Dünən Azərbaycanda Atatürk Mərkəzində “Türkiyə-Azərbaycan münasibətləri: dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) başqanı Çingiz Bayramlı, Dünya Gənc Türk Yazarları Birliyinin başqanı Əkbər Qoşalı, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının baş katibi Arzu Hüseyinli, tarix elmələri doktoru, professor Musa Qasımlı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, DİA-nın müəlimi, politoloq Elşad Mirbəşiroğlu, "Gələcəyə Doğru Gənclər" İB-nin sədri Nəsimi Zeynallı, "Yeddi dövlət, bir millət" Konseyi başqanı Azər Həsrət, yazıçı-dramaturq Aygün Həsənoğlu, əməkdar jurnalist Şamil Sabiroğlu, gənc politoloq Fərman Salmanlı, milli gənclər təşkilatının başqanı Ruslan Rzayev və başqaları çıxış etdi.
TUMİB başqanı Ç.Bayramlı Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən qeyd edib ki, bu gün həm də qardaş Türkiyənin zəfər bayramının 88-ci ildönümüdür. Anadolulu qardaşlarını bayram münasibətilə təbrik edən TUMİB başqanı söyləyib ki, Azərbaycan-Türkiyə münasibətləri digər ölkələrə nisbətən təbii olaraq daha sıxdır. Natiq “Hər iki türk dövləti daim bir-birilərinin yanındadır. Ulu öndər Heydər Əliyevin sözünü xatırlatmaq istərdim - Biz bir millət, iki dövlətik! Bizim xalqımız da bu tezisi hər zaman əldə bayraq tutaraq qarşılıqlı əlaqələri daha da genişləndirməlidir”, – deyə əlavə edib. Çıxışında Türkiyə Ermənistan sərhədlərinin açılması məsələsinə də toxunan Ç. Bayramlı qeyd edib ki, Türkiyə sərhədləri heç zaman Ermənistanın üzünə açmayacaq: “Qarabağda terrorçular məskən salıb. Düşünürəm ki, belə bir vaxtda heç bir sərhədin açılmasından söhbət gedə bilməz. Bu hal türk millətinin mənafeyinə ziddir”.
Tədbirin digər təşkilatçısı olan DGTYB-nin başqanı Ə.Qoşalı Rusiya prezidentinin Ermənistana, Türkiyə prezidentinin Azərbaycana son səfərləri, habelə qarşıda gözlənən yeni mühüm səfərlər fonunda Azərbaycan-Türkiyə, Türkiyə-Ermənistanmünasibətlərini, eləcə də ümumən Önqafqaz bölgəsindəki beynəlxql durumu, fərqli maraq və baxışlardan söz açdı.
Tarix elmləri doktoru, professor Musa Qasımlı bildirib ki, bizim dövlətimizin Türkiyə ilə münasibətləri şüar deyil: “Bizim Türkiyə Cümhuriyyəti ilə olan qardaşlığımız və dostluğumuzun təməli 92 il öncəyə gedib çıxır. Onu da qeyd edim ki, bu gün həm də Azərbaycan Respublikasının suverenliyi aktının qəbul edildiyi gündür. Biz imkan vermərik ki, ermənilər Azərbaycan-Türkiyə münasibətlərini korlasın. Biz daim çalışmalıyıq ki, münasibətlərimiz inkaşaf etsin və əlaqələrimiz daha da möhkəmlənsin. Çünki bizim münasibətlərimizi heç bir hökümət idarə etmir”.
Azər Həsrət də öz növbəsində, Azərbaycanla Türkiyənin eyni millətin iki dövləti olması baxımından heç zaman bir-birinə zidd hərəkətlərə yol verməyəcəyini deyib. “Hər iki ölkədə hansısa məmur, hansısa nazir yanlışa yol verə bilər. Nəzərə almaq lazımdır ki, hakimiyyətlər gəldi-gedərdir, xalqlar isə əbədi. Ona görə də biz hansısa məmurun yanlışına görə bütün Türkiyə xalqına münasibətimizi pozmamalıyıq. Bursa şəhərindəki məlum bayraq olayı zaman şəhərin hər tərəfində Azərbaycan bayraqları asılmışdı. Bununla da Türkiyə xalqı hansısa yaramaz məmurun Azərbaycan bayrağına sayğısızlığına öz təpkisini nümayiş etdirmişdi. Yəni Türkiyə insanı hər zaman Azərbaycana doğma münasibət bəsləyir”, – deyə o fikrini bildirib.
Azər Həsrət onu da qeyd edib ki, avqust ayı ümumiyyətlə Türk dövlətləri üçün uğurlu aydır: “Bu ay Türkiyənin zəfər bayramıyla bərabər Azərbaycanın suverenlik aktının qəbul edilməsi, Qazaxıstanın Konstitusiya günü, Özbəkistanın müstəqillik günü kimi bayramları da özündə ehtiva edir”.






