
Mən Yəhya Kamal Bayatlının həyat və yaradıcılığına yetərincə bələdəm deyə bilmərəm. Ancaq əlimi ürəyimin üstünə qoyub «Yəhya Kamal Bayatlının ruhunu tanıyıram, onun dünyasına bələdəm» deyə bilərəm. Doğrudur, «bir şairin həyat və yaradıcılıqdan kənar bir dünyası varmı?» deyə sorula bilər, mən isə məsəlyə hansısa psixlloji, sosioloji düsturla yanaşmayıb, Bayatlının fizikasını deyil, ruhunu oxuya bildiyim üçün bu sorunun qəsdindən qurtula biləcəyimə əminəm. Özü də Bayatlı qələminin, daha doğrusu, ruhunun məhsulu olan yalnız tək «Akınçı» şeri bəsimdir. Klassik şairimiz Həsənoğlunun əlimizə gəlib çatmış bir şeri əsasında dürlü-dürlü fikirlər yürüdüldüyü misalı-əgər böyük Bayatlının da elə yalnız bir «Akıncı»sı qalsa onun bütün daxili təlatümlərini, duyğularını, ulusunun kimliyini, enerjisini görmək …oxumaq olar. Yalnız Anadolu türk şeirində deyil, ümumən türk və bəlkə bütövlükdə dünya poeziyasında «Akıncı»dan daha üstün, daha mükəmməl bir ulusal şeir yazmaq mümkündürmü deyə sorsam, məni qınamayın?
Mənə görə Yəhya Kamal Yusuf Akçura, Zəki Vəlidi Toğan, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, İsmayıl Qaspiralı, Ziya Gökalp kimi türkçülüyün sütunlarından biridir. Ancaq bəlkə dartışmaya nədən olacaqsa da deməliyəm ki, türkçülüyün digər fikir babalarından fərqli olaraq Bayatlıda şeirlə (ədəbiyyatla!) ideolojinin sınırları daha sərrast gözlənir. Adını çəkdiyimiz azmanlarda ideoloji sənəti və bəlkə bir az da bilimi üstələdiyi halda Yəhya Kamalda bir «sınır toxunulmazlığı»na tanıq oluruq. Ancaq nə xoşdur ki, bu alandan fərqli olaraq Yəhya Kamal Bayatlının ruhunun sınırı yoxdur.
«Sınırlar var yarıb keçsəm yenə də Vətən başlanar» - Bayatlıdan on illər sonra, Azərbaycanın Respublikasının dövlət sınırının (ruh sınırının yox!) o tayında qalmış Borçalıda doğulmuş ərtəhlə Hamlet Kazımoğlunundur bu misralar. Elə XX yüzilin axırlarında Faxralıdan Bakıya gəlmiş öyrənci Hamletin bu misraları yazdığı yaşdaykən Parisdə öyrəncilik həyatı yaşayan Bayatlı XX yüzilin ön illərində bir yaz günü «bir yaz günü Tunadan keçmiş» Türk ordusunun sıralarındaymış kimi xatırlayırdı:
Min atlı akınlarda cocuqlar kimi şəndik,
Min atlı o gün dev kimi bir orduyu yendik…
…«Əsgər ulus»un övladı olasan, şanlı hərb tarixinin qızıl səhifəsindən söz açasan və də bunca ustalıqla şeiriyətin gözəlliyini, insancıllığını, bəşəriliyini gözləyə biləsən. - Görünür «gözləyə biləsən» deyilişi də burada yerinə düşmür. Yəhya Kamal Bayatlı qurma-qurama şairi deyildi, - başqa şeirlərini deyə bilmərəm – ancaq ən azı «Akıncı» və «Mohac türküsü» yazılmış yox, nazil olmuş mətnlərdir.
…Bu yerdə demək istərdim ki, yenə Yəhya Kamaldan illər sonrası Azərbaycanda dünyaya gəlmiş Xəlil Rza Ulutürkün heç bəlkə «Akıncı»nı oxumamış yazdığı «…Kipriyinlə silahlan»ı da «Akıncı» kimi nə qədər əsgəri şeir olsa da insancıl idi. Bu Bayatlıdan öncə «Fərman padşahındır, dağlar bizimdir; ölən ölür, qalan sağlar bizimdir…» deyən Dadaloğluda da belə idi… Dadaloğlu, Bayatlı, Ulutürk!.. Üç eyni kodlk düşüncəyə malik şairin fərqli durumları içərən şeiri! - Biri güclü dövlətinin qalibiyyətlə sonuclandıracağına şübhə yeri olmayan döyüş öncəsini təsvir edən, biri «hələ o qızıl xatirə titrər gözümüzdə» deyərək böyük zəfərin nostalji hissini ifadə edən, üçüncüsü isə allahsızca haqqı tapdalanan, döyülsə də ağlamağına izn verilməyən ulusunu intiqama səsləyən şeir!.. - Ancaq eyni ruh, eyni kodlar, eyni insancıllıq!
***
Y.Akçura da Parisdə oxumuşdu - Bayatlıdan cəmi 4-5 il öncə. Və o dövrünün çarpaşıq fikir axınları, qarmaqarışıqlığı və bəlirsizliyi dönəmində osmanlılıq fikrinin sağlam bir təmələ söykənmədiyini, xalq içindəki çeşidli soylara mənsub topluluqlarla uzlaşmanın təmin edilə bilmədiyini, türk ulusçuluğundan başqa bir qurtarıcı fikrin olmayacağı görüşünü müdafiə edirdi. Az sonra "Üç tərzi-siyasət" (İstanbul,1913), "Müasir Avropada siyasi və ictimai fikirlər və fikir cərəyanları" (İstanbul, 1923) kimi əsərlər meydana çıxdı. Təsadüfi deyildir ki, Akçura türkçülük axınını mənimsəyənlər tərəfindən "Pantürkizmin babası" kimi dəyərləndirilirdi. Şəxsən mən özüm artıq neçənci dəfədir bu fikri xatırlamaqdan yorulmuram - «Ulusçu olmayan bəşəri ola bilməz» (Asif Ata). Akçura, Toğan, Əhməd bəy cümhuriyyətçi türkçülər idilərsə, Ənvər Paşa, Nuru Paşa, Qarabəkir Paşa daha çox Osmanlı sevdalısıydılar.
Yəhya Kmalın çağdaşı Ənvər Paşanın haqqında isə belə bir ümumiləşmiş fikir var ki, onun gerçəkləri dəyərləndirə bilmək qabiliyyəti ilə romantikliyi zaman-zaman bir-biri ilə çulğalaşmış, sonucda qeyri-adi addımlar atması ilə müşahidə olunmuşdur. Beləliklə gəncliyi İstanbul, Paris kimi nəhəng şəhərlərdə keçmiş, avanqard qüvvələrin yuxarıda dayandığımız şəkildə bir dünyagörüşü sərgilədiyi vaxtda Yəhya Kamal Bayatlı şəxsiyyəti, kimliyi formalaşırdı. O şəxsiyyətdə romantiklik də praqmatiklik də vardı. O kimlikdə nostalji hissi də, irəliyə umudla baxmaq yetənəyidə vardı. O Cümhuriyyətçiləri də anlayırdı, Osmanlı sevdalılarını da… O çağdaşlaşmağı, irəli Avropa dəyərlərini də canına hopdura bilirdi, Tanrının sonuncu kitabının, sonuncu dininin əzəmətini duymağı, yaşamağı da! Onun düşüncə sistemində xaos yox, harmoniya vardı, diskretlik yox, davamlılıq vardı.
Yəhya Kamal Bayatlının dünyası bütöv idi. «Türkün bütöv dünyası» ifadəsi bəlkə də ən çox məhz Yəhya Kamala, onun yaradıcılığına yaraşır.
***
Ax, nə gözəl deyilib:
…Bizdik o hücumun bütün aşqıyla qanadlı,
Bizdik o sabah ilk atılan səfdə yüz atlı.
Uçduq Mohac üfqündə görünmək həvəsiylə,
Canlandı o məşhur ova at kişnəməsiylə!
…Lakin qalacaq doğduğumuz torpağa bizdən
Şimşək kimi bir xatirə nal səslərimizdən.
***
…Yəhya Kamal Bayatlılar doğuran ulus var olsun!
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib cahid, 24 May, 2009 06:01:57Salam test edirem bu yazni. hershey yaxhsidir






