Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

SAZA ÜRƏK VERƏN AŞIQ

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Hafiz HACXALIL

 Fariz Ziyatxan oğlu Temir (ov)  19 aprel  1987-ci ildə tarixi Azərbaycan torpağı olan indiki "Ermənistan"ın Kalinino rayonunun İlməzli kəndində doğulub. Uşaqlıq illəri qaçqınlıq-köçkünlük dövrünə düşüb. Kiçik yaşlarından saza sevgisini valideynlərindən gizlədə bilməyib. 1995-ci ildə Şaroyev adına musiqi məktəbinin “Saz” sinfinə qəbul edilib və Qəzənfər Sazbənddən dərs alıb. 1996-1999-cu illərdə keçirilmiş “Qönçə” festivallarında uğurlu çıxışlarına görə dəfələrlə keçmiş mədəniyyət naziri Polad Bülbül oğlu tərəfindən diplomlara layiq görülüb. 2000-ci ildə musiqi məktəbini bitirib. 2007-ci ildə test və qabiliyyət imtahanlarını uğurla verərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aşıq sənəti” fakultəsinə daxil olub. Hal-hazırda IV kurs tələbəsidir. Müəllimi müasir aşıq sənətinin tanınmış simalarından olan Fəzail Miskinlidir.
 “Qardaşın belə qardaşa borcu olmasın”- fikri ilə tam razıyam, ancaq gənc aşıq Fariz haqqında bu yazını yazmağı özümə borc bilirəm. Ona görə ki, bütün şeirlərimi onunla birlikdə yazmışam. Birdən deyərsiniz ki, üç yarpaqlıq şeiri iki nəfərin yazmağını necə başa düşək. Yox, heç də məsələ siz deyən kimi deyil. Əgər Farizin çaldığı saz havaları olmasaydı bircə bəndlik şeiri belə yaza bilməzdim. Şeirin havası gələndə onun sinəsində dil deyən saza üz tutub, ondan imdad diləmişəm. Bəlkə də biz ən xoşbəxt ailələrdən biriyik, ona görə ki, evimizdən səhər-axşam saz səsi gəlir.
Elə ki, axşam düşür, gündəlik qayğılarımızı, dərdimizi, sərimizi, gözmuncuğu kimi üstümüzdə gəzdirdiyimiz kasıblığımızı unudub sözü sinəmizdə oyur-oyur oynayan saza veririk. Uzun durnaboğazlı, gen sinəli, gümüş telli sazlar baş-başa verib, bir-birinə meydan oxuyur. Pərvanələr şamın işığına gələn kimi qocalı-cavanlı bir həyət də saz adlı ocağın başına yığışır beləcə.
1988-ci il – sonuncu deportasiyaya qədər nağıllı payız axşamlarını, uzun qış gecələrini Təmirrər tayfası sazın havaları ilə uc-uca bağlayar, dövran keçirərdilər. Yaxşı yadımdadır, İlməzlidən çıxanda atam birinci sazı götürdü. Mən onda bildim ki, bizim evdə sazdan qiymətli heç nə yoxdur. Köçümüz Gürcüstanın Yırğançaq kəndindən, Qazaxdan, Qəbələdən, Şamaxıdan keçib Bakı şəhərində qərar tutdu. Sazımız da bizim kimi qaçqın-köçkün həyatı yaşadı. Simləri paslandı, sinəsi çartdadı. Amma dözdü, dözdü ki, bizə də dözməyi öyrətsin.
Əsrin əvvəllərində də, 1988-ci ildən sonra da insanlarımız kimi mədəniyyətimizin də başına min oyun açdı erməni vandalları, erməni barbarları. Utanmadan, qızarmadan, yeməyimizi, içməyimizi, musiqimizi xaricdə öz adlarına çıxmaqla məşğul oldular. Biz isə onda yatmışdıq, elə indi də hələ tam oyanmamışıq.
Şükürlər olsun ki, sazı haylaşdırmağa nə özlərinin, nə havadarlarının gücü çatmır. Saz Tanrının türkə göndərdiyi yenilməzlik adlı ruh açarıdır ki, bu açarın da sirli-sehirli 72 dili var. Saz bizim sonuncu dayanacağımız, sonuncu nəfəsimiz və ölərkən gözlərimizə tökülən bir ovuc vətən torpağıdır.

Budur, yenə “Mixəyi” üstündə Fariz meydanda var-gəl eyləyir.

Üzün şehə batmış yaz çiçəyidir,
Nazın oynayır, arı gözlərin.
Sən başdan ayağa gülüstansanmış,
Sarısı, yaşılı, alı gözlərin.

Bilirəm, uzadır məhəbbət ömrü,
Yarı yolda xəyanət ömrü.
Allahın verdiyi əmanət ömrü,
Yarı sən alırsan, yarı gözlərin.

Sevgi çox dərdlərin əlacı oldu,
Mən sevirəm dedim, nə acı oldu.
Yorğun baxışlarım araçı oldu.
Anlaya bilsəydi barı gözlərin.

“50-yə qədər hava bilsəm də “Mixəyi” ən çox sevdiyim havadır. Onda qəribə bir səmimilik var. İnsanı özünə çəkir, onu dindirmək istəyir. Hər güldə, hər gedişdə bir nakam aşiqin ahı, naləsi ürək dağlayır. Elə bilirsən ki, yanan Kərəm, ümidsiz Lələ, nisgilli Dilqəm,  Leyli həsrətində yetim kimi çölləri dolaşan Məcnun elə sən özünsən. Bu hava insanı keçmişə qayıtmağa, bir zaman itirdiklərini axtarmağa, unutduqlarını yada salmağa çağırır. Hər şey rəngli çalarlarla ilahi harmoniya şəklində çəkilmiş bir rəssam tablosuna bənzəyir “Mixəyi”də. Qışın sonuncu nəfəsindən üşüyən yaz havası, günəşə bələnmiş yayın istisi, payızın saralmış yarpaqların dilində torpağa danışdığı həyat fəlsəfəsi, demək olar ki, bütün təbiət hadisələri, insan adlı yaradılmışın etdiyi və edəcəyi günahları, qazandığı uğurları saz havalarında elə böyük dəqiqliklə verilib ki, sadəcə sazı danışdıran adam özü bilir onu”- deyir Fariz. 
Fariz təbiətən çox sadəlöhvdür. Elə bil heç bu zamanənin, XXI əsrin adamı deyil. Hər gördüyünə, hər rastlaşdığına az qala möcüzə kimi baxır. Ancaq onunçün ən böyük möcüzə sazdır. Hər aşiq öz dərdini, hər aşıq elin dərdini çalıb bu sazda. Aşiqin və aşığın dərdini Fariz “Dilqəmi”də belə dilə gətirir və üzünü sevincin də, dərdin də ortağı olan ürəyinə tutur:

Bəlkə də peşmansan yarandığına,
Mən dərman tapmıram, dərdinə, ürək.
Qismətim belədi, ya yerdən çıxar,
Ya göydən başıma dərd enər, ürək.

Götür get başını, çəkil küncə sən,
Hələ döyünəcən, mən ölüncə sən.
Bax, həsrət qalmısan bir sevincə sən.
Mənim də dilimdə dərd dinər, ürək.

Ən böyük arzun nədir? – sualımı o, belə cavablandırır: “Vətən torpaqlarımızı alaq. Çünki torpaq öz-özünə qayıtmır, onu almaq üçün döyüşürlər. Necə ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz bir günlük də olsa bütün Azərbaycanın adından döyüşdü və qalib gəldi. Bir də Allahdan ən böyük arzum odur ki, ilahidən mənə elə ruh gələ ki, şəhid qardaşımın şərəfinə bir “Mübarizi” havası yarada biləm”.
 Sözün düzü Farizin ürəyinə yazığım gəlir, çünki çaldığı havaların havası ürəyinə işləyir, bir tərəfdən də onun ürəyinin yerində olmaq istəyi ürəyimdən keçir. Məncə o ürək xoşbəxtdir ki, onun üstündə saz pərvəriş tapır, saz dillənir.
Hələ ki, subay-sultan gəzir aşıq qardaşım. Bir də ki, aşıq adamdı, hansi gözələ bir gözəlləmə desə...
...Allahdan istəyim budur ki, Farizin ilk məhəbbəti – onun sazı həmişə ürəyinin başında olsun. Sən xoşbəxtsən, qardaşım. Sənin saz adlı dostun, sirdaşın və ilk məhəbbətin var.

 



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib Elnare, 07 Sentybar, 2010 11:16:16
    Hafiz Hacxalılın gənc aşıq Fariz haqqında yazısı məni çox təsirləndirdi. Son zamanlar şair,publisist Hafiz Hacxalılın yaradıcılığı ilə daha yaxından tanış olmuşam. O,qələmindən çıxan bütün yazılarına qarşı çox məsuliyyətlidir, ən əsası isə buyazılarda böyük Azərbaycan dərdi əsas yer tutur.Ona uğurlar arzu edirəm.

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az