Xalq şairi Zəlimxan Yaqubun “Türküstan” qəzetinə müsahibəsi
Bu günlərdə xalq şairi Zəlimxan Yaqubun iki kitabı işıq üzü görüb - "Peyğəmbər" və "Dünya Türkün dünyası". Həm bu kitablar haqda söhbətləşmək, həm də son dönəmlərdə ölkəmizdə, bölgəmizdə baş verən müəyyən məsələlərə münasibətini öyrənmək üçün Zəlimxan bəylə görüşdük.
- Bildiyimizə görə yeni çıxan kitabınız "Dünya türkün dünyası" Türkiyə səfirliyinin təşəbbüsü və dəstəyi ilə ortaya çıxıb. Öncə istərdik bu haqda bilgi verəsiniz.
- 2009-cu il yaradıcılıq baxımından, mənim üçün uğurlu gəlib. Və bu uğurun içində mənim yeni çap olunan kitablarımın da payı var. Bunlardan "Peyğəmbər"in nəşri məni çox sevindirib. Çünki, peyğəmbərlə bağlı az qala ömrümü verdiyim bir kitab işıq üzü görüb. Mənim bir sevincim də "Dünya türkün dünyası" adlı şeirlər kitabımla bağlıdır. Bildiyiniz kimi son illərdə Türkiyə ilə Azərbaycanın bu qədər bir-birinə yaxınlaşması, münasibətlərin getdikcə istiləşməsi bütün tərəflərdən qapı açdığı kimi, ədəbiyyatımıza, poeziyamıza da qapılar açır. Azərbaycan ədəbiyyatı Türkiyədə, Türkiyədə yaranan ədəbiyyat Azərbaycanda çap olunmağa başlayıb. Mənim "Bugün-sabah dünya bizim olacaq" şeirim bir çox tədbirlərdə, o cümlədən "TRT-AVAZ" telekanalının açılışında səsləndiriləndən sonra Türkiyənin Azərbaycandakı səfiri hörmətli Hulusi Kılıç bəy məni görüşə dəvət etdi, onun ziyarətinə getdim. Azərbaycan və Türkiyədən olan millət vəkillərinin də qatıldığı görüşdə mənim yaradıcılığımla, kitablarımla maraqlandılar. Orada Hulusi bəy belə qərara gəldi ki, bir qisim şeirlərim Türkiyə türkcəsinə uyğunlaşdırılıb çap edilsin. Çox sağ olsunlar. Türkiyə səfirliyinin maddi və mənəvi dəstəyi ilə "Dünya türkün dünyası" nəfis şəkildə çap olundu. Kitabın xeyli tirajı var. Artıq bu kitab Türkiyəyə göndərilib, kitabxanalara, universitetlərə, elmi mərkəzlərə paylanmaq üçün.
"Yaradıcılığımda Turan, Türküstan mövzusu ədəbi mövzu olacaq"
Bu kitab mənim dünyaya gələndən bu günə qədər yaşadığım müqəddəs duyğularla bağlıdır, Türk ruhumla, Turan ruhumla bağlıdır. Və Ziya Göyalpın, Əhməd Ağaoğlunun, Atatürkün, Yusuf Akçuranın, Məhəmməd Əmin Rəsulzadənin, Əli Bəy Hüseynzadənin, İsmayıl Bəy Qaspıralının ideyaları ki, hər gün yenidən kəşf olunur, təzələnir, dövlət tədbirlərində, şəxsi görüşlərdə bu insanlar ki, hər gün xatırlanır, bütün bunların məndə belə bir coşqunluq yaratdı ki, mənim yaradıcılıq yolumda Türklük, Turan, Türküstan mövzusu ədəbi bir mövzu olacaq. Bu gün sizə təqdim olunan "Dünya türükün dünyası" da həmin duyğuların, həmin çırpıntıların bəhrəsidir. Hörmətli alimimiz Azər Turan mənim haqqımda "Əzəl-axır dünya türkün dünyası" adlı bir şeir yazıb. O kitab oxucular tərəfindən böyük rəğbət qazandığı üçün indi çıxan kitaba da o adı qoyduq.
- Nə üçün bu adda israr etdiniz?
- Dünyanın gedişinə, axar-baxarına baxırıq, Türkün tarixinə, bu gününə və gələcəyinə baxırıq, tarixin məntiqi bizə deyir ki, elə dünya Türkün dünyası olacaq. Ona görə də mən bu adı saxladım. Və hesab edirəm ki, düz eləmişəm. Çünki, kökə, tarixə, Türk tarixində dastanlaşmış şəxsiyyətlərə arxalananda dünya Türkün dünyası olur. Biz tarixin dərinliklərinə getdikcə görürük ki, dünyada neçə-neçə dövlət, imperatorluqlar quran bir millətin övladlarıyıq. Biz bölməməliyik ki, bu Azərbaycan türküdür, o qırğız türküdür, bu Anadolu türküdür. Qətiyyən. Türk birdi bu dünyada. Tarixdə olduğu kimi bu gün də onun müxtəlif dövlətləri var. Amma bir proses də var. Türk bu gün yığıla-yığıla gəlir, birləşə-birləşə gəlir, tarixi səhvlərindən nəticə çıxarmaq məqamına gəlib çıxır. XX əsr Türkə düşmədi, XXI əsr inşallah Türkün əsri olacaq. Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin dörd misrasını xatırlayıram:
Ey könül möhkəm ol keşməkeşlərdə,
Çox da öyünmə ki, mən ağıllıyam.
Ağılsız işimi bildiyim yerdə,
Mən ən ağıllıyam, ən ağıllıyam.
Mənə elə gəlir ki, bu gün biz keçmişin ibrət dərslərindən nümunə götürməliyik, bir də səhvlərə yol verməməliyik. Həmişə səhvlərdən söz düşəndə deyirlər ki, Şah İsmayılla Sultan Səlim qarşılaşdı, Çaldıranda qardaş qanı töküldü. Amma tarixə dərindən baxanda görürsən ki, Çaldıranın adı çıxıb. Dəfələrlə Osmanlılarla Qızılbışlar arasında savaşlar olub. Hər dəfə də 30 min, 50 min adam qırılıb. Qırılan kimdir, Türklər, qıran kimdir, Türklər. Kimlərin fitvası ilə - avropalıların. Ona görə də bu gün biz həmin səhvlərdən dərs almalıyıq. Mən şadam ki, bu gün tarixi mövzuda əsərlər yazırlar. Yunus Oğuz "Nadir Şah"ı yazıb, Elçin Hüseynbəyli "Şah Abbas" yazıb. Biz nə qədər bu kitablara doğru getsək və tarixi mənbələri daha çox araşdırsaq, səhvlərimizi başa düşəcəyik ki, Türk Türkün sahibi, dostu, qardaşı olmalıdır. Əgər bu gün Qarabağ məsələsi varsa, Təbriz məsələsi varsa, Kıbrıs məsələsi varsa, Kərkük məsələsi varsa, Borçalı məsələsi varsa, bunların hamısının kökü həmin bəlalardan gəlir. Bu gün dünyada yaşayan Azərbaycan türkləri - 50 milyon demək istəmirəm, bəlkə 100 milyondur, öz tarixi səhvlərini anlamaq imkanı əldə ediblər. Həmçinin də bütün türklər. Tarix bizə bu fürsəti verib. Birinci fürsət budur ki, Azərbaycan adında bir məmləkət var. Bu gün elə etməliyik ki, tarixi səhvlərimizi təkrarlamayaq.
"Neyləyəsən ki, nə Türkiyə təkcə Türklərdən ibarət deyil, nə də Azərbaycan"
- Bir iki ay öncə Azərbaycanla Türkiyə arasında "sərhəd" məsələsindən doğan bir böhran yaşandı. Sizcə, məsələnin bu səviyyədə qəlizləşdirilməsi lazım idimi?
- Mən bu söz-söhbətlərin əvvəlindən mətbuatda münasibətimi bildirmişdim ki, Ermənistanla sərhədin açılması dünyada ola bilməz. O qapı açıla bilməzdi. Ermənistanla qapıların açılması, Türkiyə ilə Azərbaycan arasında qapıların bağlanması deməkdir. Və burda Ermənistanla sərhədlərin açılması o qədər faciə deyildi, bu fürsətdən istifadə edib, Azərbaycanla Türkiyə arasında nifaq toxumu səpmək istəyənlərin fəallaşması daha qorxulu faciə idi. Şükürlər olsun Allaha ki, bu günlərdə Türkiyə baş naziri Azərbaycana səfər etməklə və verdiyi sağlam bəyanatlarla bu dedi-qodulara son qoydu. Mən bir Zəlimxan olaraq bütün həyatım boyu Türk dünyası ilə bağlı oxuduğum əsərlər və gəldiyim qənaət mənə onu deyir ki, bu gün səhvlərə yol verməyə haqqımız yoxdur. Ona görə mən bəyan edirəm ki, heç bir qüvvə, heç bir şeytan, heç bir ingilis barmağı Azərbaycanla Türkiyəni bir-birindən ayıra bilməz. Bunlar bir candı, bir ürəkdir.
- Azərbaycan və Türkiyə türk dövlətləri olsalar da, toplumları rəngarəngdir. Bu baxımdan, həmin təhlükəli məqamlarda cəmiyyətin təpkisi sizi qane etdimi?
- Azərbaycan da, Türkiyədə müstəqil dövlətdir, özlərinin dövlət maraqları var. Ancaq bununla belə dövlətin maraqları milli təfəkkürdən qaynaqlanmasa, parçalanar, dağılıb gedər. Türkiyənin də, Azərbaycanın da dövlət maraqları tələb edir ki, hər ikisi güclü, dünya miqyasında sayılan, seçilən dövlət olsunlar. Bütün yollar ona sarı gedir. Və neyləyəsən ki, nə Türkiyə təkcə Türklərdən ibarət deyil, nə də Azərbaycan təkcə Azərbaycan türklərindən ibarət deyil. Bu ölkələrdə çoxlu azlıqlar var və bu azlıqların içərisində Türklərin əleyhinə işləyənlər, Türkün düşməni olan bəzi qüvvələr var. Və onların qarşısında biz daha güclü bir-birimizi dərindən dərk etməliyik. Burda mətbuat həddən artıq həssas olmalıdır, ehtiyatlı olmalıdır, dövlətin marağını gözləməlidir. Boş-boş şüarlarla xalqı çaşdırmamalıdır. Mətbuat milli təfəkkürə, dövlətçiliyə xidmət edən siyasətin səngərində durmalıdır. Amma sən gördün, bu arada mətbuatda nə oyunlar oynadılar. Adamı dəhşətə gətirən ifadələr, başlıqlar, xəyanət ittihamları... Hamımız sarsılırdıq. Mən bir daha mətbuatdan xahiş edirəm, Azərbaycan-Türkiyə münasibətlərində hər kəs ehtiyatlı olmalıdır. Və birmənalı şəkildə bilməlidirlər, Azərbaycan müstəqilliyini qazananda onu ilk tanıyan Türkiyə olub. Azərbaycan həmişə Türkiyənin yanındadır, Türkiyə Azərbaycanın yanındadır. O biri Türk dövlətləri bu sözümdən inciməsinlər, dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan, doğma olan dövlətlər yoxdur. Yoxdur belə nümunə. Bir faciə baş verdi ki, kommunist rejimi quruldu, 70 il qardaş qardaşdan aralı düşdü. 70 ildən sonra yenidən qucaqlaşmışıq. Bunu istəməyən qüvvələr hamısı səfərbər olub. Gecə-gündüz min bir plan qurur ki, Azərbaycanla Türkiyə arasında soyuqluq yaratsın. Ona görə ayıq olmalıyıq. İndi Axərbaycanda bir adam, Türkiyədə bir adam axmaq söz işlədib qarşı tərəfin ünvanına. Bunu kütləviləşdirmək olmaz. Dövlət var, dövlətin münasibəti var. Gördünüz, iki dövlət başçısı danışdılar məsələni aydınlaşdırdılar. Yanaşı durdular, hər şey bitib getdi. Bir daha təkrar edirəm ki, sərhədlərin açılması mümkün ola bilməz. Çünki, biz ermənilərdən nə zülmlər çəkmişiksə, on o qədər Türkiyə çəkib. Neçə yüz illərlə dövlətçilik təcrübəsinə malik olan bir toplum belə səhvlərə yol verməz. Mən buna tam arxayınam.
"Peyğəmbər"ə gətirən qüdrətin adı, peyğəmbərə sevgidir"
- Zəlimxan bəy, istərdik bir qədər də "Peyğəmbər" kitabı haqda danışasınız. Deyirlər, şairlər məqamı gələndə andi olaraq durub şeir yazırlar və tamamlayırlar. Amma bildiyimizə görə "Peyğəmbər" poeması bir anın, bir gecənin, bir gündüzün işi deyil. Buna uzun müddət vaxt sərf etmisiniz...
- İbrahim Həqqi həzrətləri deyir ki, Mövlam görəlim neylər, Neylərsə, gözəl eylər. Mənim Borçalıda doğulmağım, orada Məhəmməd peyğəmbərlə bağlı Mövlud gecələrinin çox təntənəli keçirilməsi, dərvişlərin söyləmələri, nələr, nələr... Uşaq illərindən peyğəmbərin şəninə söylənənlər ömür boyu qulaqlarımda asılıb qalıb. Sonra Azərbaycan Dövlət Universitetində təhsil alanda Əli Fəhmi kimi "Quran"ı tərcümə edən bir alimin mənim müəllimim olması, mənə dərs deməsi, iki dəfə getdiyim Məkkə ziyarəti, Məkkə haqqında şeirlər yazmağım "Peyğəmbər"ə gətirib çıxardı. Rəhmətlik müəllimim hansı klassikdən danışırdısa, axırını gətirib "Quran"a bağlayırdı. Şərq dünyasının böyük söz ustadları Nizamidən, Nəvaidən, Dəhləvidən, Rumidən, Caviddən başlamış, ta Şəhriyara qədər çox şeylər oxudum. Bir çox kitabları mütaliyə etdim. Və beləı bir ilahi eşq gəldi ürəyimə ki, belə bir əsər yazılmalıdır. Çünki, sovet rejimi çox şeyi bizə qadağan etdiyi kimi, dinimizə də qadağa qoymuşdu. Mən gördüm ki, indiki dövrdə çox hərc-mərcliklər var, çaşqınlıqlar var. Düşündüm, mənim bir şair kimi xidmətim nə ola bilər ki, bu çaşqınlığa aydınlıq gətirim. Bu gün insanları haqqa, duruluğa çağırmaq üçün yeganə bir yol var. O peyğəmbərə müraciətdir. Allah rəhmət eləsin Hüseyn Cavidə. Ötən əsrin əvvəlində "Peyğəmbər" əcərini yazdı. Ona da "Peyğəmbər" poemasında böyük ehtiramımı bildirmişəm. Məni "Peyğəmbər"ə gətirən qüdrətin adı, peyğəmbərə sevgidir. Və bütün bunlar gətirdi ömrümün bu mübarək məqamlarında Bəlli toxum, bəlli sünbül, bəlli dən, Haqq özüdür müşkülləri həll edən. Maya tutdum, yük bağladım əllidən, Altmışa "Peyğəmbər"lə gəlmişəm. Altmış yaşıma "Peyğəmbər"lə gəldim. "Peyğəmbər"i yazanda başqa bir aləmə getdim, təmizləndim, duruldum, Cavidi bir daha təsdiqlədim ki, "Mən hüsnü xuda şairiyəm". O ucalığa yetmək üçün insanın içində illərlə çalxalanmalar getməlidir. Allahıma minnətdaram ki, ömrümün bu məqamında mənə bu əsəri bəxş etdi. XX əsrin əvvəlində Cavidin "Peyğəmbər"i yazılmışdı, XXI əsrin əvvəlində Zəlimxan "Peyğəmbər" poemasını yazdı. Cavid dramaturq kimi yazmışdı, mən şair kimi yazmışam.







YENİLİKLƏR