Hafiz HACXALIL (Temirov)
...Lap arxada – sonuncu partada oturub gözünü sağa, sola gəzdirməyə başladı. Bilirdi ki, hamının nəzərləri ona dikilib. Müəllim də sanki uşaqların bu səssizliyindən istifadə edib mühazirəni elə aram-aram deyirdi ki, elə bil nəsə yaddan çıxacaq və bir daha fikrini tamamlaya bilməyəcək.
Ali məktəb partalarının, otaqlarının qəribə qoxusu var. Adama elə gəlir ki, bu partada oturanlar, bu otaqlarda nəfəs alanlar yaxşı, pis oxumasından asılı olmayaraq həyatda nəyisə dəyişməyi bacaracaqlar və bacarmışdılar da.
1988-ci ilin meydan hərakatı o zamanın tələbələrini müəllimlərini üstələməyə imkan vermişdi. Bəlkə də hələ də canında KQB qorxusu qalan müəllimlər onları iki yazmaqla, imtahandan kəsməklə hədələmişdilər də....Ancaq o zamanın tələbələrinə ən böyük mühazirəni meydan keçdi, adı azadlıq olan ən gözəl və yaddan çıxmaz dərsi də o dedi. Azadlığa can deyənlərin içində Ülvü Bünyadzadə kimi tələbələr də meydan dərsindən qızıl-qırmızı beş almağı bacardılar.
Müəllimin fikirləri ilə onun beynindəkilər üst-üstə düşmürdü. Müəllim romantik ədəbiyyatın bədii fikir tariximizdə yerini, çəkisini anlatmağa çalışsa da o, artıq romantikadan çox-çox uzağıydı. Həyatın içinə girmək, həyatın özününkü olmaq və sonunda qapısından insanın ürəyindən böyük qara qıfıllar asılmış xəyallar, arzular aləminə səyahət etmək rəngini itirmiş bir yuxu idi onunçün. İndi bu səksən dəqiqəlik dərsdə elə bil ki, bütün xatirələr üstünə axın etmişdi. Gözlərini yumub başını partaya söykədi.
- A bala, bura yatmağa gəlməmisən, başını qaldır - müəllimin səsi onu silkələdi və beləcə bütün xatirələr büllur kimi çilik-çilik oldu. Müəllim yatmıram, sadəcə bu fikirlər və xatirələr məndən əl çəkmir demək istəsə də sonradan vaz keçdi. Onun fikri müəllimin nəyinə lazım idi ki.....
Müəllim onun yanında durub: “Romantiklər həyatı romandakı kimi yaşamağa üstünlük verirdilər, çünki romandakı yaşamaq hissi həyatda olduğu kimi yox, yazıçının təxəyyülündə uydurduğu kimi idi” – deməklə ona realizmə daha çox bağlanmaq fikrini qətiləşdirməyə bir daha imkan verdi.
Kapitalizm cəmiyyətində romantizm yoxdur və məncə yeni, daha möhtəşəm romantizm o zaman yetişə bilər ki, gərək onda qiyamət qopsun, dünya dağılsın. Bəlkə də ən böyük romantika insanların cənnətə və cəhənnəmə bölüşdürülməsindən sonra başlayacaq. Təsəvvür edin ki, insanların qəniminə çevrilən bir cani, bir manyak cənnət mələklərinin ətəyindən sallanıb yalvarır ki, onu cəhənnəmə atmasınlar. Və yaxud da ehtirasının qurbanına çevrilərək atasız dünyaya gətirdiyi körpəsini dünya dağılmamışdan, qiyamət yetişməmişdən (artıq həmin qadının dünyası da dağılmış, qiyaməti də gəlmiş) qabaq məscid, ya da kilsə qapısının ağzına buraxıb qaçan bir ana (bəli, ana) o dünyada – cənnətdə və cəhənnəmdə son dəfə körpəsini görmək istəyir. Hə, bax insanların reallığı olduğu kimi yox, ürəkləri istəyən kimi görmək arzusu romantikanın əsasını təşkil edir. Axı dünyadakı kimi cəhənnəmdə də romantika, istədiyi kimi yaşamaq, istədiyi sözü azad şəkildə demək kimi ən böyük xoşbəxtlik yoxdur və bəlkə də yaşadığımız həyat cəhənnəmin kosmosun bu üzündəki əksidir.
Zəng çalınanda ona elə gəldi ki, xəyalından keçirdiyi fikirlər həqiqət imiş və bu zəng onda elə bir hiss yaratdı ki, Mikayılın suru çalınıb, dünya doğurdan da dağılıb və məhşər qurulub. Yuxudan ayılan kimi oldu və gördü ki, onun ətrafında haqq-hesab vermək üçün qəbirlərindən dirilib qaçan insanlar yox, əksəriyyəti qızlar olan qrup yoldaşları bir-birinə qarışıb.
Çantasını partanın üstünə qoyub koridora çıxdı. Başqa qrupun oğlanları siqaret çəkirdilər. Tütün iyisindən uzaq olmaq üçün pəncərəyə yaxınlaşıb dənizin ətrini gətirən küləyi sinəsinə çəkdi. Dəniz burdan lap yaxın görünürdü və külək olmasına baxmayaraq nəfəsini içinə çəkib durmuşdu. Qağayılar da göy gözmuncuğu kimi dənizin qoynuna səpələnmişdi. Ona elə gəldi ki, dəniz küsüb.
- Tənəffüs bitdi, uşaqlar dərsə - müəllimə ona da əliylə sinifə girməyi işarə etdi. Yenə də səksən dəqiqəlik qəlibə salmışdı özünü. İstəsəydi çıxıb gedə bilərdi. Ancaq otağın sağ küncündə pəncərəyə yaxın partadan isti baxışların hərarətini hiss eyləyəndə yerin cazibə qüvvəsindən asılıb qalan bir əşya kimi tərpənmədi. Bax bu o qız idi. Onu ilk dəfə görəndə elə bilmişdi ki, “səni gözləyəcəm” – deyib, sonra da o, əsgərliyə gedəndən sonra bir imkanlı oğlana qoşulub qaçan, onun bütün gəncliyini burnundan gətirən Saradır. Yox, o, artıq bir yuxu idi və o yuxunun kitabını 2005-ci ilin iyul ayının 9-da yaşıl bir tut ağacının altında ömürlük qapatmışdı.
Heç vaxt belə yanan gözlər görməmişdi və elə bil ki, qızın saçlarına ütü çəkmişdilər. İlahidən sığallı saçları vardı zalımın. Küləyin sərin mehi ilə qol-boyun olan günəşin şüaları qəsdən üz-gözünü öpür, qızın qoynuna dolub çiçəyi çırtdamayan sinəsinə sığal çəkirdilər. O, bu qızmar baxışların altında çox yanmışdı. Yüyən çeynəyən ehtirasının yerini bir müdriklik doldurmuş, ruhuna köklənən saz havaları, el deyimləri onu daha da ağırlaşdırmışdı.
- O qız, seyid qızıdır, ağır bir seyidin nəvəsidir. Adı Aytəndir. Qardaşı da Qarabağda şəhid olub. Birdən vurularsan ha, cəddinə qurban olduğum səni sevdiyinə peşman eyləyər, cavansan hələ - dedi qrup yoldaşı Solmaz.
- Qardaşının şəhid olmağını bilmirdim. Ruhu şad olsun və Quranda da deyilir ki, şəhidlər ölməzlər. Solmaz, mən o baxışların cazibəsindən çıxa bilmirəm. Sənə qurban olum, bu məktubu ona ver. Fikrim ciddidir, mən onu sevirəm.
- Sus, bir də mənim yanımda bu sözü demə. Məktubu Aytənə verəcəm. “Sevirəm”i onun özünə demək sənlikdi.
Solmaz məktubu elə cəldliklə götürüb sinifdən çıxdı ki, elə bil orda yazılanlar ona aid idi. Koridorun o başından Solmazın səsi gəlirdi. O, şeir oxuyurdu.
Üzün şehə batmış yaz çiçəyidi,
Nazınnan oynayır arı gözlərin.
Sən başdan-ayağa gülüstansanmış.
Sarısı, yaşılı, alı gözlərin.
Deyirlər uzadır məhəbbət ömrü,
Yarı yolda qoyur xəyanət ömrü.
Allahın verdiyi əmanət ömrü.
Yarı sən alırsan, yarı gözlərin.
Sevgi çox dərdlərin əlacı oldu,
Mən sevirəm dedim, nə acı oldu.
Yorğun baxışlarım araçı oldu.
Anlaya bilsəydi barı gözlərin.
O şeirdən sonra qaynar baxışların odu-alovu elə bil ki, soyumuşdu. Aytən ondan qaçırdı. Axı, o qıza heç ürəyini belə açmamışdı. Qorxmurdu da. Cəsarəti ona ürəyini açmağa, hətta əlindən belə tutmağa çatırdı (bu əllər səngərdə avtomat tutmuşdu). Sonuncu semestrin sonuncu imtahanında təsadüfən ikisi də bir partada əyləşdi. İmtahan nəzarətçisi belə istəmişdi.
- Sən özün hər şeyi artıq bilirsən.
- ..........
- Fikrim ciddidir, mən uşaq deyiləm və nə dediyimi də yaxşı bilirəm.
- ..........
- İmtahandan sonra kitabxanaya gəl, xahiş edirəm. Səni and verirəm qar....
- Sus. Xahiş edirəm məni incitmə. Mən indi qanadı qırılmış quş kimiyəm. Tale elə bil ki, əllərini qapqara rəngə batırıb ömürlük bizim ailənin üzünə çəkdi. Bəlkə də indi yeri deyil......
Tanıdığım ziyalılardan biri demişdi ki, mənim ən zəhləm gedən və ən xoşum gələn yer kitabxanadı. Bir-biriylə ziddiyyət təşkil etsə də bu fikirlərin ürəkdən və yaxud da insanların heyrətinə səbəb ola biləcək şəkildə rezonans doğuracağına inanmıram. Ancaq mənimaləmimdə kitabxana həm də ömür boyu bir-birinə sadiq olmuş və intellekt yükü ilə yüklənmiş “ağıllı” sevgilərin qovuşmasında bir vasitəçi rolunu oynayır. Sevənlər təkcə Yaradana, duza, çörəyə, müqəddəs kitabımıza yox, lap elə Nizaminin “Leyli-Məcnun”una da əl basıb and içə bilərlər. Təki istədikləri kimi xoşbəxt olsunlar.
Yanaşı oturmuşdular. Daşı çıxarılmış saat kimi ikisi də susmuşdu. Sükutu Aytən pozdu.
- Bu da mən söz verdim və gəldim. Bəlkə də bu ya mənim, ya da sənin kitabxanaya sonuncu gəlişimizdi. Bilirsən, həyat elə bil ki, kirkirədi. Əvvəlcə insanları üyüdür, sonra isə zamanı. Mən bunu qardaşımdan sonra özümçün yenidən kəşf etdim və mənim ən böyük düşmənim həyatdır. Mən ondan qisas ala bilmirəm, ancaq o, məni yaşatmaqla məndən qisas alır. Mən bilirəm ki, sən məni sevirsən. Bu sənin qəlbinin səsdir və hüququndur. Mən isə hələ heç kimi sevə bilmirəm və mənə elə gəlir ki, mən sevginin dilini yadırğamışam, onun hansı hərfdən başlamağını unutmuşam. Bəlkə son çarə Allahdan dəli olmağımı diləməkdir. Al, bu sənə çatacaq. Aytən son dəfə onun gözlərinə baxıb gözlərini sildi və qapıya sarı getdi.
Bir anlıq yerində donub qaldı və elə bildi ki, yuxu görür. Döğurdanmı bu Aytən idi, yəni o, doğurdanmı onunla bu atüstü görüşə gəlmişdi. Əlləri titrəyə-titrəyə bükülünü açdı. Birdən öz şəklini görəndə heyrət onu bürüdü. Aman Allah, mənim şəkilim bu qızda nə gəzir. Yoxsa, kinolarda bir-birini tanımadan qardaşın öz bacısını sevməsi mənim başıma gəlir. Yox, bu ola bilməz. Axı mən evin tək övladıyam və məndən başqa valideynlərimin övladı yoxdur. Şəklin arxasını çevirəndə isə elə bil onu götürüb bir daşa çırpdılar. Şəklin arxasında yazılmışdı: “Bax, bu, mənim şəhid olmuş qardaşımdır....”
İndi aydınlaşdıra bildi ki, Aytən ondan niyə qaçır. O, sanki qızın məktubda yazmadığı fikirləri oxuya bilmişdi: “Məni səni sevməyim, səninlə bir yastığa baş qoymağım mənə ölümdən betər gəlir. Axı sən mənim qardaşımın oxşarısan. Sən bizim sinifə gələndə mən özümü sənin boynuna atılmaqdan güclə saxladım”. Bu sözləri pıçıltıyla elə dedi ki, heç özü də eşitmədi.
Həmin günün səhəri Solmaz Aytənə bir komvet verdi. Komvertin içində bir məktub, iki dənə də bir-birinə oxşar çay daşı var idi. Aytən məktubu oxumağa başladı.
“Əzizim Aytən. Demək təkcə bir yumurtadan əmələ gələn əkizlər bir-birinə çox oxşamırlar. Uca Allah nə zamansa əzizlərini itirənlərin qarşısına onların oxşarını çıxardır. Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi sən də, mən də belələrindənik. Dünyada sənin və mənim bilmədiyim çox sirlər var. Bəlkə də gecə ilə gündüzün, yaxşı ilə pisin, acı ilə şirinin və yerlə göyün necə oxşar olması bizləri heç düşündürməyib və düşünmək də istəməmişik. İndi əlinə götürdüyün daşlara yəqin ki, təəccüblənmisən. Unutma, bu daşlar biz insanların yanında pambıqdan belə yumşaqdırlar. Daşın daş ürəyi partlayanda ya üstündə gül açır, ya da içindən su qaynayır. Bundan sonra sən öz oxşarının, mən də öz oxşarımın elə bir-birinə də oxşar olan talelərini yaşamağa məhkumuq. Biz bəziləri kimi alın yazılarımızı pozmaq iqtidarında deyilik. Nə etmək, Allahın işinə qarışmaq ağılsızlıq olar. Səni sevirəm. Mən cəbhəyə gedirəm. Bütün azərbaycanlıların nə vaxtsa getmək istədiyi yerə. Sənə əlvida demirəm”.
Aytən artıq universiteti bitirmişdi. Elə həmin il də onu müəllim saxlamışdılar. Bu gün dərsi az olduğundan evə tez gəlmişdi. Saat 15-də verilən xəbərləri izləmək üçün televizoru yandırdı. Aparıcı: “Bu gün ermənilər atəşkəsi yenidən pozdu və bir zabitimiz şəhid oldu” – deyəndə ürəyi döyünməyə başladı. Az qaldı ki, ana, qardaşım deyib hönkürsün. Bu o idi. Televizorda da olsa onun gözlərinə baxa bilmədi. Gözlərinə qaranlıq çökdü və Allahdan elə bu saat ölməyi arzuladı. Ayaqları titrəyə-titrəyə qardaşının albomunu gətirib yenidən onu xatırlmaq istədi. Ancaq möcüzə baş vermişdi. Qardaşının bütün şəkilləri sanki yanmışdı. Bütün bunları Allah ona görə eləmişdi ki, o, ikiqat əzab çəkməsin.
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib resad, 21 İyul, 2010 11:38:54oxuyan sexshi,her kim olursa olsun xeyalen cavanliq illerine,ilk mehebbetine qaytarir...






