Əkbər QOŞALI
Nemət Yusif oğlu Qasımlı 27 iyul 1972-ci ildə Gədəbəyin Kiçik Qaramurad kəndində doğulub. Mənsub olduğu ailənin kökü Miskin Abdal ocağına gedib çıxır (bağlanır).
Nemət “AD ETİKETdir” deyir. Deyir ki, müəllim (ustad) şagirdin (şəyirdin) yalnız istedadını, barmağını, səsini deyil, sosial durumunu, psixoloji ovqatını, dünyaya, hadisələrə, insana, sənətə baxışını da bilməlidir.
O gözünü açanda evdə Saz görüb. Özü də sadəcə divardan asılı qalan, üstünü toz basmış saz yox, az qala hər gün dilləndirilən (dillənən) Saz! Çoxuşaqlı ailənin övladıdır. Atası fizika-riyaziyyat müəllimi, anası həkim olan Nemət, ilk sənət dərslərini böyük bacısı Məlahət xanımdan (– tanınmış şairə Məlahət Yusiqızından) alıb. Doğrudur, ata-anası da sazdan anlayır, saz çala bilirdilər, amma Məlahət xanım sanki təhtəlşüurla Nemətin məhz Saza xidmət üçün doğulduğunu, aşıq sənətinin inkişafında özünəməxsus rol oynayacağını duyur və onunla məşğul olmağı, onu öyrətməyi özünə borc bilirdi. Təsəvvür edin, ucqar dağ rayonu, uzaq yollar, tez-tez qırılan simlər və sənət öyrənən (ruha yiyələnən!) oğlanın atasının, sazın zəruri ehtiyacları, o cümlədən sim üçün yorulmadan Gəncəyə gəlib-getməsi... Məlahət xanım deyərdi: “Mənə yazığınız gəlsin, qoyun mən kökləyim, siz qırıb tökürsüz, əllərim qabar oldu, saz simləməkdən...”
...Məlahət başqa bir söz də deyərdi: “Bizim evdə hamı sənət, saz nədir bilir, azdan-çoxdan ifa etməyi bacarırlar, amma ən istedadlımız Nemətdir”. Doğrudan da elə oldu ki, az qala bir ailə ansambılı formalaşdırmış ailənin respublika miqyasına, belə deyək, sərt sənət ölçüləri miqyasına çıxanı Nemət oldu. Nemət sazımızın Neməti oldu, aşıq sənətinin Neməti oldu! – Ürəyini Saza verərək, hissini-həyəcanını Saz tökə-tökə, Saza hər gün yenidən vurula-vurula, Sazla durul-durula! Qədim, unudulmuş bir havanı mənimsəmək üçün əlçatmazlara əl çatdıra-çatdıra, ün yetməzlərə ün yetirə-yetirə...
Nemətin ifası təbiidir, elə bil Təbiəti dinləyirsən: çay-çay, meşə-meşə, bulud-bulud, göy-göy, səs-səs..! Anadolular Təbiətə Doğa deyir. – Bax, demək istərdim, Nemətin ifası da doğulur, necə deyim, quraşdırılmır, çalınmır. Nemətin ifası doğmadır. Nemətin ifası doğurandır – neçə-neçə təsiri ilə, az qala artıq (erkəndən) məktəbləşməsi ilə... Və bu doğalıq, doğmalıq, doğuranlıq onun böyüyüb boya-başa çatdığı daglar qoynunun, dünyanın bakir yeri – kəndin ilkinliyini, şəhd-şəkərini, ətrini yansıdır. Onun geyimində – keçimində, oturuşunda-duruşunda, sözündə-söhbətində bir şəhərlilik havası olsa da (və biz bunu müəyyən qədər anlaşıqlı qarşılasaq da) ÖZü, işinin (-gücünün), içinin “çəyirdəy”i, “toxum”u ilə bir Qaramuradlıdır, Qaramuradlıdır. Onun şirin səsi də, sənət tələbkarlığı da, xalları da, gülləri də, köhnə havalara susamağı da, təzəliyə çəkən yönü də əsl türk xarakterindən xəbər versə, gərək. Bunun adı harmoniyadır. Bu nizam, düzən, dəngə axtarışıdır. Yox, yox, bu axtarış deyil, bu siyasi çalışma ha deyil, dəngə axtarasan, düzəsən-qoşasan; bu bəlkə, “özündəşey”dir, o bayaq dediyimiz doğakimilikdir (özündəndoğanlıqdır)!..
Nemət ustad aşıqlardan heş birinə bilavasitə şəyirdlik etməyib; ustad sandığına, belə deyək, “virtual öyrətmənlik“ edib. Örnək verər olsaq, onun ustadı Məhəmməd Sadaxlıdır, Ədalət Nəsibovdur, Şəhadətdi. Siz Məhəmməd Sadaxlının, digər ustadların özünün tərif etdiyi şəyirdləri sırasında onun adını görməsəniz, təəccüblənməyin. Bu işin gözəlliyi, ustad Sadaxlının da qüdrəti ondadır ki, o özü də bilmədən neçə-neçə istedad, saz dəlisi, ozan vurğunu onu özünə ustad bilib. Özü də, mən sizə deyim, könüllü şəyirdlik, uzaqdan vurğunluq, könüldən-könülə mənimsəmə heç də ustadın dizinin dibini kəsdirib səhərdən-axşama yanında olaraq keçən şəyirdlikdən az təsirli olmur. Sübut: Sazımızın Nemət hadisəsi!!!
Ustad Sadaxlıdan “Van ağzı” da daxil olmaqla əsas yeddi qədim havanı öyrəndiyi havaların başında çəkən Nemət, bütün ustadları dinlədiyini, müqayisəli təhlil apardıqdan sonra öz seçimini etdiyini dedi. O, “müqayisəli təhlil” dedikdə mən bunun onun leksionuna elmi fəaliyyətindən gəldiyini düşündüm və deyəsən, düz də düşünmüşdüm. Nemət elmi-pedaqoji çalışmalarla da məşğuldur. Sən demə, “da”sız, sazla uğraşdığı qədər ciddi məşğulmuş...
Mən onun musiqi məktəblərində dərs keçdiyini bilirdim, ancaq respublikamızda dövlət musiqi məktəbinin ilk saz sinfini açdığını bilmirdim. Söhbətimizdən bəlli oldu ki, şair qardaşımız saz qardaşını hələ 1992-ci ildən, keçmiş Mədəniyyət Naziri Polad Bülbüloğlunun rəsmi qərarı ilə Qarayev adına 8 saylı məktəbdə (Nərimanov rayonunda), sonralar isə həm də Niyazi adına 22 saylı məktəbdə (Yasamal rayonu) açdığı siniflərdə tədris edir, öyrədir. Təvazökarlığından da qalmır, təbii: “Öyrədə-öyrədə özüm də öyrənirəm” – deyir.
Özü ixtisasca rejissor olan Nemət Qasımlı yetirmələrinin musiqi məktəblərindəki saz siniflərində təhsil almalarının bir üstünlük sağladığını deyir. Deyir, musiqi məktəbləri professionallıq, hərtərəflilik baxımdan şagirdi daha şanslı qılır. Şagirdin səhnə mədəniyyətini, etika-estetikanı mənimsəməyi, biliklərə yiyələnməyi musiqi məktəblərində proqramlaşdırılmış şəkildə, illərin təcrübəsinə uyğun olaraq aparılır.
Nemət 1996-cı ildən bəri dəfələrlə dövlət tədbirlərində, o cümlədən ölkə Prezidenti qarşısında yetirmələri ilə çıxışlar edib; Mədəniyyət və Turizm Nazirliyinin, Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilib.
...Yenə ustadlar mövzusuna qayıdaq. Nemət deyir, hər ustadın özü barmağı, öz gülü, öz xalı var. Sanki bir xalçanın ilmələri kimidir ustadların ümumi dünyası. Deyir, “Xanlar niyə sevilir? – Çünki bütün aşıq məktəblərinin izi vardı onun yaradıcılığında, çalğısında.”
Sözün bu yerində “Duraxanı” havasına vurğu yapır Nemət. Deyir, bilsən necə çətinliklə əldə etmişəm bu havanı, halallığını necə almışam.!? Deyir, “Bilirsiz, qədim havalarda mən mədəniyyətimizin gücünü (enerjisini), bütövlüyümüzü, itirdiklərimizi görürəm elə bil”. ...Və mən fikirləşirəm, qədim havalar üstə (əslinə qalsa bütün aşıq havalar üstə) ancaq qədim kişilərin sözlərini oxuya bilərsən, ruhu tərpədən sözə meydan tanıya bilərsən, daha hansısa sosializm realizmi geydirməsini, bilməm, “itotu, bağayarpağı”nı yox... Sonra “Orta Sarıtel”dən söz alır Nemət. Deyir, bu hava mənim yaddaşımda anamın havası kimi qalıb. Anamın deyərkən onun yarımçıq sevincinin, boyaboy kədədrinin, vaxtsız itirdiklərinin, həsrətin havası kimi... Anam hər bu hava çalınanda göz yaşlarını saxlaya bilməzdi, amma üzünü bizdən gizlədər, biz onun yaşını görməzdik... “Atam isə “Qaraçı”nı sevərdi. Niyəsini soruşmadıq – bilmədim – yalnız ehtimal edirəm ki, ya hansısa ustadla (usta ifa ilə) bağlı idi ya da hansısa situasiya (örnəyi, unuda bilmədiyi bir gözəllə, onun ayrılığı ilə) bağlı idi...”
Bütün aşıq mühitlərinə bələd olan Nemət 180 hava çala bilir. Mühit olaraq Göyçə, Şirvan, Borçalı mühitlərini qeyd edən aşıq, “hər bölgənin öz məktəbi var. Məktəb mühitdən doğur, amma onu ötür yaxud ona yeni keyfiyyət qazandırır. Məktəb ənənə yaradır”- deyir. Sonra əlavə edir: “Məlahət fərqli mühitləri öyrətdi mənə. Ümumiləşdirmələri, harmoniyanı gördüm onun yanaşmasında, yaradıcılığında və mən də bu yolla getdim.”
Qəhrəmanımız aşığa, aşıqlıq sənətinə milli-mənəvi dəyərləri mənimsəmiş şəxslərin dəyər verə bildiyini deyir. Mən “sevdalı, ruhlu, milli həyəcana malik insanlar” deyə əlavə edirəm, razılaşır. O, dəfələrlə, ayrı-ayrı ölkələrdə, o cümlədən Türkiyədə, Fransada, Almaniyada, Rusi¬yada, İranda keçirilən festivallarda Azərbaycan mədəniyyətini layiqincə təmsil edib, yarışmalardan qalib ayrılıb, ödüllər qazanıb. Daha neçə ödüllər də qazanacaq, təbii. Amma indən sonra heç bir ödül qazanmasa da, yetirmələrini göz önündə tutarsaq, deməliyik: “Əkdiyi çiçəklərin gülü-çiçəyi solmaz, dünyada sənin kimi varlı insan tapılmaz.”
Yorumunuz
Şərhlərə görə (2 göndərilib)
-
Yerləşdirilib elvin, 21 Avqust, 2010 12:53:35esq olsun bele ustadlara.sazimisin yasadicisina.her kes sazi Nemet muellim qeder sevse sazimiz inden sonra nece esrler yasayar. saziyla merifetiyle edebiyle her kese numune olan Nemet muellime uzun omur can sagligi arzu edirem.MEN MUELLIMIMLE FEXR EDIREM!!!!!!1
-
Yerləşdirilib Nemət Qasımlı, 21 İyul, 2010 15:34:15Yazıya görə çox sağ olun.Yeddi Kərəmi havasının beşini bilirdim ikisini isə Məhəmməd Sadaxlıdan öyrənmişəm. Vanağzı havasını Şəhadətdən,Duraxanı havasını Ədalət Nəsibovdan,qalan bildiklərimi isə atam Yusifdən öyrənmişəm. Ustad aşıqlara sağ olun deyirəm ki,məni maraqlandıran nə soruşmuşamsa öyrədiblər.Mənim ustadım şagirdlərimdir!Bunu ancaq müəllim olan bilər!(Mən uşaqlara elə yanaşıram).Sağ olun!







YENİLİKLƏR