Ə. QOŞALI
SAZI QARAKÖYNƏKDƏN ÇIXARAN QARAPALTARLI QIZ
“...Bəzi yaxınlardan, bəzi iraqlardan,
Kimi meyvələrdən, kimi yarpaqlardan,
Yoldan gəlmişlərdən, yola çıxacaqlardan,
Yolun kəndisindən mənə bir səslənən var...”
(Orxan Şaiq Gökyay)
Onu üzbəsurət görməmişəm, telefonla yaxud internet üzərindən yazışmağımız, danışmağımız da olmayıb. Onu sadəcə internetin sağladığı imkanlar sayəsində (http://www.youtube.com) seyr etmiş, dinləmişəm. – ...Pərisa Ərsalani! “Sadəcə”, “Sadə” sözünü bu Güneyli sənətçinin adı ilə qoşa çəkmək doğru deyil, bəlkə. – Olsun ki, onun adı Eşqə, Sevdaya, Atəşə, Etiraza, Hayqırtıya daha uyğundur..!
Parisa Ərsalani!
Gur alqışlar altında səhnəyə gələn qara paltarlı, əli sazlı ağüzlü Azərbaycan balası...
Pərisa Ərsalani!Urmulu solo-saz ifaçısı...
(Onun xanəndə, müğənni kimliyi də var. Baxarsız “Sarı gəlin”, “Gül açdı” oxu-yur, baxarsan “Dəşti-təsnif” oxuyur, baxarsan da “Gəl, ey səhər”deyə səslənir...)
***
Qız olan bəndə Sazı bağrına elə basır, deyirsən Saz son ümid yeri, dərd orta¬ğıdır!.. – Heç quşqum yox, bu elə belə də var hərhalda..!
Pərisanın ifası bir etirazdır! – Bəlli quruluşda, bəlli rejimdə yaşayan bir Güney Azərbaycan türk insanının, hələ-hələ xanımın əlinə saz alıb səhnəyə çıxması ...etirazın, barışmazlığın ta kəndisi deyil də, bə nədir?!.
Pərisanın – bu Urmulu balasının müraciət etdiyi havalara diqqət edin: “Osmanlı divanisi”, “Yanıq Kərəm”, “Sarıtel”, “Ruhani”... Hər hava bir başqa havanı (milli, ictimai, siyasi, mədəni, mənəvi-ruhi!..) gətirir. Bu havaların təsirinin ümumiləşmiş bir adı var: TÜRK RUHU! – Bu bir türk əsintisidir!..
***
Pərisa, mən bu sətirləri yazarkən sənin harada yaşadığını (bildiyim qədəri ilə artıq İranı tərk etmisən), yaşının neçə olduğunu, hansı məktəbi qurtardığını bilmirəm (bunları sonra öyrəndim və “özkeçmiş”inin əldə etdiyim qısa bir hissəsini bu yazıya əlavə edirəm), özkeçmişinin dediyim “tutalğac”ları mənə bəlli deyil, amma bilsən mən səni necə du¬yuram, bilsən mən səni necə anlayıram.!? Rəhmətlik Nəzakət Məmmədovaya, ömrü uzun olsun Elnarə Abdulla(yeva)ya bənzəyən ifalarınla da, “Sarı gəlin”, “Gül açdı” “Gəl, ey səhər”dəki təzətərliyinlə də, usta solo-saz ifalarınla da nə qədər doğmasan, nə qədər gözəlsən! –Hər ifanda bir başqa gözəl, bir başqa təzə!.. –Sənin etiraf olunmalı qadın gözəliyin öz yerində, bunu demirəm, necə deyərlər, iç gözəl¬liyini deyirəm, Pərisa, Ürəyini deyirəm sənin!..
Cəlilabadda yaşayıb-yaradan şair Əlirza Həsrət gör nə deyir:
Ömrüm yaz havasında,
İşvə-naz havasında.
Dünya cənnətə dönər,
ölsəm SAZ HAVASInda
Əzizinəm, aşıq qız,
Dünyaya yaraşıq qız,
Öldür məni, qanımı, -
daşı qaşıq-qaşıq, qız.
Pərisa, səni sevənlərin Cənnət arzusunu gözündə qoyma! Amandı, Pərisa, SAZı yerə qoyma...
***
Pərisa Ərsəlani (Parisa Arsalani) 26 iyun 1978-ci ildə Güney Azərbaycanda Urmu şəhərində ünlü bir ailədə doğulub.
Professional müğənni olmamışdan öncə, başlanğıcda o öz bölgəsinin gələnəksəl Azərbaycan musiqisini öyrəndi və tanınmış solo-saz ifaçısı oldu. O İranda çoxlu milli musiqi festivallarının qalibi olub. Pərisa qrafika üzrə universtet təhsili alaraq, qrafik dizayneri kimi yaxşı mövqe qazansa da, özünü musiqidə görürdü...
İranda qadınların oxumasına qadağalar və məhdudiyyətlərə, ölkəsindəki musiqi təhsili sahəsindəki çatışmazlıqlara görə Bakıya köçmüş, bütün çətinliklərə baxmayaraq Azərbaycan Dövlət Konservatoriyasında səs təhsili almışdır.
O, vokal texnikasının irəliləyişi, şərqi oxuma texnikası (necə deyərlər, səs, ahəng, ritm) axtarışlarını davam etdirərək, muğam və unikal vokalizm alanında biliklərini bir¬ləşdirib, kiminə görə ziddiyyətli, kiminə görə harmonik repertuarında Azərbaycanın dü¬nəni, bu günü və gələcəyinə yönəlik (rəngarəng və ekzotik) mahnılar oxuyur.
Universal müğənni, parlaq və güclü vokal təlimçisi Pərsianın səs diapazonu klassik Azərbaycan üsulu xalq çalğı alətləri ilə; və çağdaş mahnıları piano ilə müşaiyət edilir. Amerika musiq jurnalisti və Hollivud film müğənnisi Aleksandra İvanova, Pərisa Arsalaninin oxumağını belə təsvir edir: “Pərisa Arsalaninin səsi görünməmiş və bənzərsizdir: ahəngdar, əzabları ilə sirayətedici, inamı ilə hökmedici. Səsinin rəng kaley¬doskopu – rənglərin ekzotik yeri, itirilmiş sevginin kəhraba çalarları və arzuların poeti¬kasıdır!.. – Hər ikisi həm başa düşülən və həm də vüsala yetməmiş... Baxmayaraq ki, Pərisa hələ cavandır, onun səsi öncəki yüzillərdə bağlı olan yaşlı bir ruh kimi danışır.
Onun texniki diapazonu olduqca qeyri-adidir: o bic əsintiləri Azərbaycan xalq idiomları (deyim, ləhcə) boğanaqlarına keçirə bilir. Qərbin mürəkkəb frazeologiyasına görə Azərbaycan xalq deyiminin uyumu bəlkə çətin ola bilər, ancaq Parisanın kütlə arasında sıçrayışını sağlayan şey onun janr aydınlığı, olağanüstü səsinin dərinliyi və bu dərinliyin duruluğudur.
Pərisanın ehtiraslı vokalizmi, güclü iç dünyası, onun səmimiyyətini şəkilləndirir...”
***
...Pərisa, mən sənin haqqında daha geniş, daha dərin yazmaq istəyirdim, ancaq nədənsə bu istəyimdə uğur qazana bilmədim. İnanıram ki, bu keçici haldır. Mən sənə layiq olduğun yazını borclu qalım, Urmu balası...
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib Əlirza Həsrət, 08 Sentybar, 2010 09:48:47Əfəndim,Əkbər Qoşalı!Saza,sözə,aşıq yaradıcılığına bu qədər önəm verməyiniz,deyərdim ki,bütün türk xalqına oxunan ən etibarlı duadır Tanrı dərgahında.EŞQ OLSUN SƏNƏ! BU ÜNVANDA,BU SİNDƏ, SAZA ÜZ TUT,İSİN DƏ. VALLAH,GÖZMUNCUĞUDUR, SAZ TÜRKÜN SİNƏSİNDƏ Sevgilərlə:ALİRZA HASRET







YENİLİKLƏR