Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Qazaxıstanın mənəvi zirvələrindən biri

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Azərbaycan oxucusu qardaş qazax xalqının ədəbiyyatını, əsasən, dörd adla tanıyır; Qazax bədii sözünün dörd zirvəsi Azərbaycandan da aydın görünür: Abay, Cokan Valixanov… Sonra Muxtar Avezov və öz doğma şairlərimiz, hər bir Azərbaycan türkünün tanıdığı, sevdiyi Oljas Süleymenov…
 Oljasın yaradıcılıq işi, söz, poeziya, ədəbiyyatın cəmiyyət həyatındakı yeri, etimologiya, mədəniyyət və onun inkişaf yolları, dilin və millətin tarixi barədə maraqlı, aforizm kimi səslənən fikirləri çoxdur. Bu fikirlərdən biri belədir: «Biz ədəbiyyata fəaliyyət üçün gəldik. Ona görə də deyiləndə ki, guya biz yazıçılar xalqların, ölkələrin taleyi haqqında düşünməyə yalnız son iki-üç ildə cəsarətlənmişik, – mən razılaşmıram. Bu ittiham o adamlara aiddir ki, həmişə cəsarət üçün icazə gözləyiblər. İndi ədəbi igidlik təhlükəsizdir və xeyirlidir. Biz isə həmişə həqiqəti deməyə çalışmışıq».
 Gəncliyimdə yazdığım məqalələrin birində mən də ədəbiyyata iş kimi, xalqa xidmət kimi baxdığımı yazmışdım.
 Ədəbiyyat cəmiyyətin güzgüsü, barometridirsə, öz dövrünün qabaqcıl ideyalarına bağlıdırsa və ya sözün təsiriylə xalqa, millətə müəyyən ideyalar verərək yeni nəsillərin yoğrulmasında, inkişafında iştirak edirsə, mənəvi-əxlaqi dəyəri olmaqla yanaşı, həm də siyasət meydanındadır, təkcə siyasi vəzifə daşımır, həm də siyasətin və siyasətçilərin hakimi kimi çıxış edir. Bu mənada ötən əsrin 60-70-ci illər ədəbiyyatı SSRİ-ni dağıdan, azadlıq şüurunu yetişdirən, müstəqilliyə gedən yolların layihəsini çəkən, müstəqillik sarayının təməl daşını qoyan bir ictimai-tarixi fırtınadır; dinc, qansız inqilabdır.
Oljas bu inqilabın (sözün yaxşı mənasında) liderlərindən biriydi.
 Bu gün o dövrün təhlükələri sovuşub, yüz minlərlə insanın yalnız ziyalıya, yazıçıya inandığı, onun dalınca getdiyi çağların ölüm-dirim havası unudulub, dinc dövrün siyasətbazları və ya nəzəriyyə naqqalları yetişir və «yaxşı olar ki, ədəbiyyatçılar öz işləri ilə məşğul olsunlar» deyə milli ruhun daşıyıcılarını siyasətdən uzaqlaşdıraraq – xalqın taleyini kökündən, tarixindən, milli-mənəvi dəyərlərdən uzaq «siyasətçi»lərə tapşırmaq şüarları tez-tez səslənir.
 Bu gülməli müraciətlərin arxasında hansı xəyanətkarların dayandığını bilirik, bu, öz yerində; bununla yanaşı fikirləşirəm ki, keçən əsrin 80-ci illərinin çətin mübarizələrində hardaydı görən o «peşəkar siyasətçilər» və eyni zamanda, Oljas publisistikasını, müxtəlif məclislərdəki çıxışlarını, esselərini, «Az i ya» adlı məşhur kitabını, şerlərini və bu əsərlərdə böyük ictimai, milli, tarixi, siyasi problemləri xatırlayıram. Fikirləşirəm ki, bu əsərlərdə toxunulan dərdlərə, qayğılara, milli və bəşəri faciələrə o vaxt hansı siyasətçi toxuna bilərdi!?
 Oljası mənə sevdirən və bizi doğmalaşdıran, dostlaşdıran ilk növbədə bu xarakterik cəhət, daha doğrusu, sözə milli varlığın keşikçisi kimi baxmaq xüsusiyyətidir.
 Ana tərəfi Alma-Atanın Bədəlbəylilərindən, ata tərəfi şair, musiqiçi, dövüşçülər yetirən Olcabay bahadır nəslindən olan Oljas Allahın qazax xalqına və bütün türk dünyasına bəxşişlərindən biridir. Əslində, qazaxlarla qırğızlar rusların bölgüsünə qədər bir xalq olublar və XX yüzildə bu kökdən iki böyük söz ustasının – Çingiz Aytmatov və Oljas Süleymenovun yetişməsi əsrlərcə qapalı qalan xalq ruhunun, xalq mənəviyyatının vulkan kimi püskürməsiydi; xam torpaqların dirçəlişi kimi bir iş idi.
 Amma onların hər ikisini fərqləndirən bir cəhət də var. Onlar – bir növ dünyadan özlərinə qayıdıblar: öndə rus dili mühiti, rus ədəbiyyatının təsiri, dünya mədəniyyətinin zəngin ənənələri – arxada çöl, yarımköçəri həyat; Avropa və Rusiya ölçülərinə sığmayan başqa bir sivilizasiya.
 Dünya Avroasiyada böyük mədəniyyətlər, uyqarlıqlar yaratmış bir xalqa şəhər həyatından – yəni «mədəniyyətdən uzaq» dağıdıcı köçəri kimi baxır. Oljas etiraf edir ki, mənim beynimdə də öz ulularımın belə bir obrazı həkk olunmuşdu. Amma hiss edirdim ki, burda bir saxtakarlıq var. Mən öz əcdadlarımı sevmirdim, lakin onların haqsızlığa məruz qaldığını da hiss edirdim.
 Oljas bütün yaradıcılığını bu tarixi ədalətsizliyi aradan qaldırmağa sərf edib. Ən böyük örnək kimi məşhur «Az i ya»-nı göstərmək olar. Tarixi ədaləti bərpa işində onun ən böyük silahı da, şahidi də, hakimi də SÖZ olub. Təsadüfi deyil ki, «Az i ya» ilə başlanan yol onu «Yazının dili» adlı fundamental filoloji, dilçilik əsərinin yaranmasına gətirib çıxardıb.
 Oljas Süleymenov hər şeydən öncə şairdir. Lakin onun şerlərində də dünyəvi bir genişlik var. Dünyaya bütöv baxır, Şərqlə Qərbin folklorundan tutmuş dini ədəbiyyatına qədər, bütün bəşəri dəyərləri birgə dərk və təsvir edir; tarixlə bu günü, qazax çölləriylə kosmosu, real düşüncəsiylə mifik şərtilikləri böyük istedadla birləşdirir. Onun yaradıcılığında qazax çöllərinin yovşan ətriylə Şumer gil lövhələrinin bişirildiyi ocaqların ətri bir birinə qarışıb; Qitələrin, ölkələrin, dillərin, sivilizasiyaların, böyük şəhərlərin rəngləri qarışıb göy qurşağına çevrilib. Ancaq bu göy qurşağı həmişə qazax çöllərinin üstündədir. «Odun dəyişilməsi», «Gil kitab», «Dairəvi ulduz», «Bəlirlənmiş sahillər» və s. kitablarını gözdən keçirmək kifayətdir ki, ədəbiyyatın çağdaş ruhunu necə uğurla daşıya bilməsinin şahidi olasan.
 Oljasla bizim tanışlığımız 1979-cu ildən başlayır. Moskvada SSRİ gənc şairlərinin konfransı keçirilirdi. Mənim də bir silsilə şerim təqdim olunmuşdu müzakirəyə.
 «Qan yaddaşı», «Xınalıq dili» və s. şerləri dinləyəndən sonra Oljas qalxdı ayağa və çox böyük səxavətlə, sevgiylə danışmağa başladı: «Gizlətmirəm, – dedi, – təəssüflənirəm ki, bu şerləri mən yazmamışam»… Məhz onun təklifiylə şerlərimin tərcümə edilib rusca buraxılması Konfransın yekun qərarına salındı. Bu müzakirədən sonra dəhlizdə görüşüb söhbət elədik.
 Sonra müxtəlif yerlərdə dəfələrlə görüşmüşük – Bakıya tez-tez gəlib gedir; ancaq onu bizim hamımıza sevdirən bir hadisə də olmuşdu: 1990-cı ilin Yanvar faciəsində Bakıya gəlməsi və televiziyada dərdimizə şərik olaraq ağlaması…
 Adına «ziyalı» deyən, dinc vaxtda Bakıda çox məclislərdə yuxarı başda oturan «sovet» ziyalıları o vaxt susdu, bir çoxu bu qanı görməzlikdən gəldi, hətta ermənilərin tərəfdarına çevrildilər… Oljas türk dünyasının yeni intibahının, yeni dirçəlişinin şairidir. Onun fəaliyyətinin nəticələrindən biri – bugünkü müstəqil Qazaxıstan və onun dünyada ildən-ilə artan nüfuzudur.

Sabir RÜSTƏMXANLI, Xalq şairi, millət vəkili

Qaynaq: ElPress.az

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az