İlqar İLKİN
YAĞIŞ
(Nizami Aydının xatirəsinə)
1.
Qıpqırmızı közün üstə
Sonuncu ət parçası
uzanır həvəslə.
Silkinir üzündən
həris pişiklərin təbəssümü
ocağın dadını
göy üzü çəkir canına.
...ətə-qana dolub göylər
indi yağış yağacaq.
kim islansa o yağışda
ordan ölü çıxacaq.
...yerin-göyün yiyəsi,
göydə bir ovuc buludun...
hara yığışıb gələk,
yağış hara yağacaq
2.
qaramat bulud
nə düyünləmisən
hörüklərin ucunu
«saçın ucun hörməzlər»
...gecə qaranquş bürkülü,
...ötüb keçər.
Bir ovuc yağış istərəm,
Bir ovuc yetər.
Ölənlər dartınır çölə,
dartılır bayraq ipi.
Sığallan yığvalsız bulud,
baş daşları daraq dişi...
BƏNDƏ AYAĞININ TANRI YERIŞI
(Qarabağ qazisi Kənana)
...indi ayaqların,
göy üzündə Tanrı yerişi yeriyər,
yavru qurdun boynuna dolanan
bayraq qollarını istər.
Eşidirsənmi?
hər gecə... hər gecə
Bir ulduz xışıltısı altında
dartılar... dartınar
xallı ayağın baş barmağı
necədir görən
Tanrı gəzdirməyə bəndə ayağı
Gəzər gəzmədiyi yerdə
bir yəhərsiz at kimi minər
bəndə ayağını
ayağın dəymədiyi yerdə.
...bir uca gün saxla, ya Rəbb!
Ayaqlarım öldüyüm günə gəlsin.
Bir xışma torpaq sürt ayaqlarına,
ayaqlarım dincəlsin.
HƏSRƏT
Qonşu evlərdən gələn
uşaq səslərinə
döşləri süd gətirirdi
pəri nənəmin.
sağırdı ovcuna
qısır döşlərini
Süd yerinə,
qan dolurdu ovuclarına...
Gözlərini yumub getdi,
dünyadan doydu gözləri.
Əlləri qaldı bu dünyada
süd kimi ağ əlləri.
YALQIZLIQ
Ölüm kameralarında
azadlığı düşündüyüm qədər yadımdasan.
Eşidirsənmi?
Yiyəsiz küçə itlərinin
ulartısını yuyur yağış
zingildəyir aramızdakı
bir parça torpaq.
Sən məndən nisgilli,
mən səndən uzaq...
...qapını bağla, rahat yat
nə yuxu gör, nə oyan
Onsuz da bu yağış altında
ölüm kameraları kimi yadımdasan...
***
Kim nə deyir, desin
saralıb, solan çiçəklər
sonuncu gördüyü kəpənək rəngində
düşür torpağa
yarpaqların saralmağı
günəşin qürub vaxtına düşür
Hər şey,
hər şey öləndə
Bir yadigar aparır dünyadan
Mən öləndə,
gözlərimə baxmayın, qardaşlar!
sizdən qabaq şəklinizi
aparmayım torpağın altına…..
QATIL BARMAQLARI
Qaranlıq otaqlarda
işıq yandırmısanmı heç?
Görmüsənmi divarların
sevincdən ağappaq ağarmağını
Nəfəsin toxunubmu
künc-bucaqdan asılan
hörümçək torlarına.
...və bir gün beləcə,
bağrına basıb divarları
İnanmısanmı?
inanmısanmı?
Ev yıxan, baş kəsən barmaqların
işıq yandırmağına...
***
Qaranlıq bir gecə
içində dipdiri tənhalıq.
Qurumuş ağac kimi
doğranacaq qollarımız,
Hələ ki oynayırıq,
ölüm havamıza
Eşidirsənmi?
ulduzların işığında
gecənin xışıltısını,
Tanrıya çatmayan dua kimi
gəlir adama.
Ən şux mahnılar da qırılır
ulduzlar öləndə,
səninkidir o ulduz
ölə bilmir səhərə kimi
uzat o ulduza kəsik qollarını
oyna havamıza axıra kimi.
...yoxsa bəxtsiz çiçəyim,
yüz il sonra, min il sonra
doğulacaq iki körpə
günahımızı oynadacaq gecələr
kölgəmiz utanacaq
eyni ulduzların altında.







YENİLİKLƏR