Ə. QOŞALI
Aşıq Avdı (Telman oğlu Musayev) 20-ci yüzilin 74-cü ilinin 7-ci ayının 6-cı günündə Qazağın Şıxlı elində doğulub. Deyirəm, İnsan olasan, Türk olasan, yurdun Azərbayan, mahalın Qazax, elin də Şıxlı ola... – daha adama nə lazımdır?!. Üstəlik, Tanrı sənə aşıqlıq istedadı verə, səni ulu yola çıxarda – adamın dərdi qalarmı?!. Avdı məhz belə xoşbəxtlərdəndir. Bəri başdan bu xoşbəxt yığvalı alqışlayır, aqibət sevincini bölüşürəm. – Bu taleyin yiyəsi nə bəxtəvərdir!
Mən Avdını hər dinlədiyimidə, öz-özümə verdiyimi bir sual vardı: “Bu zalım yaşının bu çağında belə ağır(taxtalı)-ağır(taxtalı) oxuyur, bəs yaşlaşandan sonra necə oxuyacaq?!.” Fürsət düşdü, bu sualı özünə verdim. Sizə deyim, nə (və necə) cavab verəcəyini kəsdirə bilməmsişdim, açığı. Cavabı ilgincdi (məncə): “...Elə beləcə də oxuyajam.” – Gözəldi, deyilmi?
* * *
Avdının əmiləri-dayıları saz çalıb-oxuyan olub, gözünü açıb,evdə-eşikdə, qonuda-qonşuda saz görüb, saz eşidib. Ustadı Aşıq Yaqub olub onun – Dərya Məhəmmədin sonuncu şəyirdi. Avdı onun yanında 5 il dərs alıb.
Dedim, aşıq, sənin ləmsin, yerişin-duruşun, oxuşun-baxışın dastançı aşıq kimliyini nişan verir, dastan danışmaqnan, məclis aparmaqnan aran necədir? Dedi: A sağolmuş, indi handa bir dastan istəyən görərsən, nə, dastan danışsan səbr edib qulaq asan var, nə də sağlığına gənc aşıqlarımız dastan danışmır. Dastanın meydanı yoxdur bu saat, klassik havaları sifariş verənlər azdır. Elə məclislər olub, Allahından dönüb “divani” yerinə “müxəmməs”nən başlasan dillənən olmaz ki, əşşi, nağayrırsan?
Nə yaxşı, yeni nəsildə, öz yoluna, sənətə, ustadların ruhuna, saza sayğıda qüsuretməyən Avdı kimi aşıqlarımız var; aşıq (-ozan) sənətimizin ədəb-ərkan bilən yeni istedadları var. Təbii, nə yalnız istedad, nə də yalnız ədəbli davranış yetərli deyil; gərək aşığın ağlı-kamalı, istedadı, eşqi-sevdası, ədəbi-ərkanı bir-birini tamamlaya, hər şey yerli-yerində ola. Ariflər aşığı nöqsansız halı ilə görmək istəyir. Yoxsa, “düzələr” deməknən, görməzdən gəlməknən, nə bilim, ört-basdır etməknən-filannan, bir gənc aşığa yaxşılıq etmiş yox, tam tərsinə pislik etmiş olarsan... Nə yaxşı, Avdı kimi bir istedad yetişmək üçün mühit korluğu çəkməyib, bəlkə də ona görə yaşının-başının nə vaxtından Hüseyin Saraclı kimi, Kamandar Əfəndi(yev) kimi oxuyub, gərdiş edib, məclislər aparıb.
* * *
Yüzə yaxın saz havası ifa etməyi bacaran Avdının məclisində ilk olaraq “Osmanlı divanisi” eşidəcək, ardından “Təcnis(i)” dinləyəcək, “Qaraçı”ya keçid alacaq, “Dübeyti”də dayanacaqsan. – Özü də haldan-hala düşəcək, camaatı da havadan-havaya daşıyacaq Avdı... Sonda Avdının ifasında “Müxəmməs” gələcək. Fikirləşirəm, bu sıralama pozulsa, hal-əhval, ovqat pozular, yaddaş korşalar, zövq itər, ləzzət qaçar. Ülgüitən məclisdə damağ çağ olarmı? ...Bilmirəm, bir yerlərdən bir şeylər düşər, sənət(çi)-dinləyici münasibətlərindən nizam itər, mizan pozular... Bax, bu anlamda nizam qoruyandır Aşıq Avdı kimi yeni nəsil aşıqları, ustadgörmüşlər. Barmaqların var olsun, aşıq!
* * *
Deyirəm, aşıq, havanı bildik, bə yaxşı, o gözəlim havalar üstə kimlərdən oxuyursan? Dedi, Ələsgər babamnan açıb, Əlsgər babamnan bağlayıram. Təbii, Hüseyin Bozalqanlı, Səməd Vurğun, Hüseyin Arif, Mikayıl Azaflı, Məmməd İsmayıl, Zəlimxan Yaqub kimi ustadlara müraciət edir, onlardan, başqa aşıq və şairlərimizdən də oxuyuruq, onsuz olarmı?
“Ustadın, öyrətmənin Aşıq Yaqubdur, bəs yaxşı, başqa klassiklərdən təsirlənməyin olubmu? Bir də, sən Qazax aşıq mühitinin hadisəsi olsan da, daha çox Borçalı aşıq məktəbinin davamçısı kimi çıxış edirsən. – Bu halı necə açıqlayardın?” –deyə soruşuram. Deyir, “İlk öncə ondan başlayım ki, doğru deyirsən, mənə çox adam deyir, Borçalı aşıqları kimi oxuduğumu. Bilirsizmi, əslində biz tərəfin vahid aşıq məkanı olub. Rəhmətlik Aşıq Sadıq Sultan(ov) olub, o Göyçədən Borçalıya gəlib, Göyçə ənənəsini gətirib, Borçalıya, Qazağa böyük təsiri olub. Mən bildiyimə görə, bu gün “Borçalı yolu” dediyimiz və mənim də aid edildiyim yol onun adı ilə bağlıdır, daha doğrusu, onun təsiri ilə yayğınlaşıb.
Borçalı ağırlığı İncə Dərəsində, Şıxlıda, Sadıqlı-Muğanlı ellərində hiss olunub.
Qaldı ki, başqa hansı klassiklərdən təsirlənməyimə - Avdı Qaymaqlı, Dərya Məhəmməd, Kamandar Əfəndi(yev), Hüseyin Saraclı, Aşıq Əkbər, Aşıq İmran, Əlixan Niftəli(yev), Xanlar Məhərrəm(ov) dilimin əzbəri, könlümün sultanı olan isimlər, mənəvi ünvanlardır.”
Aşıq Avdı Əmrah Gülməmmədovun sazı təkmilləşdirməsini, simlərin sayını 11-ə qaldırmasını, Aşıq Ədalətin Sazı dünyaya yeni keyfiyyətdə, yeni tərzdə tanıtmasından da söz açdı, şükranlıqlarını bildirdi.
* * *
Söz-sözü çəkir, aşığın soyad sonluqlarına münasibəti ilə maraqlanıram. Deyirəm, “aşıq, Arazdan bu yandakı aşıqlarımız “ov”, “yev”, o taydakılar da “pur”, “zadə”... Aşıq da “yev”mi olar, “pur”mu olar? Deyir, nə deyirəm, böyüklərimiz, Milli Məclisimiz çözməlidir bu işi, mən ikiəlli razıyam.
* * *
Söhbətimizin bir məqamında söz hərlənib-fırlanıb yenə yaşdan düşür, “yaşından çox yaşamış kimi görsənirsən” deyirəm. Deyərkən də, bunu necə deyim, nöqsan kimi yox, tam tərsinə, bir aşıq üçün yaraşan hal olaraq nəzərdə tuturam, təbii. O da: “Aşıq gərək ağır oturub, batman götürsün. Sənətimiz elədir, yaşlı görsənirik” deyə olumlu cavab verir.
Aşığın tək qalanda hansı havanı çaldığı ilə də maraqlandım. Mənə elə gəldi, Avdı bu yerdə sirr açırmış kimi, səsinin tonunu aldı, pıçıltıyla, “Unudulmuş havalardan çalıram, “Zarıncı”çalıram” dedi. – Elə bil Sazla arasındakı sirrin bakirliyini qoruyurdu...
Avdının iki övladı var. Hər ikisi (balaca olsalar da) artıq saz çalıb-oxuyur. – “Usta(d) oğlundan şəyirdi olmaz” deyiblər.
Aşıq Avdı Azərbaycanın ayrı-ayrı bölgələrində fərqli tədbirlərdə, el şənliklərində dəfələrlə çıxış edib. Gürcüstanda, Rusiyada, Qazaxıstanda, Türkiyədə festivallarda çıxış edib. Aşıq 2006-cı ildə Tovuzda yerli televiziyanın (SMTV) keçirdiyi müsabiqədə I yeri, 2007-ci ildə “Lider” TV-nin düzənlədiyi yarışmada yenə I yeri tutub. Hələ neçə “I yer”lər onu gözləyir...
BAKI/avqust-2010







YENİLİKLƏR