Azər Həsrət
Anar haqqında yazırlar. Yazıçı Anar haqqında. Hətta deyərdim ki, hər yerindən duran yazır. Onu ittiham edirlər. İddia edirlər ki, Anar hansısa jurnalistin hüquqlarını müdafiə etməklə yükümlüymüş! Əsas gətirdikləri də odur ki, Anar iri çaplı ziyalıdır. Məntiq anlaşılmır: əgər iri çaplı ziyalıdırsa və tənqidçiləri də onu belə qəbul edirsə, deməli davranışlarıyla da hesablaşmaq lazımdır. Yox, əgər iri çaplı deyilsə və məlum jurnalisti müdafiə etmək kimi bir fikri yoxdursa, ondan bunu tələb etməyə də kimsənin haqqı yoxdur axı…
Anarla ilk “ünsiyyətim” Mətbuat Şurası qurulanda olmuşdu. O və başqa bir neçə nəfər 2003-cü ilin mart ayında əsası qoyulan bu yeni quruma üzv seçilmişdilər. Ancaq toplantılara gəlmirdilər. Hər zamankı kimi mən bu duruma üsyan edirdim və bir müddət sonra Anarın imzasıyla MŞ üzvlüyündən çıxmaq haqqında müraciət daxil oldu …və biz də onun istəyini yerinə yetirdik…
Anar millət vəkili idi. Özünün təmkinli davranışları ilə mənim diqqətimi çəkirdi. Üsyankar və coşub-daşan bir gənc olaraq mən Anardan daha çılğın hərəkətlər gözləyirdim. O isə məni və yəqin ki, mənim kimi gözləntisi olan on minlərlə gənci heç vecinə də almırdı. Biz haray-həşir salırdıq, Anar isə öz təmkini və ağayana davranışlarıyla bir çoxlarına nümunə olmağa davam edirdi…
…Anar əslində ölkədə baş verənlərə biganə deyil. Heç jurnalistlərin həbsinə də. Heç bu və ya başqa səbəbdən ədalətsizliyə düçar olanların taleyinə də. Onunla heç vaxt yaxın ünsiyyətim olmayıb. Ancaq uşaqlıqdan adını əzbərlədiyim Bəxtiyar Vahabzadə, Şəhriyar, Sabir Rüstəmxanlının yanında Anar da vardı. O, təbii ki, bizi tanımasa da biz hamımız onu hər zaman tanıyırdıq. Elə indi də tanıyırıq. Anar Anardır. Bəzəksiz, düzəksiz, ədəbiyyat adamlarının dili ilə desək mübaliğəsiz.
…Orta Asiya səfərlərim zamanı oraların Anarları barədə də maraqlanırdım. Qırğızıstanda Çingiz Aytmatov var idi. Tanrının rəhmətinə qovuşub artıq. Ancaq mən oralara getdiyim zamanlarda hələ sağ idi. Dostlarımdan Çingiz Aytmatov haqqında fikirlərini soruşurdum. Deyirdilər ki… Dur! Biz burda Anar haqqında nə deyiriksə, Anarı nədə ittiham ediriksə, qırğız qardaşlarımız da Çingiz Aytmatov haqqında eyni sözləri deyir, onu eyni məsələlərdə ittiham edirdilər. Onu da “jurnalistləri”, “insan haqları fəalları”nı müdafiə etməməkdə ittiham edirdilər. Qırğız dostlarım Çingiz Aytmatovun böyüklüyünü ya dərk etmirdilər, ya da ona sadəcə o qədər alışmışdılar ki, bu nəhəng şəxsiyyəti sıradan birisi kimi “tənqid” edirdilər. Eynən bizdə biriləri Anarı “tənqid” etdiyi kimi…
Çingiz Aytmatov bəlkə də tarixin qırğız xalqına və bütövlükdə dünya türklüyünə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri idi. Bir çox hallarda isə birincisi. Hələ Sovetin qılıncının arxası da, önü də kəsən zamanlar Çingiz Aytmatov manqurtu yazmışdı. Manqurt! Bu gün Anarı “tənqid” edənlərdən bəzilərinə necə də yaraşdırardım bu ifadəni! Manqurt anasını tanımır, atasını tanımır, soyunu-sopunu tanımır və sonda da öz anasını oxlayaraq öldürür…
Manqurtun müəllifi hələ Sovet dönəmində türk xalqlarına deyirdi ki, ayılın, özünüzə dönün! Lap elə min beş yüz il öncə türk millətinə səslənən əcdadlarımız kimi: “Ey türk, özünə dön, sən özünə dönəndə böyük olursan!”
Anar türkdür! Özünə dönmüş türk! Ona görə də böyük türkdür! Böyük türk olduğu üçün də birilərinin onu bulaşdırmaq istədiyi cılızlıqlara bulaşmır. Böyüklərin xırda məsələlərlə nə işi var axı?!
Bu gün Qırğızıstanda Çingiz Aytmatov yoxdur. Və Oşda baş verən qardaş qırğınında onun yoxluğu öz sözünü dedi! 1990-cı ilin yayında da Qırğızıstanın Güneyində qırğızlarla özbəklər arasında qardaş qırğını törədilmişdi. Eynən indi olduğu kimi! Və o zaman böyük türk Çingiz Aytmatov çəkinmədən həm özbəklərin, həm də qırğızların arasına gedərək bu münaqişəni yatıra bilmişdi! Bu gün Çingiz Aytmatovun yoxluğunda münaqişə yenidən körükləndirildi və daha uzun, daha acınacaqlı sonuclara qədər vardı. Böyük Çingiz yox idi. Ancaq kökü üstdə bitən ot – onun qızı Şirin Aytmatova dözmədi, dayanamadı və hər şeyini ataraq Oşa gəlib özbəkləri də, qırğızları da əzizləri kimi qucaqladı!
Qazaxıstana səfərlərim zamanı daha bir böyük türkün – Oljas Süleymenovun söhbətini edərdim. Əslində indi də edirəm. Eyni münasibəti ona qarşı da görürəm. Qazax qardaşlarım çox zaman bu böyük insanı – “Az və Ya”nın məşhur müəllifini “tənqid” edirlər. Deyirlər ki, bu ziyalı xalqın tərəfində deyilmiş! Deyirlər ki, bu insan Qazaxıstanda azad jurnalistika və insan haqlarını müdafiə etmirmiş! Müdafiə etmədiyi də bilirsinizmi nədir?! Qazaxıstanı ikiyə bölüb yarısını Rusiyaya birləşdirmək istəyən ruslar və onlara aldanan manqurt qazaxlar! Nə yaxşı ki, Qazaxıstanda Nursultan Nazarbayev kimi böyük qazax, böyük türk var! Xalqın içində Oljas Süleymenov və xalqın rəhbərliyində Nursultan Nazarbayev! Bu iki böyük qazax, böyük türk oğlu Qazaxıstanı parça-parça olmaqdan, əldən ələ keçməkdən qoruya bilirlər! Di gəl bəziləri onların hər ikisini “tənqid” edirlər. Lap elə bizdə biriləri Anarı “tənqid” etdiyi kimi!
Anar böyük insandır. İri çaplı ziyalı, Azərbaycan xalqının ağır topudur! Anarı xırda işlərə bulaşdırmaq doğru deyil. Əgər hansısa mərhələdə hansısa manqurtu müdafiə etmirsə, deməli, Anar boyda adam, yumşaq desək, nəsə bilir ki, müdafiə eləmir! Onu “tənqid” edənlərin ağlı kəsməyən çox mətləblər var ki, Anar həmin mətləbləri yaxşı anlayır. Bir az başqa cür desək, yaxşı dərk edir! Anar xırda və cılız adam deyil ki, birilərinin öz dövlətini söyüb ondan çörək qazanması işinə bulaşsın! Anar Anardır! Yenə də ədəbiyyatçıların diliylə desək, mübaliğəsiz!
Uzaqdan müşahidələrim əsasında deyirəm: Anar hər zaman dövlətin, millətin, türklüyün keşiyində olub və bu gün də o mövqedən çıxış edir! Anar ermənilərə qucaq açanları müdafiə etsə, qərbin insan haqları dəllallarına züy tutanların sırasına qoşulsa Anar olmaz ki!
Mövqeyim bir şey ifadə etməsə də bu gün mən Anarın yanındayam! Qırğız qardaşlarımla mübahisələrimiz zamanı Çingiz Aytmatovun yanında olduğum kimi! Qazax qardaşlarımla söhbətlərim zamanı Oljas Süleymenovun yanında olduğum kimi! Hər halda Anarın “tənqidçiləri” Çingiz Aytmatovun, Oljas Süleymenovun dühasına, böyüklüyünə, çapına şübhə etməzlər! Bax, biz minlərcə kilometr ötədən onları necə böyük görürüksə, onların yurdundan da Anar o boyda görünür! Başınızı qaldırın, sağa-sola baxın, bir az da xırda dartışmalardan uzaqlaşın! Onda Anar zirvəsini bəlkə görə bildiniz! Axı dağın yüksəkliyini ondan uzaqlaşmadan görmək mümkün deyil!







YENİLİKLƏR