Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

ALNIMI OXUMUŞ KİMİ… Əkbər QOŞALI

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image (Toplumsal üzüntülərimiz üzərinə düşüncələr)

Bu yazını A.Turana,
onun «Cavid əfəndi» və «İrfan çobanı» kitablarına ad edirəm.

Amalsız adam gözəl ola bilməz.—Sözün bütün anlamlarında gözəl ola bilməz. «Dünyanı gözəllik qurtaracaq.» Tanrısı gözəllik və sevgi olanlar qurtaracaq dünyanı. Mən düşünə bilmirəm, məişət ölçüsünün dışında yalnız əl yetər, ün çatarla gözü doyan, olumsuzu olumlu etmək üçün çaba xərcləməyən birisi necə şair, yazar olar; devrimçi ola, vətənkeş ola bilər?
…Biz çevrəmizə qayıl olub durmamalyıq. Biz balaca-əzilmiş, səsi eşidilməyən, ikili ölçülərlə yönətilən dünyada daha heç nə eləyə bilməyən, uluslararası düzəni dəyişdirə bilməyən ortamla, parçalanmış ulusluğumuzla barışmamalıyıq… Haqsızlıqla barışmamazlıq və ya haqq bildiyin iş uğrunda çarpışmaq heç zaman cavabsız qalmır. Elə şeyir-yaradıcılq alanını götürək. Füzuli dahi şeyir ustadının «Şeyirdən ucalıq umma dünyada, çünki, Nizamiylə qurtardı o da» uyarısından sonra dünyaya ün salmadımı? Siyasi-hərbi alanı götürək. Uzun yüzillər dövlətsiz qalan yəhudilər daha XX yüzilin ikinci yarısınadək sürən çabaları sonucu amaclarına qovuşmadılarmı?
İstər birinci örnəkdə dörd yüzil sonra olsa belə şeyirlə ucalmağın olumluluğunu göstərən-daha doğrusu yaşayan; istərsə də ikinci örnəkdə olduğu kimi özlərinə görə haqlı bildikləri inadlarından dönməyən, bir ulus olaraq tökülüb-itməyən yəhudilərin çatdıqları məqam (o məqamdır, yoxsa qondarma «vəd olunmuş torpaq» ideyası üçün bir aşamadır olanağını qırağa qoyuram, bu başqa yazılıqdır. Bir də yəhudilərin çatdıqlarını öymürəm, yalnız olmuşu vurğulamaq istədiyimi yenə demiş olum!) «düşünəndə, çarpışanda, vuruşanda olur!» həqiqətini aydın şəkildə göstərir. Yenidəlik olmasın, çağdaşımız olmuş Asif Atanın sovetlərin verdiyi titullardan, dövlətlik işlərdən silkinib də doğrudan-doğruya filosofluğunu, us(fikir) babalığını sübuta yetirməsi örnəyində də, könlündə qutsal çatacaq daşıyan amallı kişinin rəsmi filosoflardan fərqli, adını gələcəyə yazdıra bildiyini görməkdəyik (heç quşqusuz onu filosof, bilgin kimi qəbul etdiyimi, peyğəmbərliyini qəbul etmədiyimi bildirməliyəm. Ancaq bu yazı dini və ya anti-dini məqamlara köklənmədiyindən bu barədə dapnışmayaq.)
***
Dünyada ikili ölçülərlə yönəltmənin başında duran və yandaşı olan dövlətlər var ki, ulusları sayartımından yoxsundur, ailə yapısı, böyük-kiçik, ədəb-ərkan kuralsızlığı öz işini görür. Dünya onu yaradanın qoyduğu nizama tabedir. Akademik Azad Mirzəcanzadənin təbirincə desək doğada (hərçənd akademikin özünün indiyə kimi «doğa» sözü işlətmədiyi yəqindir…) avtorəqs mövcuddur. Yaradılış harmoniyaya möhtacdır. Heç kim və heç nə türkə, Azərbaycana qarşı haqsızlıqdan əl çəkməyən güclərin yaşadığı qarğınmışlığın qarşısını ala bilməz! Deyəsən öz «xoş gün»lərini-ulusal və kişisəl qocalıqlarını bizim ulusumuza da pərçim eləmək istəyirlər.
Cavid əfəndi də, «Cavid əfəndi» də, İrfan çobanı da, «İrfan çobanı» da deyir ki, ey ulus, ey ulus övladı, belə olmamalıdır və belə olmaması üçün sənin dolu özqaynaqların var! Bu kitablar yazarının XIX yüzilliyin sonu-XX yüziiliyin başlanğıcında intişar tapan türkçülük fikrinin, xantürkçülük ülküsünün çağdaş mədəni-mənəvi quruculuq sürəcinə, onun belə demək olarsa, strukturuna bir düzən, nizam-intizam gətirmək üçün cəhdi, ən azından töhfəsidir. Özü də bu iş «guya azərbaycanlılar»ın—Azərin tay-tuşu olan bir para «əli qələmli»nin anti-türk, anti-Azərbaycan düşüncəsini güncəl etmə çabalarının sürdüyü bir vaxta təsadüf edir. Görünür doğrudan-doğruya dünyada təsadüf yoxdur və bu da tam doğal bir şəkillənmədir. Hər bir hərəkət özünə qarşı başqa bir hərəkəti doğurma enerjisini «bətnində» gəzdirir.
Heç quşqusuz biz «gözü çıxan qardaşın» halına düşməməliyik. Dəyərlərimizi; Olanlarımızı; Öy-eşik(Ailə), böyüklük-kiçiklik qatımızı; Yarınlara Umudumuzu qorumalı; Ulusumuzu yüksəltməliyik.
***
Heç düşünmüsüzmü, bir yeniyetmə, bir tələbə Cavid əfəndini(və ya Cavid əfəndi»ni) oxuduqdan sonra ruhani, bələkə bir az romantik və doğal olaraq ulusçu ovqata köklənmişkən, az qala addambaşı ulusdan haram yollarla oğurladıqlarını haram işlərə səpənlərlə rastlaşır, onları bəlli bir mövqedə görürsə hansı duruma düşür...-Bəlkə br az xırdalığa varacağam,-qoy olsun.-Həmin gənc tanıyır, bilir və görürsə, filan yaramazlar bir istedadın əlindən tutub qaldırmır…; boynuyoğunlar hansısa «şpakilovka»lı müğənnidən fərqli olaraq Qarabağ əlilini qəbul otağında gözlədir, gözlədir və geri qaytarır…; dükan-bazara çıxır, yeyəcək, geyəcək adı ilə dışarının zir-zibilini gətirib piştaxtalara doldurur… gərək önləyici alt düşüncə yapısına yiyələnmiş ola ki, əli-ayağı yanına düşməyə. Onlar bizim sifətimiz deyil, bir ulus öz dahilərinin, aydınlarınan, qəhrəman və fikir adamlarının kimliyi ilə tanınır…
Yuxarıda rahatsızlıqla dayandığımız məqamlara bir başqa acıdan yenə qayıtmaq istəyirəm… Təlim-tərbiyə yerinə anti-tərbiyə verən «təhsil ocaqları»nı deyirəm… «Təlim-tərbiyədən anlamayan bir müəllim… fəzilət yerinə rəzalət öyrədər» (H.Cavid). Təhsilinə zərbə vurulan ulusun Gələcəyinə zərbə vurulmuşdur. Hər bəlanın başında da təhsilsizlik, savadsızlıq və də bu göstəricidə olanların, Tanrı göstərməsin, irəlidə olması gəlir. Aşınma, qaşınma verən paltarların, keyfiyyətsiz malların ölkə sınırlarından keçirilərək dükan-bazarlarımıza daşınması; ərzaq təhlükəsizliyinin gözlənməməsi dəyərələrin əl çirkinə dönməsidir… Nihilizim, məzdəkizim elementləridir bu. Qafil bədbəxtlər düşünmür ki, ətrafı, qonum-qonşusu xəstə olandan sonra onun da sağlıq durumu risq altına girir… İstedadın, vətənkeşin, ismətlinin yolunu bağlamağa çalışan həpənd qanmır ki, beləcə efirdən-ekrandan özünün, əzizlərinin də evinə istedadsızlıq tökülür, zövqsüzlük yağır, yan-yörəsi mənfi enerji ilə necə deyərlər, doğal olaraq sarılır… Onun zornan ünlü etdikləri sınır içində ailəsini urvatsız etdiyi kimi, sınırımızdan dışarı çıxan kimi də adımızı batıracaq və sabah-birisi gün bir dış səfərdə o qara enerji çevrilib «sponsor cənabları»nın elə özünə münasibətdəcə əks olunacaq… Adam üzünü dönüklərə, mənəviyyatını itirmişlərə tutub ölkə boyu qışqırmaq istəyir ki, sən ismətlini işə götürmədikcə, üzüsulunu evsiz qoyduqca, üzüntülərin içində qalmağa vadar etdikcə-əxlaqsızlığı stimullaşdırdıqca öz öy-eşiyinə uzanan qara, görunməz əlləri də bir az uzatmış olursan!.. Şəxsiyyətlini sındırmağa, qürurlunu əyməyə cəhd etmək təhlükəli işdir. Mərdi qova-qova namərd edərlər-belə deyib atalar. …Eşitmirsiz, ürəklə bağlı üzüntülərdən nə qədər adam ölür?!. Ürəklilər öldükcə sən heç nə qazanmırsan, ey ulusumun üz qarası!.. (Bəlkə doğrudan da «sözünü o kəslərə de ki, səni eşitmirlər…»(Mirzə Cəlil))
…Və üzünü ləyaqətli soydaşa tutub demək istəyirsən:
-Həkim savadsız, dərman saxta, məmur özbaşınadırsa-qırılma, sınma! Bu nə sənin dövlətinin baxışı, görüşü deyil, nə də ulusunun. Bu həmin yaramazın və onun özü kimilərin özəlliyidir. Bax elə biri sən özün,-sən özün elə olarsanmı? İnan ki, naxışına çıxan durum heç də bütün ağxalatlıların, bütün dövlət işçilərinin, bütün iş adamlarının halını göstərmir. Böyüklərinlə təsəlli tap. Sən özün boyda yaxşı ol! Damcı daşı dələr… And içəndə Quran haqqı deyirsən. Eləsə Qurana inan və irəli bax: Haqq sözü deməkdən çəkinmə, haqq olan işi gör!.. Dinə əydəş-üydəş mollaların baxış bucağından boylanıb darılma… Qəbiryeri satanları özünə dərd eləmə… Onların haram yolla yığdıqları pullarla ucaltdığı binalar sabah-birisi gün ulusun cocuqlarının ixtiyarında olacaq, inşallah. Heç bir haram halala çıxmır! Halalı harama dönüşməkdən qoruyaq! Kitablar da bunu deyir.
Ulusoğlu, ulusqızı, Turanın haqqında yazdığı azman kişini oxu və hansı fikr qalalarına, bürclərinə, yola-irizə malik olduğunun fərqinə var.(Uusunun, insanlığın dünəni, bu günü, sabahı haqqında düşünməyən mənsəb sahibləri hansı kitab-dəftəri oxuyur, görəsən?) Biz sürünənlərdən oluşmamışıq. Asif Ata və Vaqif Bayatlı Odərin dediyi kimi sən qanadlı ulusun övladısan. Ömrü boyu şəhid ərinə vəfalı qalan gülüzlü xanımlardır sənin ulusunun qadını! Məmməd İsmayıl demiş, oğlunu bir qılınc kimi nəfsiylə öz arasına qoymuş cavan analardı sənin ulusunun qadın kimliyini şəkilləndirən qadınlar! Azərin kitabları-Azərbaycanın kitabları bir kəz daha söyləyir «Özünə dön, sən özünə dönəndə böyük olursan!»
***
İndi-internetin gəlişdiyi bir vaxtda dəqiq bilgilər qaynağında qalxınmış alanlardan çox yazır, çox deyir və sanki bizim ulus adımız adlar, qolumuz qollar içində yoxmuş düşüncəsinə qapılanlar-burdan da çıxış edərək, yanlış yola varıb «ulusçu olmadan bəşəri olmaq» istəyənlər, bilməm, ingilisvari, ispanvari, fransızvarilik sərgiləyən, bir-iki dış yazarın ətəyini tutub buraxmayan «guya azərbaycanlılar» peyda olub… Və də «biz düzəlmərik», «bizdən ulus olmaz», «yenə rusun dövründə yaxşıydı…» kimi yaramaz fikirləri yeritmək istəyirlər ictimai şüura.
***
Dəqiq elmlər üzərində intişar tapan alanlar dedik… Əfəndimə söyləyim, Fərabi kimdir, Tusi kimdir? Ya Lütfizadə?!. Baxma, orta məktəbdə dış(bu sırada daha çox rus), ümumən xaçpərəst bilginlərin adını beynimizə «həkk» etmişdilər.-Onlardan qabaq, bizə onlarınkıymış kimi sunulan biliklərin, teorilərin özəyini Fərabi, Nəsirəddin Tusinin, başqa bilginlərimizin araşdırma, incələmə və hesablamaları tutur… Zamanında biz türklər-«dünyanı xaosdan qurtarıb, harmoniyaya gətirmiş ulus» (prof. N.Cəfərov) başqalarını qorumuşuq, biz yaratmışıq, biz kəşf etmişik başqaları faydalanıb, indi də kiminsə yaratdığından faydalanırıqsa, eyb etməz. Dünyada yaxşı nə varsa onun hamıya içərliyi var. Dahilərin yaratdıqlar bəşəriyyətə aiddir. «Hər bir elmi ideya başqasının davamı kimi ortaya çıxır. Elmi fikirlər toplanaraq bütün dövrlərin və bütün millətlərin vahid, möhtəşəm bir abidəsini yaradır.»(prof. S.Xəlilov). Hansı birini deym,-bilgisayar yüzilliyidir deyirik. Qardaş(bu ad altında hər hansı bir soydaşıma üz tuturam), yeni nəsil bilgisayarlar bizim soydan olan Lütfizadənin qeyri-səlis məntiq teorisi qaynağında yaradılmayıbmı? Ya astronomiyanı götürək: Dünyanın uzay tarixində türklərin-azərbaycanlılar general Kərim Kərimovun, akademik Tofiq İsmayılovun, uzayçı Musa Manarovun, uzaya çıxan ilk insan-çuvaş Qaqarinin, uzaya dunyada üçüncü çıxmış və 2 dəfə uzayda olmuş çuvaş Andrian Nikolayevin, qazaxlar-5 dəfə uzaya çıxmış Vladimir Canıbəyovun, 2 dəfə uzay yolçuluğu etmiş Talqat Musabəyovun, Toxtar Aubakırovun, habelə qazax torpağı Baykonurun adı özəl olaraq keçir…
***
Dövlətçilik, vətənkeşlik, sədaqət, məhəbbət, şəhidlik, bəşərilik, mədəniyyət barədə-hər hansı bir alanda, daha nə barədə-hansı qutsal çatacaq haqqındasa söhbət düşəndə başını dik tutası, ən alnıaçıq uluslardan biri bizik. Dünyanın etiraf edib-etməməsindən asılı olmayaraq, yalnız son günündən bizi 5 ildən də az vaxt ayıran yüziilik üzrə bir neçə ad çəkmək bəs edər ki, ulusumuzun böyüklüyünü, qəhrəmanlığını, intellektini, düşüncəsinin miqyasını apaydan göstərə bilək: Cavid əfəndi, Məmmədəmin Rəsulzadə, Fətəli Xan Xoyiski, Salman Mümtaz, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Yusif Məmmədəliyev, Həzi Aslanov, İsrafil Məmmədov, Heydər Əliyev, Qara Qarayev, Səttar Bəhlulzadə, Əbülfəz Elçibəy, İsa Muğanna, Mikayıl Azaflı, 20 yanvar qəhrəmanları… Qayalıqdan özünü atan Kəlbəcərli qadınlar… Çingiz Mustafayev… Əliyar Əliyev, Vəzir Orucov… İlham və Fərizə… Məftun və Leyla… Əliağa Kürçaylı və qızı Ülkər…
***
O fikirlə razıyıq ki, «sovet dövründə fəlsəfi fikir üçün əlçatmaz, ünyetməz ideoloji çəpər çəkildiyi bir vaxtda, neçə minillik tarixi olan milli məkurə ancaq bədii ədəbiyyat vasitəsilə sızıb keçir və gələcək nəsillərə çatdırılmaq üçün öz varisliyini, kəsilməzliyini təmin edirdi.»(prof. Səlahəddin Xəlilov). Doğrudan da biz günü bu gün belə tariximizin dərin qatlarına məhz ədəbiyyat, söz sənəti və qismən də abidələr vasitəsi ilə gedib çıxa bilirik. Burada «tarix yaradıb, tarix yazmamağımız» da, başqa bir nəsnə də aparıcı rola sahib ola bilər, ancaq deyilənləri danmaq olmaz. Azər Turanın fəlsəfi ağırlıqlı, fikir yüklü ədəbi yaradıcılıq örnəkləri bəlli yolda bir açar rolunu oynayır. Onun kitablarının ruhuna ədəbi, bədii təfəkkürdən daha çox hakim kəsilmiş elmi düşüncə yazarın əsəbi olanaqlarda belə təmkin göstərməsinə yardımçı olmuşdur. Ancaq açıqcası, biz bu yazımızda əsəbiliyimizi gizlətmək fikrində deyilik.
…Qüsura baxmayın, AYB XI Qurultayı qarşısındakı müşavirədə etdiyimiz anaçıxışdakı (18 fevral, 2004/Bakı) bəzi fikirləri burada yenidən dilə gətirmək istəyirəm:
-Qardaşlar, bütövləşmə həsrəti daha neçə nəsilləri dərdlətməli, neçə gəncliyi qocaltmalıdır? Nə vaxta qədər «çöpü də ikiyə bölməyəcəyik»? Yoxsa zaman-zaman «dolanıb qanımız olan» yad südüdür, altını çəkdiyimiz? Ağır suallardır. Amma bu suallardan sonra Atatürkün «Hər halda dünyada haqq var və o haqq qüvvədən yüksəkdir» kəlamı hayımıza gəlir, umudumuzu bir daha közərdir…»
Biz bu közərtini «İrfan çobanı»nda, «Cavild əfəndi»də görürük. Onlara qədər oxuduqlarımız necə olsa da oxumaq istədiklərimizin tamı deyildi. Şair Zəlimxan Yaqubun təbirincə desək, yazmışdılar oxumuşduq, yazırıq oxusunlar. …Həmişə bir boy daha irəli yönəlmək, daha üstün hədəflərə yürüməkdən başqa yol yoxdur. Başqa yol var, sadəcə o geriyə-istəmədiyimiz və getməyəcəyimiz yerə aparır!
***
…Azərdə də azərbaycançılıq ilk sırada türkçülüyə qayıdışı və dünyəviliyə irəliləyişi özündə birləşdirən ideya olaraq sunulur. Biz bunun ulusal dövlətçiliyimizə xidmət edən yanaşma–kökən və coğrafiya baxımından «Bütöv Azərbaycan» ülküsünə xidmət edən ideya kimi təbliğ olunmasını alqışlayrıq.
…Azərbaycan Türk Dünyasının bir hissəsidir. "Azərbaycanda türkçülük ilk sırada əsl tariximizi azdırmamaq, onun əsl köklərinə qayıtmaq, ana dilimizi kimlərinsə zor gücünə qəbul etdirdiyi lisan kimi deyil, əcdadlarımızın binədən danışdığı dil kimi qəbul etməkdir. Türkçülük türk xalqlarının ortaq mənəvi, tarixi və mədəni dəyərlərinə sadiq qalmaqla yanaşı, ilk öncə Azərbaycan türkü olduğumuzu unutmamaq deməkdir. Türkçülük türk xalqlarının birliyi, qardaşlığı olduğu kimi, başqa xalqlara da dost gözüylə, xoşgörüylə, barışçı və dözümlü baxışla baxmaq deməkdir."(Anar).
Yeri gəlmişkən, Türk yazarı, Türkiyəli yazar adı üzərində də gəzişmə(manipulyasiya) edən «tərcüməçilər» (türkcədən türkcəyə tərcümə?!.) türkə qətiyyən dəxli olmayan «ağaltun» soyadlılıarı, hətta Türkiyənin bölücülüyü alanında «şer ideoloqluğu» edən «daş-kəsək» soyadlıları ədəbi topluma sırımaq istəyirlər. Türk düşüncəsindən uzaq olanlar Türk ədəbiyyatını, kültürünü sərgiləyə bilməz!..
Adı və sözükeçən kitablarda olduğu kimi biz də o düşüncədəyik ki, XXI yüzildə türk dövlət və topluluqlarının istər mənəvi, istərsə də iqtisadi, mədəni birliyinə nail olmaq görəvi əsaslı şəkildə məhz bizim xalqımızın üzərinə düşən tarixi bir görəvdir. Bu missiyanı yerinə yetirərkən, Oljas Süleymenovun «Əgər dünya kəndi bir neçə evdən ibarətdirsə, bu evlərdən biri də şübhəsiz, türk evidir" sözlərinə haqq qazandıraraq, türk evinin azad, dolu, örnəkçi olması üçün ədəbiyyatçıların, yaradıcı gəncliyin üzərinə böyük görəvlər düşdüyünü unutmamalıyıq. İki sanballı kitabın yazarı bu unutqanqlıqdan nə qədər uzaq olduğunu və unutqanlığa qarşı nə qədər dözümsüz olduğunu elmi-publisistik dillə bütün turk oxucusuna çatdırır. (Ancaq həmişə soyuqqanlı olmaq mümkün olmur və bu da xalq yazıçısı Anarın kitaba yazdığı «ön söz»də öz əksini tapır…)
***
Söylədiymiz kimi, artıq ötən yüzilin sonlarından dünyada kürəsəlləşmə prosesi vüsət götürüb. Uluslararası qurumların təlimatları az qala qutsal dini mərkəzlərin fitvaları kimi ölkələrə, xalqlara nüfuz edir. Dünya iqtisadiyyatı vahid bir sistem çərçivəsində təmərküzləşməkdədir. Kürəsəlləşmə sürəcində, ulus özbərliyimizin sıradışı edilməməsi üçün ulusal və us dəyərlərimizi, yüzillərin süzgəcindən keçmiş gələnəklərimizi qoruyub, Qafqazlardan Türk Dünyasına daşımaq, onları ortaq türk kültür dəyərləri ilə daha da dolğunlaşdırıb kürəsəl boyut qazandırmaq gərəklidir. Azərin hər iki kitabında uyğun məqamlardan çıxan ideya belə bir fikirlə ümumiləşdirilə bilər: “Kürəsəllik həm də ulusal kültürlərin bir-birinə qovuşaraq insancıl məzmunlu ümumbəşəri kültür xəzinəsi yaratmaq deməkdir” (f.e.n. Y.Günaydın). Bu sürəcdə ümumtürk mənəvi dəyərlərinin öncül mövqelərə çıxması elə həm də İrfan çobanının və “İrfan çobanı”nın, Cavid əfəndi və «Cavid əfəndi»nin dediklərindən keçir.
Çox işlər görə biməmişik. Gördüyümüz işlərdə də bəlkə çox yanlışlıqlar ola bilər. «Bir balaca fikirləşsək, o saat özümüzdə hər hansı günah tapmış olarıq» (Kant). Ancaq əsas irəli yürümək istəyində qərarlı olmaqdır. Qərarlı olmaq! Qərar-bu isə alternativlərdən ən yaxşısının seçilməsidir.
***
Yeni toplumu yeni təfəkkür quracaq. «Yeni təfəkkür-yeni nəsil tərbiyə etməlidir. Bu isə o zaman mümkündür ki, nəsillər bir-birini başa düşsünlər və həqiqət özünün bütün mücərrədliyi, polemikliyi ilə həmin nəsillərdən bir-birinə maneəsiz keçsin…» (prof. N.Cəfərov). «…Milli fəlsəfi fikrin hüdudları isə, ilk növbədə, dilin hüdudları ilə məhdudlaşır. Bəsit dillə böyük fəlsəfə ortaya qoymaq mümkün deyil.»(prof. S.Xəlilov). Həm haqqında yazdığı Kişinin dili, elə həm də A.Turanın öz dili, üslubu bu anlamda məhdudluğun sınırlarını aşır…
***
Cılız adamlar TURAN qura bilməz! Turan qurmaq bəlkə heç ümumiyyətcə insan iradəsində deyil! Bu Tanrı yazısıdır! Biz qutsal çatacağa çatacağıq—alnımı oxumuş kimi bilirəm!



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib hayat, 13 Noyabr, 2010 10:40:56
    Cılız adamlar TURAN qura bilməz! Biz qutsal çatacağa çatacağıq—alnımı oxumuş kimi bilirəm!ne gwzel demişsin, qardaşım...

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az