Əkbər QOŞALI
Bu yazıda qəhrəmanımız Şəhriyar Ələkbər oğlu Kərimovdur. Aşıq rus sonluqlu (yaxud doğmalıqdan çıxmış) soyad gəzdirməz də, təbii, gənc aşıq da bunun fərqindədir və özünü Şəhriyar Tovuzlu kimi təqdim edir. Bu mənə çox xoşdur, əlbəttə. Əlbəttə, Şəhriyarın işbu yazıda soyad sonluğundan, bilməm, adının da, atasının adının da, soyadının da ərəb-fars qaynaqlı sözlərdən oluşmasından deyil, yaradıcılığından, Sazından-sözündən danışacağıq. Bilirsiz, Saz türkün heç kimlə ortaq olmayan mənəvi ünvanlarından biridir. Bir Azərbaycan balası saza üz tutursa, bu onun sümükdə iliyinə qədər kimliyini nişan verir, ruhunu tanıdır, Yolunu-irizini göstərir. Yollu olmaq, ruhlu olmaq, qanadlı olmaq hər adama nəsib olurmu, bəyəm? Əgər belə olsaydı, yolsuzlar (eləcə də yolsuzluq), yolu yomrulmuşlar, yosmalar, olmazdı heç... Nə başınızı ağrıdım, onun haqqında danışmaq istəyirəm. Şəhriyar Qaraxanlıda doğulub, ötən yüzilin 90-cı ilinin 7-ci ayının 11-ci günündə. Orta məktəbi Qaraxanlıda qurtarıb, böyük şəhərin, böyük amalların yolunu tutub, çıxıb Tovuzdan. Hələ o anadan olmamış, illər öncə şair deyirdi “...Bir Məmməd İsmayıl çıxdı Tovuzdan, Yüz Məmməd İsmayıl qaldı Tovuzda.” Bax eləcə, çıxdı və çatdı Bakıya. O zaman Şəhriyarın getdiyi bütün yollar böyük şəhərə - Bakıya gətirirdi... Onun arzularının şəhərinə, bəlkə o yarını bu şəhərdə tapacaqdı (bəlkə də artıq tapıb), Bakı Şəhriyarın şəhri-yarı olacaqdı, bilmirdi, ancaq bildiyi bir şey vardı: əbədi sənət yolçuluğudur bu yol! Bu çıxış üfüqügenişliyə çıxışdır! Hə, deyə bilərsiz, bəyəm Şəhriyarın mənəvi babaları Hüseyin Bozalqanlı, Əlimərdanlı Aşıq Nəcəf... böyük şəhərlərdəmi yetişmişdi?!. Bu, cavabı Sizə də, mənə də bəlli sualda haqlısınız, amma onda zaman başqa zamandı, dəngələr başqa, ortam başqaydı... Onda, başqa bir məkan vardı: vahid aşıq-ozan mühiti vardı – Göyçəli, Borçalılı... O zaman Bakıya gəlib aşıqlıq adına heç nə öyrənə bilməzdin, əksinə bəlkə Tovuza, Qazağa, Borçalıya, Göyçəyə, Kəlbəcərə gəlmək (getmək) lazımdı bunun üçün. O zaman Mədəniyyət-İncəsənət Universitetimi vardı? Yaxud televiziyamı vardı, radiomu vardı? Oysa, el şənlikləri, xalq törənləri bir sınaq meydanı, öyrənim yeriydi. O zaman ustad-şəyird zinciri möhkəm idi... Ustadın dizinin dibini kəsdirib dururdu şəyird. İndi böyük universitet odaları var, professorlar, dosentlər var, cild-cild kitablar, kitaböyləri var... Studiyalar var, böyük səhnələr, böyük imkanlar var...
...Parıltılıdır böyük şəhər, böyük imkanlar dəbdəbəlidir. Deynən, cavan olasan, bu boyda şəhərdə tələbə olasan və də sadə, mütavazi qalmağı bacarasan..! Mən Şəhriyarı böyük şəhərdə görüb tanısam da, onunla Dərnəgüldə kirayədə qaldığı evdə söhbət etsəm də, Qaraxanlılığını gördüm. Qaraxanlılığını – yəni böyüklüyünü, xanyanalığını..! Nə gözəldir, deyilmi?!. – Gəncdir – sinəsi Sazlı; gəncdir –içi dolu; gəncdir – ədəb-ərkanlı! Nəslinə-nəcabətinə min əhsən, cavan aşıq! Səni bu yola çıxardan, sazlı edən, saz edən ruha şükür! Yenə sənin adına qayıdıb vurğu yapmış olmayım, Bakı sənin şəhri-yarındırmı, deyilmi, bilmirəm, ancaq sən elə bir yara könül vermisən, elə bir mənəvi ünvana bağlanmısan, heç bir gözəl o yarla, o mənəvi ünvanla günülük edə bilməz... Əgər günah deyilsə deyərdim: Aşıq sevən qızlar, qəzanız mübarək!
***
Şəhriyar saz tutmağı, simin, pərdənin sirlərini ilkin olaraq Qaraxanlı Ramindən öyrənib. Aşıq Xanlar, Aşıq Əli (Quliyev) heyran olduğu sənətçilər olub. Onları dinləyib doymayıb, dinləyir doymayır; “evdə tək olanda kaseti qoyuram” deyir, “bir ilahi səs olur, bir mən oluram, bir Allah!” ...Hər dinlədiyində yeni bir qat açılır onunçün... Əli ustadla tez-tez görüşür Şəhriyar, “o yaşayan aşıqların ən böyüyü, ən bilginidir” deyir.
***
Sazı atasıevinə ilk dəfə Şəhriyar gətirib. Babası İsa Kərim(ov) Tovuzun ilk pedaqoqlarından olub, dolayısı ilə doğulduğu ev şennikdə aydın ocağı, zatı-pəki olan, kitab-dəftərli ev kimi taqnındığından hamı doğal hal kimi, məqsəduyğun hal kimi qarşılayıb bu olayı: yəni nə vaxtsa bu iş olmalıydı.
Soruşduğum oldu, “Şəhriyar, neçə hava çala bilirsən, ən sevdiyin hava hansıdır?” dilləndi: “Toplam 50 hava çalıram, hələlik, deyirlər pis alınmır, nə bilim. Könül işidir, nə bilim. “Qaraçı”dır mənimki... Rəhmətlik Xanların barmaqlarında vurulmuşdum bu havaya.
Sonra başlayır “Qaraçı”nın etimolojisini verməyə. Deyir, “yer adı anlamı da var, nəsil-kök adı kimi də izah edilib, biləvasitə Qaraca Çobanla da bağlılığı var, deyirlər. Mən Mikayıl Azaflının fikrini, sonuncu fikri bölüşürəm.”
Aşıq ola, ona qonaq getmiş olasan və Saz dinləməyəsən, heç elə şeymi olar? – Başına döndüyüm sazı köynəkdən çıxardı, köklədi, basdı sinəsinə,gözünü yumdu,üzünü tutdu göyə... Maşallah, barmaq elə bil usta barmağı, xallar-güllər qaydasında, gərdişi, gəzişi, ədası elə bil ağır məclislər yola vermiş aşıq misalı... “Qaraçı”daydı Şəhriyar: zalımın keçidləri, döndərmələri, geri yığmaları, dənləmələri... deyirdin bir balaca ləngisə, ya bir balaca tez keçsə dünya qopacaq..! Can üzürdü “Qaraçı”... Oysa gərək can üzən hava sayılmır “Qaraçı”... Mənim ovqatımla, o anda düşündüklərimlə bağlıydı, yəqin... Zalım bütün eşqini, sevdasını saza tökdü, öldürdü bizi... Havadan-havaya keçdi, “Aran gözəlləməsi” demədi, “Ovşarı” demədi, “Göyçə gözəlləməsi” demədi... Elməddin Mahiroğlu ilə yanaşı qulaq asırdıq ona. Elməddinə nə var, Şəhriyardan sonra sazı götürdü, ürəyini boşaltdı, mən qaldım belə... ...Elməddin “Qaytarma” çaldı,”Dilqəmi” çaldı, bu yerdə Şəhriyarın dediklərindən başa düşdüm, o, ulu adaşının şeirlərini adətən bu havalar üstündə oxuyur.
Mən özümü sazda tapmışam deyir Şəhriyar. – Sazda! – Ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz ciyərparasında. Sazda! – Türk Dünyasının, türk mənəviyyatının rəmzində! Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlı olan Sazda! Sazda! – Şah İsmayıl Xətainin dövründə (XVI yüzil) indiki şəklini almış Sazda!
Şah babamız deyirdi:
Bu gün ələ almaz oldum mən sazım
Ərşə dirək-dirək çıxar mənim avazım.
Dörd iş vardır hər qarındaşa lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Şəhriyarın ali məktəbdəki saz müəllimi tanınmış yeni nəsil sənətçimiz Aşıq Samirədir (Əliyeva).
Şəhriyar cavan aşıq, qoca aşıq ayrımını, təsnifatını qəbul etmir, deyir aşıq aşıqdı, nə cavan, nə qoca. Qoy aşığı yaşına görə yox, sənətinə, çalğısına, ifasına görə təsnif¬ləşdirsinlər...
Kimlərdən oxuyur Şəhriyar!? –Kimlərdən oxumur!? – Qaracaoğlandan, Dadaloğlundan, qurbanidən, Tufarqanlı Abbasdan, Aşıq Valehdən, Dədə Ələsgərdən, Hüseyin Bozalqanlıdan, Əliərdanlı Aşıq Nəcəfdən, Xəyyat Mirzədən, Mikayıl Azaflıdan, Şəhriyardan, Məmməd İsmayıldan, Şair Fətəlidən, Təcnis İsmayfldan, Akif Səməddən, Murad Köhnəqaladan... Elə söhbətimizi də Muradın bir şeiri ilə tamamladı Şəhriyar:
Məğrurluq eyləyib comərdəm deyən,
Suyulub özgənin malına dəyməz.
Haramlar üstündə gələn səltənət,
Bir qara iyidin telinə dəyməz.
Göylərdən enibdi gözəlin xalı,
Tanrıya bəlli olar aşığın halı...
Sözü tutulmayan ərin saqqalı
Çölün yovşanına, nalına dəyməz.
Köhnəqalam, göylər köhnə söhbətdi,
Haqqın göndərdiyi cana minnətdi.
Yaxşı oğul, yaxşı arvad dövlədi,
O da hər kişinin əlinə dəyməz...
Bax, elə belə...
Sağollaşıb çıxmaq istəiyirəm. “Hara çıxırsan, heç elə şeymi olar? Bir qismət çörək kəsək sonra” deyib, tutur qolumdan.
Aşıqdı də! – Sazı saz, sözü söz, sürfəsi süfrə.
Tanrı nəzərdən salmasın!
Bakı /yay, 2010







YENİLİKLƏR