Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalının sestv.az-a müsahibəsi
- Əkbər müəllim, işğal olunmuş Azərbaycan ərazilərində tarixi-memarlıq abidələrinin kütləvi şəkildə dağıdılmasını vandalizm aktı kimi dəyərləndirmək olarmı?
- Sözsüz ki, bu bir vandalizm aktıdır. Bu həm insani parametrlərlə, elmi nöqteyi-nəzərdən və hüquqi tərəfdən yanaşdıqda belədir. İşğal edilmiş ərazilərdə maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi hələ də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri qalıb.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.
Mən bir vətəndaş olaraq düşünmürəm və heç də bədbin deyiləm ki, onlar mədəniyyət abidələrinin dağıtmaqla, bir hissəsini özününküləşdirməyə cəhd göstərməklə, qarət etdikləri tapıntıları Ermənistana aparmaqla tarixi uğur və qələbə əldə edəcəklər. Mən inanıram ki, tarixin məntiqi axışı və haqqın incəlsə də üzülməməyi nəticə etibarilə o abidələrin yerləşdiyi torpaqların yenə öz əzəli sakinlərinə qayıtması təmin ediləcəkdir. Ancaq bu o demək deyil ki, biz əlimizi əlimizin üstünə qoyub o tarixi məqamı gözləməliyik ki, Ermənistan nə vaxtsa bir dövlət kimi sıradan çıxacaq.
- Dünya birliyinin, beynəlxalq təşkilatların Ermənistanın insanlığa və bəşəriyyətə qarşı olan genosid siyasətinə ikili yanaşmasını nə ilə izah etmək olar?
- Bu, çox təəssüf ki, müasir dünya birliyinin gerçəkliyidir. Bunu biz öz üzərimizdə daha çox hiss edirik. Bu ikili standartların mənfi təsirinə daha çox məruz qalan bir ölkələrdən biriyik. Qardaş Türkiyədə bu ikili startlardan əziyyət çəkən ölkələrdəndir. Digər ölkələri də buna misal göstərmək olar. Bir az öncə qeyd etdiyim kimi dünya gerçəkliyi deyib məğlubiyyətlə barışmaq da düzgün deyil. Sonuna qədər haqlı mübarizəmizi davam etdirməliyik. Bunun alternativi isə ikili standartlara boyun əyməkdir ki, bizim də belə bir niyyətimiz yoxdur. Mən əminəm ki, ikili standartlar adlandırdığımız bu haqsız münasibətə, dünya birliyinin haqsızı haqlı göstərmək sisteminə, daha doğrusu sistemsizliyinə son qoyulacaq. Davamlı, sistemli iş gördükdə, mübarizə apardıqda qarşı tərəf fakt qarşısında qalır. Bir gün gec, bir gün tez, bəlkə bir az könülsüz də olsa düşmən haqsız olduğunu etiraf edəcək.
- Azərbaycan daha nələr etməlidir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yer adlarının dəyişdirilməsinin, tarixi abidələrin dağıdılmasının qarşısını ala bilsin?
- Davamlı olaraq müxtəlif QHT-lər, irəli görüşlü insanlarımız virtual aləmdə, internet vasitəsilə bununla bağlı təbliğat işləri aparmalı, dünyanı məlumatlandırmalıdırlar. Mən xatırlayıram Xocalı hadisələrinin ildönümündə bir təşkilat olaraq ayrı-ayrı ölkələrin parlamentarilərinə, o cümlədən ABŞ konqresinin üzvlərinə internet vasitəsilə məktublar, şəkillər göndərdik. Bu kampaniyadan sonra mənim göndərdiyim həmin adreslərə, eləcə də mənim elektron ünvanıma viruslu məktublar göndərilməyə başlandı. Yəni elə bir vəziyyət yaranmışdı ki, bir müddət həmin adreslərə məktub ünvanlanmaqda problemlər yaranmışdı. Bəzən bizim kiçik bir şey kimi baxdığımız bu kimi kampaniyalara qarşı belə haqsız olan düşmən həmin an əks tədbir görməyə başlayır. Bütün bunlar göstərir ki, biz “nə etməliyik?” sualı ətrafında ciddi düşünməliyik. Heç şübhəsiz ki, bu işlərdə diaspor təşkilatlarımızın fəaliyyətini gücləndirməliyik. Hər bir qələm adamı öz yazısında, jurnalist öz məqaləsində təbliğatını aparmalıdır. Yəni önəmli deyil sən hansı partiyanın üzvüsən, neçə yaşın var, hansı sənətin sahibisən, tutduğun mövqe nədir, onu dərk etmək kifayətdir ki, sən Azərbaycanı təmsil edirsən. Hər bir vətəndaş özünü Azərbaycanın ərazi bütövlüyü məsələsində mükəlləf və məsuliyyətli hiss etməlidir.
//SİA
http://www.sestv.az/index.php?action=video_view&static_id=169983







YENİLİKLƏR