Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Şirvan aşıq mühitinin Vüqarı

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 İlqar İlkin

 Azərbaycan aşıq sənəti içərisində özünəməxsus və çox orijinal mühitlərdən sayılır Şirvan aşıq mühiti. Bu mühitin spesifik xüsusiyyətləri saz-balaban-nağara və qoşanağara müştərəkliyi ilə ifa, həmçinin ifada səmavi rəqslərin mövcudluğudur ki, bunun da genetik səbəbləri var. Belə ki, türklərin İslamı qəbul etməsiylə - 11-ci yüzildən etibarən qam inanc sisteminə bağlı olan əski türk dünyagörüşü İslam dini fəlsəfəsində daha geniş şəkildə oturuşmağa başladı və nəticə etibarilə dini-mifoloci baxışların formalaşdırdığı magik rituallar da İslam dini inancına uyğunlaşdırıldı. Başqa sözlə, elmi ədəbiyyatda “türk təsəvvüfü” olaraq qəbul edilən və İslam fəlsəfəsində xüsusi və çox möhtəşəm bir səhifə açan xalq sufizminin mahiyyətində qam-şaman, həmçinin maq (zərdüştilik) baxışları və əski dini-mifoloci rituallar dayanırdı. Türklərin İslama gəlişilə İslam dininin qəbul etmədiyi ritmik musiqinin eksztaz vasitəsi kimi istifadəsi türk təkkə-təriqət ocaqlarında tətbiq edildi.
 Amma hər ocaq yerləşdiyi coğrafi ərazidə mövcud olan ritualları ümumiləşmiş şəkildə qəbul edir və müəyyən yeni çalarlar əlavə etməklə İslam dini təfəkkürünə uyğunlaşdırırdı. Şirvan bölgəsi də həm qam, həm də maq düşuncəsinin çarpazlaşdığı ərazi olaraq daha zəngin və daşlaşmış əski ənənələrə bağlı olduğundan, burda formalaşan ocaqların istifadə etdiyi ekstaz vasitələri əski inancı bütövlükdə əhatələmiş oldu. Məsələn, qamlama mərasimində qamın istifadə etdiyi davul - nağara, nəfəsli alət olan “ağız qopuzu” - balaban, qopuz (qamuz) - saz və s. kimi islamlaşdırıldı və şamanların ruhani aləmə səyahətlərində yararlandıqları bu alətlər təkmilləşərək mürşidlərin ekstaz vasitələrinə çevrildi. Sonrakı mərhələdə - aşiqlər xalq arasına çıxanda və dügün (toy) ifaçılarına çevriləndə də təmsil etdikləri ocaqların atributlarını yaşatdılar.
 Bu baxımdan Şirvan aşıq mühiti ən qədim dini-ritual adət-ənənələri yaşatmaqla xüsusi təhqiqat tələb edən böyük və mükəmməl bir mühitdir.
 Təəssüf ki, bəzən mahiyyəti bilməyənlər Şirvan aşığının xüsusi səmavi rəqsini rəqqaslıq, ritmik ifanı isə yüngül əyləncə vasitəsinə çevirərək bu mühitin böyük ənənəsinə qətiyyən uyğun olmayan ifalar edir və yanlış təsəvvürlərin yaranmasına yol açırlar. Amma bu, Şirvan aşıq mühitinin aşılanması anlamına gəlməməlidir. Bu mühitin böyük mənada ənənəsini Aşıq Bilal, Aşıq Bəylər, Aşıq Şakir, Aşıq Məmmədağa, Aşıq Abbas Cəyirli, Aşıq Mahmud Ələsgəroğlu, Aşıq Rza Qobustanlı kimi sənətkarlar yaşatmış və müasir nəslə ötürmüşlər. Hazırda da bu sənətin incəliklərini bilən mükəmməl aşıqlar az deyil.
Və bu sırada Aşıq Vüqar Mahmudoğlunun adı birincilər sırasındadır.

 Ustad oğlu şagird olmaz
 Vüqar Şirvanın böyük aşıqlarından biri olan Aşıq Mahmud Ələsgəroğlunun övladıdır. Şirin ləhcəsi, xoş avazı, ən əsası isə mühitin havacatlarını mükəmməl bilməsi və yaradıcılığı ilə yaddaşlara köçən Aşıq Mahmudun yarımçıq ömrünü Aşıq Vüqar Mahmudoğlu davam etdirir. Vüqarın aşıq sənətinə ən böyük xidməti də uzun illər Aşıq Mahmudun sinəsində dillənən sazı susmağa qoymaması, onu yaşatması və böyütməsidir.
Ustad oğlu şagird olmaz, deyiblər. Vüqar da gənc olmasına baxmayaraq, Şirvan aşıq mühitini mükəmməl bilən sənətkarlardandır. Gənc enercisi isə bu havacatların yüksək və şaqraq səslə ifasına yardımçı olur.
Maraqlı tərcümeyi-halı var Vüqarın: Şamaxı Musiqi kollecinin qarmon sinfini və Mirzağa Əliyev adına İncəsənət Universitetini fərqlənmə ilə bitirib.
 Bu, onun musiqi təhsilidir: Vüqar azsaylı aşıqlardandır ki, musiqi savadına malikdir. Ancaq aşıq olmaq üçün təkcə musiqi savadı kifayət etmir. Çünki hələ də Azərbaycanın musiqi ocaqlarında aşıq mühitlərinin tədrisi yox səviyyəsindədir. Aşıq sənəti Azərbaycanda ənənəyə uyğun olaraq ustadlardan şagirdlərə ötürülə-ötürülə yaşayır.
 Aşıq Vüqarın uğuru da 12 yaşından etibarən qarmon ifaçısı kimi atası Aşıq Mahmudun yanında el şənliklərində iştirak etməsidir. Düz 20 il Vüqar Aşıq Mahmudla çiyin-çiyinə ellər-obalar dolaşıb, böyük-kiçik məclislər görüb və atasını müşayiət eləyib. Bu müşayiətlər onun aşıq sənətini mükəmməl bilməsini şərtləndirən başlıca şərtdir.
 
 Atalı xatirələr
 «9 yaşım olanda Bülbül adına Musiqi Kollecindən Şamaxıya istedadlar seçməyə gəlmişdilər. Atamın xəbəri olmadan mən də orda iştirak etdim və indi də şamaxılıların yaddaşında yaşayan «Sarı bülbül» xalq havasını çox zil kökdən ifa elədim. Münsiflər çox təkid etsələr də, atam Bakıda təhsil almağıma razı olmadı. Dedi, bu yaşda oxumazlar, keçid dövründə, 15-16 yaşında səsin bata bilər. Allah qismət eləsə, yeniyetməlikdən sonra oxuyarsan».
 Aşıq Vüqar xatırlayır bunları. Və təsdiqləyir ki, o vaxt bizim aramızdan seçilib Bülbül adına Musiqi Kollecinə oxumağa aparılan uşaqların böyük əksəriyyətinin səsi yeniyetməlik illərində batdı.
«Məclislərin birindən çıxıb, o birinə yollanardıq. Yol boyu ifamızla bağlı məsləhətlərini verirdi, səhvlərimizi deyirdi. Hərdən, ovqatının yaxşı vaxtında cəsarətlənib bir ağız oxuyurdum. Atam deyirdi ki, səndən çox gözəl aşıq olar. Çünki mən böyük çətinliklərlə, ayrı-ayrı ustadlardan oğurluq-doğurluq öyrənmişəm, sənə isə könüllü olaraq bütün bildiklərimi öyrədirəm. Səsini də Allah verib.
Etiraz eləyirdim. «Sənin yanında oxumaq olar?» - deyirdim. Həmişə bu barədə söhbəti bircə sözlə yekunlaşdırırdı: «Məndən sonra oxuyarsan!»
Sanki Aşıq Mahmud Tanrı dərgahına erkən gedəcəyini bilirdi bu sözləri deyəndə. Dediyi kimi də oldu: 55 yaşının tamamından 12 gün sonra dünyasını dəyişdi…

 7 ilin uğurları
 Adamı geyimiylə qəbul edib, ağlıyla yola salmaq elimizin daşlaşmış adət-ənənəsidir. Xalqımız sənətkarı da xarici görünüşü, üz cizgiləriylə qəbul edir, səsi, sözü, avazı, nitqi, davranışıyla yola salır.
Aşıq Vüqara Tanrı hər şeyi verib: gözəl qamət, yaraşıqlı sima, xoş üz, şirin ləhcə, ecazkar səs. Şübhəsiz ki, Aşıq Vüqarın aşıqlığa başladığı 7 ildə qazandığı uğurların kökündə, mayasında bunlar dayanır. Amma Şirvan aşığını xarakterizə edən, onu yaşadan onun fitri istedadı ilə yanaşı, bu qədim elmə bələdliyidir. Çünki Şirvan aşıq mühiti mühafizakarlığı ilə xüsusi seçilir. Bu mühitin auditoriyası klassik havacatların nəinki sözünü, hətta zənguləsini dəyişməyi belə sevmir. O cümlədən dastanların yerli-yerində, olduğu kimi ifasını aşıqdan tələb edir. Ona görə də bu mühitdə parlamaq, elin sevimlisinə çevrilmək üçün klassik dastanları, havacatları mükəmməl bilmək vacibdir, özünəməxsus zəngulələr qətiyyən havacatın ruhuna toxunmamalı, onu azacıq da olsa, dəyişməməlidir.
 Aşıq Vüqarı sevdirən cəhətlərdən biri məhz bu ənənəni qoruması, havacatları klassik uslubda təqdim etməyi bacarması, bir çox aşıqların çətinliyindən qorxub ifa etmədiyi və ya unutduğu qədim havaları oxuya bilməsidir. 12-16 qatar sözün dayanmadan ifa olunduğu «Köpək şikəstə», 3 fərqli ritmdən istifadə olunmaqla 3 ladda oxunan «Qara qafiyə», həmçinin «Qədim peşro», «Qobustani» kimi  havacatların ifası aşıqdan böyük nəfəs, peşəkarlıq, ustadlıq tələb edir. Aşıq Vüqarın ifasında bu qədim havacatların yüksək istedadla ifa olunub lent yazılarına həkk olunmasının özü Şirvan aşıq mühitinə böyük töhfədir.
Vüqar, həmçinin digər aşıq mühitlərinin havacatlarını Şirvan üslubunda, Şirvan biçimində - ritmlə və dinamik - ifa etmək bacarığına malik azsaylı aşıqlarımızdadır. Yeri gəlmişkən qeyd edək ki, bu keyfiyyəti də Aşıq Vüqar genetik olaraq daşıyır: Aşıq Mahmudun hazırda fonatekanın qızıl fondunda saxlanılan «Misri», «Orta Sarıtel», «Şaqaydı Gəraylı» və s. Qərb aşıq mühitinə məxsus havacatları böyük ustalıqla ifa etməsi bütün sazsevərlərə bəllidir. Aşıq Vüqar da bu ənənəni peşəkarlıqla davam etdirir. Onun Qazax aşıq mühitinin təmsilçisi Zülfiyyə İbadova, Təbriz aşıq mühitinin yetirməsi Aşıq İsa, Borçalı aşıq mühitinin öncülləri Aşıq Tərmeyxan və Aşıq Cahangir, həmçinin Aşıq Qələndərlə mükəmməl duetləri musiqi mütəxəsislərini belə heyrətə gətirir. Klassik havacatların fərq qoyulmadan bu cür müştərək ifası həm də aşıq sənətinin qədim və böyük ənənəsinin əzəməti kimi olduqca maraqlıdır.

 Şirvanın aləmdəki Səsi
 Azərbaycan aşıq sənəti YUNESKO-nun milli-mədəni irs siyahısına qəbul edildikdən sonra bu nüfuzlu təşkilatın seçdiyi səslərdən biri də Aşıq Vüqarın ifası oldu. Və hazırda Azərbaycan aşıq sənətini dünyada təmsil edən istedadlı aşıqlarımızdan biridir Aşıq Vüqar Mahmudoğlu! Aşıq Vüqar Fransa, Almaniya, İsveçrə, Norveç, Türkiyə, Rusiya, İran və bir çox ölkələrin böyük konsert salonlarında Azərbaycan aşıq sənətini yüksək səviyyədə təmsil edib və dövlətin dəstəyi ilə yeni yaranan bu ənənə indi də davam etdirilir. Təbii ki, onun bu uğurları Şirvan aşıq mühitinin, onu yüz illərlə yaşadıb bugünümüzə daşıyan ustad aşıqların və bu sənəti indinin özündə də yaşadan, Aşıq Vüqara «Şirvan aşıqlarının vüqarı» kimi baxan böyuk bir elin, obanın uğurudur.
İnanırıq ki, Aşıq Vüqar bu müvəfəqiyyətlərlə kifayətlənməyəcək. Çünki Aşıq Mahmudun illərlə sinəsində daşıdığı Sazın mistik-mənəvi enerjisi Aşıq Vüqarı hələ çox zirvələrə aparacaq…

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az