Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Ömür buymuş, yol qalmadı varmağa

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Vasif SÜLEYMAN
(Vasif İskəndər oğlu Süleymanov) 1965-ci ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. 1996-cı ildə Bakı Dövlət Univesitetinin filologiya fakültəsini bitirib. «Azərbaycan dəmiryolçusu» qəzetinin redaktor müavini, «Ədəbiyyat qəzeti»nin redaksiya heyətinin üzvüdür.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, «Qızıl qələm», «Şahmar Əkbərzadə» mükafatlarının laureatıdır. 6 dekabr 1999-cu ildə Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. «Sevgi atılandan sonra başlayır» adlı kitabı 1993-cü,  «Eşq ol, dərgahına səcdəyə gəlim» adlı kitabı isə 2003-cü ildə çap olunub.
Azərbaycanın «Fəxri dəmiryolçu»sudur.

TƏRSİNƏ
Sənə yol gəlmirəm, səndən gedirəm,
Çəkilib araya pərdə tərsinə.
Mələklər söyləyib sənə eşqimi,
Göydə düz oxunar, yerdə tərsinə.

Günləri qarışıb qaralı, ağlı,
Bu ömrün nəyi var, uçub dağılır.
Qolları açıqdır, ayağı bağı,
Gözləri alışır hərdən tərsinə.

Yoruldu yollarda piyada ömür,
Çəkdi zillətini ziyada ömür.
Axırdan əvvələ qayıda ömür,
Sonra da axıra, bir də tərsinə.

DİNDİRƏ
Gələ, çaşqın ömrün sarvanı, bir gün,
Keçdiyim cığırı, izi dindirə.
Əlləri havalı, ürəyi küskün,
Sifəti allana, gözü dindirə.

Həsrətə üz tutduq hansı həvəsnən,
Gələrmi təzədən ilahi səsnən.
Odlu ürəyinən, isti nəfəsnən,
Canımda yurd salan buzu dindirə.

İndi ha çağıraq, divanəyik biz,
Yar ola bilmədik, daha nəyik biz.
Təpədən-dırnağa  əfsanəyik biz,
Hardadı nağılçı, bizi dindirə…

Talandı duyğusu, sozaldı canı,
Hanı, bu sevginin sahibi, hanı...
Az qalır sel olub tutsun dünyanı,
İllah da yüyürüb qızı… Dindirə…

Daşındı bu ömür, bir xəyal oldu,
Onda ki, yanında dili bal oldu.
Lal oldu, dinmədi Yarəb,  lal oldu,
Danışmaz, Vasifi yüzü dindirə.

BU ÖMRÜ
Beş addımdı əvvəliylə axırı,
Görürsənmi bəxti yatan bu ömrü.
Halal etdim, kim götürür, götürsün,
Yaşanmamış başa çatan bu ömrü.

Eh, nə imiş bir sevginin bədəli,
Olan-oldu ya ağıllı, ya dəli.
Bir çöpündən yapışıbdı yad əli,
Viran etdi halal butam bu ömrü.

Bəzəyi yox, nə aldan, nə qumaşdan,
Uçub getdi içimdəki təlaşdan.
Dəli sevgim kəsirdisə o başdan,
Uzadaydı bəlam, xatam bu ömrü.

Necə gəlib-getdiyini yaş ansa,
Bel bağladım ya qismətə, ya şansa.
Əməllicə ömürüydü yaşansa,
Bacarmadım əldə tutam bu ömrü.

Qucaq açmaz mənim kimi miskinə,
Yanmadısa, isinərmi tüstünə.
Yıxılmazdı… dağlar çöksə, üstünə,
Necə yıxdın vallah matam, bu ömrü…

GÖNDƏRİR
Qızlarım Gültac və Səyalıya
Elə mən də sizin kimi kövrəyəm,
Gəl ağlayaq, görərsiniz, eh nəyəm.
Üstü-başı, dərdi-səri köhnəyəm,
Fələk vurur hərdən dişə, göndərir.

Ömür buymuş, yol qalmadı varmağa,
Bərə handa, özüm düşdüm qarmağa.
Ürək dağı… Meylim yoxdu yarmağa,
Nə olsun ki, gahdan tişə göndərir.

Kəsməyiblər, kəsilibdir amanım,
Nəyim var ki, nə gizləyim, nə danım…
Bu ömürə nabələddi sarvanım,
Öldürmür ki taxıb şişə göndərir.

Boyu batsın buxunumun-boyumun,
Çaşıb qaldım yarısında oyunun.
Gözləmir ki, külə dönüm, soyuyum,
Elə məni bişə-bişə göndərir. 

Bir ömürə həmdəm oldu bu ahlar,
Eh nə danım, şiriniydi günahlar.
Üzümüzə hər açılan sabahlar,
Sizi dərsə, məni işə göndərir.

ADDADIM
Nə döndüm  bircə yol eşq deyiləndən,
Nə də ki, canımda qorxu, addadım.
Mən ki, bu dünyanı sevdim əzəldən,
Dünya sevməsə də, arxı addadım.
 
Sevinci bir udum, qəmi bir ətək,
Qara günləri də sevdim sənintək.
Gəldim qarşılayim əlimdə çiçək,
Boynuma dolanan çarxı, addadım.

Getdim gedənlərlə, qaldım qalannan,
Nə deyim üz-üzə durub yalandan.
Bir qərib taleynən, iki balamnan,
Yolumu gözləyən qırxı addadım.

GEDƏCƏM
Minnət götürmərəm heç bu dünyadan,
Bir gün halallaşıb özüm gedəcəm.
Birdən məndən sonra azıb qalarlar,
İlləri sıraya düzüm, gedəcəm.

Bir belə ağrısı, dərdi bəsidi,
Ürəyim həsrətin neyli səsidi.
Bu zalım dünyayla neyniyəsidi,
Bir azca böyüsün qızım, gedəcəm.

Hardasa bəxtimə gülən ölümü,
Hər gün məndən yana ölən ölümü.
Qəfil qonaq kimi gələn ölümü,
Bir səhər tutarsa gözüm, gedəcəm.

EYLƏ
Bu ömrün əzəldən taxtı-tacı yox,
Mən qulluq eyləyəm, sən şahlıq eylə.
Daha xoş günlərə ehtiyacı yox,
Barı yaman günü halallıq eylə.

Qurtardı bəxt ilə eşqin davası,
Dağılıb yurd yeri, uçub yuvası.
Bu dəli könlümün itib havası,
Kimi səsləyim ki, havalıq eylə.

Yenə sənə tərəf uzandı əlim,
Sən niyə getmişdin, mən niyə gəlim…
Eşq ol, dərgahına səcdəyə gəlim,
Bu qərib taleyə Allahlıq eylə.

NƏ OLUR, OLSUN
Alın yazısıdır, tale qisməti,
Axarı-baxarı nə olur, olsun.
Ölümnən olumun mənzilindəyik,
Əvvəli, axırı nə olur, olsun.

Eh, nəyim gedibdi, eh, nəyim qalıb,
Bircə yol Allahı görməyim qalıb.
Yarısı dağılmış ürəyim qalıb,
Bu ömrün çıxarı nə olur, olsun.

Üzündə zülmət var, əlində çıraq,
Bir ömür verilib, qismətinə bax.
Üstü başdaşıdır, ayağı torpaq,
Ta ondan yuxarı nə olur, olsun.



Yorumunuz comment Şərhlərə görə (1 göndərilib)

  • Yerləşdirilib xatire, 29 İyun, 2011 12:18:14
    gozel seirlerdi yenileri daha gozel olar mence amma harda?

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az