Arzu BAYRAMLI
Xalq ədəbiyyatı bizdən əvvəl yaşayanların əsrlər boyu qazandıqları həyat və əmək təcrübəsinin, eləcə də daxili, mənəvi aləmini aydınca əks etdirən əsl müdriklik xəzinəsidir. Odur ki, bu sərvəti onu yaradanlnrın, yaşadanların tarixi ilə vəhdətdə, ardıcıl və sistemli şəkildə araşdırmaq, yaddaşlardan yazıya köçürüb nəşr və təbliğ etmək folklorşünaslığın qarşısında duran ən vacib məsələlərdəndir.
Böyük yazıçımız, eyni zamanda ədəbiyyatımızın araşdırılmasında xüsusi əməyi olan Y. V. Çəmənzəminli vaxtı ilə yazırdı: “Türklər zəngin bir xalq ədəbiyyatına malikdirlər və çalışmaq üçün geniş bir sahə vardır. Məsələnin çətinliyi xalq ədəbiyyatındakı təsirləri araşdırmaq, ondakı qaranlıq nöqtələri izah etməkdən ibarətdir.” (1,62-63)
Azərbaycan folklorunun, şifahi və yazılı ədəbiyyatının zəngin, çox şaxəli bir qolu da Gürcüstanda yaranmış, inkişaf etmişdir. Bunu ikl növbədə qədimlərdən bu ərazidə məskunlaşmış yerli azərbaycanlıların yaradıcılığı ilə əlaqələndirmək lazımdır. Borçalıda formalaşan şifahi və yazılı ədəbiyyat nümunələri özünün orjinallığı, yüksək bədii dəyəri, janr müxtəlifliyi və spesifikliyi ilə seçilir.
Borçalıda bədii söz sənətinin yaşı bu yurdda ilk məskunlaşma tarixi qədərdir. Bu ədəbi mühitin ululuğu bölgədə geniş yayılmış mif-əsatirdən, zəngin folklordan, ozan-aşıq yaradıcılığından bəhrələnib. Eyni zamanda mayası sazla-sözlə tutulan, saz havasına, söz müdrikliyinə güvənən Borçalıda bədii-estetik fikrin qaynarları qədimdən üzü bəri süzülüb gələn, cilalanıb büllurlaşan, saflaşan müqəddəs xalq inanclarından, bayramlardan, el mərasimlərindən qaynaqlanır. Milli estetik-ədəbi fikir xəzinəmizin Borçalı inciləri, bədii sözümüzün Borçalı qanadı milli ədəbiyyatımızı, özəl çalarlarla özünü ifadə tərzilə zənginləşdirir, tamamlayır. Yazılı ədəbiyyatımızı Borçalıdakı qüdrətli söz qaynaqlarından kənarda təsəvvür etmədiyimiz kimi, Borçalı ədəbi mühitində baş verənləri də bütöv şəkildə tədqiq edib, ümumi Azərbaycan ədəbiyyatşünaslığı xəzinəsinə qatmadan milli ədəbi fikir tariximizi tam, dolğun təsəvvür etmək çətindir.
Borçalıda yaranan el şeirinin öncüllüyü mühitin tarixi-içtimai, mənəvi durumu, burada ana sözə tapınma meylləri ilə şərtlənir. Borçalı ədəbi mühitində baş verən yüksəliş ən öncə bu çevrədə saz-söz əhlinin sayca çoxluğu və onların yaradıcılığının kamilliyi ilə bağlıdır. Gürcüstanda yaşayan azərbaycanlıların ən zəngin mənəvi xəzinəsindən biri min illər ərzində formalaşan, nəsillərdən-nəsillərə ötürülərək yaşadılan ağız ədəbiyyatı nümunələridir. Borçalı, Başkeçid, Qarayazı, Qaraçöp elləri Türk dünyasının bir parçası olaraq tarix boyu azman aşıqlar, el şairləri yetişdirmişdir. Qopuz-ozan, saz-aşıq cütlüyü Borçalı türklərinin mənəvi simvolu halına gəlmişdir. Filologiya elmləri doktoru İsrafil Abbasov da diqqəti bu cəhətə yönəldərək yazmışdır: “Tarixən Başkeçid, Qarayazı, Qaraçöp, Ağ bulaq toponimləri ilə tanınmış, sakinlərinin yaddaşında isə bağ, dağ, aran Borçalısı ərazilərinə ayrılmış bu axarlı-baxarlı diyar özünün poetik söz sənəti ənənəsi ilə seçilən önəmli məskənlərdən olmuşdur.” (2. 3)
Son dövrlər Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyat tariximizin regional aspektdə öyrənilməsi yönümündə müəyyən tədqiqatlar aparılmaqdadır. Bu baxımdan Borçalı tarixi ədəbi mühitinin varlığı və bu mühitlərin tədqiqi vacibdir. Çünki ədəbiyyat tariximizin ədəbi-bədii fikrin inkişafının rəngarəng çalarları içərisində regional şəbəkənin özünəməxsus yeri var. Ayrı-ayrı bölgələrin ədəbi mühitlərinin tədqiqindən əldə olan nəticələr əsasında ümumədəbiyyatımızın inkişaf səviyyəsi, ideya-məzmun çalarları barədə dolğun söz demək mümkündür. Çox təssüf ki, uzun illər Borçalı ədəbi mühitinin yaranması və inkişaf mərhələləri müəyyənləşdirilməyib. Bu istiqamətdə ilk və əsas mülahizəni tanınmış alim Əflatun Saraclı söyləyib: “Xalq ədəbiyyatımızın zənginliyi ilə seçilən Borçalı ədəbi mühitinin birinci dövrünün barı hələ tam toplanıb öyrənilməyib. İkinci dövr isə XIX-XX yüzilliklərə düşür. XX əsrin 20-30-cu illərindən Borçalıda yazılı ədəbiyyat da canlanmağa başlayıb. İndi Borçalı ədəbi mühiti yenidən yüksəlməkdədir.” (3. 7 ) Əflatun Saraclının müəyyənləşdirdiyi birinci dövr-xalq ədəbiyyatı, ikinci dövr-on doqquzuncu yüzil və iyirminci yüzilin əvvəlləri, üçüncü dövr-iyirminci yüzilin 20-90-cı illəri və dördüncü dövr 1990-cı ildən sonranı əhatə edir. Borçalı ədəbi mühiti nin inkişafinda mövcud olan mərhələlərin bir-birinə istinadı, eyni zamanda müstəqilliyi özünü biruzə verir. Bu baximdan birinci mərhələnin də özünə mənsub səciyyəvi çalarlarla seçildiyini vurğulamalıyıq.
Borçalı ədəbiyyatının özülünü əski türk inancları, yaranışından qafiyəli, ahəngdar düzülüşlü xalq deyimləri, folklor inciləri təşkil edir. Məhz bu mərhələdən etibarən yazılı ədəbiyyatın formalaşdığı dövrə qədər bölgədə ədəbi həyatı əsasən aşıqlar və xalq arasında böyük nüfuz sahibi olan ustad şairlər zənginləşdirmişdir. Borçalı ədəbi mühitinin inkişafında mövcud olan mərhələlərin bir-biri ilə əlaqəsi, eyni zamanda hər birinin müstəqil şəkildə mövcud ola bilməsi özünü biruzə verir. Bu baxımdan birinci mərhələnin ikinci mərhələyə özül, dayaq olduğunu qeyd etməklə yanaşı, hər iki mərhələnin də özünə mənsub səciyyəvi çalarlarla seçildiyini vurğulamalıyıq. Ədəbiyyat tariximizin ən mühüm vəzifələrindən biri də məhz ədəbi həyatın həmin mərhələlərini, bu mərhələləri bir-birinə bağlayan ədəbi prosesləri araşdırmaq, orta əsrlərdən başlayaraq öz adını Borçalı ədəbi-mədəni həyatının ən şərəfli səhifələrinə yazmış el sənətkarlarımızın həyat və yaradıcılığını tədqiq etməkdir. Borçalının sazlı-sözlü ellərində yaranıb inkişaf edən lirika öz bədii vüsəti ilə ön mövqedə dayanıb. El şeirinin daha geniş inkişafı, öncüllüyü isə mühitin ictima-siyasi durumu xüsusən də sözə tapınma gücü, sevgisi ilə şərtlənir. Borçalı ədəbi mühitində Aşıq Oruc, Aşıq İsmayıl, Aşıq Həsən, Dost Pirməmməd, Alxasağa, Güllər Pəri, Aşıq Şenlik, Aşıq İbrahim, Qul Allahqulu, Şair Ağacan, Aşıq Sadıq, Sarvan Bayram, Xındı Məmməd kimi saz-söz ustaları olub.
XIX əsrin sonu, XX əsrin əvvəllərində özünün “qızıl dövrü” nü yaşamış Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri də el şairi Nəbi Orucoğlu-Faxralıdır (1873-1945). Şair Nəbi yaradıcılığı ilə kökü minillərin dərinlikliklərinə gedən qədim ozan-aşıq sənətinin əsrlər boyu formalaşmış ənənələrinə, aşıq poeziyasının Qurbani, Qaracaoğlan, Abbas Tufarqanlı, Dadaloğlu, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər kimi qüdrətli nümayəndələrinin yaradıcılığına, Vaqif ədəbi məktəbinin poetik imkanlarına söykənir. Şairin əlimizə gəlib çatan 250-yə yaxın şeiri, eləcə də deyişmələri və yaratdığı “Mehdi bəyin dastanı” onun məhz aşıq poeziyası üzərində yüksəldiyini, öz əsərləri ilə aşıq poeziyası xəzinəsini zənginləşdirdiyini, özündən sonrakı el şairlərinin yaradıcılığına əhəmiyyətli təsir göstərdiyini təsdiqləyir.
Şair Nəbi 1873-cü ildə Borçalı Mahalının Faxralı kəndində kasıb kəndli ailəsində anadan olub. Həyata gələn gündən məşəqqətlərlə üzləşmişdir. Müasirlərinin və özünün söylədiklərinə görə, atası Oruc kişi ailəsini ağır zəhmətlə dolandırmış, üstəlik, baş verən müsibətlər onların ocağından əl çəkməmişdir. Bu da azmış kimi, Nəbinin böyük qardaşı Həsənin əlindən xata çıxmış, o, qonşu kəndin varlı adamlarından birinin yaxın adamını öldürdüyü üçün ömürlük Sibirə sürgün olunmuşdur. (4.4)
Dünyaya yeni gəlmiş uşağın sevinci ailədəki kədər, ayrılıq və göz yaşları ilə üst-üstə düşdüyündən Nəbinin sonrakı həyatına öz möhürünü vurmuşdur. Böyük oğlunu əbədi itirdiyini duyan Oruc kişi gələcəkdəki ümidlərini Nəbi ilə bağlamağa can atsa da, ağır həyat şəraiti üzündən onu istədiyi kimi böyüdə, təhsil verə, ayaq üstə qaldıra bilmir. Təsadüfi deyil ki, uşaqlıq cağlarından çəkdiyi müsibətlər Şair Nəbinin poetik yaradıcılığında dərin iz buraxmışdır. Ehtiyac içində yaşayan, dolanışıq problemlərinin içərisində boğulan ailənin uşağı olmaq erkən yaşlarından zəhmətə qatlaşmaq demək idi. Nəbi də öz taleyinə boyun əymiş, 11-12 yaşlarından ailənin güzəranını yaxşılaşdırmaq üçün gücü çatan bütün işlərdən yapışmalı olmuşdur.
İllərlə davam edən ehtiyaclara sinə gərə-gərə, ailə, ata-ana qayğısı çəkə-çəkə böyüyən, rastlaşdığı bütün çətinliklərə mətanətlə dözən Nəbi böyük həvəsi olsa da, savad ala bilməmiş, ancaq hafizəsinin itiliyi sayəsində görüb-eşitdiklərini yaddaşına həkk edə biləmişdir. O, 1888-ci ildə, təxminən 15 yaşında İmir kəndində Məşədi Hüseyn adlı varlı bir şəxsə nökər verilmiş, təxminən iki il ona xidmət etmişdir. (5.8 )
Nəbinin ömrünün 1890-1910-cu illəri əhtə edən sonrakı 20 ili də ağır zəhmət içində keçmişdir. Şairin bioqrafyasını qələmə almış tədqiqtçı E. Məmmədlinin əldə etdiyi faktlara görə, o, həmin müddət ərzində nökər, çoban, mülkədar malikanəsində gözətçi, Tiflisdə, Allahverdi mis mədənlərində fəhlə işləmiş ağır həyatın hər üzünü görmüşdür. O, savad almağa imkan tapmasa da, fitri istedadı sayəsində 14-15 yaşlarından aşıq poeziyasının müxtəlif formalarında bir-birindən gözəl şeirlər yaratmışdır. Buna görə də Nəbi hələ ağır zəhmətlə məşğul olduğu illərdə el şairi kimi şöhrət qazanmış, gəraylı, qoşma, divani, müxəmməsləri... dildə-ağızda dolaşmış, dövrünün saz-söz xiridarlarının diqqətini cəlb etmişdir. Buna görə də 1910-cu ildən Borçalıda və ətraf bölgələrdə keçirilən toy məclislərinə dəvət alan, güclü poetik nəfəsi, mükəmməl şeirləri ilə könülləri rövnəqləndirən, bədahətən qoşqular söyləyən Şair Nəbi dövrünün ən müqtədir el sənətkarları arasında özünə-məxsus yer tutmuşdur. Onun Aşıq Ələsgərin bağlamasını açması, Çıldırlı Aşıq Şenlik, Göyçəli Dost Pirməmməd, Təhləli Şair Novruz və başqa sənətkarlarla deyiş-mələri, “Mehdi bəyin dastanı” kimi gözəl dastan yaratması, zəmanəsinin Şair Ağacan, Qaraçöplü Aşıq Musa, Aşıq Sadıq Sultanov, Miskinoğlu Allahverdi, kimi saz-söz ustaları ilə dostluq və yaradıcılıq münasibətlərində olması təkcə Borçalı ədəbi və aşıq mühitində yox, həm də XIX əsrin sonu-XX əsrin əvvəllərində klassik aşıq poeziyasında özünəməxsus yer tutduğunu göstərir.
Xöşbəxtlikdən Borçalı Şair Nəbinin yaradıcılığının bir hissəsi özünün sağlığında yazıya köçürülmüşdür. Bununla belə, Borçalının digər el şairləri kimi, Şair Nəbinin yaradıcılığı da uzun illər tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Ancaq Azərbaycan poeziyasının ustadı, qüdrətli söz sərrafı, xalq şairi Səməd Vurğunun 1955-ci ildə Faxralıya növbəti gəlişi Şair Nəbinin ədəbi taleyində də yeni bir mərhələnin başlanğıcı olmuşdur. O, iştirakçısı olduğu məclisdə el sənətkarının şeirlərini aşıqların dilindən eşitmiş, heyranlığını gizlətməmiş , müəllifin şəxsiyyəti, yaradıcılığı ilə maraqlanmışdır. Şair Nəbinin şeirlərindən xüsusilə “Dünya” rədifli qoşmasından çox təsirlənən S. Vurğun elə oradaca onun əsərlərinin toplanması, nəşri və yayılması üçün kənd ziyalılarına, xüsusən kənd məktəbinin drektoru və dil-ədəbiyyat müəllimi, Hüseyinqulu Məmmədliyə tövsiyələrini vermişdir. Həmin vaxtdan sonralar qorqudşunas alim kimi tanıdığımız H. Məmmədli Şair Nəbinin şeirlərini, onunla bağlı əhvavalatları toplamağa başlamışdır. Sənətkarın şeirlərinin bir qismini yazıya köçürmüş Faxralı maarifpərvəri Qurban Həsən oğlunun, şairin Böyük Vətən Müharibəsində həlak olmuş oğlu Nadirin, vaxtilə Faxralı kənd orta məktəbində müəllim işləmiş Qazax rayonunun Kəmərli kənd sakini Vəli Ləzgiyevin, Şair Nəbinin şeirlərini illərlə hafizəsində yaşatmış Məmməd Hüseynqulu oğlunun, Aşıq Müsəllimin, Sarvan Bayramın, Aşıq Nəsibin, ustad Aşıq Hüseyn Saraclının və başqa saz-söz xiridarlarının səyi nəticəsində və folklorşünas alim Elxan Məmmədlinin köməyi ilə 200-ə yaxın şeirini toplamağa müvəffəq olmuşlar. (6.8 )
Müasirlərinin söylədiyinə görə, Şair Nəbinin daha zəngin ədəbi irsi olmuşdur. Onun bu irsinin əhəmiyyətli hissəsi hələ də hafizələrdə və arxivlərdə yaşayır. Şair Nəbi oxumaq-yazmaq bilmədiyindən bədahətən dediyi şeirləri yazıya köçürə biməmiş, həmin əsərlər ağızdan-ağıza keçərək başqalrı tərəfindən qələmə alınmışdır. Beləliklə, şairin ədəbi irsinin bir hissəsi itib-batmış, müəyyən hissəsi isə bugünümüzə gəlib çatmışdır. (7)
Şair Nəbi yaradıcılığında klassik aşıq şeirinin bütün formalarından istifadə etmməklə qiymətli ədəbi nümunələr yaratmışdır. Onun divani, təcnis, gəraylı, qoşma, müxəmməs və s. biçimli şeirləri mükəmməlliyi, ifadə və təsvir vasitələrinin təzəliyi ilə seçilir. O, incə aşiqanə vəsfləriylə məhəbbət lirikasının gözəl nümunələrini yaradıb:
Şair Nəbi dilər ildə bir günü,
Düşübdür aləmə sədası-ünü,
Unutmaram belə ahu gözlünü,
Əgər olsa ondan qeyri yüz gözəl.
Şair Nəbinin yaradıcılığında gözəllərin aşiqə etdikləri işvəsi-nazı, qəmzəsi də bədii ifadəsini sadə, aydın şəkildə tapıb:
Ötüşər bülbüllər farağat olmaz,
Səni görən dərdli salamat olmaz.
O cəllad gözünlə zarafat olmaz,
Tökülüb qaş-qabaq naz oldu yollar.
Tədqiqatçı Ə. Saraclı Şair Nəbi yaradıcılığının janr və məna müxtəlifliyini xüsusi qeyd edərək yazır ki, həmin şeirlərin çoxu məclislərdə, hər hansı məqamla bağlı deyildiyindən həm sadə və təbii, həm də mənalıdır. (9) Amma həmin sadəlik və təbiilik Şair Nəbi şeirlərinin rəvanlığına, forma və məzmun gözəlliyini də qabariq nümayiş etdirir, buna görə də onun yaratdığı əsərlər yaşarıdır.
Şair Nəbi dövrünün ustad sənətkarlarından idi. Onun görüb-eşitdiklərini fitri istedadla mənimsəməsi, məclis aparmaq qabiliyəti, natiqliyi, şairliyi, hazırcavablığı, dastan danışmaq və yaratmaq bacarığı xüsusilə qeyd edilmişdir. Mütəxəsislərin dediyi kimi, Borçalı el şairlərinin aşıqla bərabər məclis aparması yalnız bu aşıq mühitində müşahidə olunur. Şair Nəbi də ozan-aşıq ənənəsində özünəməxsus yeri olan bu keyfiyyəti çox uğurla davam etdirən ustadlardan olmuşdur.
Borçalı Şair Nəbinin şəxsiyyəti və yaradıcılığı ilə bağlı iki məqama diqqət çəkmək istərdik. Onun haqqında yazanların əksəriyyəti el şairinin savadsız olduğunu qeyd edir. Fikrimizcə, söhbət burada Şair Nəbinin yazmaq-oxumaq bilmədiyindən gedir. Ailələrinin ağır güzəranı nəticəsində təhsil almasa da, onu savadsız saymaq çətindir. Çünki şairin şeirlərində onun ərəb, fars, Anadolu türkcəsindən xəbərdar olduğu, irfan elminə, dinə, klassik aşıq poeziyasının ənənələrinə bələdliyi özünü göstərir. Şübhəsiz, bu Allah vergisinin, fitri istedadın nəticəsi idi, o, oxuyub-yazmasa da, eşitdiklərini yaddaşına yazaraq, İlahinin bəxş etdiyi fəhmlə mənimsəyə bilirdi.
İkinci məqamsa Şair Nəbinin saz çala bilməməsi ilə bağlıdır. Elə bilirik ki, bu, sırf texniki ifaçılıqla bağlıdır. Çünki, şair havacatlara vaqif idi. Havaları sinəsindəki deyil, könlündəki sazda çalırdı. Görünür, sözə qarşı həddən artıq həssaslığı onu ifanın texniki tərəfləri ilə bağlanmağa qoymurdu. Buna görə də həmişə Şair Nəbinin yanında müşaiyətçilər- “saz tutanlar” olmuşdur ki, onlar sözlə havanın vəhdətini yaratmağa xidmət etmişlər. E. Məmmədlinin söylədiyinə görə, görkəmli sənətkarımız Aşıq Hüseyn Saraclı da 3-4 il Şair Nəbinin yanında “saz tutmuşdur.” ( 5.12)
El arasında Şair Nəbiyə buta verildiyi söylənilir. Klassik aşıq poeziyasının, xüsusilə rəvayət, nağıl və dastanlarımızın sanballı mifoloji dayaqlarından biri olan bu halla üzləşəndə şairin 13 yaşı varmış. Aləmi-röyada Zöhrə adlı gözəl bir qızla Borçalının Daşlıqullar kəndinə gedən el yolunun kənarındakı qollu-budaqlı tut ağacının altında, su quyusunun başında görüşüblər. Görüş zamanı Zöhrə Nəbiyə barmağındakı üzüyü göstərmiş, nişanlı olduğunu söyləmişdir. İslam qayda-qanunlarına görə, nişanlı qıza yaxın durmaq olmaz, buna görə də Nəbi röyada ona verilən sevgisindən-butasından imtina etməyə məcbur olur. (10.3) Amma o, Zöhrəni unuda bilmir, bu nakam sevgisi onu ömrünün axırınacan yandırıb-yaxmış, şeirlərində könlünün fəryadını ifadə etmişdir:
Vaqeyi-aləmdə sevdiyim sənsən,
Tut gedək vətənə əlimdən, Zöhrə.
Sevgi sevgisini atmaz çöllərə,
Didərgin eləmə elimdən, Zöhrə.
Yeniyetmə Nəbi doğrudan da elindən didərgin düşür. O, taleyindən şikayət edə-edə adamlardan uzaq dolanmağa başlayır, deyilənə görə, İmir kəndində elin mal-qarasını otarmağa da bu səbəbdən razı olur.
Nəbinin məclis içinə çıxması, söz yaradıcılığının el tərəfindən təsdiqi ilə bağlı da əhvalatlar günümüzəcən gəlib çatmışdır. Şair Nəbi yaradıcılığının gözəl bilicisi, Faxralı mərhum şair Əli Səngərlinin söylədikləri çox maraqlıdır. İmir kəndində naxırçılıq edən Nəbi eşitdiyi şeirləri, öz qoşqularına zümzümə edər, gözəl, ürəyəyatımlı səsi ilə pəsdən oxuyardı. Təsadüfən onun oxuduğunu İmir kəndindən olan bir kişi eşidir. Uşağın adını soruşanda Nəbi demək istəmir, “Miskin” söyləyir. Çünki sevgisinin üzündən çöllərə düşdüyünü kimsənin bilməsini istəmirdi. Lakin belə bir ilahi vergini uzun müddət gizlətmək olmur, onun Miskin tapşırması ilə bədahətən söylədiyi şeirlər el arasında yayılır, dildə-ağızda dolaşır, beləliklə Miskin Nəbi adı ilə tanınan el şairinin püxtələşməsinə şərait yaradır. ( 10.3)
Nəbinin ilk dəfə məclisə çıxması İmir kəndində baş vermiş bir əhvalatla bağlıdır. Məclisdə bir aşıq cövlan edir, bağlayıb sazını əlindən almağa aşıq axtarırmış. Rəvayətə görə, Nəbidən adını soruşan İmirli danəndə qoca onun qarşısına şeirlərinə heyran olduğu yeniyetməni çıxarmağı qərara alır. O, uşaq göndərib kəndin üstündə naxır otaran Misgini çağırtdırır. Miskin məclisə girəndə bütün gözlər ona dikilir. Məclisdə dövrə vuran aşıq çəlimsiz oğlana baxıb elə bilir, cəsarət edib meydana çıxan yeniyetmə oğlanı dərhal bağlayıb camaatın alqışını qzanacaq. Amma ilk andanca o, Miskinin söz yatırına vaqif olur, bəhanəylə məğlubiyyətini ört-basdır etməyə çalışır. Miskin onu məclis qayda-qanunlarına görə rəsmən bağlayıb sazını almır. Həmin gecə aşıq çalı-oxuyur, Miskin büllur kimi saf, gözəl şeirlərini söyləyir, camaat onun istedadına əhsən deyir.
Bundan sonra el arasında şair kimi tanınsa da, ara-sıra məclislərdə görünsə də o, 1910-cu ilədək peşəkar söz yaradıcılığı ilə məşğul olmamışdır. Şair Nəbinin qoşquları yayılmış, aşıqların repertuarında özünə yer tutmuş, söz xiridarlarının yaddaşına yazılmış, dövrün görkəmli sənətkarlarının diqqətini cəlb etmişdir. “Şair Nəbinin sözdən yaratdığı bir bəzzaz dükanı vardı. Burada hər nə desən, tapılırdı. Dükanın malı təcnislərdən, qoşmalardan, gəraylılardan, divanilərdən ibarət idi. Bu malın qiyməti yox idi. Gələn-gedən, qonaq-qaraya, saz-söz qədri bilənlərə həmin maldan səxavətlə paylayan şairin sinəsi sanki təlatümlü dəniz idi, qaynayırdı. O, bədahətən hər nə istəsə deyə bilərdi.” (10.3)
Bir faktı da qeyd edək ki, XIX əsrn və XX əsrn ilk iki onilliyini əhatə edən dövrdə, yəni Şair Nəbinin yaşayıb-yaratdığı dövrdə Borçalıda fəaliyyət göstərən 116 poeziya təmsilçisindən 36 nəfəri şair, 61 nəfəri el şairi, 19 nəfəri isə yaradıcı aşıq kimi qeydə alınmışdır. Bu qədər söz adamının arasından Şair Nəbinin ustad məqamına çatması, şöhrətlənməsi əlbəttə, yalnız böyük istedadın nəticəsi ola bilərdi. ( 12.82) Əhəmiyyətli olan bir məqam da budur ki, Şair Nəbi kimsəyə şəyirdlik etməmiş, kimsədən söz sənətinin sirlərini öyrənməmişdi, amma özünün bir neçə yetirməsi vard ki, onlara Allah vergisi olan şairliyinin sirlərinə vaqif olmağa imkan vermişdir.
Şair Nəbi dindar adam idi. O, mömin kimi ömür sürmüş, ömrünün axırınacan müsəlman qanunlarına riayət etmiş, orucundan-namazından qalmamışdır. Xalq arasında Şair Nəbinin istedadı “haqq vergisi”, “Allah vergisi” hesab olunurdu. Ona görə də ruhanilərin Şair Nəbi yaradıcılığına münasibəti birmənalı olmamışdır.
Onlardan bəziləri Şair Nəbini sınaqdan keçirməyə cəhd göstəermiş, amma uğursuzluğa düçar olmuşlar.
Şair Nəbi barədə məlumatda onun dövrü üçün geniş savada malik olduğu da qeyd edilir. “Nəbinin şeirlərini oxuduğumuz zaman ərəbcə, farsca, türkcəni (əlbəttə
ki, söhbət burada Anadolu türkcəsindən gedir A. B.) yaxşı bildiyini anlaya bilirik. Belə ki, “Gördüm” adlı qoşmasında röya, kuş, sar, taş və qış sözlərinin üç dildəki qarşılıqları da verilmişdir. Ədəbi sənətlərdən (yəni formalardan) ustalıqla istifadə etməsi onun yaxşı təhsil aldığı fikrini qüvvətləndirən başqa bir yönüdür:
Gözün bir cəlladdı, yoxdu amanı,
Ləbin neylər, ay qız, axrət, imanı,
Ağ sinədə bəsləyirsən püstanı
Ona qul olmağa böş də dayanmaz.” (11.177 )
Şair Nəbi özündən əvvəlki xələflərinin söz-sənət səltənətini özünəməxsus mükəmməl şeirləri, söz sınağından üzüağ çıxan deyişmələri, yaratdığı əhvalatları və dastanı ilə zənginləşdirmiş, dövrünün qüdrətli sənətkarı, bənzərsiz söz ustadı kimi tanınmışdır.
Şair Nəbinin şeirləri 1983-1984-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat İnstitutunun hazırladığı “Azərbaycan aşıqları və el şairləri” ikicildliyinin ikinci cildinə (nəşrin tərtibçisi görkəmli folklorşünas Əhliman Axundov, cildin redaktoru isə tanınmış araşdırmaçılar Bəhlul Abdulla və Elxan Məmmədlidir) daxil edilmişdir. “Şair Nəbi Borçalı” imzası və kiçik bioqrafik məlumatla çap olunmuş qoşmalar (“Bilmədi”, “Gözəl”, “Zöhrə”, “Gözəlin”, “Var bunun”, “Gül, ondan ağla”, “Yaşda dayanmaz”, “Butasan, gözəl”, “Addım-addım”, “Yar gəldi keçdi”) Şair Nəbinin bütövlükdə aşıq poeziyasındakı sanballı yerini və çəkisini göstərir. (8.160-165) Əlbəttə, Aşıq Ələsgər, Molla Cüma, Aşıq Hüseyn Bozalqanlı, Xəyyat Mirzə, Aşıq Şəmşir...və s. kimi qüdrətli sənətkarlarla yanaşı durmaq böyük el sənətkarının haqqı idi.
Şair Nəbinin yaradıcılığı H. Məmmədli və E. Məmmədlinin səyləri nəticəsində təkcə Azərbaycan klassik aşıq poeziyasında öz yerini tutmaqla qalmamış, həm də ümumtürk folklor məkanına daxil olmağa başlamışdır. 1986-cı ildə İstanbulda “Halk kültürü” seriyasından buraxılmış “Azerbaycan aşıkları ve halk şairleri” nəşrində Şair Nəbi haqqında qısa məlumat verilmiş, 7 şeiri oxuculara çatdırılmışdır. “Bilmədim”, “Gözəl”, “Yaş da dayanmaz”, “Gül, ondan ağla”, “Gözəlin”, qoşmaları və “Gördüm”, “Altı nişan” adlı iki bəzəməsi verilmişdir. (11.178 ) Zəhmətkeş alimlər H. Məmmədli və E. Məmmədlinin xidməti sayəsində el şairinin 1991-ci ildə “Yazılanlar gəldi başa” və 2003-cü “Eləsi var...” kitabları nəşr olunub.
Şair Nəbi ömrünün axırınadək doğulduğu Faxralı kəndində yaşamış, zəhməti və istedadı sayəsində güzaran sürmüşdür. O, Böyük Vətən Müharibəsinə dörd oğul yola salmış, onlardan ikisi düyüş səngərlərindən qayıtmamışdır. Oğullarının itkisi, keçirdiyi məşəqqətli həyat el sənətkarının səhhətinə ağır təsir göstərmiş, o, 1945-ci ilin oktyabırında 72 yaşında dünyadan köçmüşdür. (4.4)
Ədəbiyyat
1.Y.V. Çəmənzəminli. Əsərləri üç cilddə. 3-cü cild. Bakı 1977. s. 62-63
2.Azərbaycan folklor antalogiyası. Borçalı folkloru ( toplayanı V. Hacıyev). Bakı. Azərnəşr. 1996 . s 260. s. 3
3.Ə. Saraclı. Borçalı ədəbi mühiti. Ədəbiyyat və incəsənət qəzeti. Bakı. 1992, 14 fevral, № 7, s. 7
4.Borçalı Şair Nəbi. Deyilənlər gəldi başa. Bakı, “Yazıçı”, 1991, s.4
5.Borçalı Şair Nəbi. Eləsi var... Bakı, “Ağrıdağ”, 2003, s.8
6.Öməroğlu İ., Çobanlı M. Borçalı aşıqları. Bakı, Təhsil, 1997, s. 8
7.Bayramov A. Ədəbi irsimizdən. Şair Nəbi. “Sovet Gürcüstanı”, 29 iyun. 1971, № 80.
8.Azərbayca aşıqları və el şairləri. Tərtib edən: Ə.Axundov. İki c.də II c. Bakı, Elm,1984, 160-165 9. Saraclı Ə. Yazılanlar gəldi başa. “Ədəbiyyat qəzeti”, 22 yanvar 1993, № 3
10.WWW. Borçalı. Net saytı. Məmmədzadə N. Şair Nəbinin ziyarətində. s. 3
11.Azerbaycan aşıkları ve halk şairleri. İkinci cilt. Hazırlayanlar Saim Sakaoğlu ve başk. İstanbul, Halk kültürü, 1986, s. 177-178







YENİLİKLƏR