Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Kəlbəcər xiffətli, Kəlbəcərdən hicrətli Saz!

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

 

 

 

 

 

 

İlqar İLKİN

 Qarabağ deyəndə təkcə itirilmiş torpaqlarımız deyil, həm də Azərbaycanın mədəniyyət tarixinə böyük şəxsiyyətlər verən, muğamın beşiyi olan gözəl bir cənnəti xatırlayırıq. Necə ki muğam deyəndə ilk ağlımıza gələn Qarabağ olur, eləcə də saz deyəndə Göyçə, Borçalı, Qazax, Tovuz, Gədəbəy kimi ellərimizlə yanaşı Kəlbəcərin də adını mütləq dilimizdə səsləndiririk. Ünlü el aşıqlarının adı gələndə Kəlbəcərli ustad Aşıq Şəmşiri xatırlamadan olmur. Və Kəlbəcəri xatırlayanda mütləq sazlı-sözlü böyük bir eli yada salmalı olursan. Kəlbəcəri xatırlayanda həm də sazı ilə ruhumuzu oxşayan, böyük bir elin ağrı-acısını sazın pərdələrində ağıya köçürən, el arasında “Bala Ədalət” kimi tanınan Ədalət Dəlidağlını xatırlamamaq günah olardı.
 

 Ədalət Dəlidağlı (Ədalət Hacıbala oğlu Qaraşov) 1967-ci il fevralın 1-də Kəlbəcər rayonunun axarlı-baxarlı cənnət guşəsi olan Yellicə kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində də təhsil alıb. Hələ uşaq yaşlarından saz çalmağa başlayan Ədalətin ilk ustadı o zamanlar Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olub. Saza olan sevgisi, yanğısı onu saz sənətinin sirlərinə daha dərindən yiyələnməsinə vadar edib. Məhz bu sirlərə yiyələnmək üçün sonralar “Bala Ədalət”  Qəmkeş Allahverdidən, 1993-1998-ci illərdə isə Azərbaycanın əməkdar incəsənət xadimi, ustad aşıq, “Şöhrət” ordenli, prezident təqaüdçüsü Ədalət Nəsibovdan mükkəməl dərs alıb, aşıq sənətinin bütün incəliklərini öyrənərək, pərdələrlə barmaqları arasında ilahi bir harmoniyanın yaranmasına nail olub.

 Çox keçmir ki, saz sənətinin sirlərinə dərindən yiyələnən, sazın bütün havalarını özünəməxsus şirinliklə ifa edən Ədalət Dəlidağlı gənc yaşlarından uğur qazanmağa, sevilməyə başlayır. Ona ilk uğuru gətirən isə 1989-cu ildə Gəncədə keçirilən “Gənc ozan” müsabiqəsində iştirakı olur. Daha sonra ustadı aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən “Ozan-folklor” müsabiqəsində iştirak edərək, bu müsabiqənin qalibi olur. Bu Ədalət Dəlidağlının Azərbaycandan kənarda qazandığı ilk uğuru olur. 2006-cı ildə “Azərsun”un keçirdiyi “Ozan” müsabiqəsində birinci yerə layiq görülür. Onun sənətdə qazandığı bu uğurlar rəsmi dövlət qurumlar tərəfindən də diqqətə alınaraq, 2007-ci ildə Azərbaycanın Əməkar mədəniyyət işçisi adına layiq görülür. 
 

 Bu gün Ədalət Dəlidağlının bütün saz-söz məclislərində öz yeri var, özünəməxsus şirinliklə ifa etdiyi saz havalarıyla saz-söz pərəstişkarlarının ruhunu oxşamaqda, ovsunlamaqdadır. Onun səsləndirdiyi saz havalarında Murov dağlarının əzəməti, nigarançılığı, nisgili və bir də bizlərə ünvanlanan qınağı gizlənib sanki. Qol-boyun olduğu sazında Kəlbəcərin ruhunu, itirilmiş torpaqlarımızın xiffətini və bir də canımızı ruhumuzdan ayıran “Ruhani”sində həm də o torpaqlara dönmək ümidini yaşadır bizə Ədalət Dəlidağlı. Tanrı Kəlbəcər yaylalarını “Ruhani”siz qoymasın. Allah “Bala Ədalət”ə Dədə Şəmşirin ruhunu şad etməyi nəsib etsin, Ulu sazımızın Kəlbəcərdən hicrətinə son qoysun!

 

 

 

 

     

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az