Türkiyənin İstanbul şəhərində iyulun 2-dən 23-dək keçirilən 1-ci Beynəlxalq Opera Festivalında dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Koroğlu” operası təqdim olunub.
Lent.az-ın məlumatına görə, İstanbulun 2010-cu ilin Avropa Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində keçirilən festivalda “Koroğlu” operası dirijor Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan simfonik orkestrinin ifasında səsləndirilib. İstanbulda səhnələşdirilən möhtəşəm əsərdə ilk dəfə 250-dən çox türkdilli sənətçi yer alıb. Tamaşaya professor Əflatun Nemətzadə quruluş verib.
Festivalın bağlanış mərasimində - iyulun 23-də Haliç-Konqres Mərkəzi salonuna toplaşan minlərlə dəvətli ilk dəfə Türkiyə türkcəsində səhnələşdirilən “Koroğlu” operasının türkdilli ifaçılarını ayaq üstə alqışlayıb. Azərbaycanın xalq artisti, professor Rauf Abdullayevin rəhbərliyi ilə səsləndirilən ölməz əsər festival iştirakçılarına unudulmaz bir gecə yaşadıb. Əsərin spesifik çalarlarını daha canlı əks etdirmək üçün orkestrdə tar, kamança, zurna, balaban kimi milli musiqi alətləri də yer alıb.
Qonaqlar arasında Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günay, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də olub.
Xatırladaq ki, TÜRKSOY Baş Katibliyi bu əsərin türk dünyasının tanınmış sənətçiləri ilə birlikdə yenidən səhnələşdirilməsi məqsədilə hələ 2009-cu ildən müvafiq işlərə başlamışdı. İstanbuldan öncə Ankara, Bakı, Bişkek və Almatıda səhnələşdirilən opera bu paytaxt şəhərlərində də maestro R. Abdullayevin dirijorluq etdiyi orkestrin ifasında təqdim olunmuşdu.
Xəyalə






