Azər Həsrət
Adətən başqalarının doğum günü haqqında yazarlar. Çox zaman da bu yazılar tərif yüklü olar. Hələ bir adam dünyasını dəyişibsə, ümumiyyətlə onu dağ başına qaldırarlar. Layiq olsa da, olmasa da…
Mənsə öz doğum günüm haqqında yazıram. Daha doğrusu arxada qoyduğum 42 il haqqında bəzi diqqətədəyər xatirələri qələmə almaq fikrim var. Nəsə içimdən gəldi də, ona görə…
Bəri başdan deyim ki, mən heç vaxt doğum günümü qeyd etməyi xoşlamamışam. Gənc və subay olduğum dönəmlərdə doğum günüm heç yadıma da düşməzdi. Birdən ayılardım ki, neçə günsə öncə mənim doğum günümmüş…
Ancaq bir müddətdir özüm üçün götür-qoy edirəm ki, adi doğum günləri heç, ancaq yubiley deyilə biləcək doğum günlərini qeyd etməyə və xatırlamağa dəyər…
İlk yubileyim 1978-ci ilə təsadüf edir. 10 yaşımın tamamında nələrin olub bitdiyini heç xatırlaya bilmirəm. Görünür nəsə yaddaqalan bir şey olmayıb. Olması da gözlənəcək deyildi. Çünki ailəmiz böyük olduğundan ad günləri çox zaman heç yada düşmürdü. Əgər elə olsaydı ayda ən azı bir ad günü qeyd eləmək lazım gələcəkdi ki, buna da kənd yerində o qədər də həvəsli deyillər adətən…
20 yaşımın tamamını isə yaddaqalan edən hal olub. Əslində 1988-ci ilin 3 avqustunda səhər yuxudan ayılanda doğum günüm, üstəlik də 20-ci yaşımın tamam olduğu yadıma belə düşməmişdi. Ancaq sonradan elə bir hadisə baş verdi ki, istəsəm belə 20-ci doğum günümü unuda bilmərəm…
Ömrümün ikinci onilliyinin tamam olduğu gün hələ əsgərlikdə idim. Almaniya Demokratik Respublikasının Zerbst şəhərində xidmət çəkirdim. Özüm də batalyonun idman təşkilatçısı olduğumdan çoxlu boş vaxtım olurdu. Günümü idmanla başlayıb elə idmanla da bitirirdim. Səhərlər bütün əsgərlər 3 km qaçanda, mən 6 km qaçardım və bundan xüsusi zövq alardım. Hələ bir tərtəmiz qış havası olan Almaniyanın gözəl təbiətinin qoynunda olasan, səhərin qaranlığında yarıçılpaq halda qarlı havada qaçışla məşğul olasan. Bunun ayrı ləzzəti vardı o zamanlar.
Yeri gəlmişkən, əsgərlikdən qayıtdıqdan sonra da qaçışla məşğul olurdum. Ancaq Bakının kirli havasında qaçış heç də Almaniyanın tərtəmiz havasındakı qaçışla müqayisə edilə bilməz…
1988-ci il avqustun 3-də hər zamankı kimi yerimdən qalxıb idman etdim, sonra səhər yeməyini yedim, ardından yenə də idman zalını açıb tək başına orada məşğul olmağa başladım. Nə özüm, nə də başqaları bu gün mənim 20 yaşımın tamam olduğunun fərqində deyildi…
Bir müddət sonra dostlar yanıma gəlib birlikdə vaxt keçirməyi təklif etdilər. Bir qırğız – Nurkamal Mırzakanov, bir özbək – Ötkir Kamalov və bir də bir neçə urus balası təklif etdilər ki, hazır boş vaxt varkən atışıb bir şey alaq və yeyib içək. Təbii ki, “içən” olmasam da dostlardan ayrılmadım və kimin nəyi varsa ortalığa çıxardıq. Xeyli alman markı toplandı. Uşaqlar dükana gedib 20 şüşə pivə, kolbasa, pendir, çörək və bir neçə şüşə də araq aldılar. Özbək dostumuzun idarə etdiyi əşya anbarına girib qapını dışarıdan elə bağladıq ki, baxanlar içəridə kimsənin olduğunu duymasın. Bir az içəridə, daha dərin bir yerə dalıb “bayram” eləməyə başladıq. Yedik, içdilər, dedik və güldük. Xeyli vaxt keçmiş bir də gördük qapı döyülür. Qapını döyəni səsindən tanıdıq. Komsomol idi. Mənimlə problemi olmasa da batalyonda heç kim onu sevməzdi. Çünki bir şey görən kimi dərhal komandirə xəbər verirdi. Bu isə ürəkaçan bir şey deyildi…
Qapını döyən komsomol bizim içəridə olduğumuzu bildiyini də deyincə artıq dirənməyin mənasız olduğunu qət edərək qapını açmaq qərarına gəldik. Bundan öncə isə şüşələri bir arxaçantaya toplayıb pilləkənin altında gizlətdik ki, tapmasın. Zalım oğlu, elə bil iy bilir, biz qapını açan kimi düz pilləkənin altına girib arxaçantanı oradan çıxardı. Məəttəl qaldıq! Sonra da bizi qabağına qatıb siyasi məsələlər üzrə komandir müavini mayor Poddubnının yanına apardı…
Yeri gəlmişkən deyim ki, siyasi məsələlər üzrə müavin çox yaxşı insan idi. Əsgərlərlə həddən artıq mülayim davranardı və bir problemimiz olanda onu həll etmək üçün əlindən gələni edərdi…
Komsomol bizi müavinin yanına gətirib uyğun şəkildə əməlimizi izah etdi və çıxmaq üçün izn istədi. O çıxdıqdan sonra Poddubnı bizə baxdı və soruşdu: “Hə, uşaqlar, məsələni necə həll edək? Ailə qaydaları, yoxsa hərbi Nizamnamə çərçivəsində?” Əlbəttə ki, bizə ailə qaydaları daha uyğun idi. Çünki Nizamnaməyə qalsaydı ən azından 3 gün zirzəmidə yatmaq lazım gələcəkdi. Ailə içi həll isə uzağı bir danlaq, ya da nəsə ağır iş şəklində ola bilərdi ki, biz də bundan heç qorxmazdıq…
Mayor Poddubnı ailə içi qaydalar deyəndə nəyi nəzərdə tutduğunu açıqlamamışdı. Bizsə razılıq vermişdik və onun tətbiq edəcəyi hər cür cəzanı qəbul etmək zorundaydıq. Qaçmaq kişilikdən olmazdı… Mayor Poddubnı bir müddət yazı-pozu ilə əlləşdikdən sonra ayağa qalxdı və məsələnin həllinə başladığını elan etdi. Maraqla nə edəcəyini gözləyirdik ki, araq içdiyimiz üçün hərəmizin yumşaq yerinə əsgər kəmərilə on zərbə vuracağını dedi. Əlacımız nəydi, ortalıqda kişi söhbəti vardı və geriyə yol yox idi. Beləcə uşaqlar sırayla zərbələri “yeməyə” başladılar. Hərəsi on zərbə alıb yerində durdu. Növbə mənə çatanda “araq içdiyim üçün” iyirmi zərbə vuracağını dedi! Təəccübləndim, bir az da içimdə etiraz baş qaldırdı… ancaq susdum. Dedim, məsləhət sizindir. İyirmi zərbəni “yedim” və səsimi belə çıxarmadım. Dostlarım da təəccüblə mənə baxdılar, ancaq səslərini çıxarmadılar. Çünki hamı, o cümlədən məni “araq içdiyimə görə” cəzalandıran mayor Poddubnı da bilirdi ki, ömrümdə spirtli içki içməmişəm və içmərəm də! (Elə indi də arağın dadını bilmirəm.) Bunu bilə-bilə məni cəzalandırırdılar və mən də susurdum.
…Sonradan dostlarım soruşanda ki, niyə ümumiyyətlə içmədiyini demirdin, dedim onun məni ikiqat cəzalandırması da elə bunun üçün idi. Yəni mayor yoxlamaq istəyirdi ki, mən özümü dostlarımdan ayırıb xilas edəcəmmi? Etmədim və bu günə kimi də peşiman deyiləm. Edə də bilməzdim. Çünki birlikdə idik, dost idik, yaxşı gündə də, pis gündə də bir yerdə olmalıydıq!
…Cəzamızı yedik. Yenidən mayorla dostlaşdıq. Yəni əslində ondan heç incimədik də. Zatən hər zaman bizimlə dost kimi davranırdı deyə hörmətini saxlayır, başqa zabitlərə olduğu kimi onun üzünə qabarmazdıq. Gün bitdi, axşam oldu… və birdən yadıma düşdü ki, bu gün mənim iyirmi yaşım tamam olubmuş… Di gəl vaxtında yadıma düşsəydi və mən də mayora bunu desəydim o, heç birimizi cəzalandırmayacaqdı. Çünki belə şeylərə diqqət edən birisi idi…
Sonra aradan daha bir on il keçdi. 30 yaşım tamam olmaq üzrəykən ABŞ-a dəvət aldım. 1998-ci ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfirliyi bir qrup jurnalisti öz ölkəsinə tanışlıq səfərinə dəvət etmişdi. 21 günlük səfər çərçivəsində bir çox TV, qəzet, xəbər agentliyi və təşkilatları ziyarət edib onların işi ilə tanış olacaqdıq…
Qulu Məhərrəmli, Rəşad Məcid və mən ABŞ-a yollandıq. Vaşington, Çikago, bilməm daha haraları gəzdikdən sonra Ayova ştatına gəldik. Buranın başkəndi Demoyn şəhərində görüşlərimiz vardı. Ad günüm, yəni 30 illik yubileyim həftənin 1-ci gününə düşürdü. Gündüz vaxtı planlanan görüşlərimizi başa vurduq. Günortadan sonra hotelə dönüb azacıq dincələrək ardından da yaddaqalan bir yerdə mənim ad günümü qeyd etməyi düşünürdük. Bizim bir də sürücümüz vardı. Köhnə bir “Ford” maşınında xidmət verən yaşlı bir ingilis idi. Sonra öyrəndik ki, ailəsi də yoxmuş adamın. O, bizi hotelə gətirəndə artıq proqram üzrə sərbəst olduğunu, yəni bizi buraxıb gedə biləcəyini dedik. Ardından da mən bir neçə saat sonra ad günümü qeyd eləməyə gedəcəyimizi dedim və ona da təklif etdim ki, bizə qoşulsun. Hər zamankı kimi zarafatından qalmayan Rəşad Məcid, “işi-gücü olmayan adamdır, durub gözləyəcək” dedi. Mən də “heç nə olmaz, o da bizə qoşular” dedim…
Bir neçə saat sonra hoteldən çıxanda gördük ki, adam doğrudan da heç bir yana getməyib, maşında oturub bizi gözləyir. Beləcə tərcüməçi də daxil olmaqla beş nəfərlik heyətlə restorana yollandıq. Sürücü bizə gölün üzərində yaxşı bir restoran tanıdığını dedi və biz də ora getməyi qərarlaşdırdıq…
Restorana çatıb yerləşəndən sonra Rəşad Məcid zarafatla “hesab yüz dolları aşsa artığını biz verərik” dedi. Mən də zarafatla “elə hamısını da verə bilərsiniz” dedim və başladıq. Çox şən bir məclisimiz oldu. Sonda dostlar mənə sürpriz də hazırlayıbmış. Onlar restoranın işçilərinə mənim ad günümü qeyd etdiyimizi deyiblərmiş. Restoran sahibləri də eləməyib tənbəllik mənim üçün yaddaqalan bir sürpriz hazırlamışdılar. Biz yemək-içməyi bitirib hesabı istədikdə restoranda xidmət göstərən gənc qızlar şamlarla bəzədilmiş bir xonçada “Ad günün mübarək” mahnısını oxuya-oxuya bizə dondurma hədiyyə etdilər. Qızların oxuması diqqəti cəlb etdiyindən restorandakıların hamısı bizə tərəf boylandı. Beləcə dondurmanı da yeyib 110 dollarlıq hesabı ödədim və ayağa qalxdıq…
Hesabdan söz düşmüşkən, Rəşad Məcid və Qulu Məhərrəmli hələ də təkliflərinin keçərli olduğunu, 100 dollardan artığını (yəni 10 dolları) ödəməyə hazır olduqlarını dedilər. Mən isə təşəkkür edib özüm ödədim. Hər nə olmasa da 10 dollardan ötrü dilə-dişə düşəcək halımız yox idi ki. Özü də Rəşad Məcidin dilinə…
40 yaşımı isə evdə, ailəmin içində və yeni şəraitdə qarşıladım. Sakitcə, yubiley kimi deyil. Çünki 40 yaşım tamam olmağa az müddət qalmış heç vaxt xəstəliyin nə olduğunu bilməyən birisi olaraq psixologiyamı da ciddi şəkildə pozan xəstəliyə tutulmuşdum. Getsin o günlər. Kimsəyə arzu etməzdim. Bəlkə də xəstəliklər adi və normal bir şeydir. Ancaq hər halda 40 ildə bir dəfə xəstəlik görməyən adamın birdən-birə yaxalanması həm də psixoloji sorunlara yol açırmış. İndi tam sağalmasam da xəstəliklərə də alışmış durumdayam. Yəni daha anlayıram ki, insan həm də xəstələnə bilərmiş…
(Şəkildə: "Bayram" edən əsgərlərdən bir qrupu: Soldan: Nurkamal Mırzakanov, Azər Həsrət(ov), Sergey Konovalov və Ötkir Kamalov)







YENİLİKLƏR