Rəşid FAXRALI
Faxralı kimi ağır bir eldə (Borçalı) saz həmişə ucalıq mərtəbəsində olub. Sazın aşıladığı mətləb Faxralıların yaşantılarına üzərrik əvəzidi…
Göy qayanı keçdinmi Təhməzdi…
Təhməzdə könül açan, göz doyduran mənzərələri gözlərimə köçürürəm. Kövrək payızın əlləri ağacların budaqlarına sığal çəkməkdədi. Budağından üzülən yarpaqlar görənin yaşantılarını üşüdür; təbiətin qınaq biçimində giley-güzarıdı: neçə aylardı hardasan? Üz tutalğacı kimi beş-üç kəlmə söz qəhətə çəkilir.
Budaqdan dördəlli yapışan yarpaqlar özü boyda kövrək ümidə dönür…
Bulağın üstü tərəfdən könlümü yerindən oynadan havacat səsi gəlir. İçimdə təntik bir maraq dirsəklənir. Aşıq «Mansırı» oxuyur:
Nə qəhrim çəkilir, nə nazım indi…
Güllərin Rustamın sözləridi, 60-cı illərdə yazılıb. Oxuyanı tanımadım. Bədəl qürrəylə, sevgilərlə : «Aşıq İmdaddı»-deyir. Xallar, güllər mənə Aşıq Şəmistanı xatırladır - Şəmistan İmdadın atasıdı. Yadıma bir el deyimi düşür: usta oğlu şəyird olmaz…
Neçə illərdi təbiətin qoynunda könül dünyamın giziltisini qılığa tutan havacatlar dinlələmişdim…
İmdad Xəlil(ov) Faxralı orta məktəbinin məzunudu. Zamanında müəllimi olmuşam. O vaxtlar nə biləydik ki, atasının çalğısını dinləyə-dinləyə saza mehrlənib, könlü atdananda ata¬sının dizinin dibini kəsdirib. Dinləyib, doymayıb. Ürəyi uçunub, üzə vurmayıb. İçindəki istəyi hamıdan gizlədib. Niyə? Sazı elə-belə çalanlar, naşılar sazı urvatdan sala bilər; İmdad sazın ucalıq mərtbəsindən enməsini istəməzdi…
Düşümlü günlərin birində çəkinə-çəkinə sazı köynəyindən çıxardıb…
Təzənə simlərə toxunanda ürəyi titrəyib…
Barmaqları simlərə toxunanda canından bir üşütmə keçib. «Sarıtel» dil açıb, sazı bunca sevən bir cavanın ürəyindən keçənləri pıçıldayıb həyətin sakitliyinə, gecənin səssizliyinə. Qonum-qonşu elə bilib ki, bu həzin payız gecəsi saz səsini qu¬lağı alanlara könül xoşluğu verən yenə Aşıq Şə¬mis¬tandı…
İmdad ali təhsil alanda da, Faxralı orta məktəbində müəllim işləyəndə də sazdan uzaq düşməyib. Kövrələndə dərdini, sevinəndə sevincini hopdurub sazın simlərinə; öz ovqatını çala-çala, özü sazın qulu ola-ola dinləyənləri saza qul eləyib. Camaaat görüb ki, İmdad püxtələşmiş aşıqdı, Aşıq Şəmistanın sazı kökdən düşməyəcək. Sazın intiharı qabırğalarının bir-birindən üzülməsidi; çalınmayan saz intihar eləyir. Aşıq Şəmistanın sazı inihar eləməyəcək! İmdad atasının neçə-neçə el yığnağına şırqa vermiş sazının intihar eləməsinə dözərdimi?..
Sazın aşiqi olmadan aşıq olmaq mümkün deyil. İmdad sazın pərvanəsidi. Mənə belə gəlir ki, Şəmistan kişi aşıq olmasa da İmdad bu duyumla nə vaxtsa saza meyl salacaqdı, barmaqları sazın pərdələrinə sığal çəkəcəkdi…
Aşıq İmdadın «Mansırı»sı bir ayrı aləmdi. Özü də Rustamın yazdığı sözləri oxuyanda. Eşitdiyim gündən üzü bəri bu sözlərin mənəvi sızıltısı canımdan əl üzmür ki, üzmür…
Aşıq İmdad «Zarıncı» oxuyanda dinləyənlər «o dünyaya gedib, bu dünyaya qayıdır». Bu, təkcə havacatın aşıladığı ovqatla bağlı deyil. Aşıq İmdad havacatı özünəməxsus xallarla, güllərlə bir az da kövrəkləşdirir…
Qurbaninin, Tufarqanlı Abbasın, Şair Nəbinin, Ağacanın, bir sözlə, klassik aşıqların sözlərini daha çox oxuyur. Bir dəfə niyəsini soruşdum. «Nə bilim» dedi. «Dədəm onların sözlə¬rini daha çox oxuyurdu. Məclislərdə müasirlərimizin sözlərini istəyən olanda onları da oxuyuram»…
Aşıq İmdad söz sərrafıdı. Ləngərli sözlər oxumağa meyllidi; yaşlı kişilər Faxralıda şeirə (qoşmaya, gəraylıya) s ö z deyir. Aşıq İmdadın oxuduğu sözlər o kişilərin könlünün qubarını silir, yaşam eşqini kükrədir, coşdurur…
Aşıq İmdadın «Divani»si o qədər düşündürücüdü ki!..
Aşıq İmdadın «Gözəlləmə»si o qədər gözəldi ki!..
Aşıq İmdadın «Misri»si o qədər çılğındı ki!..
Aşıq İmdadın «Sarıtel»i adamın ürəyinə sarı yağ kimi yayılır!..
Aşıq İmdad nə çalırsa, gözəl çalır, nə oxuyursa, gözəl oxuyur…
Aşıq İmdad sazı bağrına basanda Söyünəlşir, Əmrahlaşır, Kamandarlaşır. Söyünləşə-Söyünləşə, Əmrahlaşa-Əmrahlaşa, Kamandarlaşa-Kamandarlaşa, yaxşı mənada, dinləyənin, duyumluların «ömrünə vay verir». Kaş vaxtım olaydı, vaxtı olaydı, Aşıq İmdad sazıyla «ömrümə hər gün beləcə vay verəydi»…






