Zəlimxan YAQUB
Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın,
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Şəhid verin, qurban verin, can verin,
Cansızlara şah damardan qan verin,
Gəmi kimi sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Düşmən məni düz düşünməz, çaş anlar,
Haqq sözümü qaya duyar, daş anlar,
Qayıdacaq Çin səddini aşanlar,
Tarixlərə təzə sözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib Akəm Xaqan, 10 İyul, 2009 13:19:17Mən Sizi gözəl bir insan, natiqlik qabiliyyeti ile xususile ferqlenən müəllim və ən əsası vətənpərvər bir sənətkar kimi sevirik. Şerdən göründüyü kimi doğrudan da bizim özümüzü dərkə, həqiqi vətəndaşlıq mövqeyindən çıxış etməyə və ən başlıcası Türk qovmünün əzəlki qüdrətinin bərpasına ehtiyacimız var. Bu ehtiyac günü-gündən artı. Zəlilliyimiz artdiqca zülmət qatılaşır. Yeni səhərin- GÜNÜN doğması yaxınlaşır. Bu gözəl ovqat üçün, tükənməz inam üçün var ol şair. Vətənin, torpağın bizlərə ehtiyacı var. Bu da mənim qelbimin, ruhumun pıçıltısıdır ki, tükənməz bir sevgiyə, türk ovqatına köklənib. Vətən! Mən elə bilirdim hər kəsin yeri, Həyəti,bacası,öyüdü Vətən. Oxudum,öyrəndim...Gözümdə san ki, Kənd-kənd,şəhər-şəhər böyüdü Vətən! Elə ki,üşüdüm,yetdi qanadı, Anamı qoynuna almış anadı: Ballanmış pətəkdi;Şana-şanadı, Ən uzaq,ən yaxın köyüdü Vətən! Sevgiyə bələnib daşı,kəsəyi, Qeyrətə susuyub gülü,çiçəyi. Torpaqdan boylanan gözəl-göyçəyi, Qotazlı çinarı,söyüdü Vətən! Vətən ocağımda,közü közümdə! Vətən söhbətimdə,vətən sözümdə! Vətənin özünü tapdım özümdə; Dönüb ürəyimə,döyündü Vətən! O elə məkandı,azad sandığım. Qorxusuz,hürküsüz qanadlandığım. Ayağım altıdı dayaqlandığım, Başımın üstüdü,göyüdü Vətən! Sehirdi,soraqdı,elə sirrdi o. Əvəzi olmayan təkdir,birdi o. Müqəddəs ocaqdı,məbəd,pirdi o. Dədəmin,babamın öyüdü Vətən.







YENİLİKLƏR