I.Türkcənin VI Uuluslararası Şeyir Şöləni
«Mən bu yurdda yaşamadım,
yaşlığıman doyamadım
Vətənimə həsrət qaldım
Ey gözəl Kırım!»
-bu türkünü ilk dəfə 1998-ci ilin mayıs ayında Ankarada - V Türk Dünyası Gənc Başqanlar Toplantısında Kırımlı gənclərin dilindən eşitmişdim. O vaxtdan sonra bir sıra türk dövlət və topluluqlarını ziyarət etsəm də Kırımda olmamışdım və Sizə deyim, bəlkə elə yurdundan sürülmüş Kırımlılar qədər mənim də oraları görmək istəyim vardı. Bu istək Türkiyə Yazarlar Birliyinin(TYB) başqanı, dostumuz və qardaşımız Yaqub Dəliöməroğlunun göndərdiyi dəvət üzərə yalnız 2005-ci ilin noyabrında mümkün oldu.-«Türkcənin VI Uluslararası Şeyir Şöləni»nə qatılmaq üçün etdiyimiz səfərlə. Üstəlik Kırımı ziyarətin həmən ardından İstanbulda XII Türk Dünyası Gənclik Günləri və Qurultayı başlayırdı və Kırımlı günlərin-şeyirli günlərin davamını bu dənizlər, körpülər və bayraqlar şəhərində davam etdirəcəkdim.
TYB tərəfindən gələnəksəl olaraq düzənlənən «Türkcənin Uluslararası Şeyir Şöləni»nin altıncısı türk böyükləri Xoca Əhməd Yasəvi, Qazi Giray Xan və Abdulhaq Həmid Tarxana sayğılarla ad edilmişdi. TYB ilə yanaşı Kırım Tatar Yazarlar Birliyi (KTYB) və Kırım Mühəndislik və Pedaqoji Universitetinin (KMPU) də qatqılarıyla keçirilən şöləndə Azərbaycandan bu sətirlərin yazarı, habelə DGTYB-dən Rəsmiyyə Sabir və AYO-dan Rasim Qaraca iştirak edirdi (ayrıca AzTV-nin «Müəllif proqramları» redaksiyasının başçısı Zərnişan İnqilab qızı televiziyanın çəkiliş qrupu ilə birlikdə tədbiri işıqlandırmaq üzərə Kırımda idi).
Kırımın «işçi gündəliy»i belə idi:
Tarix:11.11.05, Yer: Kırım Mühəndislik və Pedaqoji Universiteti(KMPU).
-Açılış. Açılış konfransı: İsmayıl Kərim Asanoğlu, «Ortaçağ Kırım Tatar ədəbiyyatı»,
- KMPU Musiqi topluluğunun konserti,
- I Şeyir fəsli - Yasəvi fəsli,
- II Şeyir fəsli - Tarxan fəsli,
- III Şeyir fəsli – Giray fəsli,
- Kırım Tatar Milli Məclis başqanı Mustafa Cəmil Kırımoğlunun şairlər onuruna verdiyi axşam yeməyi.
Tarix:12.11.05, Yer: Baxçasaray.
Xansarayı gəzisi,
-İsmayıl Qaspiralı Müzeyi və rəsm sərgisinə baxış,
-IV Şeyir fəsli- İsmayıl Qaspiralı Şeyir fəsli,
-Zincirli Mədrəsəni ziyarət.
Tarix:12.11.05, Yer: Kırım Tatar Milli Teatrı Salonu:
-Konsert: İrfan Gürdal, Rəcai Nurikadıroğlu, Kırım Tatar Milli Teatrı və Kırım Tatar Ansambılı.
Tarix:13.11.05, Yer: KMPU.
-Şeyir atelyeleri: «Gələnəkdən Gələcəyə Şeyir», «Şeyir və coğrafiya, yaxud şairin coğrafiyası», «Şəkildən möhtəvaya şeyir: açıqmı, qapalımı?», «Şeyirdə yeniliyin sınırları: modern şeyrimizin macərası».
-Dəyərləndirmə oturumu,
-Şölən ödül və baratlarının sunuşu,
-Kırım Tatar Milli Məclisini ziyarət,
-Kırımdan ayrılış…
Türkiyəli millət vəkili Gənəl Kurulda Şeyir Şölənindən danışdı
Türkiyənin iki millət vəkili-şairlər Rəsul Tosun və Mehmet Atilla Maraş da Kırıma gəlmişdilər. Tokat millət vəkili olan R.Tosun ölkəsinə qayıtdıqdan sonra TBMM-də çıxış edərək(23.11.05) Türkcənin VI Uluslararası Şeyir Şölənini Gənəl Kurulun gündəminə gətirdi. Sayın Tosunun çıxışının həm şölən barədə bilgi, həm də dəyərləndirmə (habelə bir şair millət vəkilinin üslubu) baxımından maraqlı olacağını düşünüb burada diqqətinizə təqdim edirəm:
-Məclisimizin sayğıdəyər başqanı, əziz millətimizin qiymətli vəkilləri!
Türkiyə Yazarlar Birliyi tərəfindən gerçəkləşdirilən Türkcənin Uluslararası Şeyir Şölənlərinə qısaca təmas etmək amacıyla etdiyim müraciəti dəyərləndirib söz haqqı verən başqanlığa şükranlarımı ərz edərək çıxışıma başlayır, yücə heyətinizi saygıyla salamlayıram.
Üzvü olmaqdan onur duyduğum Türkiyə Yazarlar Birliyi, çeyrək əsri çoxdan geridə buraxdığı yaşının olqunluğuna yaraşır istiqrar və səviyyəni qoruyaraq fəaliyyətlərinə davam edən çox önəmli bir sivil toplum quruluşumuzdur. Bu sivil toplum quruluşumuzun ən önəmli fəaliyyətlərindən biri, hətta birincisi Türkcənin Uluslararası Şeyir Şölənidir. “Türkcənin Uluslararası Şeyir Şöləni, keçmiş əsrlərin anıtlaşmış şairlərini xatırladaraq, yeddi iqlim dörd bucaqdan zəmanəmizin yaşayan dil və şeyir ustalarını bir araya gətirərək yenidən bir dirilişin zəminini hazırlayır.
Üfüqlərimiz hər şöləndə coğrafyalar, insanlar və əsrlər boyu genişlənir və dərinləşir… I Şölən Osmanlı Dövlətinin gerçək anlamda qurulduğu Bursada başladı, Anadolu Səlcuqlularının başkəndi Konyada tamamlandı. II Şölən, Asiyanın xeyli doğusunda və quzeyində …Alma-Atada yapıldı. Bozkırın atlıları, adət olduğu üzərə güneyə doğru axdı və Xorasanda qərar qıldı. III Şölən Türkmənistanın başkəndi Aşqabadda idi. Orta Asiya bozkırlarından şeyir rüzgarları, batıya və güneyə doğru əsdi və Kıbrısda qərar tutdu. IV Şölən Girnədə icra edildi. Oradan Avropanın batısına yol buldu və V Şölən, AB-nin siyasi başkəndi Strasburqda dəmir attı. Bu il isə Türk Dünyasının şeyir və dil ustaları “Türkcənin Şöləni” üçün altıncı dəfə Giraylar diyarı Kırımda bir araya gəldi. Əvət, Türkcənin VI Uluslararası Şeyir Şöləni bu il, Kırım Tatar Yazarlar Birliyi başqanı Şakir Səlim və Kırım Pedaqoji və Mühəndislik Universitəsi rektoru Fövzi Yakubovun iş birliyi ilə 11-13 noyabr 2005 tarixlərində, Kırım Özərk Cümhuriyətinin başkənd Simferopol, yəni bizim bildiyimiz ismiylə Ağməsciddə gerçəkləşdi. Türkcənin VI Uluslararası Şeyir Şöləninə Şanlıurfa millətvəkilimiz, dəyərli şair qardaşım Mehmet Atilla Maraş və bəndəniz iştirak etmə fürsətini bulduq. Kırımdakı dostlarımızla, soydaşlarımızla və dindaşlarımızla bir araya gəlmə bəxtiyarlığını yaşadıq. 1944-cü ildə Stalinin qəzəbinə uğrayıb heyvan qatarlarına doldurularaq Sibir və Özbəkistana sürgün edilən, sürgün sırasında sayının yarısını itirən və ancaq 1989-cu ildən sonra öz torpaqlarına dönmə fürsəti bulan, 3.5 milyonluq Kırımda sadəcə yüzdə onluq bir saya ancaq sahib ola bilən və öz kimliklərini qorumaq, kültürlərini ihya etmək üçün çırpınan Kırım tatarları, Türkcənin VI Uluslararası Şeyir Şöləninin Ağməsciddə yapılmasını sanki bir bayram təlakki edərək misafirləri bağrına basdı. Şölənin açılışında Kırım Özərk Cümhuriyyəti başbakanı Vladimir Vasiliyeviç Kurdikov, Kırım Milli Məclis başqanı və Ukrayna millət vəkili Mustafa Abdulcəmil Kırımoğlu, Kırımın Kültür bakanı yardımçısı İsmət Zat da iştirak edərek məmnuniyyətlərini bildirdilər. Başda Türkiyə olmaq üzərə Kırım, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Çuvaşıstan, Qaqauziya, Makedoniya, İraq, Kosova, Rumıniya və Bolqarıstandan 150 şairin qatıldığı şöləndən arta qalan zamanlarda bizlər Kırımı gəzməyə, Kırım tatarlarıyla qaynaşmaya çalışdıq. Ağməsciddə, Gözləvədə, Sevastopolda, Yaltada, Canköydə, Baxçasarayda Qaspıralı İsmayıl bəyin, Giray xanların yurdunda onların torunlarıyla görüşdük qaynaşdıq - qucaqlaşdıq. Kıırım tatarlarına bir sivil toplum örgütünün verməsi gərəkən ən böyük mənəvi dəstəyi Türkcənin VI Uluslararası Şeyir Şölənini Ağməsciddə yaparaq sağlayan Türkiyə Yazarlar Birliyinə digər sivil toplum örgütlərimizə (qht-lərə-Ə.Q.) örnək olması təmənnasıyla hüzurlarınızda təşəkkür edərim. Sizlərə Ağməsciddəki, Canköydəki, Baxçasaraydakı, Sevastopoldakı, Gözləvədəki, xülasə Kırımdakı bütün tatarların qucaq dolusu salamlarını təqdim edər, sayğılar sunarım.
Böyük ödüllər
İki ildə bir düzənlənən şöləndə gələnəksəl olaraq üç şairə verilən böyük ödüllər bu dəfə Tatarıstandan Feyruzə Müslümovaya (Qazi Bora Giray Xan Böyük ödülü), Çuvaşistandan İlya İvanova (Abdülhaq Həmid Tarxan Böyük ödülü), Türkiyədən Cahid Koytaka (Əhməd Yasəvi Böyük Ödülü) verildi. Digər şairlərə isə əbru ilə süslənmiş şölən baratları ərməğan edildi.
Şeyir sunan şairlərlə yanaşı KTYB başqanı Şakir Səlim və birliyin yönəticiləri şölən uzunu bizimlə birgə oldular. Türkiyədən TYB başqanı Yaqub Dəliöməroğlu, TYB onursal başqanı D. Mehmet Doğan, əski başqanlar Nazif Öztürk və Nəcməddin Turinay ilə qurumun bütün yönəticiləri Kırımdaydı. Ələştirmən və bilim adamlarından-ismi Azərbaycanda da yaxşı tanınan prof.dr. Yavuz Akpınar, prof. dr. Ramazan Kaplan, dos. Turan Karataş da etginliyə qatılmışdı.
Canlı əfsanə
Sözəgəlməz zülümlərə məruz qalan, ötən yüzilin başında ana dillərində danışmaqları belə yasaqlanan, 1944-cü ildə isə yurdlarından sürülüb ölümə göndərilən Kırım tatarları üçün, türk dövlət və topluluqlarının şair, yazıçı və aydınlarını doğma torpaqda ağırlamaq tarixi bir olay idi. Tokat millət vəkili R. Tosunun da dediyi kimi, sahibi olduqları torpaqlara ancaq 10-15 il öncədən başlayaraq dönən Kırım tatarları, bu buluşmanı bayram kimi dəyərləndirdi deyə bilərik. Etginlik sürəsincə adından ən çox söz edilən kişilər isə, çağdaş Kırım tatar ulusal azadlıq hərəkatının başçısı, canlı əfsanə Mustafa Abdulcəmil Kırımoğlu və zamanında fikirləriylə bütün Türk Dünyasını dərindən etgiləyən (və özü haqq dünyasında olsa da bu gün də etgiləməkdə davam edən!) böyük yazar və fikir babası İsmayıl Qaspıralı oldu. Qatıldığımız şölən, Baxçasarayda çıxardığı «Tərcüman» qəzeti ilə Türk Dünyasının kültürəl birliyini savunan; bunu ünlü “Dildə, fikirdə və işdə birlik” formuluyla özətləyən Qaspıralının böyük röyasının gerçəkləşməsi yolunda bir addım idi bəlkə…
Bu yerdə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevi rəhmətlə anıb, ruhu şad olsun deməyi özümə borc bilirəm. Məhz o kişi ötən yüzilliyin ön illərində «Tərcüman»ın yanmış binasını yenidən tikmək, qəzetin fəaliyyətini davam etdirmək üçün Kırımlı varlı müsəlmanlardan olumlu cavab ala bilməyən İsmayıl bəy Qaspıralını Bakıdan əli boş qaytarmayıb, gərəkən bütün xərcləri qarşılayıb! Və bizim bir çoxumuzun bilmədiyimiz bu faktı Kırım tatarları şükranla dilə gətirirlər…
Daha nələr və ya vəfalı türk
Daha nələri fərqləndirmək olar? Etginlik boyunca fərqli ölkələrdən gələn, bir çoxu elə şölən günlərində tanışan şairlər bir-birinin şeyirlərini dinləmə, ölkələrinin ədəbiyyatlarını tanıtma və şeyir olanaqlarını dartışma imkanı tapa bildilər. Bundan başqa toplantılararası gəzilər, ziyarətlər də öz-özlüyündə qatıldığımız şöləni anlamlı edən, ruhumuzu tərpədən faktorlardan idi. Kırımda olub buranın başkəndinin tarixi adına nədən olan Ağ məscidi görməmək, Baxçasaraya varmamaq, hələ-hələ böyük Qaspıralının muzeyini ziyarət etməmək günah olardı! Xəzər ləpədöyənindən-Abşeron yarmadasından Qaradənizin daha ziyadə şəkildə - az qala üzük qaşı kimi sınırladığı Kırım yarmadasına (…çırpıntısını türkün bayrağından alan Qara Dəniz sanki bu yarmadanı ada halına gətirib, sonra da o taya - Anadolu qıyılarına yaxınlaşdırmaq istəyir!) gedib-gəlmək türkün bir dənizindən digərinə, bir yarmadasından digərinə salam götürmək, könül vermək, ruh daşımaqdı! Sizə deyim, Kırım Xan Sarayını ziyarət edərkən özümü sanki Şəki Xan Sarayını gəzirmiş kimi hiss etdim. Ortaq elementər, tikintidə və bəzək işindəki oxşar və bir çox hallarda eyni üslublar diqqəti cəlb edir.
…Baxçasarayda daha çox A.S.Puşkinin ünlü şeyri ilə tanıdığımız «Baxçasaray çeşməsi»-vəfalı türk kişisi Kırım xanının vaxtsız itirdiyi həyat yoldaşına məhəbbətinin simgəsi olan (sanki vəfalı gözlərin əbədi yaşını axıdan və ya göz yaşlarını əbədiləşdirən!) «ağ mərmər sudan» duyğularımızı doğrudan-doğruya alıb apardı… Bəlkə də VƏFALI sözü bu dünyada ən çox TÜRKə yaraşır. («VƏFALI TÜRK gəldi yenə, qurban türkün bayrağına!..)
***
Bəlkə bir ədəbiyyat tədbirindən daha çox türk birliyi ülküsünə xidmət edən missiya yüklü Kırım Şeyir Şöləni haqqında yazarkən ədəbiyyat və siyasət, yaxud ədəbiyyatda siyasət konularına deyinmədən, toplumsal-kültürəl məqamlara toxunduq doğal olaraq. Ancaq bir-iki cümlə ilə də olsa deyim ki, Kırım da Ukraynanın bir bölgəsi kimi postinqilab dövrünü yaşayır. Elə bizim inqilabdan dəm vuranların da Kırım seçicisinin fikirlərini öyrənməsi pis olmazdı…-İndi Kırımda Yanukoviç tərəfdarları daha fəal görünür. Bu pisdi, yaxşıdı, ancaq belədir. Hətta biz qonaqlara da yaxınlaşan antiinqilabçılar öz təbliğat materiallarını yayır, yerli sakinlərdən dəyişik sosial sorunlarla bağlı imzalar toplayırdılar. Və bir neçə gün sonra İstanbulda XII Türk Dünyası Gənclik Günləri və Qurultayında Kırım tatar nümayəndə heyətinin başçısı İsgəndər Barıyev «Sonuc bildiri»yə Yuşşenko hökumətinin inqilabdan öncə verilən vədlərin yerinə yetirilməməsi ilə bağlı narahatçılığı dilə gətirən bir bənd təklif edəcəkdi…
Biz o yurda bu adı verməmişdik
Bir də Sevastopol, Simferopol adlarına toxunmaq istərdim. Bu adlar zamanında rus çarlığının ideoloqları tərəfindən bu yerlərin türk keçmişini unutdurmaq üçün meydana atılmış adlardır. Yunan mənşəli şəhər adları yarmadaya ortodoks keçmişi bəxş etmək, xristian şəkli biçmək üçün düşünülübmüş.-Birbaşa rus adlarındansa bu variant daha ağıllı və ya daha ağlabatan yol kimi düşünülübmüş. Amma şair demiş «kimi aldadırsan, a zalım oğlu?!» Ağsaçlı Tarix baba Kırımın, Kırım ətrafının, ötəsinin hələ Osmanlı dönəmindən daha öncə bir türk-tatar torpağı olduğunu deyir. İndi Sibir tatarları, Kazan tatarları, Volqaboyu tatarları, Kırım tatarları, Dobruca tatarları kimi bölünən xalq zamanında doğudan batıya at çapıb, qılınc qurşayıb, yurd salıb, tarix və mədəniyyət yaradıb! …Və su gələn arxa bir də gələr!
Qədərə bax
…Min illər öncə atı əhliləşdirən-heyvanı insana qardaş edən, təkəri icad edən, insanı və zamanı hərəkətə gətirib, doğudan batıya yürüş edən, «ipək yolu» çəkən türkün qədirənə bax: XX yüzildə təkərlər üstünə qaldırılıb-bu dəfə artıq motorların hərəkət etdirdiyi və dəmir yolu ilə irəliləyən təkərlərin üstdə heyvan vaqonlarına (biz heyvanı insana qardaş edirik, onlar insanı bel-belə heyvan vaqonuna doldurur!) doldurularaq batıdan doğuya-Sibirə, Özbəkistana sürgün edilir… Sibir də, Özbəkistan da bir türk yurdu, türk torpağı! Ancaq türk öz əcdadlarının, qardaşlarının torpağına könül xoşluğu ilə deyil, sürülərək gedir (gəlir). (Bundan bir qədər sonra qədim türk-oğuz yurdundan-«Ermənistan»dan on minlərlə soydaşımız oxşar aqibətlə üzləşəcəkdi: özbəöz qardaşlarının yanına-Azərbaycanın Aran bölgəsinə sürgünə gələcəkdilər-ziyarətə, könül xoşluğu ilə görüşməyə deyil, sürgünə gələcəkdilər! Qədərə bax, Tanrım!)
Unutmadıq
Kırım tatarları öz sürgün həyatlarını, Vətənə dönüşlərinə yardımçı olan kişiləri unutmayıblar. KMPU-nun qarşısında onların onuruna möhtəşəm abidə ucaldılıb! Biz də unutmayaq: şəhidlər muzeyi quraq, soyqırım muzeyi quraq! Quraq, ancaq qondarma «tarix»ləri, əleyhimizə yazılanları qırmağı (istər intellektual, istər fiziki baxımdan olsun!) da unutmayaq!
Nəhayət biz Azərbaycan təmsilçiləri olaraq Kırımlı günlərdə bir sıra mətbuat orqanlarına müsahibələr verməklə yanaşı, Azərbaycan həqiqətlərini əks etdirən nəşrləri ev sahibi təşkilatların kitabxanalrına hədiyyə etməyi də unutmadıq.
Kırım, səni unutmayacağıq! Bəlkə o yerlərə bir də gəldik!
II
XII Türk Dünyası Gənclik Günləri və Qurultayı
İstanbul -dənizlər, camelər, körpulər və bayraqlar şəhəri!
…Beləliklə, Qara Dənizin orta quzeyindən güney-batısına – İstanbula gəlirik. Türk Dünyası gəncləri yeddi gün içində bu «ağlayanı belə bəxtiyar olan» şəhərdə toplaşırdı. Biz Azərbaycanlıların daha çox Nazim Hikmətin
«Mən bir ceviz ağacıyım Gülhanə Parkında,
nə sən bunun farkındasın, nə polis farkında…»
deyə andığı şəhərin məncə daha çox ustad Nəcib Fazil Qısakürəyin-türk şeyrinin enlikürək kişisinin «Canım İstanbul»u ilə anılmağa haqqı var:
…Yeddi təpə üstündə zaman bir naxış işlər!
Yeddi rəng, yeddi səsdən sayısız sərzənişlər…
Eyüb yetim, Kadıköy süslü, Moda qurumlu,
Adada rüzgar, uçan ətəklərdən sorumlu.
Hər səhər Hisarlardan oxlar çıxar yayından
Hələ nərələr gəlir Topqapı Sarayından.
Ana kibi yar olmaz, İstanbul kibi diyar;
Güləni belə dursun, ağlayanı bəxtiyar…
Gecəsi sünbül qoxan,
Türkcəsi bülbül qoxan
İstanbul, İstanbul…
***
İlki 1992-ci ildə Kazan şəhərində düzənlənmiş Türk Dünyası Gənclik Günləri və Qurultayının 12-cisi noyabr ayının 14-dən 20-dək İstanbul şəhərində keçirildi. XII Qurultay Kazan şəhərinin 1000 illiyinə ad edilmişdi.
Bu yerdə bir cümlə ilə olsa üzərində dayanmağı uyğun gördüyüm bir məqam var. İslamçı siyasi təşkilat imici qazanmış Türkiyənin iqtidar partiyasının (və hökumətin) öndə gələn isimlərinin də qatıldığı Qurultayda açılış xeyir-duası şor təmsilçisinin ifasında məhz ŞAMANCA, ŞAMANSAYAĞI verildi və məncə bu sıradan olay deyildi!..
Açılış günü Türkiyənin Dış İşləri bakanı Abdulla Gül, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı prof.Turan Yazqan, Türk Ocaqları başqanı Nuri Gürgür, Böyük Birlik Partiyasının başqanı Möhsün Yazıçıoğlu, prof.Orxan Kavunçu və digərləri çıxış etdi. Yanılmıramsa bu buna qədərki Gənclik Günləri və Qurultaylarını göz önünə alırsaq Türkiyə hökumətinin ən yüksək səviyyəli təmsilçiliyi idi. Ona görə də qardaş cümhuriyyətin Dış İşləri bakanının dediklərinə diqqət çəkmək istərdim.
A.Gül cənabları öz çıxışında aşğıdakı xüsuslara toxundu:
"…Demokratiya konusunun bizə dışarıdan ixrac edilməsi yerinə biz bunları oturumlarda dartışa bilməli, içimizdə yaya bilməliyik. Biz bunları etməzsək, irəlidə bunlar bizə fərqli şəkildə ixrac edilir. Ölkələr, toplumlar, cümhuriyyətlər bu dəyərlərin topluma yerləşdirilməsi ilə güclü hala gəlməkdədir. Bütün Türk Dünyasında demokratiyanın yayqınlaşması və gəlişməsinin çox önəmli olduğuna inanıram." Çıxışına davam edərkən Türk Dünyasının işbirliyində kültürün də önəmli bir faktor olduğunu vurğulayan Gül, Türkiyə hökumətinin bu amacla həyata keçirdiyi çalışmalardan örnəklər verərək, Orxon-Yenisey abidələrinə gedən 50 km-lik yolun və müzeyin yapımı, Türkistanda Sultan Səncər Türbəsinin, Kosovada Sultan Murat Türbəsinin, Əlcəzayir Sarayının təmiri və daha öncə tamamlanan Osmanlı yadigarı Mostar Körpüsü kimi çalışmalardan söz açdı. Cənab Gül, Baltiklərdən Əlcəzayirə, Kərkükdən Orta Asiyanın dərinliklərinə qədər hər yerdə Türk izləri bulunduğunu dilə gətirərək, bu izlərin qorunması və canlandırılması üçün çaba göstərdiklərini, digər yandan dünyada türkcə öyrədən universitə sayının 22-yə çatdığından öyünc duyduqlarını söylədi. Türk Dünyasında nitəlikli təhsilə önəm vermək gərəkdiyini bildirən Gül, bu baxımdan çox önəmli projelər gerçəkləşdirildiyini, Türk Dünyasından minlərcə öyrəncinin burs verilərək Türkiyəyə gətirildiyini dedi. A.Gül, sözlərini belə tamamladı: "Görüləcək çox iş vardır. Ancaq bunları dartışmamız gərəkir. Öncə bütün dünyamızda demokratiyanı gəlişdirməliyik. Önümüzdə dövlət olaraq yapacaqlarımız, sivil toplum quruluşları olaraq yapacaqlarımız var.»
Türkiyə Cümhuriyyətinin Dış İşləri bakanı Türk Dünyasının yaralı yerlərinə də diqqət yetirdi: «Türkiyə, QKTC-nin güclənməsi üçün onların qəbul edəcəyi qalıcı bir çözüm bulunana qədər heç quşqusuz onların yanında olacaqdır. Qarabağ sorununun çözülməsi üçün siyasi görüşmələrə də dəstək verməkdədir. Sivil toplum quruluşlarının fəaliyyətlərinə qüvvətli şəkildə dəstək verməyə davam edəcəyik. Bu toplantıların Türk Dünyasına xeyirlər gətirməsini diləyirəm. İndi artıq dünyanı yaxşı alqılama, çağdaş dünyanı yaxşı oxuma və çağdaş dünyada türklərin yerini ən yaxşı nöqtəyə gətirmə qeyrəti içində olmalıyıq."
Sanıram, bu sözlər Türk Dünyası Gənclərinin Qurultayının önəmi, gəncliyə bəslənən inam, ondan gözlənənlər və də Qurultayın masaya yatırdığı məsələlərin ölçüləri barədə bəlli bilgilər verməkdədir.
Simpozium
Gənclik Günləri və Qurultayının ilk günü düzənlənən «Türk Dünyası iqtisadi, sosial və kültürəl işbirliyi» Simpoziumunda prof.İsa Özkan («Türk Dünyasında dil, kültür və egitim alanlarında yaxınlaşma çabaları»), DGTYB başqanı Həsən Əli Karasar («Kürəsəlləşmə sürəcində Türk Dünyasında yaxınlaşma stratejiləri və Avrasiya»), dr.Bülənt Aksoy («Türk Dünyasında enreji potensialı»), Xakas nümayəndə heyətinin başçısı Lev Nerbişev («Az saylı türk topluluqlarına yönəlik təhdidlər»), Oruc Kavunçu («Türk Dünyasında iqtisadi işbirliyi alanları») məruzələrlə çıxış etdilər. Bu çıxışlar Türkiyə Dış İşləri Bakanının çıxışı ilə səsləşən, bilim adamlarının, gəncliyin fikir və duyğularını incələməyə imkan verən çıxışlar idi.
«Hər şey axar: su, tarix, yıldız, insan və fikir…»
Noyabrın 15-16-da Türkiyənin tarixi və türistik bölgələrinə gəzi təşkil olundu. İstanbulda Topqapı Sarayını, Sultan Əhməd Camisini, Bursada Türk Sultanlarının türbələrini, Yaşıl Camini və s. ziyarət etdik, İstanbula döndükdən sonra isə Şükrü Saracoğlu adına stadionda Türkiyə-İsveçrə matçını izlədik.
Gəmi ilə Dolmabağça səmtindən çıxdığımız boğaz gəzisi də başqa aləmdi! Sanki dünyanın boğazı türkün əlindədir kimi gəldi mənə (hər halda dünyanın boğazındayıq deyə düşünəməm)! Bu fikrin nə qədər romantik olub-olmadığını oxucuların öhdəsinə buraxıram, amma qərar verməzdən öncə, xəritədə olsa belə, Bosfor boğazına diqqət edin, lütfən.
Topqapı və Bursa ziyarətini bəlkə bir özəl yazıda bəlli sınırda dilə gətirmək olar da, ancaq kaş hər türk övladına o yerləri (eləcə də Təbrizi, Kərkükü, Səmərqəndi, Orxon-Yeniseyi,…) bircə dəfə olsa ziyarət etmək qismət olsaydı! Topqapı və Bursa! O yerlərdə olmaq, keşmişin-türkün qüdrətli dövrünün elə bil bütün ruhsallığı ilə canlanaraq göz önündən keçməsi, ruhun dirçəlməsiydi. …Mənə elə gəldi, Osmanılının qurulmasına, sultanların taxta çıxmasına, döyüş səhnələrinə, yürüşlərə, zəfərlərə tanıq oldum, qatıldım. Elə bil gözlərim önündəydi: indi türkün cümhuriyyətini Avropa Birliyinə qoymaq istəməyən ölkələrin elçiləri, rəsmiləri necə həyəcanla, təlaşla, özünün və ölkəsinin Sultanın qəzəbinə tuş gəlməsindən ehtiyatlanaraq ustuf-ustuf addımlayırdı Topqapı Sarayının girişindən Sultanın hüzuruna doğru!.. Hələ-hələ Zəfərdən dönən ordunun qarşılanması törənləri! Mənim fikir dünyamda Osmanlı ordusu yalnız bir zəfərdən dönərkən törən təşkil etmədi: Çaldıran döyüşündən sonra!.. Çünki türk türkə əl qaldırmışdı həmin gün! Həmin gün türkün zəfər yox, zəhər günüydü! Məgər həmin lənətlənmiş gün qoymadımı ümumtürk gerilməsinin əsasını!?. Mən Topqapı Sarayında dünyanın dörd yanından gətirilmiş qənimətlərə, göndərilmiş hədiyyələrə maraqla baxdım. Ancaq Şah İsmayılın Sultan Səlim tərəfindən gətirilmiş şəxsi əşyalarına baxmaq və bu barədə danışmaq necə xoş ola bilər?!. (Örnəyi, mən bir bir beldən gəldiyim qardaşım Zülfüqarla savaşıb da, onun qolbağını, belbağını götürə bilərəmmi?-Əsla yox!) Bəlkə Səmərqənd Müzeyində də İldırım Bəyazidə aid hansısa qənimət saxlanır?.. - Qıymıram, Tanrım, qıymıram türk ulusuna bu qənimətləri! Türkə türkdən qənimətmi olar?
…Bilirsinizmi, elə Türk Dünyası Gənclik Günləri və Qurultayının amaclarından biri də budur: keçmişimizin səhvlərini öyrənək, amma yenidələməyək! Keçmişimizə baxaq Gələcəyimizi quraq! Bu gün bir yerdə olmağı bacaraq, Yarın ayrı düşməyək! Türk gəncliyi babaların səhvini heç vaxt təkrarlamaz! Mən əminəm, bu gün gənclər tərəfindən təməlləri atılan intellektual, kollektiv və fərdi birlikdəliklər türk birliyi ülküsünü gerçəkliyə hər il daha da yaxınlaşdırır. Gənclərin arasında, DTGB-də sorunlar yoxdumu?-Var! Ancaq bu sorunları aşmaqdan başqa yol yoxdur! (Sorunları, üzüntüləri bu sətirlərin yazarı, başqa dostlar zaman-zaman Birliyin Qurultay və toplantılarında, Başqanlar yığıncağında dilə gətirib, önərilər sunub. Örnəyi, DGTYB bir quruluş olaraq bu sorunları aşmağın yollarından biri kimi meydana çıxmışdır. Ardınca Dosay Gəncata və Şəmsəddin Kuzəçinin başçılıq etdikləri birliklər yarandı. - Bu Yol gedilməlidir!)
Gənclər komissiyalarda nələrdən söz açdılar?
Gəzilərdən sonrakı gün Qurultayın komissiya çalışmaları başladı. Gənclər «Siyasət», «Dil-ədəbiyyat», «Kültür-sənət», «İqtisadiyyat», Ekologiya», «İdman» komissiyalarında toplaşaraq uyğun alanlardakı uğurlar, uğursuzluqlar, perspektivlər barədə fikir mübadiləsi apardı, uyğun sənədlər hazırladılar. Komissiya raporlarında alınan qərarlar açılış günü çıxışlarda ifadə edilmiş tezislərin, habelə uyğun alanlardakı bir çox bəlli sorunların ümumiləşdirilməsi olaraq diqqəti cəlb edirdi. Örnəyi aşağıdakı kimi:
- Dünya Türk Gəncləri Birliyinin uluslararası qurum statusu alması gərəkməkdədir və bunun üçün BMT ve YUNESKO-ya girişimdə bulunulması amacauyğundur;
- Qazaxıstan Prezidenti N. Nazarbayevin önərdiyi Orta Asya Türk Birliyi ideyasına tam dəstək qərarlaşdırılmışdır;
- Rusiyadakı müsəlmanlara, ayrıca türklərə yönəlik basqılar, neofaşist qruplarının saldırıları insan hüquq və azadlıqlarına qarşı yönəlmişdir və Qurultay tərəfindən qınanılır;
- Subyektlərinin tam əksər hissəsi türk və fin-oqur xalqlarından oluşan RF-nin unitarlaşmağa doğru gedişi assimliyasiyaya və subyektlərin mövcud dövlətçilik statusunun belə təhlükə altına düşməsinə xidmət edir;
- Altay, Xakas, Şor, Teleut kimi türk xalqlarının saylarının getdikcə azalması əndişəverici durumdur;
- Kabardi-Balkar (Malkar) Özərk Cümhuriyətində meydana çıxan terror olaylarından dolayı Balkar xalqını dəstəkləyən Türk Dünyası gəncləri hər türlü terrora və terroru doğuran nədənlərin meydana gətirilməsinə qarşı olduğunu bir daha bildirir;
- Noğay bozkırının 1957-ci ildə Dağıstan Cümhuriyətinə daxil edilməsindən dolayı, sınırları bəlli olmadığı üçün assimliyasiya ilə qarşı-qarşıya qalan, bu gün dünyanda öz dövləti olmayan noğaylara özərklik verilməsi tarixi həqiqətlərə, noğayların uluslal haqlarına, bölgənin gerçəkliklərinə uyğundur;
- 1944 sürgünündən sonra vətənlərinə dönməyə davam edən və hələ bir çox hüquq və azadlıqları tanınmayan Kırım tatarları üçün Ukrayna və BMT görəvə dəvət edilməlidir;
- Kərkük və Təlafərdəki işğal və etnik təmizləmə siyasəti DTGB tərəfindən şiddətlə qınanır, Türkmanlara dəstək verilir;
- Tatarıstanda çay sularının səviyyəsinin yüksəldilməsi sonucu, torpaqları su altında qalacaq olan türk qruplarının köç etməyə məcbur qalması assimliyasiyaya nədən olacacağı qorxusu var və bir an öncə uyğun tədbirlər görülməlidir;
- Türkiyəyə T.Özal dönəmində köç edən Bolqarıstan türklərinə bir an öncə vətəndaşlıq verilməlidir.
Hər gələn sorunlardan, üzüntülərdən danışır
18 noyabrda heyət başçılarının çıxışları dinlənildi. Ayrı-ayrı türk dövlət, özərk dövlət və topluluğunu təmsil edən 41 nümayəndə heyəti başçısının yerli, regional və kürəsəl sorunlarla bağlı bilgiləri, dəyərləndirmələri maraqla qarşılandı. Qurultayda güneyli soydaşımız Muxtar Şəmsi, yalnız Azərbaycana deyil, bütövlükdə Türk Dünyasına yönəlik təhlükə və təhdidləri dilə gətirərkən 60 il öncə Güney Azərbaycanda ulusal dövlət qurmuş S.C.Pişəvərinin “Bir ulus ayıq olmazsa, yaşamağ layıq olmaz” sözünü xatırlatdı.
Ayın 17 və 18-də keçirilən müzakirələrdə QKTC Dış İşləri Bakanı Sərdar Denktaş iştirak və çıxış etdi. Ada türk dövlətinin yetgilisi, türk birliyinin qurulması diləklərini dilə gətirdi. S.Denktaş, Kıprız hökuməti adından Türk Dünyasının hər bölgəsindən birər öyrənciyə QKTC Universitelərində burs verməyi qərarlaşdırdıqlarını bildirdi.
Heyət başqanlarının çıxışlarını, verdikləri bilgiləri bir neçə cümlə ilə özətləyəsi olsaq nələri fərqləndirmək olar? Ayrı-ayrı türk dövlət və topluluqlarından gəlmiş gənclər nə dedi?-
Altay gəncləri, "Rusiya-Çin yolu Altay bölgəsindən keçir. Okok Platosunda İskit dönəmindən qalan önəmli tarixi əsərlər var. Bu yol, tarixi əsərləri böyük ölçüdə təhlükə altına salacaq. Bu əsərlər sadəcə Altay türklərinə aid olmayıb Türk Dünyasının tarixi mirası dəyərindədir… Yolla birlikdə, Altay türklərinin assimliyasiyası da başlayacaq. Altay türkləri 205 min nəfərlik ölkənin yüzdə 36%-ni oluşdurur…" deyir. Altaylılar Rusiya paytaxtında bir təşkilat qurduqlarını, indi də Sibir Türkləri Birliyini qurmağa çalışdıqlarını bildirdi.
Başqurdlar, «…bütün fəaliyyətlərimiz Rusiyanın basqısı altında» deyir. Onlar haqlı olaraq düşünürlər ki, Rusiyadakı türk xalqları, yaşadıqları bölgələrin yerli xalqlarıdır. Yaşadıqları torpaqlar onların dədə-baba yurdudur. Dolayısıyla, BMT-nin bu alandakı ilgili quruluşlarının büdcəsindən türk xalqlarına pay ayrılmalıdır.
Çuvaş gəncləri, Türkiyəyə gedib-gələn çuvaş aydınlarının bölücülükdə suçlandırıldıqlarını dilə gətirdilər. Çuvaş aydınlarının ruslara cavabı da çox ilgincdir: "Çuvaşlar, Sovetlər Birliyinin dağılması yönündə deyil, dağılmaması yönündə səs vermişdilər. Sovetlər Birliyini çuvaşlar bölmədi, türk xalqları da bölmədi. Rusiya, Ukrayna və Bəyaz Rusiya liderləri ortaqlaşaraq Sovetlər Birliyinin dağılmasını qərarlaşdırdı. Türkiyəyə getdiyimizdə türklər bizə, "Çuvaşca danışın" deyir, siz isə çuvaşca danışdığımız üçün bizi bölücülükdə suçlayırsınız. Bu durumda biz, sizcə nə etməliyik?" deyə yanıt verir.
Tatarlar-DTGB-nin təməllərini atmış tatarlar, Yusuf Akçura kimi aydınların gələnəyini davam etdirdiklərini ifadə etdilər. – Doğrudan da: "Sadəcə öz ölkəmizin olanaqları ilə ilgili verilər ortaya qoymaq yerinə, bütün Türk Dünyasının olanaqlarına br yerdə çözüm arayalım. Belə etsək, sadəcə özümüzə aidmiş kimi görünən olanaqlar öz-özünə çözülər. Türk Dünyasının gələcəyi, çabalarımızı birləşdirməyimizə bağlıdır. Biz, ölməkdə olan deyil, dirilməkdə olan bir Türk Dünyası üçün projelər gəlişdirməyə məhkumuq…"
Saxalılar «Rusiya Federasiyası unitarlaşmağa doğru gedir.» deyə həyacan təbili çalır.– «Özərk bölgələr, başqa bölgələrlə birləşdirilir. Son olaraq Buryatlar başqa bir bölgəyə daxil edildi. Rusiyadakı türk xalqları əridilir. Rusiya pasportundakı "ulusu" cızı götürülmüşdür. Gənclər kimliksizləşdirilir»…
Teleutlar da eyni rahatsızlıq içində…
Balkar gəncləri, «1944-cü il sürgünü nədəniylə nüfuzları 100 minə düşən Balkar türkləri, son zamanlarda tam bir basqı altında» deyə soyu bir qardaşlarına səslənir.
Şor türkləri: Dünyada 11.500 nəfər qalan şorların özərk cümhuriyyəti yoxdur və bəlli olduğu kimi RF içində yaşayırlar. Şorlar, ruslar gələnə qədər Tengri dininə inanırdılar, sonra zorakılıqla xristianlaşdırılmaya uğradılar. Yurdlarında zəngin kömür yataqları var. Bu mədənlər şor xalqını olumsuz yöndə etgiləyir. «Şor köyləri, kültürləri və kimlikləri ilə birlikdə yox edilir. Şor xalqı, kültür mərkəzləri və çeşidli tədbirlərlə dirənməyə çalışır (Kemerovadakı Şor Kültür Ocağı kimi).»
Tuva gənclərinin verdiyi bilgiyə görə, Tuvaların böyük çoğunluğu, Tuva Özərk Cümhuriyyətində, az bir qismi Monqolustanda yaşamaqdadır. 1989-cu il siyahıyaalınmasına görə, yüzdə 98%-i Tuva Özərk Cümhuriyyətində olmaq üzərə MDB-də toplam 207 min civarında Tuva türkü yaşamaqdadır. Digər soyu bir, boyu bir qardaşlarımızın dərdləri onlara da yad deyil…
Kumık və Noğay təmsilçiləri də nəşəli xəbərlərlə gəlməmişdi: Rusiyanın başqa bölgələrindən gələn pullular, xalqın malı olan qaynaqları dəyişik yollarla özününküləşdirir. Hər iki xalq eyni sıxıntıları yaşamaqdadır. Noğaylar Dağıstan əhalisi içində əriməmək üçün özünüqoruma instinkti ilə hərəkətə keçdi belə...
Qaraçay-balkarlar (malkarlar), «Rusiya, Qaraçay bölgəsinə nüvə füzə yerləşdirmək istəyir» deyir. Bildirilir ki, «Xalq bunu qəbul etmir. İqtisadi üzüntülər, sorunlar, işsizlik aşırı həddədir. Qaraçaylar ilə çərkəzlər arasında çatışma çıxarmaq üçün qışqırtmalar yapılır.»
Bu yazımızda doğal olaraq daha çox yer ayırdığımız Kırım tatarları! Olay bəlli:1944 sürgünündən sonra vətənlərinə dönən tatarlar, əslində özlərinə aid olan Kırımın güneyindəki torpaqların ədalətli qaydada bölüşdürülməsini istəyir. Ev tikmək üçün əski evlərinin yanında yer istəyir, ancaq 13 ildir istəklərinə yanıt verən yoxdur, yoxdur!.. Rus kazakları, tatarlara qarşı qaldırılır. Fərqli etnik saldırıları önləmək, durdurmaq istəyən tatarlardan beş gənc hələ də cəzaevində tutuqlu saxlanır…
Xakaslar nə düşünür, nə deyir? –«Xakasiyada yerli xalqın sayı yüzdə 10-ə qədər enmişdir!.. Oysa Sayan-Altay bölgəsi, bütün türklərin vətənidir. Bu bölgədə 300 minə yaxın əski abidələr, yazıtlar var. Xakas qəbilə başbilənləri, Hunlardan qalan tək yapı olan Hun Sarayı qalıntılarının qorunmasına çalışır.»
Sibir tatarları ayıtır: «Sibirə adını verən, türk xaqanları dönəmindən bəri burada yaşayan, dillərini və dinlərini tərk etməyən xalq, xalq olaraq qəbul edilmir, bu nədənlə də heç bir ulusal haqlarımız tanınmır. …Ac qalma təhlükəsi ilə qarşı-qarşıya qalan Sibir tatarları köçə zorlanırlar. «Qırxıqbaşlar» Sibir tatarlarına saldırır.»
Fin Oğurlar (Udmurtlar, macarlar,…): Fin-Oğur xalqları, çox doğru olaraq özlərini Turan ailəsinin bir parçası sayırlar. …Hunqariyada (Macarıstan) da özünü Hun qəbul edən və rəsmi olaraq bu adla çağrılmalarını, tanınmalarını istəyən qruplar var. Macar türkoloqlar özlərinin Turanın bir parçası olduğunu bilimsəl araşdırmalarla ortaya qoymaqdadır.»
Laplar: Estonya və çevrəsində belə demək mümkünsə itmiş (ərimiş) bir türk qövmüdür. Çox ilgincdir: «bu günədək, bu konuyu araşdıran bir türk universitəsi olmadı!»
Bolqarıstan türkləri nə deyir? - «…Bolqarıstanda bir saatlıq türkcə yayını belə türklərə çox görən anlayış ortaya çıxmışdır. Türkiyəyə köçənlərə hələ də vətəndaşlıq verilməmişdir.»
Dərd birdimi, dərd beşdimi? Ancaq ədalət naminə deməliyik ki, ötən yüzilin 80-90-cı illərində yaşananlara, günü bu gün yaşananlara baxmayaraq hər halda Bolqarıstan türkləri ayaqda qalmağı başardığındandır ki, son parlament seçkilərində onların partiyası hökumət ortağı olma gücünü göstərə bilib! İndi Bolqarıstan parlamentində bolqarlardan sonra ikinci yerdə türklər gəlir.
«Batı Trakya türkləri, bu günə qədər Yunanıstanın digər bölgələrindən təcrid edilmiş kimi yaşadı. Dərnəklərdə və ya rəsmi işləmlərdə türk kəlməsini qullanmaq yasaq! Torpaq almaları da feylən yasaq. Zatən əllərindəki torpaqlar da çeşidli yollarla əllərindən alınmış durumda. Yerlərinə "Pontus köçməni" olaraq yerləşdirilənlər var, amma onlar türklərlə yola getməyə üstünlük vermək istəyirlər.
…Türkiyə azınlıq vəqflərinin malvarlıqlarını böyütmə imkanlarını AB basqısı ilə genişləndirdiyi halda, kimsə AB-nin eyni basqıyı Yunanıstana da uygulamamasının hesabını sormur»…
Makedonya türkləri deyir ki, «2001-ci il Ohri Anlaşmasına görə sayı yüzdə 20-nin üzərində olan xalqların ana dilləri rəsmi dil olacaqdı. Uyqulama sadəcə Arnavutlar üçün yapıldı. Makedoniyada türklər yoxmuş kimi davranılır.»
Rumıniya türkləri! 2000-ci ildə Türk Dünyası Gənc Başqanlar Toplantısına, ötən il isə XI Qurultaya ev sahibliyi edən qandaşlarımız fəaliyyətləri və durumları ilə göz oxşamağı, adlarından söz etdirməyi daha çox haqq etmişlər.
Rumıniyada ictimai-siyasi baxımdan tatarlar ayrı, digər türklər ayrı təmsil olunurlar. Bunun nədəni olaraq, Rumınyada azınlıqların, ilgili bakanlıqdan maddi yardım alması və ayrı-ayrı millət vəkili seçmə haqları bulunması göstərilir. Türk-tatar dərnəklərinin fəaliyyətləri Rumıniya hökuməti tərəfindən qısıtlanmır. Türkiyənin Bükreş Böyükelçiliyi və Köstəncə Baş konsulluğu da hər iki türk qrupunun fəaliyətlərinə dəstək verir. Ayrıca Türk-Tatar qruplarının yaşadığı bölgəyə 2006-cı ildən Avropa Birliyi də yardımlarda bulunacaqdır.
Şükürlər olsun, Qaqauz Yerindən (Qaqauziyadan) gələn dostlar da bir anlamda könlümüzü xoş etdilər. Sayları 200 min civarında olan qaqauzlar özərk cümhuriyyət haqqı almış, öz Cümhurbaşqanlarını və Məclislərini seçmişlər. Ancaq doğal olaraq, Moldava kimi Qaquz Yeri də, iqtisadi və siyasi olaylardan xali deyil.
Əfqanıstan türk gəncləri, «Ölkəyə yapılan yardımların yüzdə 5-i belə türklərə yetişdirilmir. Yardım quruluşlarının çoxu, yardımdan başqa, misyonerlik kimi hər işlə uğraşır. Universitelərdəki Türk öyrətim üyələrinin ölkədən uzaqlaşdırılmasına çalışılır» deyirlər.
Türk Cümhuriyətlərinin Əfqanıstan türklərindən olan öyrənciləri öz universitələrində oxutması xahiş olunur. Qeyd edək ki, Əfqanıstan türklərinin önəmli hissəsini özbəklər oluşdurur və özbək general Rəşid Dustum Əfqanıstanın Gənəlkurmay başqanıdır.
Əhalisinin yarısı türklərdən oluşan İrana gəldikdə isə… «35 milyon Azərbaycan türkü və sayı ən azı 2 milyon civarında olan qaşqay türkləri basqı altında!» Ayrıca İranın, nüvə potensialını ABŞ və ya İsrailə qarşı deyil, Türk Dünyasına qarşı gəlişdirdiyi, ABŞ ilə gizli bir anlaşma içində bulunduğu kimi iddialar da var.
Bizə iraq olmayan İraq! Səddam sonrasına bəslənən ümidlər də böyük ölçüdə özünü doğrultmadı. Soydaşlarımız Iraqda kültürəl və siyasi haqlarını ala bilmədilər. …Təlafərdə Amerikalılar türkmanlara soyqırım uyqulayır.»
«Suriya türkləri: Suriyada sayları 2 milyona yaxın türkman yaşayır. Ərəbləşdirilmiş olanlarla bu rəqəm iki qatına qədər çıxır. Bayır-Bucaq Türkmanları Hatayın Yayladaş ilçəsindəki Türkmanlar ilə yaxın əqrəbədir. Ancaq Suriya türkləri ilə bu günə qədər heç bir ciddi irtibat qurulmuş deyil.»
Doğu Türkistan… Arslan Bulut bu türk ünvanını öz yazısında belə anladır: «35 milyon Türkün yaşadığı, qurduqları dövlətlər ilə "uyqar"lıq qavramının törəməsinə yol açan Uyqur türklərinin və bütün türklərin vətəni olan Doğu Türkistan, Türk Dünyasının ən üzüntülü bölgəsi. Keçən ilin sonunda bütün oxurlarda türk dili yasaqlanmışdır. Doğu Türkistanlı aydınlar, dünyaya aşırı islamçı, «əl-kaidəçi» kimi tanıdılır, bütün Doğu Türkistan quruluşları uluslararası terrorist elan edildi, türk dövlətlərindən heç biri Doğu Türkistanlılara yardım etmediyi gimi, Çinin gücünü diqqətə alaraq onlara basqıda belə bulunur və edam ediləcəklərini bilə-bilə bəzi aydınları Çinə iadə edir. Doğu Türkistanlı aydınlardan Rabia Hanım, ABŞ Dış İşləri bakanlığının girişimiylə həbsdən çıxarıldı. Bu günə qədər 200 mindən artıq Doğu Türkistanlı gənc edam edildi. Kommunist dönəmindən bu günə qədər toplam 600 min türk öldürüldü, ancaq kimsə bu soyqırımdan danışmır. Doğu Türkistana Türkiyədəki rəsmi bəlgələrdə Sinkiang deyilməsi üzüntüverici faktdır. Nüvə dənəmələri və Doğu Türkistana qeyri-türklərin yerləşdirilməsi siyasətinə, öldürülmələrə rəğmən, Doğu Türkistanlı gənclər, "Ya istiqlal, ya ölüm" deyir.»
…Nəhayət, Türük Dünyasının uzaq yaşıl adası-Kıprız! …Dediyimiz kimi QKTC-nin Dış İşləri Bakanı S.Denktaş türk gəncliyinin zirvə görüşünə gəlmişdi. Cənab Denktaş Türk Dünyası ilə isti ilişgilər qurmaq amacı ilə Kıbrıslı türklər arasında bu alandakı çalışmaları ilə tanınan-Azərbaycanda da yaxşı tanınan DTGB liderlərindən Erhan Arıklını "Türk Cümhuriyyətləri tanıtma təmsilçisi" olaraq görəvləndirdiyini bildirdi.
Cənab Dentkaş bildirdi ki, «Əski QKTC qurucusu R.Denktaşın Azərbaycan ziyarəti və qarşılıqlı uçaq səfərləri, ticari ilişgilər, izolyasiyanı sona erdirmədə önəmli bir addım oldu. Ardından Qırğızıstan millət vəkillərinin yarısı QKTC-ni ziyarət etdi. Qazaxıstan, Özbəkistan və Türkmənistan ilə də eyni təmaslar qurulacaqdır”.
Bu fikirlər Kıprızın durumuna işıq salsa gərək.
***
Qurultayın son işçi günü isə komissiyalarda hazırlanmış raporlar oxundu, DTGB-nin başqan müavinləri Ş. Kuzəçi (Türk Dünyası Gənc İlətişimçilər Birliyi (TDGİB) başqanı), D.Gəncata (Türk Dünyası Gənc Akademistlər Birliyi (TDGAB) başqanı) və bu sətirlərin yazarının çıxışları dinlənildi, habelə təkliflər əsasında formalaşmış «Sonuc bildiri» diqqətə çatdırıldı.
XII Qurultayın oturumlarında da öncəki Qurultaylarda olduğu kimi “ortaq dil”, “ortaq əlifba”, öz ölkələrində görəvlərə gələn DTGB liderləri konusu bu və ya digər baxımdan güncəl idi…
***
XII Türk Dünyası Gənclik Günləri və Qurultayının ilk günündən başlayaraq hər gün heyətlərin tanıtım proqramları keçirildi. Türk Dünyası Musiqi Topluluğunun «Yeni Şəfəq»in təbirincə desək, «musiqi ziyafəti» verdiyi şölənlərdə hər türk boy və topluluğunun mahnılarından, geyimlərindən örnəklər sunuldu.
Respublikamızın nümayəndə heyətinin Təbriz, Ərdəbil, Qaşqay Eli və Kərkükdən olan soydaşlarımızla birgə düzənlədiyi ədəbi-bədii gecə də qatılımçılar tərəfindən yüksək coşğu və alqışlarla qarşılandı. Heyət üzvləri həftə ərzində düzənlənən komissiya çalışmalarında və digər tədbirlərdə, habelə TDGİB və DGTYB-nin dəyərləndirmə toplantılarında yaxından iştirak etdi, dəyişik olanaqlar çevrəsində öz fikir və önərilərini səsləndirdilər. Heyət üzvlərinin irəli sürdüyü təkliflərin tam əksəriyyti komissiya raporlarında və «Sonuc bildiri»də öz əksini tapdı. Öncəki Qurultaylarda olduğu kimi bu Qurultayda da Azərbaycan üçün bilavasitə önəm daşıyan ərazi bütövlüyünün bərpası məsələsi, Ermənistanın torpaq işğalı faktı, habelə Xocalı soyqırımının türk dövlətlərinin parlamentləri tərəfindən tanınması, Qazaxıstan nefti və Türkmənistan qazının uyğun olaraq Bakı-Tiflis-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri vasitəsi ilə daşınması üçün adıkeçən dövlətlərin Azərbaycanla anlaşmaya gəlmələrini öngörən sənədlər qəbul edildi.
Azərbaycanda Prezidentin sərəncamı ilə latın qrafikalı əlifba ilə kütləvi nəşrlərin həyata keçirilməsini, o sıradan ortaq türk ədəbi abidələrinin böyük sayla nəşrini alqışlayan və digər türk cümhuriyyətlərinə də önərən müraciət; həmçinin Mərmərə Universiteti tərəfindən Atatürk Ödülünə layiq görülməsi münasibəti ilə Azərbaycan Prezidentinə nümayəndə heyətləri başçıları adından təbrik məktubu da imzalanan sənədlər sırasında idi.
Qurultayda qəbul edilmiş qərarlar içində DGTYB başqanlığının yenidən görəv başında qalması (H. Karasar(Türkiyə)-Başqan, bu sətirlərin yazarı (Azərbaycan)-başqan müavini, Ş. Kuzəçi(Türkmaneli)-başqan müavini, D.Gəncata(Qazaxıstan)–başqan müavini, Ə.Abdullayev(Azərbaycan)-Yürütmə Kurulu başqanı), habelə sıradakı Qurultayın Makedoniyada keçirilməsi barədə qərar da vardı.
Bu dərd mənə tanış gəlir
XII Qurultayının getdiyi günlər Axıska türklərinin sürgün edilişinin 61-ci ildönümü günlərinə təsadüf edirdi.
“Atam Axıskada doğuldu, anam Özbəkistanda... Mən Azərbaycanda doğuldum, cocuğum Amerikada doğulacaq...” Bu sözlər, Axıska türklərinin başına gələnlərin bir özəti olsa gərək...
«61 il sonra darmadağın edilmiş olmamızdan anlaşılır ki, bir xalqı parçalama planları «məhsul»unu vermişdir. Gürcüstan, Avropa Şurasının 41-ci üzvü olaraq qəbul edilmək üçün, Axıska türklərinin öz dədə-baba yurdlarına dönüşü məsələsini 2011-ci ilə qədər çözmə təəhhüdündə bulundu, amma bu günə qədər heç bir addım atmadı, sadəcə Axıska türklərinin geri dönüş sürəcini ağsatmağa çalışdı. Gürcü yetgililəri, Tiflisdə, Avropa Parlamenti üzvlərinə, Axıska türklərinin əslində gürcü müsəlmanları olduğunu söyləydi. Axıska bölgəsinə yerləşən 60 min erməni isə hiç bir hüqüq kuralına uymaq istəmir. …İl yarım sürən araşdırma sonucunda ortaya çıxır ki, ABŞ-dakı erməni lobbisi, Axıskadakı ermənilərlə işbirliyi içində, Axıska türklərinin Vətənə dönüşünü əngəlləmək üçün həm Krasnodorda Axıska türklərinin basqı altına alınmasını, həm də oradakı türklərin ABŞ-a köç etməsini təşkil etmiş!..”
Axıskalı gənclər deyir: “Parlamentlərində soyqırımı qəbul edən ölkələrə səslənirik. - Axıska türklərinə edilənlər soyqırım deyilmi? Soyqırım sayılması üçün yer üzündən silinməmizmi gərəkirdi?” Kırım-tatar nümayəndə heyəti başçısı İskəndər Bariyev də, XII Qurultayın, 1944-cü il sürgünündə yüzdə 60%-i yox edilən Kırım tatarlarının başına gələnlərin soyqırım olaraq qəbul edilməsi üçün BMT-yə müraciət edilməsini istədi.
BMT-yə soyqırım qərarı üçün bir başvuru tələbi də Doğu Türkistan türklərindən gəldi: Çindəki kommunist devrimindən bu günə qədər 600 min Doğu Türkistan türklərinin qətl edildiyini bildirən uyğur gənci, Çinin nüvə sınaqları ilə ekoloji dəngəni pozmaqla qalmadığını, həm bu yolla, həm də yalnız «bir uşaq» zorunluğu ilə bağlı olaraq kürtajla («uşaq aldırma») soyqırıma davam etdiyini, bu üzdən türk analarının həyatlarını itirdiyini xatırlatdı.
Əslində, II Dünya Savaşı və sonrasında - Stalin dönəmində 20 milyondan çox insan qətl edildi. Bunların çoxu türklərdi. Batı dünyası, I Dünya savaşında, savaş öncəsi və sonrasında da əsl türklərin qətl edildiyini bilə-bilə, erməni soyqırımı deyib durmuşlar! Türkiyə və Türk Dünyasının, hətta İslam Dünyasının isə səsi belə çıxmır.
Doğu Türkistan demiş… Qardaşlarım, mən günümüzün günahsız Abdullahını gördüm İstanbulda. Qardaşının haqsız yerə yarqılanması nədəniylə ortaya çıxmış siyasi durumdan sonra Çindən qaçmağa məcbur olan Abdullahın xəyallarında gəzdirdiyi Türkiyəyə gəlincəyədək cızdığı hərəkət trayektoriyasını yadımda qaldığı qədər cızsam, onun çəkdikləri anlaşılar məncə: Güney Koreya sınırı-Malayziya Hava Alanı-Türkiyə, Atatürk Hava Alanı-Malaziya - İran-Naxçıvan-İran-Türkiyə… Yox, yox, bu sıralama həmən-həmən üç-dörd günün içində keçilməyib. Pulsuzluq, aclıq, yabançı dil bilməmə, hədə, təhdid!- Bax bu yaşantılar içində çırpınan uyğur gənci yalnız 3 ildən artıq vaxt sərf etdikdən sonra İran - Türkiyə sınırının sıldırım qayalardan keçən hissəsindən bir qarlı qış axşamı ölümlə əlləşərək gəlib çıxıb Türkiyəyə. Bundan sonra yol hayanadır, Abdullah?! Yolumuz hayanadır, qardaşlar?
…Təsadüfi deyil ki, Türkiyənin tanınmış qəzetçisi Arslan Bulut XII qurultayla bağlı «Yeni Şəfəq»dəki yazısında «Bütün türk xalqları basqı altında» başlığını qullandı…
…Bəlkə də Qazaxıstanlı gənc bilim adamı Nurqali Jusufbay doğru deyir-«Turan öksüzdür»… Adı bizim olan coğrafiyalarda türk insanının sayı azalır, Xakasiyada xakas, Saxada, yakut, şor yurdlarında şorlar tükənir!!! İndi dünyanın «Ermənistan» kimi tanıdığı qədim türk-oğuz yurdunun ardınca Qarabağımız da azərbaycansızlaşdırılır!!!-Suyamı döndü qanımız! E-heyy! Ulu ulus sənə nə oldu? Hanı, sənin törəni kimsə pozmayacaqdı? Hanı, üstə mavi göy çökmədikcə, altda yağız yer yarılmadıqca sən də var olacaqdın!? Varsan da, ancaq böylə VARLIQ olurmu, canım əfəndim?!.
Çuvaşların sözüdür «Vardıq! Varıq! Var olacağıq!»(«Epir purna! Pul! Pulapır!)-Mən bu inamı könlündən və fikrindən çıxarmamış türklərdənəm. Yetər ki, bir olaq, diri olaq, iri olaq! İkili standartlardan üzülmək yox, üzüntü yaradanları üzmək gərək! Ozan Arif demiş «BAŞQA YOLU YOX ARTIQ!»
***
Yazımı «Yüce Erek» dərgisinin baş redaktoru şair Zaim Göyün Türkmanelili soydaşlarımıza ünvanladığı şeyirlə bitirirəm-bütün dövlətsiz türklərə üz tutaraq:
Gözündə yaş, bağrında daş…
Zülmün belə utandığı qərib qardaş
Kağız mahcup, qələm asi, dillər lal
Qardaşımın başında bir qərib hal…
…Qan qusdu da qızılcıq sandıq səs etmədi,
Əlimizlə təslim etdik, kin güdmədi.
Atamın torunu, əmmi oğlum, dayı qızım,
Horyatı ağıt, türküsü sızım-sızım.
Naxışı naxışım, toxuşu toxum
Varsa varım, yoxsa yoxum…
Bakı-İstanbul-Kırım-İstanbul-Bursa-İstanbul-Bakı
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib Xəzangül, 03 İyul, 2009 11:01:48Sizləri oxuduqca bilirsiniz necə sevinib,qürurlanıram.Türk dünyasının qalibiyyət simfoniyasını dinləyirəm sanki...Elə bil sizin yazınız müjdə xəbəridi mənimçün.O müjdə ki, göydən gələn vəhy kimi onu gözləyirik.Əkbər bəy bütün ürəyimlə sizi alqışlayıb, təşəkkürümü bildirirəm.






