Əbülfət İSLAM
Ağrın alım
Nə müddətdir gizli-gizli,
Əriyirəm, ağrın alım.
Köz üstündə ayaqyalın,
Yeriyirəm, ağrın alım.
Dolaşıbdır ayım-günüm,
Od tökür fəryadım-ünüm,
İnsaf elə, ömrüm-günüm,
Çürüyürəm, ağrın alım.
Gəl, sığal çək ilhamıma,
Dön, çevril ömür şanıma,
Əzabımı əndamıma,
Bürüyürəm, ağrın alım.
Sevdan ilə quş olmuşam,
Eşqindən bihuş olmuşam,
Öz dərdimə qoşulmuşam,
Sürüyürəm, ağrın alım.
İslamın niskili çoxdur,
Təklik kürəyimdə oxdur,
Səsimə səs verən yoxdur,
Kiriyirəm, ağrın alım.
Gözlər
Hər gecə öz xəyalımdan,
Məni xəbər alan gözlər.
Görüşümüz gecikəndə,
Xəyallara dalan gözlər,
Məni məndən alan gözlər.
Soyuq ötsəm yağışıyla,
Şimşək kimi çaxışıyla,
Sevgi dolu baxışıyla,
Canıma od salan gözlər.
Məni məndən alan gözlər.
Baxışında çiçək ətri,
Əzizdir hər şeydən xətri,
Əbülfət İslamdan ötrü,
Gözü yolda qalan gözlər,
Məni məndən alan gözlər.
Yoxdur
Xoş günümün murazısan,
Bəd günümün ayazısan,
Sən alnımdakı yazısan,
Bu yazıya pozu yoxdur.
Ömür qızılquş tək ötür,
Heç gözlənilmədən bitir,
Vüsalına bu gün yetir,
Gülüm, geci-tezi yoxdur.
Külə dönsə bu ömür-gün,
Hicranım olmasa sürgün,
Deyəcəklər İslam üçün,
Daha izi – tozu yoxdur.
18.01.1999
Həsrət qalmışam
“Öz dünyamız” xəyaldımı?
Gendə durmaq vüsaldımı?
Allah, bu gözəl laldımı?
Sözünə həsrət qalmışam.
Gözləyirəm, hicran bitmir,
Ayağım yeriyib getmir,
O mələk qarşımdan getmir.
İzinə həsrət qalmışam.
Kaş ki, yuxum çin çıxaydı,
Bir ağ göyərçin çıxaydı,
Barı qanrılıb baxaydı,
Gözünə həsrət qalmışam.
Onsuz ilə dönüb anım,
Üzür məni həyacanım,
Bir görün, sən mənim canım,
Özünə həsrət qalmışam.
Bir bulaq var ...
Bir çiçək var, ətri məni məst edir,
Qoxlayanda gəncliyimi anıram.
Gözəllikdə yer üzündə tayı yox.
Göydən düşmüş bir möcüzə sanıram.
Bir ahu var, düşmək olmur izinə,
Bir səyyad var, qan sağılıb gözünə,
Bir kitab var, hikmət dolu xəzinə,
Əzbərləyib yaşamağı qanıram.
Bir aqil var, İslam adlı-dərindi,
Bir aşiq var, eşq oduna büründü,
Bir bulaq var, suyu baldan şirindi,
Doyammıram, hey içsəm də yanıram.
30.01.1999
Çox şükür
Ömür yolum indi qoşa çığırdı,
Əziyyətmi, yox, bəlkə də uğurdu,
O işığa məni qismət çağırdı,
Tanrı verən o qismətə çox şükür.
İki sahil-aramızı sel kəsir,
İki günah-cəzəsını el kəsir,
İki könül bir-birinə tələsir,
Sədaqətə, ülviyyətə çox şükür.
İslam nədən intizardı, nə deyim.
Xəyal gəldi, huş apardı, nə deyim.
Ürəyimiz günahkardı, nə deyim,
Bu sevgiyə, məhəbbətə çox şükür.
31.01.1999
Mənim
Yaman gündə dərdbilənim, həmdəmim,
Ehtiyacım, sərvət – varımsan mənim.
Ləyaqətim, səadətim, şöhrətim,
Uzun dilim şah vuqarımsan mənim.
Qəm güc gəlsə, kədərimi yuyansan,
Qəlbim sınsa, ona məlhəm qoyansan.
İstəyimi baxışımdan duyansan,
Ləkə bilməz namus – arımsan mənim.
Bu könlümün kitab – kitab sözü var,
İstəyimin qaralmayan közü var,
Taleyimdə vüsalımın özü var,
Mən İslamam, sənsə yarımsan mənim.
20.03.1999
Sən yanımda olanda
Qüssə məndən gen qaçır,
Sən yanımda olanda.
Arzularım gül açır,
Sən yanımda olanda.
Baxırsan hürkək – hürkək,
Quş tək çırpınır ürək,
Gəncləşirəm, ay mələk,
Sən yanımda olanda.
Dünya olur tamaşa,
Vüsalımız baş – başa,
İlhamım gəlir cuşa,
Sən yanımda olanda.
Ömrümdən gün silmərəm,
Ah – fəğana gəlmərəm,
Dərd – qəm nədir – bilmərəm,
Sən yanımda olanda.
Gül qoxuyur asiman,
Sevincim olur ümman,
İslam susmaz bircə an,
Sən yanımda olanda.
20.03.1999
...məni çağır
Başında şimşək çaxsa,
Yanağından yaş açsa,
Qəm sənə gülüb baxsa,
Kədəri kökündən qır,
Yanına məni çağır.
Çək eşqin hər nazını,
Çal məhəbbət sazını,
Dərd boğsa murazını,
Onda dayanma, hayqır,
Yanına məni çağır.
And içmək yalan örtər,
Vüsala qolunu gər,
Həmdəm axtarsan əgər,
- İslam! – səsləyib bağır
Yanına məni çağır.
20.03.1999
Nəticə
Qüdrət – Allah ixtiyarı,
Sərvət – insana payıdır.
Həsrət – qəlbin intizarı,
Xiffət – könlün harayıdır.
Ümid – həyat adlı işıq,
Vüsal – çal – çağırlı aşiq,
Sevgi – hər ömrə yaraşıq,
O, xoşbəxtlik sarayıdır.
Həsəd – ömrün yarasıdır,
Paxıllıq – üz qarasıdır,
Yaltaq – insan urasıdır,
Bulanmış şoran çayıdır.
Mərdlik – kişi nişanıdır,
Qeyrət – insanı tanıdır,
Xeyriyyə - əl imkanıdır,
Xəsis – yezidin tayıdır.
Bu dünyanın yoxdu sonu,
Od - əndamı, alov – donu,
İslam gedib gəzib onu,
İndi də geri qayıdır.
20.03.1999
Bilməzsən
Biz bir arzunun səsiyik,
Məhəbbətin nəfəsiyik,
Bir istəyin kölgəsiyik,
Məni tərk edə bilməzsən.
Ürək mənəm, nəfəs sənsən,
İstək mənəm, həvəs sənsən,
Bülbül mənəm, qəfəs sənsən,
Uzağa gedə bilməzsən.
Sən şamsan, mən sınıq şamdan,
De, kim doyar bu ilhamdan?!
Gülüm, hissini İslamdan,
Heç vaxt gizlədə bilmzsən.
26.03.1999







YENİLİKLƏR