Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun SİA-ya müsahibəsi
-İlham müəllim, yaxın vaxtlarda hansı tədbirlər keçirməyi planlaşdırırsınız?
- Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən qarşıdan gələn 15 iyun – Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçiriləcək. Belə tədbirlərdən biri də Salyan rayonunda bizim şirkətin (“Klassik Aİ” Məhdud Məsuliyyətli Müəssisə) nəzdində olan futbol komandasının da iştirak edəcəyi rayonlararası turnir təşkil olunacaq. Bu turnir artıq 10 ilə yaxındır ki, 15 iyun - Qurtuluş Günü münasibəti ilə təşkil olunur. Turnirdə Salyanətrafı 6-7 rayonun futbol komandaları iştirak edəcək və sonda qalibə mükafatlar veriləcək. Eyni zamanda, Salyanda rayon İcra Hakimiyyəti ilə ATXƏM tərəfindən birgə konsert proqramları təşkil olunacaq. Həmin ərəfədə, həmçinin türkdilli dövlətlərdən də qonaqlarımız olacaq və onlarla birgə də belə tədbirlər keçirəcəyik. Yaxın günlərdə bununla bağlı ATXƏM-in hazırladığı tədbirlər proqramı barədə ictimaiyyətə məlumat veriləcək.
- Bəs ortaq türk dili ilə bağlı hansı tədbirlər təşkil olunacaq?
- Bu il ərzində ATXƏM tərəfindən ortaq türk dili ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar təxminən 40-50 nəfər dilçi alimin həmin tədbirə dəvət olunması gözlənilir. Bu, böyük bir addımdır. 3 ildən sonra artıq müəyyənləşəcək ki, ortaq türk dili hansı dilə yaxındır və hansı sözlər salınsın. Hazırda bu məsələ ilə əlaqədar lüğət işlənilir.
- ATXƏM-in hazırladığı layihələr hansılardır?
- Ötən ilə ATXƏM 13 layihəni reallaşdırıb ki, onlardan da ikisi beynəlxalq layihə olub. Həmin layihələr çərçivəsində biz “Nuru Paşa” filminin çəkilişi ilə əlaqədar olaraq İstanbuldə səfərdə olmuşuq. Filmin bir hissəsi Türkiyədə çəkilib. Bu filim ATXƏM-in şəxsi vəsaiti hesabına “İctimai” televiziyanın texniki dəstəyi ilə ərsəyə gəlib.
- Türkdilli Dövlətlərin Ortaq Parlament Assambleyasının yaradılmasına necə baxırsınız?
- Bu təşəbbüs Azərbaycan tərəfindən atılan bir addımdır ki, bu da çox normal bir təşəbbüs hesab olunur. Bu cür görülən işlərin hər biri türkçülüyün inkişafına doğru bir addımdır. Bu gün dünyada bir sıra birlik, təşkilat yaradılır. Məsələn Avropa Birliyi və digər beynəlxalq təşkilatları sadalamaq olar. Amma, tarixə baxsaq görərik ki, vaxt olub, Avropa dövlətləri bir-biri ilə düşmənçilik siyasəti aparıblar, amma bu gün həmin dövlətlər Avropa Birliyi adı altında birləşib yaxşı münasibətdə fəaliyyət göstərirlər. Nəyə görə türkdilli dövlətlərin də birliyi olmasın? Mən bu baxımdan təklif olunan Trürkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılmasını müsbət addım hesab edirəm. Bütün bunlar atılması vacib olan zəruri addımlardır. Bu gün dünyada 250-300 milyon nəfərə yaxın türk yaşayır və bu, az rəqəm deyil. Biz bu qədər türkin birləşməsinə, ən azı hər hansı bir təşkilatda birgə fəaliyyət göstərməsinə səy göstərməliyik. Biz - azərbaycanlılar uzun müddət keçmiş Sovet İttifaqının tərkibində təzyiq altında yaşamışıq və bizə türkçülüyümüzü unutdurmağa çalışıblar. Bizim həmyerlimiz Əli bəy Hüseynzadə də türk dilində yazdığı və türk dilini təbliğ etdiyi üçün qətlə yetirilib. Azərbaycanın milli tarixində çox buna oxşar hadisələr baş verib.
Bütün bunların fonunda ümummilli liderimiz Heydər Əliyev türkçülüyün inkişafında və tarixində böyük izlər qoyub. Ulu öndərimiz türkçülüyün tanınmasında öz həyatını dəfələrlə risk altında qoyub və ona edilən təzyiqlərə məhəl qoymayaraq türkçülüyümüzün qorunmasında böyük xidmətlər göstərib. Ondan sonra isə dəfələrlə cənab prezidentimiz İlham Əliyev çox-çox dəyərli işlər görüb. Cənab prezidentimizin türkçülüklə bağlı bir sözünü xüsusilə vurğulamaq istəyirəm. O, deyirdi ki, biz artıq hücuma keçməliyik, ən yaxşı strategiya hücumdur.
Yəni, demək istəyirəm ki, bu gün Azərbaycanın diasporu, siyasəti, iqtisadi və hərbi gücü artıb, bütün bunlar göz qabağındadır. Mən bir çox türkdilli dövlətlərin ziyalıları ilə tez-tez görüşüb söhbət edirəm. Belə söhbətlər zamanı aydın görünür ki, dünyada mövcud olan türk xalqlarında artıq milli oyanış ruhu oyanıb.
- Necə oldu ki, ATXƏM kimi təşkilatı təsis etdiniz?
- Biz gördük ki, bu sahədə müəyyən boşluqlar var və ona görə 2007-ci ildə ATXƏM kimi təşkilatı dövlət qeydiyyatından keçirərək fəaliyyətə başladıq. Bilirsiniz, hər bir yaranan təşkilat Azərbaycanın dövlətçiliyi, milli mənafeyi və inkişafı naminə əlindən gələni əsirgəməməlidir. Biz türkçülüyü və dövlətçiliyi daim təbliğ etməliyik. Mən bu təşkilatı yaradanda tərəddüd edirdim ki, görəsən biz nəyəsə nail ola biləcəyikmi? Yoxsa, ölkədə yüzlərlə qeyri-hökumət təşkilatı (QHT) yaradılır və yarandığı gündən də ancaq qrant davası edirlər, qısa vaxtdan sonra isə sıradan çıxmalı olurlar. Bilirsiniz, müassir dövrdə real olaraq görülən iş olmasa, gündəmdə qalmaq mümkün deyil. Mən bu sözlərimi Azərbaycanda fəaliyyət göstərən bütün QHT-ə aid edirəm.
Amma bizim QHT - ATXƏM-in bir il ərzində gördüyü işlər on ildə görülən işlərə bərabərdir. ATXƏM-ə gələn qonaqlar təşkilatımızın gördüyü işləri yüksək qiymətləndirirlər. Mən ATXƏM-də gördüyüm işlərdən qazanc güdmürəm, dövlətçilik və türkçülük naminə vəsait sərf edirəm. Elan edirik ki, yazıçılar və alimlər gəlib ATXƏM-in jurnalında öz yazılarını dərc etsinlər, həmin yazılara görə mukafatlar təsis edirəm.Bundan əlavə, bu yaxınlarda ATXƏM-in nəzdində Gənclər Birliyi yaradılacaq. Birliyin yaradılmasında məqsəd, gənc yazarların kollektivimizə dəvət olunaraq burada öz yazılarını hazırlaması və digər işlər görməsinə xidmət göstərməkdir. Bu yazarların hər biri ATXƏM-in kompüter avadanlıqlarından istifadə edə biləcəklər. Həmin gənclər həm də burada ictimai işlərdə təcrübə əldə edəcəklər. İşimizin istiqaməti isə sırf Azərbaycan dövlətçiliyinin apardığı yolla faydalı işlər görməkdir. Bu gün bizə dövlət səviyyəsində dəstək olduğu üçün mən buradan ilk növbədə cənab prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Bundan əlavə, Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov və digər insanlara öz minnətdarlığımı çatdırıram. ATXƏM-in təsisçisi olaraq mən Azərbaycanda dövlətçiliyi və türkçülüyü təbliğ edirəm.






