AĞ ALMA, QIZIL ALMA... (Özbək xalq mahnı mətnlərindən seçmələr)
ÖZBƏKCƏDƏN UYĞUNLAŞDIRMA: Azkif AZALP
Alma yetişəndə gəl,
Dibinə düşəndə gəl.
Qucaq-qucaq hörüklər
Belinə düşəndə gəl.
Almanın ağına bax,
Dönüb budağına bax.
Məni sənə verməzlər
Çönüb sol-sağına bax.
Qızıl alma qızardı,
Qızılgülü əlində.
Bu gələn bizim yardı,
Şirin sözü dilində.
Yar qanısına getdim,
Alma budağın tutdum.
Yarım evindən çıxmır,
Şad günləri unutdum.
Yar verən almaları,
Saxlayıram qoynumda.
Oyansam gecə yarı,
Yarın qolu boynumda.
Ağ alma,qızıl alma,
Almaya nəzər salma.
Anam sənə yar deyər,
Öz bildiyindən qalma.
Almanı atdım dirəyə,
Qayıdıb düşdü ürəyə.
Gedib təbibə deyin,
Məlhəm qoysun ürəyə.
Almanı alan atam,
Heyvanı satan anam.
Nanəcibə qız verib
Cəfasın dadan atam.
Alma yarpağı acı,
Çay tək dəmləyən çacı.
Sən fağıra mən fağır
Qismət olmazmı axır.
Alma tək atdılar məni,
Heyva tək satdılar məni.
Qoca kişiyə verdilər,
Sonra cəbrini gördülər.
Alma atdım atana,
Çarpayıda yatana,
Acığınız gəlməsin
Bircə busə alana.
Hovuzun qırağında,
Ipək satmağım gəlir.
Qız qisminə baxanda
Alma atmağım gəlir.
Alma axıb gəlməkdə,
Heyva qalxıb gəlməkdə.
Nişanqanın qızları,
Heyran baxıb gəlməkdə.
Almanın şəffaflığından,
Gözə çarpır dənəsi.
Şeh süzülür yarpağından,
Mən onun divanəsi.
Almalı bağa girib,
Şaftalını yeyərlərmi?!
Öz yarı dura-dura
Özgəsini deyərlərmi?!
Yar o yana keçib getdi,
Yar bu yana keçib getdi.
Yarın dediyi sözdən
Canıma cəfa yetdi.
Mən səfərə gedəndə,
Yar qapıda yalvardı.
“Nə vaxt gələsən?” deyə
Qara gözlər yaşardı.
Yar ilə varımmı mən,
Yolunda qalımmı mən?!
Könül verməyən yarın
Könlünü alımmı mən?!
Uca dağa çıxdım mən,
Yol tapıb düşəcəmmi?!
Yanıb sənə baxdım mən,
Kama yetişəcəmmi?!
Bülbül fəğana doldu,
Gülü açılmaz oldu.
Düşmən sözünə girib,
Yar bizə baxmaz oldu.
Mən gedirəm baş alıb,
Əllərimə daş alıb.
Sevdiyim qaldı deyə
Gözlərimə yaş alıb.
Yan-qaradı, qan-qaradır
Sevgilimin gözləri.
Vəslinə ümid yaradır
Şirin-şirin sözləri.
Ağ kağız tək parlayır,
Yarla mehriban adam.
Zəfəran tək saralır,
Yardan ayrılan adam.
Qaş qarası bir bəla,
Qaranlıq oldu hava.
Hər cür dərdə var dəva,
Aşiq dərdindən başqa.
Ay üzünə aynayam,
Sünbül saçına mən daraq.
İstəsən qarşındayam,
İstəməsən, gedim qıraq.
Bağa girsən alma ye,
Bağın alması yaxşı.
Yara şirin sözlər de,
Yarın vəfası yaxşı.
Bağında gül olsaydım,
Yanında qul olsaydım
Heç nisgilim olmazdı,
Eşqində kül olsaydım.
Bülbül qondurma bağına,
Məni yandırma dağına.
Atlas geyim yaraşıbdı
Sənin ay tək camalına.
Sarı çiçək çayda var,
Sən tək gözəl harda var?!
Sən tək yarı sevənin
Könlündə olmaz qubar.
Can dostum,canım dostum,
Madam gəldin yanıma.
Yar dərdi belə olsa,
Bir dəva can canıma.
Dülar çalırdım qəmgin
Yarım gəldi yanıma.
Şirin-şirin sözlərin
Odun saldı canıma.
Dərya belə axarmı,
Axdıqca hey daşarmı?
Mənim qaragöz yarım
Daim mənnən yaşarmı?
Qızılgüı,ey qızılgül,
Sən erkən xəzan oldun.
Məni çöllərdə qoyub,
Yoluna rəvan oldun.
Gözüm səyriyir mənim,
Daşkənddən yarım gəlir.
Əgər özü gəlməsə,
Bir xəbərdarım gəlir.
Qaşın qarası səndə,
Ay üzünə mən bəndə.
Çağıranda gəlmirsən,
Məni salıb kəməndə.
Tərgilanın qızları,
Alma,nardı üzləri.
Su desən şərbət verər
Gülüstanın qızları.
Daşkənd yolu daş imiş,
Yedikləri maş imiş.
Dünən gedən gəlinin
Iki gözü yaş imiş.
Sən mənim öz yarımsan,
Boynumda tumarımsan.
Qaranlır gecələrdə
İşıq saçan varımsan.
Vəsmə qaşı qızdırar,
Sürmə gözü süzdürər.
Ənliyi sovxa qalsın,
Elçiləri gətirər.
Ağdır, biləyim ağdır,
Bəxtim-taleyim ağır.
Sevgidən bəxtim olsa,
Ölsəm, nisgilim yoxdur.
Əllərində dəsmalı,
Yar gözünün yaşı var.
Özgə sayaqdır halı,
Könlündə qəm daşı var.
Gecə yuxulu idim,
Atım səyirdib öldü.
Baxmadan,söz demədən.
Könlümü yaxıb getdi.
Tingi əkdim, çox oldu,
Bir qaranlıq bağ oldu.
Yarım verdiyi vədlər
Ürəyimdə dağ oldu.
Görünən qara dağda,
Gecə-gündüz yağdı qar.
Ayrılıb getmək,harda,
Bəxtimə düşüb bu yar.
Ürək dor-dor döyünür,
Yar yanına getməyə.
Gedirəm sözü ilə
Dərdə dərman etməyə.
Yəlbidən yenib gəldim,
Yolda cüt qurdun izi.
Könlümü əsir etdi
Bu qışlağın bir qızı.
Yarım gəlib arayıb,
Sünbül saçın darayıb.
Huşumu itirirəm,
Qara gözlərə baxıb.
Yar qapısında dursan,
Məcnun kimi ip qursan.
Aylı gecə olanda
Yarın qoynuna varsan.
Yarın bağı var imiş,
Bağda narı var imiş.
Tək bildim. könül verdim,
Özgə yarı var imiş.
Güldümü, qönçədimi,
Yar,sənin qoynundakı?
Almamı ya nardmı,
Yar, sənin qounundakı?!
Daşkənddən sən gələndə,
Yanında qoy mən olum.
Hamının gözü səndə
Ətrinə qoy mən dolum.
Dağa çıxdım zar üçün,
Ah çəkirəm yar üçün.
Bir il odlarda yandım,
Bir vəfası var var üçün.
Səmadakı bulutlar,
Yağış yağsa da,getməz.
Iki yaxşı bir olub,
Arzu-kamına yetməz.
Dilbərim, ay üzündə
Bir qaraca xalın olum.
Gecə yanında yatıb.
Gündüzü hambalın olum.
Qap-qara gözün badam,
Canım fəda olsun sənə.
Canından keçən adam,
Qoy aşna olsun sənə.
Salxım söyüd əyildi,
Yar əyilməyir nədən?
Halımdan yox xəbəri,
Necə könül verim mən.
Söylə.hardan gəlirsən,
Ay gözləri xumarım?
Sənə qoy göz dəyməsin,
Boynuna sal tumarı!
Qaşın qələmdən qara,
Kirpiyin zirü-zəbər.
Eşqində mən avara,
Sən gəzirsən bixəbər.
Yar iraqda,mən fəraqda,
Kaş sözü yalan olmasın.
Düşmənlərdən hansısa
Yoldan çıxaran olmasın.
Kaman qaşın qarası,
Meydandadı sayası.
Nədən belə uzaqdı,
İki yarın arası?..
Yanınızdan keçirəm,
Gülzardan gül dərməyə
Gül dərmək bəhanədi,
Ay üzünü görməyə.
Aylı,yarlı gecələr,
Aydan arı gecələr.
Gül-çiçəyə qərq olub,
Yar gəzdiyi küçələr.
Yar,getdi qanı qara,
Gedirsənmi demədən.
Dəm salıb samavara,
Içirsənmi demədən.
Havanı düman basdı,
Ayı görə bilmirəm.
Könlümü fəğan basdı,
Yarı görə bilmirəm.
Gecələr oyanmaq bilmir,
Qovaq başında qarğa.
Ağlamazlar bir belə,
Vəfasız çıxsın yara.
Yarım getdi uzağa,
Günüm qaldı fərağa.
Yolunu gözləyərək
Göz dikirəm irağa.
Deyirlər,gül açılıb,
Gedək seyr edək dağı.
Yar gülünün saçılıb,
Ətiri tutub bağı.
Ağ sarayın var imiş,
Zər divarın yox imiş.
Ata-anan olmasa,
Etibarın yox imiş.
Qəm-qüssələr yağılır
Mənim yalqız başıma.
Ördək üzməkdə axır,
Gözdən axan yaşıma.
Qaşın qara olunca.
Gözün qara olaydı.
Mənə hiylə qurunca
Üzün qara olaydı.
Əndicanda bir çinar,
Bəylər atın qamçılar.
Yar deyənin dilindən
Həmişə bal damcılar.
Uşaq olan oynayır,
Bir çubuğu at edib.
Aşiq olan ağlayır,
Sevdiyini yad edib.
Alov qalxır yağ ilə,
Bağrım yanır dağ ilə.
Oyanamadım,gülmədim
Könlüm sevən yar ilə.
Gözləri süzük gələr,
Əlində üzük gələr.
Çarsuda bir yarım var,
Səndən də nazik gələr.
Çəməndə gül açıldı,
Yaxana tax,yaxana.
Gözləri xumar-xumar
Baxana bax,baxana.
Dərya belə daşarmı,
Üzəngini aşarmı?
Çaylardakı balıqlar
Hər tərəfə şaşarmı?!
Mən gedirəm çay ilə,
Yarım minən day ilə.
Cibindəki noğulu
Salıb içəm çay ilə.
Odlar yaxır ürəyə,
Yarım baxır güzgüyə.
Necə könül verəsən,
Sevdiyindən özgəyə.
Dəvə yatar doyunca,
Zınqırovu boynunda.
Qızın yerin soruşma,
Bir qocanın qoynunda.
Yaxana gül taxmırsan,
Bağınızda gül yoxmu?
Bircə gülüb baxmırsan,
Könlündə heç yar yoxmu?!
Qaşının qarasına,
Xal olum arasına.
Əsla yazığın gəlmir
Özgənin balasına.
At minsəm də,yorğunam,
Minməsəm də,yorğunam.
Mən sevgili yarıma
Baxa-baxa doymuram.
Yanınızdan ötər oldum,
Divanədən betər oldum.
Səni diləyib gəlmişdim,
Bir görmədən gedər oldum.
Allah vursun zalımı,
Çəkib aldı yarımı.
Min qızıla verməzdim
Ləbindəki xalını.
Qapı yanında quzu,
Quzunun qaragözü.
Məni sərxoş elədi
Yarımın şirin sözü.
Qoşqarın yollarında,
Durnalar qatar-qatar.
Yar yarın yollarında
Can harayın unudar.
Mən əgər qəbirdə yatsam,
Üstündən sən keç yarım.
Ətəyin rüzgarına
Qoy aram alsın canım.
Sıçrayıb bağına düşdüm,
Qırmızı alman üçün.
Qırmızı almanı üzdüm,
Bir vəfalı yar üçün.
Saç,dəryaya qəmini saç,
Mən gəlirəm,qoynunu aç!
Qəsdin varsa cəllad kimi,
Başımı kəs,qanımı saç!
Daşa yağmur kar edərmi,
Nə qədər yağsa belə?
Malın-dövlətin gedərmi,
Qıyqacı baxsa belə?!
Gedib çıxdım düzünə,
Rast gəldim özünə.
Üç gecə-gündüz ilə
Doymadım yar sözünə.
Ağ üzüm,ağca üzüm,
Suya düşdü qunduzum.
Sağ-salamat gedib-gəl,
Canımdakı yalqızım.
Suya yaxın oturub,
Suyu bulandırırsan.
Papağını dik qoyub,
Ürəyi yandırırsan.
Qapında,dirəyində
Laçın olub oynayım.
Köksündə,ürəyində
Yarın olub oynayım.
Amanmı,yar,amanmı,
Təmisdəki samanmı?
Bunca oğlan içində
Sevdiyim yar yamanmı?!
Dam üstündə duran qız,
Saçın xırda hörən qız.
Ucun düyə bilmədən,
Düyünləyin deyən qız.
Qoru qızıl gülünü,
Saxla qızıl gülünü.
Qiymət verən olmasa,
Qırma qızıl gülünü.
Çay qırağında bir qaz,
Bu qədər eləmə naz.
Bu qədər eləsən naz,
Adın qalar sərvinaz.
Sular axıb duruldu,
Sevdiyim qızıl güldü.
Sevdiyim yar gəlməsə,
Öləcəyim o gündü.
Dan atar,dağdan atar,
Soyuq bağrımı tutar.
Qız almayan oğlanlar
Evində necə yatar?!
Üz tutub Fərğanəyə,
Yolların keçməyim gəlir.
Bu şərab necə şərab,
Içdikcə içməyim gəlir.
Qaşlarına qoymusan,
Bağlarda bitən vəsməni.
Tək diləyim Allahdan,
Versin bir beli incəni.
Araqçınım var idi,
Tək başıma dar idi.
Atam-anam var idi,
Çəkdikləri zar idi.
Arxın daşını oydum,
Əlimə xına qoydum.
Ata-anamdan keçib,
Səni yaxına qoydum.
Səmada ay batmasın,
Qılınclar qan dadmasın.
Yarım gələr gecəsi,
Dan əzanla atmasın!
Dirəyin yıxılmasın,
Ağ evin çapılmasın!
Mənim yarım sənsənsə,
Bənzərin tapılmasın!
Ağ ipəkdən köynəyim,
Görünməkdə biləyim
Mənim yarım sən olsan,
Dözməyəcək ürəyim.
Həyətində badam var,
Yavaş yeri, adam var.
Adam varsa, gedəcək,
Yolumuzdan itəcək.
Qavalın cızılıbdı,
Halqası üzülübdü.
Səslən,qavalım,səslən,
Yar könlü pozulubdu.
Söndürmə çırağını,
Uşlama biləyimi.
Biləyimi tutsan da,
Yandırma ürəyimi!
Mehribanım getsə də,
Mehri gözümdən getmədi.
Mehribanım yox idi,
Kimsə məni yad etmədi.
Əsəkənin yolunda,
İlan gördüm çölündə.
Min canım olsa,verrəm
Sevgilimin yolunda.
Çay gəldi,saman gəldi,
Selləri yaman gəldi.
Davaya gedənlərdən
Mənimki aman gəldi.
Ox atdım gölə düşdü,
Göldən sonalar uçdu.
Sevdiyim sona gedib,
Zalım əlinə düşdü.
Dağda gəzən ahuya
Mən necə kəmənd salım?
Özgə yarısan daha,
Mən necə könlün alım?!
Səmərqəndin çayında
Biz qab-qaşıq olmuşuq.
Qab-qaşıq yuyulanda
Aşiq-məşuq olmuşuq.
Başındakı dürrəni,
Usta qağan toxuyub.
Yamsılayaraq səni,
Dütar çalıb,oxuyub.
At yıxılıb sındırdı
Quşbaşı yəhərimi.
Sənə demək vaxtıdı,
Içimdəki dərdimi.
Göylərdə uçar quşam,
Qoyma düşəm,bihuşam.
Saxlasan təmiz saxla,
Əzəldən saf gümüşəm.
Barmağımda üzüyüm
Işıqda parıldayır.
Mənim bircə yarım var,
Yar qulluğundan qaçır.
Bağa öyrətmə məni,
Qaxa öyrətmə məni.
Ayda-ildə bir gəlib,
Yaman öyrətmə məni.
Qaşın qaramı,qunduz,
Gecə gəlim ya gündüz?
Gecə gəlsəm, ziyafət,
Gündüz gəlsəm,qiyamət!
Qızılgül idim,soldum,
Qəm-qüssə ilə doldum.
Yar,səni deyə-deyə
Dərdə mübtəla oldum.
Qara qaşında vəsmə,
bir-birinə neyvəstə.
Gəl,qol-boyun oynayaq
Ölənəcən həvəslə.
Qaranquş qara olur,
Qanadı ala olur.
Gənc ikən könül versən,
Ayrılmaz bəla olur.
Qara geymiş qara atlı,
Alıb getməyə gəldinmi?
Qan qızıl laləzarımı
Xəzan etməyə gəldinmi!
Gülüş getdi,gümüş getdi,
Gülzarıma xəzan yetdi.
Məni qəm evində qoyub,
Çəməndən bülbülüm getdi.
Qızıl gülün özüyəm mən,
Yaxanın qunduzuyam mən.
Məni belə yerə vurma
Anamın yalqızıyam mən.
Qaşlarını belə çatma,
Qardaş,mənə zavalın var.
Halal aşıma duz qatma,
Sənin başqa xəyalın var.
Atma məni daşlar ilə,
Uçum gedim quşlar ilə.
Sən gedirsən,mən qalıram,
Gözün dolsun yaşlar ilə.
Namanqanın yolları,
Piyalənin gülləri.
Piyaləyə yaraşıb
Yarın zərif əlləri.
Arx qırağında yarpız,
Yarpız budağı yalqız.
Yanına gələmmirəm,
Ev-eşikdən soraqsız.
Şəlalədən daş gələr,
Xumar gözdən yaş gələr.
Səni mənə qoşsalar,
Eşidənə xoş gələr.
Kimsəsiz bağ içində,
Dolanır başım mənim.
Yar gəzən küçələrdə
Saçılır yaşım mənim.
Yar keçən küçələri
Süpürüm saçım ilə.
Tozu qalxsa,su səpim
Gözdəki yaşım ilə.
Su axar daş üstündə,
Papağın qaş üstündə.
Sevdiyim yada düşsə,
Ağlaram aş üstündə.
Arx içində buzlama,
Qoyun ətin duzlama.
Öz yarın evdə qalıb,
Özgəsini gözləmə.
Yaylığımı almısan,
Alıb dara salmısan.
Yaylığımı vermədən,
Minnətimə qalmısan.
Vursan,sandıq açılar,
İçindəki saçılar.
Yarım sən olar olsan,
Hardan könlüm açılar.
Vəsmə dediyin yerdə,
Sürməni göndərdilər.
Yarı sevdiyim yerdə,
Bir qocaya verdilər.
Atlas donun qolu dar,
İçində məktubu var.
Onu alıb oxusan,
Sevdiyimin adı var.
Səni bu göz,bu qaşla,
Görüm heç ölməyəsən!
Behiştdə iki gül var,
Heç biri olmayasan!
Qışlağımın sazıyam,
Göldən uçan qazıyam.
Sevdiyimə verməsən,
Ölməyə də razıyam.
Qapı açıb ay gördüm,
Çaydan dolu çay gördüm.
Oynamalı çağımda
Könlümdə ah-vay gördüm.
Çaydanı qara qoyub,
Qaynamasın dedilər.
Məni yar ilə qoyub,
Oynamasın dedilər.
Almata adlı yerin,
Alması dolu imiş.
Bilsəydim heç gəlməzdim,
Qəriblik yolu imiş.
Tuta çıxıb tut yedim,
Bir budağa doymadım.
On beş yaşlı qız dedim,
Al yanağa doymadım.
Ay çıxsa aydın olur,
Gün çıxsa gündüz olur.
Bərrə qızın qaşları
Papağa qunduz olur.
Heç ağac kəsməmişdim,
Keyitdin biləyimi.
Heç belə sevməmişdim,
Yandırdın ürəyimi.
Qaş altında gözünüz,
Yoldaş olan özünüz.
Yoldaşlığı bilmədən,
Darda atan özünüz.
Səmadakı ulduzlar,
Yar diləyər gül qızlar.
Sevgisinə yetmədən,
Solub getdi çox üzlər.
Ipək donu geymirəm,
Parıldayar günəşdə.
Bəy oğlunu sevmirəm,
Günü gəzib bu yaşda.
Qanad çalar dağlarda,
Dağ ürəkli bir qartal.
Nədən daim qubarda
Ürəkdən sevdiyim yar?!
Küçəniz palçıq olubdu,
Ölməyə yer qaldımı?
Ağ üzün xalla dolubdu,
Öpməyə yer qaldımı?!
Qızıl gülün bağında,
Mən dərmədim vaxtında.
Mənə qismət olmadı,
Məhəbbətin taxtında.
Hey-hey öləng,can öləng,
Yar qənimət, yar-yar,
Yar qənimət.
Yar qədrini bilməyən
Heyvan sifət, yar-yar,
Heyvan sifət.
Səmadakı ulduzu
Səkkiz deyin, yar-yar,
Səkkiz deyin.
Səkkiz qızın sərdarı
Gəldi deyin, yar-yar,
Gəldi deyin.
Yat-qat olan qatlama
Qatlanmaqda, yar-yar,
Qatlanmaqda.
Qızı alıb yengələr
Qoy gözləsin, yar-yar,
Qoy gözləsin.
Ağ süd vermiş anası,
Razı olsun, yar-yar,
Razı olsun.
Haqqı olan atası
Qazı olsun, yar-yar,
Qazı olsun.
Qəmişliyin yolunda
Sırğam itdi, yar-yar,
Sırğam itdi.
Sınanmamış oğlana
Bacım getdi, yar-yar,
Bacım getdi.
Bacım üçün sümüyüm
Gizildəyir, yar-yar,
Gizildəyir.
Bacım verən üzüyün
Zərbi dəyir, yar-yar,
Zərbi dəyir.
Hey-hey öləng,can öləng,
Ay pəncərə,yar-yar,
Göz pəncərə.
Hər cəfaya alışar
Qız biçarə, yar-yar,
Qız biçarə.
Hey-hey öləng,can öləng,
Öləng çoxdur, yar-yar,
Öləng çoxdur.
Öləng yeyən dilindən
Öpüş yoxdur, yar-yar,
Öpüş yoxdur.
Dağda dayça kişnəyir,
Atam deyib, yar-yar,
Atam deyib.
Evdə gəlin ağlayır,
Yadam deyib,yar-yar,
Yadam deyib!
Ağlama, qız, ağlama,
Toy sənindi, yar-yar,
Toy sənindi.
Astanası qızıldan
Öy sənindi, yar-yar,
Öy sənindi.
Zər-ipək taxtındakı
Nər sənindi, yar-yar,
Nər sənindi.
Əlində atın qamçı,
Ər sənindi, yar-yar,
Ər sənindi.
Taxçadakı qayçını
Pas basıbdı, yar-yar,
Pas basıbdı.
Qız könlünün yolların
Toz basıbdı, yar-yar,
Toz basıbdı.
Boxçadakı xurmanın
Südü hanı, yar-yar,
Südü hanı?
Təzə gəlmiş gəlinin
Dostu hanı, yar-yar,
Dostu hanı?!
Gərdəyinin bağından
Zəhər saçdı, yar-yar,
Zəhər saçdı.
Yemiş-kişmiş çatmadan
Giyəv qaçdı, yar-yar,
Giyəv qaçdı.
Şamamanın tağına,
Qoyun gəlib, yar-yar.
Bir göz yumub açınca
Toyun gəlib, yar-yar.
Gedib deyin Cəbrayıl,
Bəylərinə, yar-yar.
Atasını göndərsin
Toylarına, yar-yar.
Astanadan o yana
Atan yatar, yar-yar.
Neçə vaxtdır atansız
Danlar atar, yar-yar.
Atan olsaydı əgər,
Inəkləri bazara
Salmazmıdı, yar-yar.
Dəvə satıb düymələr
Almazmıdı, yar-yar.
Aftafaya su tökdük,
Saxlamayır, yar-yar.
Ögey imiş anası
Ağlamayır, yar-yar.
Ağlamayan anasın
Gəl,ağladaq, yar-yar!
Şiv çubuqla bir vurub,
Gəl, dağladaq, yar-yar!
Hüsn elinin sultanı
Sən imişsən,yar-yar.
Səba ilə dan çağı
Sən gəlmisən, yar-yar.
Axşam-səhər bağında
Gül açılır, yar-yar.
Danışanda ağzından
Dürr saçılır, yar-yar.
Al-əlvandı hər yanın
Sağın-solun, yar-yar.
Saqi verən piyalə
Dolu-dolu, yar-yar.
Biz içirik hicranı
Dana-dana, yar-yar.
Düşmənimiz qalıbdı
Yana-yana, yar-yar.
Sünbül kimi saçların
Dalğalanır, yar-yar.
Dağda bitən lalə tək
Ətir saçır, yar-yar.
Qələm-qələm qaşların
Kaman kimi, yar-yar.
Qara-qara xalların
Nişan kimi, yar-yar.
Mal-dövlətlə yetərsən
Muradına, yar-yar.
Miras qoyub gedərsən
Övladına, yar-yar.
Qarşıdakı bu dağ əsgər dağıdı,
Yolumdakı altun buxov bağıdı.
Altun buxov bağı bağlar bağıdı,
Ürəyimdəki dağ yarın dağıdı.
Mən sənin yolunda çölləri gəzdim,
O çöllər də bir gülüstan deyilmi?
Sənin canın mənim canımda ikən,
Mənim canım sənə qurban deyilmi?
Səmərqənd çayında qaldı üzüyüm,
Nə vaxt gələr mənim gözü süzüyüm.
Əgər gəlsə mənim gözü süzüyüm,
Ona qurban olsun nişan üzüyüm.
Səni orda, məni burda yaratdı,
Aramızda axar dərya yaratdı.
Axar dərya imiş,axdı -da getdi,
Vəfasız yar imiş,atdı -da getdi.
Uca dağ başında bir qızı gördüm,
Özün hürr,ləblərin qırmızı gördüm.
Yeyin-yeyin getdim bir söz deməyə,
Yatıbsa, yuxuda könül verməyə.
Qızılgül nubardan verdi nişanə,
Sənin üşqin məni qıldı divanə.
Sənin eşqin mənə hardan yetişdi,
Bu od hardan mənim bağrıma düşdü?!
Namanqan,küçəsi dardı,ağlaram,
Boyuma yaraşmaz yardı,ağlaram.
Boyuma yaraşan yarı verməsən,
Amanatın ahdı,zardı,ağlaram.
Dəyirman başına işim düşübdü,
On beş yaşlı qıza eşqim düşübdü.
On beş yaşlı qızın qurbanı ollam,
On beş qızıl verib,qoynuma allam.
Hovuz qırağında sarı at gördüm,
Sallanıb gələndə bir murad gördüm.
Bədöy atı suvarmağa çıxanda,
Yarın baxışında bir çıraq gördüm.
Göy üzündən köçüb gedən durnalar,
Mənim gül üzlümə bir xəbər verin!
Sizdən soruşsa ki,”Hardadı o yar?”
Sevdiyin,gördüyün yerdədi deyin!
Mən baxıram qabağına aş qoyub,
Sən gedirsən ürəyimə daş qoyub.
Yatammadım bir yastığa baş qoyub,
Artıq məndə dözməyə hey qalmadı.
Hər gün ötdüm qapından bir görməyə,
Yollarında qul olub bir diləyə.
Dilin gəlmədi.”Xoş gəldin!”deməyə,
Canım,məndə dözməyə hey qalmadı.
Barmağında yanır qızıldan üzük,
Qaşların qaradır,gözlərin süzük.
Varmı sənin kimi bir nərmə-nazik,
Gülüm, məndə dözməyə hey qalmadı.
Bir vaxtlar yuxuna girən mələk tək,
Heyran eyləyərdim şehli çiçək tək.
Harda qaldı o vədələr bir ətək,
Yarım, məndə dözməyə hey qalmadı.
Həftədə bir olur qışlaq bazarı,
Yorğa minənlərin yoxdu ah-zarı.
Yaman olur hicran dərdi,azarı,
Artıq, məndə dözməyə hey qalmadı.
Qızıl-qızıl almanı qızlar atar,
Dəryada qız çilləsi buzlar atar.
On beş yaşda qızların sözün verib,
On altıya çatanda ağladarlar.
Gəmiçilər dəryaya salar qayıq,
Qışlağında qız varmı bizə layiq?!
Qışlağında qız olsa,bizə layiq,
Özgələrə vermədən biz alarıq.
Xəyalım budaq gəzir,alma dərib,
Yanıram,yaxılıram səni görüb.
Yananda,yıxılanda səni görüb,
Sən gedirsən özgəyə könül verib.
Qızlığını bilirəm yanağından,
Xına qoysan getməyir dırnağından.
Öz yandığım özümə yetməzmidi,
Sən də məni yaxırsan barmağından.
Dağdan dağa yol aşıb yürən vaxtım,
At oynadıb qayda duran vaxtım.
Mən heç nəyi bilməyən uşaq idim,
Sən öyrətdin hər şeyə görən vaxtım!
Alma yetişəndə gəl,
Dibinə düşəndə gəl.
Qulac-qulac hörüklər
Belimə düşəndə gəl.
Almanın ağına bax,
Dönüb budağına bax.
Məni sənə verməzlər
Çönüb sol-sağına bax.
Qızıl alma qızardı,
Qızılgülü əlində.
Bu gələn bizim yardı,
Şirin sözü dilində.
Yar qapısına getdim,
Alma budağın tutdum.
Yarım evindən çıxmır,
Şad günləri unutdum.
Yar verən almaları,
Saxlayıram qoynumda.
Oyansam gecə yarı,
Yarın qolu boynumda.
(Başqa yerdə yayımı zamanı sayta istinad vacibdir)






