İstedadlı şairimiz, DGTYB Məclis üzvü, "Bizim Sözü" qəzetinin baş redaktoru Ələmdar CABBARLInı 30-cu doğumgünü münasibəti ilə təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik. Ələmdar üçün ən böyük diləyin Kəlbəcərli günlərin yenidən dönüşü olduğunu bilir, ona yubiley günündə məhz Kəlbəcərli günlər diləyin çin olsun deyirik!
Yubilyarı bir daha təbrik edir, onun "Milli Birlik" qəzetinə verdiyi müsahibəni təqdim edirik:
Ələmdar Cabbarlı: “30 il elə tez keçdi ki, özüm də məəttəl qalmışam…”
- Ələmdar bəy, sizinlə 30 yaşınızın tamam olması ərəfəsində görüşürük. Hansı hissləri keçirirsiniz?
- Öncə sizə minnətdarlığımı bildirirəm ki, diqqət göstərib bu ərəfədə mənimlə görüşürsünüz. Vallah, bu 30 il elə tez gəldi ki, özüm də məəttəl qalmışam. Bu səhər güzgüyə baxanda saçlarımın artıq bu yaş üçün mühüm hissəsinin ağardığını görəndə 30 yaşın öz sözünü dediyinin bir daha fərqində oldum. Keçirdiyim hissə gəlincə, artıq ömrümün əsas hissəsini arxada qoyduğumun fərqindəyəm və düşünürəm ki, görəsən bu müddətdə nə qazanmışam, nə itirmişəm. Mənə elə gəlir ki, itirdiklərim də kifayət qədərdir, qazancım da. Amma itirdiklərimi əlimdə saxlamağın məndən asılı olmadığının fərqinə vardıqca bir az təsəlli tapıram.
- 30 yaşı hansı ovqatla qarşılayırsınız?
- İlk növbədə Allaha olan sonsuz şükürlərimlə qarşılayıram. Bir şeirimdə dediyim kimi:
İlahi, bu ömrə, günə
Nə vermisən ona şükür.
Gəlib-gedən bu nəfəsə
Bu quruca cana şükür.
Yəni ki, Allahdan nə gəlibsə, ona şükür etməklə qarşılayıram. Ovqatıma gəlincə isə, bildirim ki, qayğılarım kifayət qədərdir. Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin maraqla oxuduğum misraları var:
“Yoxdu könlümdə daha qönçə dodaqlar dərdi,
İndi var ev dərdi, ocaq dərdi, uşaqlar dərdi”.
Mənim də ovqatımı təxminən bu misralara uyğunlaşdırmaq olar. Özüm də bir şeirimdə yazmışdım ki:
Mən uşaq olanda elə bilirdim –
Böyümək arzuya yetmək deməkdir.
Mən hardan biləydim ərsəyə çatmaq
Qayğılar içində itmək deməkdir.
- Uşaqlıqdan söz düşmüşkən, uşaqlığınız və yeniyetməlik illəriniz necə keçib?
- Mənim uşaqlığım və gəncliyim olmayıb ki, necə keçdiyini deyəm. Uşaq yaşlarımda dünyanın ən gözəl guşəsi hesab elədiyim kəndimizdən Bakı şəhərinə qaçqın gəlmişəm və yeniyetməlik illərim də qaçqınlığın özünəməxsus qayğıları ilə keçib. Üçüncü kursda oxuyanda atamı itirmişəm və bununla gəncliyim də bitib. Həmin gündən etibarən – 19 yaşımdan bir ailənin başçısı olmuşam. Tay-tuşlarım gəzintilərə, restoranlara gedəndə mən atam əvəzdən kəndçilərimizin yas yerlərinə getmişəm.
- Şeirlərinizə nəzər saldıqda doğrudan da ata yoxluğunun kədərindən doğan xeyli təsirli nümunələrlə rastlaşırıq. Məsələn, bu misralarınız bizi çox təsirləndirdi:
Ata, qəbristanlıq yaman böyüyüb,
Səni dəfn edəndə beş-on məzardı.
Ölüm sudan ucuz, amma məzarın
Üstündə növbədi, giley-güzardı.
Vallah qayğılarım başımdan aşıb,
Sınıq ürəyimi dur bağla görək.
Ata, qəbristanlıq yaman sıxlaşıb,
Yanında yerimi bərk saxla görək.
Sevincdən qismətim o qədər kəm ki,
Kədər çalışır ki, qəsdimdə olsun.
Qəbrinin yanında ev tikmişəm ki,
Qoy gözün hər zaman üstümdə olsun.
Bilmək istərdik ki, atasızlığı ən çox harda, nədə hiss eləmisiniz?
- Əlbəttə ki, toyumda. Təsəvvür edin şadlıq sarayını da gedib özüm danışdım. Toyda da heç bəy masasına oturmağa macal tapmadım. Həm gələni qarşılayırdım, həm gedəni yola salırdım, həm də tamadaya kimlərə söz vermək lazım olduğunu xatırladırdım.
- Doğma yurd-yuvanızı, kəndinizi itirdiyinizi bildirdiniz. Sizcə, o yurdlara dönmək üçün nə etməliyik?
- Dəfələrlə demişəm, bir daha təkrar edirəm Kəlbəcəri də, itirilimiş bütün torpaqlarmızı da azad etməyin yolu, güclü və qüdrətli Azərbaycan ordusundan keçir və inanıram ki, əvvəl-axır belə də olacaq.
- Kitablarınızda cənub həsrətli, Təbriz ünvanlı, Araz nisgilli şeirləriniz də yer alıb…
- Bizim ədəbiyyatmıza xalqımızın birləşməsi mövzusunun, Cənub mövzusunun gəlməsi XX əsrin 30-40-cı illərinə təsadüf edir və o zamandan başlayaraq bu mövzu şair və yazıçılarımızın yaradıcılığında öz əksini tapır. Artıq bu mövzunun Azərbaycan ədəbiyyatında öz obrazlar sistemi, ifadə üslubları var. Bu mövzuda yazılmış əsərlərə, yaradılmış obrazlara nəzər salsaq, bunları aydın şəkildə görə bilərik. Deyək ki, bizim ədəbi dilimizdə, poetikamızda artıq öz semantikasına görə ayrılığı, həsrəti ifadə edən Araz sözü, Xudafərin sözü və obrazları vardır. Amma bu gün gənc yazarlarımız arasında bu mövzuya müraciət edənlər olduqca azdır və bu məni razı salmır. Hesab edirəm ki, gənclərimiz 50 milyonluq xalqın birləşməsi üçün rol oynayacaq, töhfə verəcək əsərlər yazsalar, millətimiz və vətənimiz bu əsərlərdən çox şey qazanar. Ümumiyyətlə, ədəbiyyatımız bu məsələdə önəmli rol oynaya bilər. O xalqın ki, şairi, şeiri, ədəbiyyatı susmayıb, onu məhv etmək, onun axırına çıxmaq mümkün deyil.
- Ədəbi mühitin içində olan, ədəbi qəzetə rəhbərlik edən şəxs kimi deyə bilərsinizmi, bu gün Azərbaycan ədəbiyyatında istedadlı gənclər varmı?
- Əlbəttə ki, var. Bu yaxınlarda istedadlı şair Zahir Əzəmət bizim qəzetə müsahibə vermişdi və orada belə bir fikir var idi ki, indiki qədər istedadlı gəncin eyni vaxtda ədəbi mühitdə olması ədəbiyyat tariximizdə çox az hallarda olub. Mən bu fikirlə tam şərikəm və bu sırada Sabir ənənələrini layiqincə davam etdirən Əvəz Qurbanlının, xalq şeiri üslubunda gözəl şeirlər yazan Elşən Əzimin, yeni dövr ədəbi tənqidimizin layiqli nümayəndəsi Əsəd Cahangirin adını çəkə və bu siyahını xeyli artıra bilərəm.
- Dini dünyagörüşünüz necədir?
- Allaha şükür, İslam dininin qayda-qanunlarına əməl etməyə çalışıram. Dini ayinləri yerinə yetirirəm. Bu dünyanın, kainatın, hər birimizin Allah tərəfindən yaradıldığına və sonda yenə Ona dönəcəyimizə adım kimi əminəm. Ən böyük arzularımdan biri də Həcc ziyarətində olmaqdır və bu arzumun da yerinə yetməsi üçün Tanrıya dualar edirəm.
- Həcc demişkən, bu gün Azərbaycandan bu ziyarətə gedənlər haqqında münasibət birmənalı deyil…
- Bu ziyarət “Qurani-Kərim”də imkanı olan hər bir müsəlman üçün fərz buyrulub, hər kəs də özünə cavabdehdir. Mən də bilirəm ki, münasibət birmənalı deyil, mən də bilirəm ki, reklam üçün Həccə gedənlərimiz var, mən də çox yaxşı bilirəm ki, araq satıb ziyarətə gedən və yaxud da ziyarətdən gəlib araq satanlarımız var, onu da lap yaxşı bilirəm ki, gündüz evdə arvadını şil-küt eləyib, atasının goruna söyüb, axşam isə gedib toyda “Həccə gedərəm, Həci olaram, ay yarım, Gəlib başının tacı olaram, ay yarım” mahnısına oynayan ziyarətçilərimiz var – amma bütün bunlar əsl möminlərə, əsl hacılara, ümumən bu ziyarətin mahiyyətinə və fəlsəfəsinə zərrəcə xələl gətirmir.
- Yeni kitabınız nə vaxt çıxacaq?
- Əslində bu saat iki kitabım çap üçün hazırdır. Amma bir nəfər Allah bəndəsi tapılmır ki, mətbəə xərclərini ödəsin.
- Üz tutacağınız insanlar yoxdurmu?
- Əlbəttə ki, var. Amma bu üz tutmaq məsələsi məndə yoxdur. Kiməsə üz tutmaq üçün gərək üzün tutsun da… Kimdənsə, nədənsə istifadə eləmək, kiminsə qapısını döymək mənim üçün olduqca yad bir şeydir. Yəni sırf maddi səbəblərdən 5 ildir ki, kitabım çıxmır.
- Ələmdar bəy, bildiyimiz kimi, bu dünya həyatı fani bir həyatdır, yəni lap yüz il yaşasan da sonu var. Sualımız bəlkədə yerinə düşmür, amma cavabınız bizim üçün çox maraqlıdır. Dünyanızı nədən və yaxud hansı xəstəlikdən dəyişmək istəyərdiniz?
- Hər bir insanın dünyasını nə zaman və nə səbəbdən dəyişməsi əvvəlcədən Allahın bəlli etdiyi bir məsələdir. Yəni bəndənin burada heç bir rolu yoxdur. Biz bunu yalnız arzu edə bilərik. Mənim özümə gəldikdə, məsələn, infarktı üstün tutardım. Çünki infarkt urvatlı ölümdür. Məsələn, evdə arvada hirslənib infarktdan ölsən, deyəcəklər yazıq Qarabağın dərdinə dözmədi öldü…
- 30 yaşın tamamında bu dünyadan nə kimi umacağınız var?
- Əlbəttə ki, ən böyük umacağım Vətənimin xoşbəxtliyi, torpaqlarımızın azad olmasıdır.
- Bəs şəxsi müstəvidə nə istəyirsiniz?
- Allaha şükür, mən gözü tox adamam, yaşamağa evim, yeməyə çörəyim, azdan-çoxdan işim var. Və bütün bunlara görə hər gün Allaha şükür edirəm.
Söhbətləşdi: Səxavət Mirzəyev
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib Lale Mehralı, 09 Avqust, 2010 00:18:29Elemdar beyi yubiley dogum gunu munasibeti ile tebrik edirem,islerinde basarilar arzu edirem.







YENİLİKLƏR