranışın, münasibətlərin qurbanı  olmaq istəmir. Buradakı bədii  vəziyyət ümumilikdə obrazların  psixoloji özünüifadə  məkanı kimi gerçəklənir:
Fariz: İçirsən?
Qədim: (bərk dilxor) Tök. Fabrikdə yoxlama necə gedir?
Fariz: (araq süzür)  Hər şeyin izinə düşüblər. Bəs Səfərov nə oldu?
Qədim: Şərəfovdan artıq  heç nə  gözləmək  olmaz. Sədaqəti tez aradan  götürmək lazımdır.
Fariz: (birdən qazı yatır) Yəni geyirsən…
Qədim: Bəli! Bərkə  salsalar hər şeyi açıb deyəcək.
Fariz: Onun atası  seyiddir, qorxuram…
Qədim: Axmaq! Öldürmək lazım olsaydı, allah canavara yırtıcı dişlər verməzdi! Sədaqətin işini təxirə salmaq olmaz! Bildinmi?! Özü də elə etmək lazımdır ki, bu yoxlamarla  əlaqədar olduğu ağıla  gəlməsin!  Guya ərinə  xəyanət  eləyib, əri də onu boşayıb…Başa düşürsən…ya oğurluğa gəliblər, ya da ərinin işidir…Qoy onu istintaq tapsın, başa düşdün?
Fariz: (bərk dilxor) Zəhrimara qalsın o pulları ki, biz qazanırıq (əsəbi halda qrafini götürüb qədəhə araq tökmək istəyir, lakin qrafin boşdur)
Qədim: Deyəsən bu əhvalat hələ  qayınatangilə çatmır... [6,401].
Zara özünü etiraf məqamında  hərəkət, davranışlarında, münasibətlərində üzə çıxan əxlaqi-mənəvi dəyərdən uzaq əməllərinə və düşüncələrinə görə özünü  nəinki qınamaq və ya ağrılı əzablar içində qovrulmağa sövq etmir, əksinə bu günə kimi  keçirilən hər bir gün, saat, məqamdan necə, hansı yolla olursa-olsun hansısa  münasib bir vəziyyətdən bəhrələnməyi özlüyündə məqbul sayır. Bunu o həyat təcrübəsindən doğan  qənaəti kimi  müəyyənləşdirir. Zara həyatında qazandığı qeyri-əxlaqi tərəfə yüklənən təcrübələrini ögey qızı Mila (Mələk) üzərində daha təhlükəli tərəfləri ilə sınaqdan keçirir və nəticədə  isə  tez bir zaman çərçivəsində verdiyi tərbiyənin acı bəhrələri ilə ögey  qızının gələcək  həyatına cavabı görünməyən sual altında saxlayır. Zara isə belə bir  böyük məsuliyyət tələb edən bu ağır ittihamı heç yaxınına buraxmaq istəmir. Ögey qızı ilə bağlı problemi özünün problemi kimi yaşamır. Kamranla Zaranın dialoqunda bu baxımdan yaranmış vəziyyət obrazın psixoloji özünüifadə məkanı kimi gerçəkləşir:
Kamran: Sizin  qızınız Milanı ona görə tutublar ki, həmin dava  zamanı onun redikülündə morfi və başqa narkotik şeylər çıxıb…özü də yarısərxoş olub.
Zara: Yalandır! Ola bilməz! O, gül kimi uşaqdır!
Kamran: Təəssüf ki, siz o gül kiim uşağı xarab eləyib cinayət yoluna salmısınız!
Zara: Biz, yəni kimlər?
Kamran: Atası, ögey anası! Atası oğurluq pulları ilə. Siz də eşq macəralarınızla, ərinizə xəyanətlərinizlə! O, on doqquz-iyirmi yaşında bir qız idi…Hər şeyi başa düşürdü. Görürdü….Siz isə utanmırdınız…
Zara: Siz böyük vəzifə sahibi olsanız da, nə ixtiyarla mənim qızımı da, özümü də, hətta ərimi də təhqir edirsiniz?…. Bu qədər  nəzakətsizlik olar?
Kamran: Sizin nəzakət adlandırdığınız saxta, ikiüzlü hərəkətlər xalqı çoxdan  iyrəndirib. İndi belə bir maska daha işə keçmir…Hər şeyi yəqin ki, məhkəmə aydınlaşdıracaq.
Zara: (birdən-birə yumşalaraq) Rica edirəm, yalvarıram, heç olmasa əmr verin, Milanı türmədən buraxsınlar…Biz biabır oluruq!...Yalvarıram (Yaxınlaşıb əlindən tutmaq istəyir)  Mən sizi tanıyıram. Mən  Nərminin padruqasıyam, kömək eləyin.
Kamran: (istehzalı təbəssümlə)  Siz öz rəfiqənizə də xəyanət edərək onun əri ilə eşq macərasına girmisiniz.
Zara:  Siz nə dəhşətli adamsınız! [6,421-422].
Beləliklə, dram əsərləri, xüsusən İlyas Əfəndiyevin yaradıcılığı üzərində aparılan müşahidələrdən aydın olur ki, psixologizmi şərtləndirən bədii üsul və vasitələrindən biri kimi dialoq və monoloqda üzə çıxan bədii vəziyyət ümumilikdə obrazlar aləminin psixoloji özünüifadə məkanı tək reallaşır.

Qaynaq:
1.Axundov M.F. Bədii və fəlsəfi əsərləri. Dünya ədəbiyyatı kitabxanası. 39-cu cild. Bakı, Yazıçı, 1987. 368 s.
2.Axundov M.F. Komediyalar. Povest. Şerlər. Bakı, Yazıçı, 1982, 271 s.
3.Haqverdiyev Ə.  Seçilmiş əsərləri. Bakı, Maarif, 1976, 244 s.
4.Cavid H. Əsərləri. 4 cilddə. Bakı,Yazıçı, 1984, 377 s. 
5.Əfəndiyev İ. Seçilmiş əsərləri. 6 cilddə. 6-cı cild, Bakı, Yazıçı, 1985, 297 s.
6.Əfəndiyev İ. Seçilmiş əsərləri. 7 cilddə. III cild. Bakı, «Çinar-çap», 2002, 624 s



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az