Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Yaşantılar tablosu...

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 

 

 

 

 

 

 Xanverdi TURABOĞLU/Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

 Əkbər Qoşalının hekayələri haqda qeydlərim

 Əkbər Qoşalı yaradıcılığında nəsr əsərləri xüsusi yer tutur. Bu əsərlər sırasında «Haqq dünyası», «Sağ olmuş», «Yarımçıq söhbət», «Bizim Xudaverdinin bir günü», «Yaşantı», «Yasda gələn zənglər», «Gözlənti» mövzu, ideya, problemin həlli baxımından bədii-estetik tələblərə və prinsiplərə cavab verməsi ilə diqqəti çəkir.
Bu cəhətdən yazarın «Haqq dünyası» hekayəsi mövzusuna və problemin həllinə görə məncə daha çox maraq doğurur.
Əsərdə təsvir olunan hadisə, vəziyyət, obrazlar aləmi özünəxas tərəfləri ilə seçilir. Hekayənin qəhrəmanı kimi diqqət çəkən, anası erməni, atası türk, arvadı rus olan azərbaycanlı Bakir hekayə boyu daxili düşüncələr arxasında təqdim olunur.
Hekayədən aydın olur ki, anası Nanire Xaçikovna – yeni adı ilə Naciyə Xalıqqızı Bakirin öyrəndiyinə görə əslən bakılıdır. Ancaq anası erməni kökənliyinə məxsus hərəkət və davranışları ilə oğlu Bakirin yaddaşında və qəlbində daim narahatlıq, qarmaqarışıq fikirlər doğurur. İndilikdə anası son günlərini yaşayır. Bakirin arvadı Lena Vorobyova da əri Bakir kimi qaynanası Nanire Xaçikovnadakı erməni “keyfiyyətləri”nə meyilli davranışları görəndə bunu təəccüb və məyusluqla qarşılayır və bu barədə nə ərinə, nə də qaynanasına heç nə demir. Ancaq fikrində, xəyalında qarşı tərəfdə gördüyü qəribəliklər haqda özünün gəldiyi xüsusi qənaətləri yadına salır. İndi isə Nanire Xaçikovna artıq dünyasını dəyişmiş, onun müsəlmansayağı dəfn edilməsinə baxmayaraq oğlu Bakir fikir, xəyal içində vurnuxur; anası nədən müsəlman olmalıdır – Nanire Xaçıkovna bütün varlığı ilə həm ruhən, həm cismən erməni davranışlarına, münasibətlərinə, erməni psixologiyasına kökləndiyi halda nədən o müsəlmansayağı dəfn olunur?!
Hekayə boyu daxili düşüncələr axarında çırpınan Bakir yaşantıları ilə yazıçının problem kimi qoyduğu məsələnin, mövzunun, ideyanın izlənməsi və həllində qəhrəmanı Bakirin simasında yuxarıda qeyd olunan suallara cavab axtarılır.
Yazıçının «Yarımçıq söhbət» hekayəsi də fərdin daxili yaşantıları üzərində köklənir. Yazıçı təsvir və təhkiyəsində əsərin qəhrəmanı keçmişdə buraxdığı səhv addımların, bağışlanılmaz günahların yuyulması yolunda olmazın əzab-əziyyətlərə qatlaşır. El-oba arasında Heykəl Nağı kimi tanınan əsərin qəhrəmanı sirli davranışları ilə bir çoxlarında olduğu kimi hekayədə təsvir olunan digər iştirakçılardan biri olan, gələcəyi parlaq, gələcəyinə çoxlarının ümidlə baxdığı Tuqayın da diqqətindən yayınmır. Bir gecə vaxtı ayılıb o da Heykəl Nağının özü üçün qazdığı qəbrinə yollandı. Tuqaya maraqlı olan o idi ki, Nağıya nə üçün Heykəl Nağı adı ilə müraciət olunur və ya arvadının ölümündən sonra nə üçün evində yox, məhz qəbristanlıq ərazisində arvadının qəbri ilə yanaşı ayrıca olaraq qəbir qazıb orada yurd-yuva qurur. Normal insan cəmiyyətindən uzaq duraraq məhz ölülər məkanına üz tutur.
Tuqayı daxilən incidən, narahat edən çoxlu suallara cavab axtararkən Heykəl Nağı ilə söhbətindən məlum olur ki, çox əvvəllər Gürcustandan Qazaxıstanın ilan mələşən çöllərinə sürgün olunduğu vaxt yenicə ailə qurduğu arvadını, başqası ilə bir yerdə görür. Bu səhnədən bütün vücudu titrəyən Nağı «Qapının dalınan baltanı götürüb dinməz-söyləməzcə başını bədənindən» ayırmalı olur. Nağı arvadının «qardaşım, oy» kəlməsindən sonra öyrənir ki, başını bədənindən ayırdığı adam arvadının Gürcüstandan Qazaxıstanın ilan mələşən çöllərinə sürgün olan vaxtı yolda itkin düşən qardaşı imiş.
Nağı nəqletmə anında günahlarını çözələdikcə içində işlətdiyi bağışlanmaz günahının (səbrsizliyinin) ağrılarını yaşamaqdadır. Günah işlətdiyi andan arvadının birdən-birə sağalmaz xəstəliyə düçar olunması Nağının ikinci bağışlanmaz günah qazanması ilə daha bədbəxt və ağırlaşdırıcı günlər yaşamasına rəvac verir. Nağı ikiqat bağışlanmaz günahların qarşısında günü-gündən daxili boğulmağa yan alırkən daxili ruhi-mənəvi təmizliyə can atmaq istəyir. Nağı istəyir ki, şüurlu olaraq günahını başa düşüb özünə cəza verməklə, yəni həyatın ona bəxş etmiş olduğu nemətlərdən imtina edərək çarpayıda xəstə yatan arvadına daim heykəl kimi yanında dayanıb qulluq etməklə, ölümündən sonra isə arvadının qəbri ilə yanaşı qazdığı qəbirdə həm cismən, həm ruhən onun yanında olmaqla heç olmasa bu halda ruhi təmizlənməyə nail ola bilər, heç olmasa günahını bu halda yuya bilər və hər dəfə ürəkyanğısı ilə etiraf edə-edə keçmiş günahlarının bağışlanacağı gününü gözləyir.
«Mən nə bilim ki, bu yetimlər elə bil ata-anasızlığı da, neçə illərin ayrılıq həsrətini də, ölən arzularını, itən xoşbəxtliklərini qaytarmağın da yolunu bulmaq, hər şeyin – Gürcüstanda qoyuf gəldikləri öylərinin, uşaqlarının da dərdini-qəmini bir-birinə sarılmaqnan aradan qaldırmaq – bəlkə də «bir can» olmaq istəmişlər».
Əkbər Qoşalının «Sağ olmuş» hekayəsində qəhrəman daxili düşüncələr axarında yaşasa da Heykəl Nağının taleyini («Yarımçıq söhbət») yaşamaqdan tamam uzaqdır. Əsərdə qəhrəman metroda vaqona minərkən qarşılaşdığı hadisə, vəziyyətlə qovuşuq xatirələr axarına yuvarlanır. Fikrən, xəyalən anoloji olaraq və ya birbaşa olmasa da, dolayısı ilə subyektiv qavrayışında ələnən oxşar və fərqli hadisələr silsiləsi ilə diqqəti çəkir. Qəhrəman daxili düşüncələr axarında yaşanırkən və ya həyati təcrübələrinə əsasən gördükləri və yaşadığı hadisələr, vəziyyətlər, münasibətlər, davranışlar toplusunda mürəkkəb, ziddiyyətli yaşam tərzi ilə üz-üzə gəldiyi vaxtla, (anla, məqamla) bağlı özünəxas fikirlərinin, qənaətlərinin yaradılmasına çalışır. Qəhrəman inanır ki, gəldiyi qənaətcə məhz doğru düşüncənin, gərgin fikri əməliyyatının son əməli nəticəsi olaraq meydana gəlir. Qəhrəman qənaətində israrlıdır ki, «siz də bir gün görmədiniz, yetim qocalar, yazıq ahıllar, bir gün görmədiniz! 37, 41-45, Mirqəzəb, Stalin, Xruşov, Qarboçov… nə bilim daha nələr, kimlər pis günə qoydu gününüzü… Bizləri də bir günə çıxardammadınız, a bədbəxtlər… öyünüz yıxılmasın görüm sizin! Heç olmasa uzaqlarınızı cüt ürəkli gətirəydiniz bu dünyaya. Bilmirdiniz ki, bədbəxt beynəlmiləlçiləri hansı günlərə, nələrə, kimlərin qonşuluğunda – harada dünyaya gətirmisiniz? Bilmirdinizmi?»
Hekayənin qəhrəmanı onu içəridən incidən, rahatsız edən suallara cavab axtararkən özünü qeyri-ixtiyari dəniz qırağında görür. Düşüncələr axarında yaşayan qəhrəman fikir karvanının axarını zərurətdənmi, özünə lazım olan dəniz sahilindən köklənib daha genişliyə baş vuracağından daha çox sevinməyə başlayır. Ona görə ki, bu halda o, onun iç dünyasını zənginləşdirən daha rahat yola, məkana üz tutub daxili-mənəvi ucalığa yüksələn xətlə qalxmaq cəhdindədir. Ona görə ki, ən əvvəl o, iç dünyasını zənginləşdirən məkanla indilikdə üz-üzədir! Təsadüf-zad yoxdu! Hər şey zərurətdi! İç dünyanın dəyişən vaxtı hər şey – bax, o əyri ağac da, bax o ləngər vuran gəmi də, o tərəfdə fal açan qaraçı da, bu tərəfdəki sevgili cocuqlar da, o sarmaşan «yanıqlar» da, bax elə bu dostun da mənim iç dünyamı zənginləşdirən yolun, aləmin, vəhdətin hədləridir, toplananlarıdır, hissləridir! Mən hər şeydən bir tam götürməliyəm, hər şeydən».
Yazıçı təsvir və təhlilində qəhrəman iç dünyasını zənginləşdirən yolu aradıqca özünü və ətraf aləmi tapmaq istəyindədir, çünki minilliklərin qovşağında tarix, dünya dəyişdiyi vaxt o da başqaları kimi indilikdə yaşayır, nəfəs alır, hamı kimi o da qayğılar, problemlərlə dolu həyatın qoynunda çırpınır, indi isə bayaqdan bəri unutduğu bir şey – uşağı üçün aptekdən alacağı dərmanlar barədə düşünməli olur və sairə.
Əkbər Qoşalının digər hekayələri də adamların özünə və ətraf gerçəkliyə münasibəti, həmçinin sənətə baxışı bədii təsvir obyektinə çevrilir. Bu əsərlərdə Əkbərin qəhrəmanları çox vaxt elmi-intellektual, fəlsəfi-ədəbi söhbətləri ilə oxucu qavrayışı və duyumuna, eləcə də davranışlarına, həyata, cəmiyyətə baxışına tərəf yönəlikli cəhətlərin formalaşmasına zəmin yaradır.
İctimai fəaliyyətinin yanısıra yeni nəsil Azərbaycan yazıçılarının istedadlı nümayəndəsi olan Əkbər Qoşalının hekayələri təhlil olunduqca bu təhlil oxucuları cəmiyyətimizin keçid dövrü, güclü yazıçı müşahidələrinin sonucları, ümumən insan yaşantıları tablosu ilə üz-üzə qoyur.

(Qaynaq: Yalquzaq.com)

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az