Ə.QOŞALI
Onunla – Elməddin Mahiroğlu ilə görüşüm axşamüstünə təsadüf etdi. Dərnəgül səmtində, sənət dostu Şəhriyar Tovuzlunun kirayə qaldığı evdə görüşdük. Oturduğumuz yerdə elektrik lampası yanmışdı, qonşu lampanın işığı umuduna qalmışdıq. Ancaq söhbətimiz elə şhirin alındı, elə gözəl çıxdı – bəzi dostlar demiş, necə lazımdı... Bu təsadüf deyildi, elektrik lampasını neynirdim, birdən-birə iki gənc aşığın elektriki sarmışdı məni; zatən aşıq sözünün etimoloji anlamını verən alimlər işıq üzərində də dayınmırlarmı!?. Bir sözlə, qaranlıqkən bol işıq selinin içindəydim. Bu mənim həmin günkü qazancımıydı. Ümumiyyətcə həmin gün mənim qazanclı günümüydü: iki istedadın (Elməddin Mahiroğlu və Şəhriyar Tovuzlunun) timsalında sazımızın, aşıq sənətinin nə qədər güclü gələcəyi olduğunu görürdüm - şükranlıq içindəydim.
Elməddin Mahir oğlu Məmmədov 24.07.1982-ci ildə Tovuzun Xınna dərəsində, Əhmədabad köyündə dünyaya gəlib. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakultəsində təhsil alıb.
İxtisasının adı: AŞIQ SƏNƏTİ.
Öyrətməninin adı: Fəzail Miskinli.
Və o, adıkeçən ixtisasın “birinci buraxılış”ıdır.
Elməddin Mahiroğlu 4 yaşından ailəsi ilə birgə Sumqayıtda yaşayır. 13 yaşından Aşıq Bəkirin (Əhmədov) yanında sazın, sənətin sirrlərinə vaqif olmağa çalışıb, ustad-şəyird münasibətlərini əxz edib, dərs alıb. Bəkir Əhməd(ov) daha çox sazbənd kimi ün qazansa da, sazın yalnız texniki tərəfini deyil, mahiyyətini bilən, öyrənmiş və öyrətməyi bacaran bir insandı.
Bəlli olduğu kimi, Elməddinin məzunu olduğu universitet qəbul vaxtı “qabiliyyət imtahanı” tələb olunan ali təhsil müəssisələrindəndir. Elməddin Universitetə “sıfır”dan öyrənməyə gəlmirdi, əgər belə demək mümkünsə, öyrəndiklərinin, canında-qanında olanların elmi müstəvi üzərində necə yansıdığını görməyə gəlirdi. Dərinlənməyə, ucalmağa, üfüqünü genişlətməyə gəlirdi...
Ustad əlindən çıxmış Elməddinin naxışı gətirdi, ona sazı Fəzail Miskinli kimi bir saz dəlisi - dəli-doluluqnan elmi-irfanlığı müvazinətdə olan bir “qızıl barmaq” deyəcəkdi. Arxası asandı. – Yox, yox, əslində asan deyildi, məsuliyyət idi, başdan-ayağa məsuliyyət. – Birincisi, gəl, görüm, qabında nə var; ikincisi, burada südü su yerinə sata bilməzsən, ipək yerinə bez yeridə bilməzsən... Bu məqamda gözəl olan nəydi, bilirsizmi?! - Suyun-südün, bezin-ipəyin "münasitbət"ləri (əslində, münasibətsizlikləri) Elməddinə ağırlıq gətirmirdi, çünki sadəcə olaraq o "münasibətl"ərin Elməddinə bir aidiyyatı yoxuydu!.. Onun bazarı başqa, matahı başqaydı... Onun dərdi başqa, yolu başqa idi. Elə başqa ki, Fəzail də o başqa yerdə (-bəlkə, daha doğru olardı desək, göydə!) idi...
Deyir,
Yolunu azarsan, Yol səni səslər,
Nəsə itirərsən, ol səni səslər.
Hər səsi çevirib söz etmək olmur,
Qəlb kədəri gəzər, dil qəmi səslər.
Eyni yerdən gəlir, başqadı adı,
Başqadı səs dadı, başqa söz dadı...
Səslərin gözəli qara sazdadı,
Kərəmi çağırar, Dilqəmi səslər...
Deyir, Səs ölməyir,
deyir, Söz ölmür,
Bəs öləndən sonra nə üçün gəlmir? –
Gəlməyninə gəlir, e,
eşidilməyir,
Yoxsa keçəmməyir kəfəni səslər?!.
Elməddin səsin necə hasil olduğunu, sözə necə çevrildiyini, hansı səsin sözə çevrilmədiyini, nəyin dəyişməz olduğunu, həsrətin, gözləntinin, yaşantının nə olduğunu dərininə, uzununa, genişinə əxz edəcəkdi. Yenə sözümüzə əlavə edəsi olacağıq: bu əxz etmə sürəci 4 illik, 5 illik universitet yolçuluğu ilə bitmir, təbii. Elməddin çıxdığı yolun şərəfli olduğu qədər əzablı olduğunu, bu yolçuluqda geriyə yolun olmadığını, bu yola çıxanın nələrdən arınıb-durulmalı olduğunu, qəlbini hansı ünvana təslim etməli olduğunu daha öncə bilirdi bəlkə, ancaq bu mövzunu dərindən öyrənərkən, sənətin dediyi həqiqətləri elmin də dilindən eşitməli oldu...
***
...Abdal dilinnən qəhrəmanımın hansı kateqoriyalı aşıq olmağı ilə maraqlanıram. Deyir, “Bilirsiz, ifaçı aşıqlarımız var, dastançı aşıqlarımız var, aşıqlarımız da var yaradıcılıqnan məşğul olurlar, şeir yazırlar, hava bəstələyirlər. Mən şeir yazmıram, daha doğrusu yazdıqlarımı üzə çıxarmıram; dastan danışmıram, ancaq dastanlarımızı sevirəm, öyrənirəm, danışan olanda iştahla qulaq asıram. Bəstəyə gəldikdə, cəmi bir “Xınna şikəstəsi” bəstələmişəm, onu da demək olar, ifa etmirəm. Mənim çalğımı, oxumağımı daha çox bəyənirlər, demək ayıb olmasın.”
Deyirəm, “Ən yaxşı çaldığın hava hansıdı, tək bircə hava çalası olsan xalqa nə çalarsan?” Ani duruxmadan sonra “Ruhani”deyir. Mən də dilimi dinc qomyruam: “Hesab et, səndən qabaq Ədalət o havanı çalmış ola...” Ötkəm cavab verdi: “Olsun. O Ədalət kimi çalar, mən də Elməddin kimi!..” Onun bu ötkəm cavabı mənə mükəmməl cavab kimi gəldi... - Bu, bəlkə də mümkün cavabların ən yaxşısı idi!
Elməddin Xətai rayon, 1 saylı Uşaq İncəsənət Məktəbində “Saz sinfi”nin müəllimi, Sumqayıtda Nəriman Nərimanov adına Mədəniyyət Evinin nəzdindəki “Pöhrə” Aşıqlar Ansambılının rəhbəridir. Elməddin 2008-ci ildə Qazaxıstanda keçirilən Xəzəryanı dövlətlərin "Xəzər dostluq dənizidir" adlı festivalında I yerə layiq görülərək qiymətli hədiyyə və "Diplom"la təltif olunmuş; 2010-cu il "2 fevral- Gənclər Günü" münasibəti ilə paytaxtın "Gənc müəlimlərə baxış müsabiqəsi"ndə fəqrlənərək Gənclər və İdman Nazirliyinin ödülünə layiq görülmüşdür. Yetirmələrindən Suğra Cəfərli ulu öndər Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibəti ilə Təhsil Nazirliyinin ali məktəb tələbələri arasında keçirdiyi yaradıcılıq müsabiqəsində I yeri (2008), Aynel İsmayıllı isə “Dünya” TV-nin (Sumqayıt) keçirdiyi “Saz-söz dünyası” tele-müsabiqəsində I yeri, digər yetirməsi Yusif Qara(yev) II yeri tutmuş, Türkmənistanda düzənlənmiş “Qızıl əsrin qızıl nəsli” festivalında Fateh Quluzadə "Fəxri fərman"la təltif olunmuşdur.
Elməddin istedadlı uşaqları öyrətməyi, ən yaxşıların davamlı inkişafına çalışmağı, beləliklə, sənətin tərəqqisinə çalışmağı həyat amalı sayır. Sənəti gözdən salanları qınayır, qınamaqla qalmayıb, yaxşı olanı, sənətin gözəlliyini göstərməyi borc bilir, öyrənib-öyrətməyi, öyrədib - öyrənməyi borc bilir. Dədə Ələsgərin “Aşıq olub diyar-diyar gəzənin, Əzəl başdan pür-kamalı gərəkdir” sözünü sənət düsturu sayır. Elməddin Abbas Tufarqanlıdan, Qurbanidən, Xəstə Qasımdan, Hüseyin Bozalqanlıdan, Əlimərdanlı Nəcəfdən, Xəyyat Mirzədən, Mikayıl Azaflıdan oxuyur. Elməddin “Sazın adına layiq olmaq lazımdır, Saz bizim soykökümüzdür. Saza məhəbbətimizlə soyumuza, kökümüzə məhəbbətimizi, münasibətimizi bildiririk” deyir. - Mən Elməddinin bu sözlərinə nəsə əlavə etməyə ehtiyac duymadım.







YENİLİKLƏR