|
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Beynəlxalq Rəsul Rza mükafatının təqdimat mərasimi olmuşdur. Tədbirdən əvvəl mərasim iştirakçıları Fəxri Xiyabana gələrək, xalq şairi, dövlət mükafatı laureatı Rəsul Rzanın xatirəsini yad etmiş, məzarı üzərinə tər gül dəstələri qoymuşlar. Rəsul Rza Fondunun sədri, xalq şairi Fikrət Qoca bildirmişdir ki, bu mükafat hər il mayın 19-da - Rəsul Rzanın ad günündə təqdim edilir. Mükafata bu il professor Yusif Seyidov, tarix elmləri doktoru Cəmil Həsənli, şairlər Oqtay Rza, Ülviyyə Heydərova, Rəbiqə Nazimqızı, Rübail, Adil Şirin, Mövlud Teymur, Əkbər Qoşalı, Natiq Qubadoğlu layiq görülmüşlər. AYB-in sədri, xalq yazıçısı Anar bildirmişdir ki, Rəsul Rzanın şəxsi arxivində qiymətli nəşrlər vardır. Rəsul Rzanın ailə üzvləri bu nəşrlərin ədəbi ictimaiyyətin ixtiyarına verilməsini daha məqsədəuyğun hesab edərək “Füyuzat”, “Şəlalə”, “Zəmbur”, “Molla Nəsrəddin” jurnallarının külliyyatını Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə təhvil vermək qərarına gəlmişlər. Muzeyin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov nəşrləri qəbul edərkən bildirmişdir ki, muzeydə Rəsul Rza irsi ilə bağlı araşdırılmamış çox zəngin materiallar vardır. Yəqin ki, bu məlumatlar araşdırıcıların diqqətini cəlb edəcəkdir. Bu gün təqdim olunan nəşrlər isə muzeydə Rəsul Rza guşəsini daha da zənginləşdirəcəkdir. Türk Dünyası Görkəmli Ədəbiyyat və Sənət Adamları Cəmiyyətinin rəhbəri Əminə Sevinc Öksüzoğlu “Türk Dünyası Ədəbiyyatı Şərəf Ödülü”nü yazıçı Anara təqdim etmişdir. Anar tədbirə yekun vuraraq ona verilən mükafata görə minnətdarlığını bildirmiş, Beynəlxalq Rəsul Rza mükafatının builki laureatlarını təbrik etmişdir. AzərTAc |







YENİLİKLƏR