“Oskar” Kino Şirkəti Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, bu ordunun uğurlu missiyası və Bakının erməni-daşnak qüvvələrindən azad edilməsinə həsr olunmuş bədii-sənədli film istehsal edib.
TRT-nin Bakı nümayəndəliyinin, Regional Televiziya Şəbəkəsinin, Xəzər TV-nin və Cənub Regional Televiziyasının texniki və informasiya dəstəyi ilə hazırlanan film 1918-ci ilin 25 mayından 15 sentyabra qədər olan dövrü əhatə edir.
“Qəzan mübarək, Paşam” adlanan filmdə Türkiyə Hərbi Qüvvələrinin Əsgəri Arxivindən, Rusiyanın Sankt-Peterburq Artilleriya, Rabitə və Mühəndis Qoşunları Hərbi-Tarix Muzeyindən, Azərbaycan Milli Arxiv Fondundan, Britaniya Xarici İşlər Nazirliyinin rəsmi intenet saytından götürülmüş arxiv materialları ilk dəfə nümayiş olunacaq. Çəkilişləri Qazax, Gəncə, Kürdəmir, Şamaxı, Lənkəranda baş tutan filmdə Qafqaz İslam Ordusunun qələbə marşrutunda ən gərgin döyüşlər barədə hərbi məlumatlar yer alacaq, döyüş xəritələri, Qafqaz İslam Ordusu komandanı Nuru Paşa və Əliağa Şıxlinskinin müharibə strategiyasının incəlikləri təqdim ediləcək. Filmdə Nuru Paşanın, Əliağa Şıxlinskinin bədii obrazları yaradılıb, Qazaxda və Gəncədə ordunun qarşılanma səhnələri, döyüş yolunun fraqmentlərini əks elətdirən epizodlar lentə alınıb.
Oskar Kino Şirkətinin baş redaktoru Sədi Məmmədov APA-ya bildirib ki, Bakının azad olunması əməliyyatı “Qəzan mübarək, Paşam” filmində bütünlüklə öyrənilib və Azərbaycan kino tarixində ilk dəfə daşnak-bolşevik-ingilis-alman hərbi qüvvələrinə qarşı Qafqaz İslam Ordusunun qələbə döyüşü detallarına qədər təqdim olunub: “Filmdə Nuru Paşanın, onunla birgə Azərbaycan uğrunda döyüşən türk generallarının qəhrəmanlığı, “vəhşi diviziya” məktəbi keçmiş Tatar süvari alayının azərbaycanlı əsgər və zabitlərinin şücaəti başlıca motivdir. Tamaşaçı Azərbaycana 28 yaşında gəlmiş Nuru Paşanı, onunla birlikdə bütün cəbhə boyu əməliyyatlarında iştirak edən Əliağa Şıxlinskini ilk dəfə tarixdə olduqları kimi görmək imkanı qazanacaq. Qafqaz İslam Ordusunun adı, Qaraməryəm ətrafında gedən qeyri-bərabər döyüşdə məğlub olmamağın sirri, Nuru Paşanın tarixinin gedişini dəyişən 100 saylı əmri, Bakı döyüşündən öncə ordu arasında yayılan müraciətin müəllifi barədə araşdırmalar, kino tariximizdə ilk dəfə həmin dövrdə düşmənin hərbi arsenalı barədə səhih informasiyalar, kütləvi bədii səhnələr “Qəzan mübarək, Paşam” filminin özəlliklərindəndir”.
Ssenari müəllifləri Ramin Vəkilov və İlham Rüstəmov, rejissorları Yaşar Əhmədov və Sain Qəhrəmanoglu olan filmin təqdimatı və yayımı Bakının daşnak-bolşevik qüvvələrindən azad olunması günü – 15 sentyabrda nəzərdə tutulur.







YENİLİKLƏR