Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

XANLARIN OĞLU

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Ə.QOŞALI

 O atasına görə tanınıb, ilk vaxtlar. –Atasına görə tanınıb – amma özünə görə qiymət alıb. Allah eləməmiş, Xanların oğlu olub da istedadsız olsa nağayrasıydıq?!. Üstəlik, ...bircə Azərin bu sözlərinə qulaq verin: “Atam mənim saz götürüb çalmağımı, onun yolu ilə getməyimi istəmirdi, özü də israrla istəmirdi... Deyirdi, “a bala, bir oğulsan, mən görənləri sən görmə, çətin yoldu, səni başa düşməyənlər başa düşənlərdən çox olacaq, ...köhnə kişilər, sazı anlayıb qiymət qoyanlar azdı indi”. Bir dəfə sazını kökdən salmışdım, möhkəm danladı məni, dedi bir də əlində saz görməyim, ha..! ...O rəhmətə gedəndən sonra saz qara köynəyindən çıxmırdı”. Bax, bu sözlərdən sonra Azərin sənət yolunda sabitqədəm addımları gözümdə ayrı bir qata yüksəldi. ...Addımlar yüksəlməyində olsun, sizə nədən deyim, – deməli, – Azər çıxıb gedir Ərəseyə. Bir müddətdən sonra dolanışacağını qaydaya salır, əli də pis gətirmirmiş. Bir gecə yuxusunda atasını görür, – görür... Əslində “atasını yuxusunda görür” yerinə, “atası yuxusuna gəlir” desək daha uyğun olacaq. Atası ona qadağan etdiyinin iznini verməyə gəlmişdi, saz çalmaq qadağası götürülmüşdü Azərin..! Allah günaha yazmasın, öncəki qərarını nəxs etməyə gəlmişdi Aşıq Xanlar. – Azər daha SAZ ÇALA BİLƏCƏKDİ! – Bir oğul atadan xeyir-dua ala, daha durarmı? Həmən bilet alıb uçur Bakıya...

***
“Usta(d) oğlu şəyird olmaz” deyimini bildiyimdən (belə olduğuna inandığımdan!) Azərin ustadını soruşmağa nə hacət? Bilirəm ki, ustadı Xanlardır – sağlığında ona “Saza yaxın durma” deyən Xanlar... Bu yerdə yadıma bir olay düşür, yadımda qaldığı qədərini ilə sizinlə də paylaşım. –Deyir, əldəqayırma “şair”lərin çoxaldığını, camaatın savaşda can verdiyi, qan verdiyi bir zamanda uyğunsuz işlərlə uğraşan xeyli adamın “meydan suladığını” görən Şeyx Şamil göstəriş verir ki, bəs, Dağıstanda nə qədər şair var, gedin yazı-pozularını yığın bir yerə yandırın. Şeyxin göstərişi dartışılmaz, amma icraçılar Dağıstanın o zama üçün ən ünlü şairini nəzərdə tutaraq, “Məhəmmədindəmi şeirlərini yandıraq” deyə sual etdikdə, deyir, “bəli, onunkuları da yandırın, əgər doğrudan da xalq onu sevirsə, qorxusu yoxdur, yazdıqları yaddaşlarda yaşayacaq, gələcək nəsillərə ötürüləcək, yox o da o birilər kimidisə, yansa yaxşıdır”. Bu olayı niyə xatırladım? – Bilirsiz, məncə Xanlar kimi böyük sənətçi bilməmiş deyildi ki, əgər övladının canında Saz eşqi varsa, içində ozan ruhu varsa, o gün işığı kimi üzə çıxacaq, bulaq kimi fışqıracaq (axıb uzaq-uzaq ünvanlara yayılacaq, dövran edəcək), yoxsa, yaxud kəmsə, onu qadağan edən kimi quruyub gedəcək... Nə başınızı ağrıdım, “Azərdədir barmaqları Xanların” deyən də düz deyir; Azərin ustadı Xanlardır, elə həm də Xanların ustadlarıdır – Mikayıl Azaflıdır, Aşıq Ədalətdir.
Azər solo-saz ifaçısıdır. O, solo-sazda Aşıq Ədalətin, Aşıq Əlinin (Quliyev) ən ünlü isimlər olduğunu deyir, həmən də əlavə edir: “Ancaq sütün Aşıq Əmrahdır (Gülməmmədov). O, solo-saz ifaçılığı məktəbinin yaradıcısıdır, deyərdim”.
Deyirəm, ay Azər, atandan fərqli olaraq sən ancaq saz çalmaqnan yetindin, bunun bir sirri varmı, niyə bu yolu tutdun? Deyir, bilirsiz, mən ya yaxşı oxumalıyam, ya da heç oxumamamlıyam. Mən ikinci yolu üstün tutdum. İstəmədim, desinlər, “Xanların oğlunun oxumağına bax...”
***
Qayıdıram, Azərin Ərəseydən Bakıya dönməsinə. Deyir, “Sazı köynəkdən çıxardım, öpdüm, gözümün üstə qoydum, gözlərim doldu, çəkildim qaranlıq bir otağa. Saz oldu, mən oldum. İnanmazsız, aşağı-yuxarı iki il uzunu qaranlıq otaq oldu, Saz oldu, mən oldum. İstəyirsiz bunun adına məşq deyin, istəyirsiz, saznan dərdləşmək deyin, olay buydu.” Bəli, vaxt tamamında, Azər öz-özünə dedi, deyəsən, artıq işığa, el içinə çıxmaq olar. Tam da o sırada atasının dostu, xeyirxahlığı ilə tanınmış  Murad Məmməd(ov) onlara gəlmişdi. Azər bir-iki hava çaldı. –İş tamamdı! – “Murad əmi mənə dəstək durdu, yavaş-yavaş məclislərə, törənlərə, konsertlərə çıxdım. ... Və beləcə gəldik bu günə çıxdıq. Ən böyük təsəllim Xanların sazını susmağa qoymamağımdır” deyir Azər...
 Azər “bu günə çıxmaq”dan söz etdi.
Bu günə çıxmaq! – Yəni sənətdə yeni bir ismin, yeni imzanın görünməsinə, etirafına, təsdiqinə gəlib çıxdıq. – Mənə belə başa düşdüm.
Gəlib çıxıdq, Azərin ifası üçün darıxdığımız günə.
O günə ki, orda çiçək kimi açılışlar, gül kimi qoxular hakimdir: döndərmələr bənzərsizmi? – Bənzərsiz! Xallar incəmi? – İncə! Güllər zərifmi? – Zərif! Ümid böyükmü? –Böyük!
Azər, “iki il deyir”, bilirsizmi o, orada saznan nə danışırdı, Saz Azərə nə deyirdi, Azər Saza nə deyirdi? Saz “məni “Baş Sarı tel”ə köklə deyirdi. Saz deyirdi, “evə gəlib-gedən qonaq-qara hər dəfə atana rəhmət oxuyanda, onun yoxluğunu yox, varlığını hiss et, gəl, mənim yanıma. Xanların insan kimliyini, qonşu kimliyini, dost kimliyini, ustad kimliyini məndən soruş, ən doğrusunu mən deyərəm. Xanların acılı-şirinli günlərini məndən soruş. Mən heç onun sinəsini tərk etmirdim ki!?. Tərk etdiyim gün Əzrayıl qondu o sinəyə...”

***
“Xanların oğlu olmaq ilk növbədə məsuliyyətdir” deyir Azər. Doğru da deyir. Bu yerdə oxumaq məsələsinə yenə qayıdıb deyir:  “Xanlar səsinin şirinliyini, o səsin dadını-tamını camaata verə bilməyəcəyəmsaə niyə oxuyum?!. Xanların məclisi ələ alması, hazırcavablığı, ustalığı məndə yoxdu.” Bir ustad oğlu belə düşünür. Ancaq olmadığını sandıqları ola bilsin yoxdur, yaxud gərəkən düzeydə deyil, ancaq saza bağlı bütün digər işlərin sərf olunmayan enerjisi Azərin barmaqlarına yüklənib, məncə. Atası onun barmaqlarının bu günkü dadını-duzunu görsəydi, övladının bir çox havada ondan geridə qalmadığını etiraf edərdi. Zatən oğul atadan qabağa getmirsə, bunun adı gerigetmədir, yerindəsaymadır, tərəqqi deyil..

***
Azər bütün saz havalarını ifa edə bilir. Bununla belə, bəlli olduğu kimi, solo-sazda bir dəqiqəlik, dəqiqəyarımlıq hava ilə çıxış etmək uyğun görülmədiyindən o “solo-saz”a uyan 30-35 havaya daha çox üz tutur. “Baş Sarıtel”, “Dilqəmi”, “Qaraçı”, “Yanıq Kərəm”, “Müxəmməs” kimi... Mən öz aləmimdə onun şahifasının “Dilqəmi” olduğunu düşünürəm, o, isə atasının adı ilə qoşa çəkə biləcəyimiz havanı – “Baş Sarıtel”i üstün bilir.

***
Azərin arzusu, sənətdə atasının adına layiq mövqe qazanmaqdır. Məncə o, bu arzusunu yerinə yetirib, amma nə yaxşı, arzudan-arzu doğur. Yoxsa yaşamağın anlamımı qalardı?!.
Azərin planı, Sazın daha geniş arenaya çıxmasında qatqıda bulunmaq, öz töhfəsini verməkdir. Şükürlər olsun, bu sahədə də uğrları var. O, Azərbaycandan kənarda keçirilən bir sıra sənət festivallarında, dövlət və qeyri-hökumət qurumlarının ayrı-ayrı şəhərlərdə düzənlədikləri tədbirlərdə səhnə alıb, ödüllər qazanıb. Bu sırada Təbriz (2001), Tehran (2008), Astana (2008),  London (habelə, NyuKasıl, York, Kornıval, Baydon - 2009), Pekin, Urumçi (2009) şəhərlərinin adını çəkə bilərik.
Azər Sazın gələcəyini yaxşı görür, dövlətin, Heydər Əliyev Fondunun, Fondun prezidenti xanım Mehriban Əliyevanın xüsusi dəstəyinin böyük gələcək vəd etdiyini deyir.

***
Azər Xanlaroğlu 1983-cü il, aprelin 27-də Tovuzda doğulub. 1992-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. Orta təhsilini Səbayeldəki 2 saylı texniki-humanitar litseydə, ali təhsilini isə ABU-da alıb.
Azər 2007-ci ildə “Lider” TV-nin düzənlədiyi yarışmanın iki qalibindən biri (“solo-saz” üzrə) olub, “qızıl barmaq” adını qazanıb.
Azər Aşıqlar Qurultayının nümayəndəsi olub, hazırda Aşıqlar Birliyi İdarə He¬yə¬tinin üzvüdür.
Evlidir, bir övladı var.



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Əfqan Nəsirli, 25 Avqust, 2010 00:51:15
    Salam, Əkbər. Sənin öz yaradıcılığında saz-söz sənətinə üstünlük verməyini alqışlayıram. İnanıram ki, bu yolda qazanacağın uğurlar çox qısa zaman kəsiyində olacaq...

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az