("Yeni nəsil Azərbaycan aşıqları" kitabından)
Ə. QOŞALI
...Urmulu aşıq Qurban Purvəli Əlyar məclisi görək nəynən başlayır? – Aldı görək nə dedi:
Ey varı yoxdan yaradan, bizi gözdən eyləmə,
Kölgəni sal üstümüzdən, çoxdan-azdan eyləmə.
Könül istər haqdan yaza, aydın elə yolları,
Axıcılıq ver dilimə, şirin sözdən eyləmə.
Bülbüllərin mahnısında eşidirəm hər səhər,
Bulaqların şırıltısı səni deyir bir təhər.
Gül çiçəyin gözəlliyi gözəliyindən əsər,
Tamah çəksə əyri yola, bizi düzdən eyləmə.
Darda qoyma o kimsəni, o kəski duydu səni,
Üzərindən uzaq eyə, hər dumanı, hər çəni.
Hər kəs hər nə deyir desin, mən sevmişəm tək səni,
İbadətim sənin adın, xoş avazdan eyləmə.
Yeyran qalıb Aşıq Qurban, təbiətin işindən,
Yay yazından, hər günündən, payıızndan, qışından,
Varlığını duyur ürək, torpağından, daşından,
Yaxşıları qoy yaşasın yaşın yüzdən eyləmə.
(“Eyləmə”/divani)
Aşıq Qurban 1970-ci ildə Güney Azərbaycanın Qaradağ mahalının Dizmar elinin Əlyar kəndində doğulub. 15 yaşında ailəsi ilə birgə Urmuya köçüb. Hazırda Urmu şəhərində yaşayır. Üç övladı var. Övladlarından 1993-cü il doğumlu oğlu Səhənd onun yolunu davam etdirir, daha doğrusu onun yolundadır. (Qurbanın öz atası da el-oba içində oxumağı ilə ün qazanmışdır.)
Saz çalmağı Urmulu Cavad Bozurgəmindən öyrənən Qurban, sonra Təbrizə gedib ustad aşıqlardan dərs alıb. Aşıq Həsən, Aşıq Hacı kimi ustadlar onun yaddaşında dərin iz buraxıb.
Aşığın yaxın dostu, sənət adamı Fərhad Cavadi Abdullaoğlu onun haqqında deyir: “Gözü, ürəyi pak¬dır Qurbanın. Çirkin yollardan, işlərdən uzaq adamdır. Onun təmizliyi, gözəl əxlaqi, sənəti, insanlara münasibəti bir örnəkdir. El-oba ilə get-gəl içindədir, el adamıdır, xalq¬dan ayrı düşmə¬yib. Öz sənətinə aşiqdir. O indiyə qədər onlarla şəyird yetişdirib.
Qurban oxuyan, tədqiqat aparan aşıqdır, hər zaman axtarır-arayır, yazır, toplayır. – Başqa aşıqlardan əsas fərqi budur. Baxmayaraq ki, orta məktəbi də tam oxumayıb, öyrənməkdən, sənətin, aşıqlığın sirlərini mə-nimsəməkdən usanmır. Necə deyərlər, Qurban təkcə sazını çiyninə alıb, dolaşmır...”
Qurbanın sənət özkeçmişindən alıntılar:
- “Sarıtel” Aşıqlar Qrupunu yaradıb;
- Ötən illər boyu üç dəfə İran Radio-televiziya Mərkəzinin musiqi müsabiqəsində I yeri tutub;
- Ankara şəhərində Urmu və Təbriz sənətçiləri ilə üç günlük konsert təşkil edib;
- 2007-ci ildə Bakıda “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” adlı uluslararası seminarda uğurla iştirak edib;
- 2008-ci ildə şair İsmyıl Ülkərlə birlikdə Türki¬yənin Tarsus şəhərində keçirilən VII Qaracaoğlan Şəlalə Şeir Axşamlarında uğurlu çıxışına görə ödülləndirilib;
- Yenə 2008-ci ildə KKTC-də Levkə Avropa Uni¬ver¬sitetinin düzənlədiyi “Sazlı-sözlü görüş”də uğurla çıxış edib;
- 2009-cu ildə Bursada V Uluslararsı Aşıqlar və Şair¬lər Bayramında fəxri II yer ödülçüsü olub;
- 2010-cu ildə “Ana dili Günü” münasibəti ilə Dani¬markada düzənlənən tədbirin iştirakçısı olub.
- 2010-cu ildə Urmudakı “Yaz” basım Evində ilk şeirlər kitabı “Kəndimiz” adı ilə işıq üzü görüb.
Bütün bu yuxarıda yazdıqlarımız Aşıq Qurbanın sənət ömürlüyündən ancaq (artıq vurğuladığımız kimi) alıntılardır. Qurbanın şüurlu yaşamı məclislərdə keçib, toyda-mağarda, konsert salonlarında keçib, səfərlərdə keçib. Onun el-obadan ayrı günü olmayıb. Ustad görmüş, özü də ustadlaşmış Qurban yaradıcı aşıq olmağı etibarı ilə, məclisi öz şeiri ilə başlayıb, öz şeiri ilə qurtardığı vaxtlar olsa da ustadları heç (Anadolulu qardaşlarımız demiş, amma heç..!) unutmur. Ustadların sözü onun ağzının tamı-dadı, dilinin əzbəridir, qulağının dincliyi, könlünün sevincidir...
***
...Elə ki, məclis sona yetir, bayaqdan (öncə) Allahın sifətlərini tərif edən, Peyğəmbəri vəsf edən, qaydasınca bəy-gəlini tərif edən, yeri gəldikcə türlü sifariş¬ləri yerinə yetirən Aşıq Qurban sazı sinəsinə basıb, bu dəfə elini-gününü saza-sözə “daşıyan” bir mü¬xəmməslə sözü tamama yetirir (– tərəfindən ərz eləyək, xoşbəxt olun) :
Dızmar mahalından təksən,
Azdı ənin tayın Əlyar.
Uca dağların qoynunda
Xoşdur yazın, yayın Əlyar.
Baş-başa çatıb dağların
Saymaq olmur sayın, Əlyar
Aranın var, yaylağın var,
Allah verib payın, Əlyar.
Mahallarda adlı-sanlı
Xeyrin-şərin, toyun, Əlyar.
Xoşum gəlib ellərindən,
Baş əyməyib bəyə, xana.
Hüseyn kimi igidlərin
Bac vermədi pəhləvana
Aşıq Məhəmməd Əlyarlı
Yetmişdi şöhrətə, şana
Hac Mənim oğlu İbrahim
Kəndini satmazdı xana,
Adı bəlli alimiyin
Xoşdu ilin, ayın, Əlyar.
Zaman keçdi, illər ötdü
Ellərin üstündən köçdü
Zaman çərxi tərsə döndü
Qapını qürbətə açdı
Neçə oğlun şəhid oldu
Quş kimi əlindən uçdu
Qurban oxur həsrətində
Bu dünyanın sonu puçdu
Ürəyində çoxlu dərdi
Dilində harayın, Əlyar...
(“Əlyar”)







YENİLİKLƏR