Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin başqanı Çingiz Bayramlının SİA-ya müsahibəsi:
-Türkiyə Universitetləri Məzunları İctimai Birliyi fəaliyyət göstərdiyi 10 il ərzində qarşıya qoyduğu məqsədlərə nail ola bilibmi?
-Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) artıq 10 ildir ki, Azərbaycanın ictimai həyatında fəaliyyət göstərir. Bu 10 il ərzində çox böyük nailiyyətlərimiz olub. Xaricdə təhsil alan və ən böyük qüvvəsi olan Türkiyə Respublikasında oxuyan azərbaycanlı gəncləri ölkəmizin hər sferasında olduğu kimi ictimai həyatında da yaxından tanıtmışıq. Sözsüz ki, bütün bu gənclər Azərbaycanın gələcək potensiallı kadrlarıdır. Düşünürəm ki, biz hələ bu potensialın 5 %-ni istifadə edə bilmişik. Bizim təşkilatın elə bir bazası var ki, bundan yaxşı istifadə etdiyimiz müddətdə istər dövlətimizə, istərsə də millətimizə layiqincə xidmət göstərə bilərik. Buna misal olaraq deyə bilərəm ki, Türkiyədə təhsil alan bir çox tələbələrimizin əksəriyyəti indi Azərbaycanın müxtəlif sferalarında çalışırlar. Bunlar istər özəl, istər dövlət, istərsə də qeyri-hökümət sektorlarıdır.
-Sizin təşkilatın məqsəd və vəzifəsi nədən ibarətdir. Yəni təşkilat daha çox hansı fəaliyyətə üstünlük verir?
-Biz təşkilat olaraq ən çox milli vətənpərvər ruhda tədbirlər hazırlayırıq. Ölkəmizi tanıtmaq məqsədi ilə, xüsusilə də işğal olunan ərazilərimizi beynəlxalq ictimaiyyətdə tanıtmaq və bunu yerli mətbuatda aktuallaşdırmaq istəyirik. Onu da qeyd edim ki, biz qardaş Türkiyə ilə çox yaxın əlaqələrdəyik. İstər ictimai birlikləri, istərsə də Tükiyənin Azərbaycanda fəaliyyət göstərən səfirliyi ilə daima əlaqələr saxlayırıq. Ulu öndər Heydər Əliyev demişkən “Biz bir millət, iki dövlətik” tezisinə söykənərək bizim təşkilat bu münasibətləri daim gündəmdə saxlayır. Pul verib nəyisə əldə etmək olar, lakin qardaşlığı dostluğu heç nə ilə əldə etmək olmaz.
-Bildiyiniz ki, sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycan gəlməsi günüdür. Bu günlə bağlı sizin təşkilat hansısa tədbirlər təşkil edəcəkmi?
-Qafqaz İslam ordusunun əsgərləri 1918-ci ildə başda komutan Nuru Paşa olmaqla Azərbaycana gələrək müstəqil dövlət kimi formlaşmağımıza yardımçı olub. O zaman da yenə azğınlaşan bədnam ermənilər Azərbaycanın demək olar ki, bütün bölgələrində qadın, uşaq, qoca demədən insanları vəhşicəsinə qətlə yetirirdilər. Bu dönəmdə Azərbaycanda nizamlı ordu olmadığı üçün ermənilər rus-bolşevik qüvvəsinin köməyi ilə nizamlı bir şəkildə bizim millətimizi məhv edirdilər. Türkiyə dövləti hər zaman bizim yanımızda olub. Bununla bərabər Türkiyə Cümhuriyyətinin qurulmasında azərbaycanlıların da misilsiz rolu var. Buna görə də hər bir türkiyəli üçün Azərbaycan onların ikinci vətəni kimidir. Keçmişdə də bizim ata-babalarımız vətən uğrunda canlarından keçiblər. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və azğın bolşevik-erməni qüvvəsindən bizim xalqımızı azad etməsi məhz 15 sentyabra təsadüf edir. Həmin vaxtda çoxlu türk əsgərinin şəhid olması da danılmaz bir faktdır. Həmin hadisələri də bir daha gündəmə gətirmək və bizim millətmizin ayıqlığını keçmişin tarixindən dərs alıb gələcəyə baxmasını təmin etmək üçün və eyni zamanda da yeni nəslə göstərmək məqsədilə tədbirlər planı hazırlamışıq. Belə ki, ilk olaraq jurnalistlər arasında yazılı müsabiqə elan etmişik. Yaxın zamanlarda qalibləri açıqlayıb onlara mükafatlar təqdim edəcəyik. Bundan başqa, hər il bir rayonda bu mövzu ilə əlaqədar tədbirlər də keçiririk. Əvvəlki tədbirimiz türk əsgərlərinin ən çox şəhid olduğu Göyçay şəhərində baş tutmuşdu. Sonra isə bizim ikinci paytaxtımız olan Gəncə şəhərində olduq. Bu il də Neftçala şəhərində belə bir tədbiri keçirməyi planlaşdırırıq. Artıq yerli icra orqanları ilə danışıqlar aparmışıq. Sentyabrın 13-də orada bir konfrans keçirəcəyik. Konfransdan öncə ümumilli lider Heydər Əliyevin oradakı abidəsini, daha sonra isə ordakı türk əsgərinə ucaldılan abidəni ziyarət etməklə onun önünə əklil qoyulacaq. Ziyarətin ardınca isə şəhər ictimaiyyətinin qatılımı ilə konfrans nəzərdə tutmuşuq. Bununla bağlı həmçinin Bakıdakı universitetlərin birində də tədbirimiz olacaq. Lakin hələ yeri tam dəqiqləşdirməmişik. Tədbirlərin keçirilməsində əsas məqsəd vətən uğrunda şəhidliyin yüksək olduğunu, millətimizin böyük olduğunu dilə gətirməkdir. Yenə də təkrar edirəm ki, insan pul üçün yox, insan üçün can verməyə hazır olmalıdır.
Onu da qeyd edim k, TUMİB-in həftəlik nəşr olunan “Seçkin” qəzeti sentyabrın 15-də Qafqaz İslam ordusunun Azərbaycana gəlməsi münasibəti ilə xüsusi buraxılış çap edəcək.
-Son zamanlar Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı müxtəlif söhbətlər yayılıb. Siz necə düşünürsünüz, Türkiyə-Ermənistanla sərhədləri aça bilərmi?
-Baxmayaraq ki, son zamanlar xoşagəlməz hallar baş verir. Bütün bunlara baxmayaraq Türkiyə heç vaxt Ermənistanın üzünə sərhədləri açmayacaq. Əslində isə bizim Türkiyə ilə bütövləşməyimiz, onlarla daha da yaxınlaşmağımız bölgə üçün sabitliyin təminatıdır, ölkənin inkişafı üçün böyük bir faydadır. Görünür ki, xarici dövlətlərin marağındadır ki, bizim qardaş ölkə ilə münasibətlərimiz pisləşsin. Ancaq bu hal baş verməyəcək. Bu yaxınlarda Türkiyənin xarici işlər naziri bəyan etdi ki, sərhədlərin açılması mümkün olan hadisə deyil. Düşünürəm ki, sərhədlərin açılması Azərbaycandan çox Türkiyənin özü üçün də səhv bir addımdır. Sərhədlər yalnız o zaman açıla bilər ki, işğal olunan ərazilərimiz tamamilə bizə qaytarılsın. Bildiyimiz kimi, artıq Ermənistan ordusu darmadağındır. Bizim dövlətimizin milyonlarca Mübariz İbrahimoğlu kimi qəhrəmanları var ki, həmin igidlər ermənilərin kökünü kəsə bilər. Əgər ali baş komandanımız istəsə, hər bir azərbaycanlı öz torpağını artıqlaması ilə qorumağa hazırdır. Azərbaycanla Ermənistan arasında bu insidentlərin baş verməsi müharibəni qaçılmaz edir. Güclü dövlətlər istəyirlər ki, Ermənistan onlar üçün maşa rolunu oynasın. Hesab edirəm ki, Azərbaycan dövləti daha da güclənməli, özü-özünə daha arxayın olmalıdır. Artıq demək olar ki, güclənmiş bir dövlətik və bütün var gücümüzü bir yerə qoyub torpaqlarımızı azad etməliyik. Bizim buna yetərincə imkanlarımız var. Bununla yanaşı, Prezident İlham Əliyev də beynalxalq aləmdə çox güclü addımlar atır. Lakin millət də öz sözünü deməlidir. Bizim xalq artıq müharibəyə hazırdır, çünki xalqımız torpaqlarımızın azad olmasını istəyir. Hazırda Qarabağda terrorçular məskən salıb, orada narkotik biznes hökm sürür. İnanmıram ki, Ermənistanda hazırda normal insan yaşasın. Çünki orada yaşayan ermənilər Avropa ölkələrinə qaçırlar. Neçə dəfə şahidi olmuşuq ki, erməni hərbi hissələrində olan əsgərlər Azərbaycana könüllü olaraq keçib. Artıq Ermənistan iqtisadi cəhətdən məhv olur.
Samirə Tofiqqızı







YENİLİKLƏR