Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Türkistanın tarix səhnəsinə çıxışı və Xoca Əhməd Yesəvi

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Türkistan sözü, Türkiyə türkcəsində eyni zamanda iki mənada istifadə olunur. Bunlar Türkistan bölgəsi və Türkistan şəhəridir. İkisinə də Türkistan deyirik. Bunu qarışdırmaq istəməyənlər, Türkistan şəhərinə, keçmiş adıyla Yesi deyərək məsələni həll etməyə çalışırlar. Eyni anlayışları bizdən daha çox istifadə etmək məcburiyyətində olan Türkistanlı qardaşlarımızın tapdıqları çıxış yolu isə daha fərqlidir: Türkistan bölgəsinə Ulu Türkistan, digərinə isə, Özbəklər Türkistan şəhəri, Qazaxlar Türkistan Qalası deyərək, dillərindəki çaşqınlığın qarşısını alırlar.
Hər iki isim tarixi həqiqətlərlə qarşımızda dayanır: tarixdə, Türkistan anlayışına ilk dəfə 7-ci əsr mənbələrində rast gəlinir. Bu əsrdə ərəb və fars tarixçilər, Türkistan sözünü, Türk ölkəsi, Türk yurdu mənasında istifadə edirlər. “Türk Divanı Lüğəti” adlı böyük əsərində Kaşqarlı Mahmud, Türkistanı yenə Türk ölkəsi olaraq, Xəzərin üzərindən qıvrılıb qərbdə Rumelinə, şərqdə isə Çinə qədər uzanan bölgə olaraq tərif edir. Məşhur rus tarixçisi B.B.Bartodun əsərlərində də Türkistan anlayışına tez-tez rast gəlmək olar. Kaşqarlı Türkistanın sərhədlərini bir az daraldaraq Xəzərdən-Çinə qədər uzanan bölgə olaraq təsvir edir. Türkcəmizdə isə Türkistan anlayışı, Bartodun tərifinə yaxın - qərbdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanı, cənubda Əfqanıstanın şimalını, şərqdə Şərqi Türkistanı əhatə edən, qədim Türk yurdlarını ifadə etmək üçün istifadə olunur.
Türkistan sözünə verilən ikinci məna, Ulu Türkistanın mənəvi özəyi olan, Qazaxıstan sərhədləri içərisində yerləşən kiçik bir şəhər - Türkistan üçün istifadə edilir. Bu kiçik şəhər, əslində ölkələrə verilən böyük ismini, Orta Asiya coğrafiyasında qəbul etdirmiş olsa da, Anadoluda, hələ köhnə adı Yesini unutdura bilməmişdir. Yesi bu gün Qazaxıstanda Çinkənd vilayətinə bağlı Türkistan şəhərinin məlum olan ən qədim adı, yerləşmə yeri isə adına, Kültəpə deyilən bölgədir.
Kültəpə - üzərində, Yesi şəhərinin qurulduğu təpəcikdir.
Adı niyə Kültəpədir? Məlum deyil!
Görəsən, Asiyadan Anadoluya kimi, bütün Türk Dünyasını yandırıb bir qasırğa kimi küllərini sovuran monqol istilalarından əvvəl də onun adı Kültəpə idimi? Bilən yoxdur!
Kültəpə doqquz metrlik yüksəklik olduğundan, buradakı  kəndə də “Yassı”  deyilir. Yassı daha sonralar xalqın dilində “Yessi” və “Yesi” olur. Bu fikir Yesi sözünün məlum olan tək etimologiyasıdır.
Monqolların, böyük Türk bilicisi Fərabinin doğulduğu və onun dövründə parlaq elm və ticarət mərkəzi olan Otrarı (Fərab) yandırıb yerlə-yeksan etdikləri dövrdə mənbələr, Yesiden çox tez-tez bəhs etməyiblər. Kültəpənin üzərində yerləşən bu kiçik kənd o dönəmlərdə mühüm əhəmiyyət kəsb edən yer olmamışdır. Belə olsa da, Yesi monqol istilaları zamanı yandırılaraq tamamilə məhv edilir. Yeni Yesi tarixdə yandırılan hər bir şəhər kimi, köhnə yerindən bir az uzaqda salınır və bugünkü yerində, yəni Kültəpənin qərbində yenidən qurulur. Ancaq Kültəpə boş qalmır və Kültəpədə monqol istilasının külləri arasında bir ocaq yanmağa başlayır. O nuruyla bütün qaranlıq könülləri aydınlatmağa kifayət edən işıqdır və bu işığın şəfəqi yalnız Yesini deyil, bütün Türkistanı, Qafqazı, Anadolunu tutur.
Bir rəvayətə görə Kültəpədə salınan şəhərin adı Yesi olmazdan əvvəl “Asan”dır. Asan, yəni sakit, sülh dolu...
Yenə də Kültəpədə yanan atəşin alovlarından “asanlıq” yayılır.
Və bu bir atəşdir ki, böyük bir mədəniyyətin ruhunu isidir və önünü işıqlandırır.
Və bu bir qordur ki, monqol istilasının yaralarını dağlayır.
Və Yesi, tarixdə ən parlaq dönəmini, Kültəpənin külləri arasında böyük bir ocaq quran Qul Xoca Əhmədin XII əsrdə burada məskunlaşmasıyla yaşamağa başlayır.
Qul Xoca Əhməd Qazıqurd dağının ətəklərində salınmış, Türkistana təxminən 200 km məsafədəki Sayram şəhərində dünyaya gəlir. Atası İbrahimin  və anası Karasaçın məzarları bu gün Sayramın dağa söykənən hissəsindədir. Onun Türkistana ilk gəlişi kiçik yaşlarına təsadüf edir və ilk təhsilini də burada Arslan Babadan alır. Menkıbeye görə Arslan Baba Peyğəmbərin əshabələrindəndir və Kiçik Əhmədə Peyğəmbər əmanəti xurmanı gətirmişdir. Dostları ilə birlikdə oyun oynayan Əhməd Arslan Baba yoldan keçərkən ona doğru qaçır və “səndəki əmanətimi ver” deyir. Arslan baba xurmanın sahibinin bu balaca uşaq olduğunu anlayır.
Xalq arasında çox tez-tez danışılan bu cür hekayətlərin təbiətini bilənlərə məlumdur ki, mənbələr olan hadisələri bir-bir anlatmaqdan çox, sətirlərin arasında gizlənən mənaları, simvolları yayır və yaşadırlar. Onlardan hamı özünə uyğun mənalar çıxardır. Bu, okeandan öz qabının həcminə uyğun su almağa bənzəyir. Hər kəsin qabındakı su okean suyudur, lakin heç kimin suyu okean deyildir. Mənbələrin bu xüsusiyyətlərinə görə qeyd edim ki, Arslan Baba mənbəyində söz açılan xurma da, bu ümumi xarakteristikaya uyğun gəlməlidir. Arslan Babanın gətirdiyi, “Peyğəmbər əmanəti xurma” bildiyimiz Mədinə xurması olmaqdan çox, bir simvoldur. Elmlərin açarıdırmı, yuxarıların şirin yemişidirmi? Niyazi Misri Yunusun şeirlərini şərh edərkən bəzi simvollara gəlincə “əhlinə məlumdur” deyərək, orada nə  deyildiyini açıqlamır. Biz də “xurma”ya bu cür yanaşaq: bizə məlum olmasa da, əhlinə məlumdur.
Bu “xurma”nın sahibi və böyük elmin arxasınca düşən Əhməd Buxaraya Xoca Yusif Həmədaninin yanına gedir, burada formalaşır. Ustadının vəfatından sonra Yesiyə dönür.
Bax, bu dönüş Yesinin taleyini dəyişdirəcəkdir.
Və əvəzində Yesi adını Qul Xoca Əhmədə verir.
Əhməd, Əhməd Yesəvi olur.
Yesəvi adıyla birlikdə Yesi də tanınmağa başlayır.
Lakin onda yaşayanın böyüklüyü özündən çox ucadır. Buna görə şəhər bir müddət sonra sakininin tituluyla xatırlanmağa başlayır.   
Çünki Qul Xoca Əhməd:
Şah-ı Türkistandır;
Mah-i Türkistandır;
Və Pir-i Türkistandır.

Yesəvi Türkistanın piridir. Hətta Türkistanın mənəvi sahibidir. Türkiyə türkcəsində “Xoca Əhməd Yesəvi” olaraq söylədiyimiz “xoca titulu” Qazax dilində və əski Türk dilində “k” və “h” səslərinin ortaq birləşməsi ilə tələffüz edilərək “khoca” deyilir və “sahib” mənasını verir. Həvəskarcasına etimologiyaya baş vursaq, Türkiyə türkcəsindəki “xoca” və “koca” sözlərinin kökü “khoca” olmalıdır. “Xoca” elmin sahibi, “koca” evin, eşiyin və elin sahibidir.
Yəni bizim “Koca Yunusun” “kocalığı” ilə “Xoca Əhmədin” “Xocalığı”, Elin sahibi “Türkmən Kocalarının” “kocalığı” da eyni nəsnələrdir.
Dolayısı ilə Xoca Əhməd Yesəvi hər iki mənada Türkistanın sahibidir. Xalq “xoca” desə də incə irfani və təmiz vicdanıyla bu titulun əvvəlinə “qul” ifadəsini də əlavə edir.
 Xoca Əhməd Kültəpənin üzərində ocağını qurur və könülləri işıqlandırır. Gözəli gözəllik içində təqdim edir. “Hikmətlər” adını verdiyi şeirləriylə Türk təsəvvüf ədəbiyyatının ilk yaradıcısı olur. Bu şeirlərində ayət və hədislərin daşıdıqları mənaları, xalqın başa düşə biləcəyi tərzdə dilə gətirir. Müqəddəs mesaj yüklü “Hikmətlər” dildən-dilə, könüldən-könülə dolaşır.
Hələ də xalq arasında əzbər bilinən “Hikmətlər” Anadoluda xüsusi günlərdə oxunan Süleyman Çələbi Mövludu kimi özünə uyğun bir qaydada dinlənilir. Mövlud Qəndilində və ya sünnət toyunda yaşlı bir adamın nə isə oxuduğunu görsəniz, bilin ki, Yesəvi Hikmətlərini söyləyir.
Xoca Əhməd Kültəpədə yanan atəşdən şərqə, qərbə qığılcımlar sıçradır... Orta Asiyadakı bütün Türk elində, hətta İdil-Ural, Qafqaz, Anadolu və Balkan Türkləri arasında onun “Hikmətlər”i oxunur, yetişdirdiyi qəhrəmanlar, onun metoduyla könüllərin yetişdirilməsini davam etdirilər. Başqırdıstanda Şeyx Hüseyn, Qafqazlarda Avşar Baba, Tokatda Gajgaj Dədə və Şeyx Hüseyn, Merzifonda Pir  Dədə, Kırşəhərdə Hacı Bektaş, Bursada Geyikli Baba və Abdal Musa, İstanbulda Horoz Dədə, Filibedə Kıdemli Baba Sultan, Varnada Akyazılı Baba, Babadağda Sarı Saltuk Türk aləminə səpələnmiş və Kültəpədən aldıqları atəşi, hərarəti və aydınlığı getdikləri yerlərə saçmış Yesəvi qəhrəmanlarının ağsaqqallarındandır. 
Xoca Əhməd Yesəvi 1166-cı ildə vəfat etdikdən sonra onun qəbrini Türk xalqları ziyarətə başlayır. Bundan başqa, Otrarın yox olmasından sonra artıq Yesi İpək Yolunun vaz keçilməz guşələrindən biri olur. Şərqdən-qərbə, şimaldan-cənuba gedən karvanlar həmişə Yesiden keçib gedir.
Yesi artıq əvvəlki Yesi deyildir.
O Ulu Türkistanın qor atəşi, Türk-İslam mədəniyyətinin toxumudur.
Yesi şəhəri Qul Xoca Əhmədə adını verirsə də, bir müddət sonra Yesəvi də öz şöhrətini şəhərə verəcəkdir. Yaşadığı və uyuduğu şəhər onun adıyla xatırlanacaqdır. Artıq Yesinin titulları:
Şehri Şahı Türkistandır;
Şehri Mahı Türkistandır;
Və Şehri Piri Türkistandır.
Şəhərin adı XV əsrin sonuna qədər Yesi olub. XVI əsrdə Yesiyə Türkistan deyilməyə başlanılır və XVII əsrdə artıq bütün mənbələrdə Yesidən Türkistan deyə bəhs edilir. O dövrün bir çox ziyalıları tərəfindən Türkistan, dönəmin məşhur şəhərləri Səmərqəndlə, Buxarayla müqayisə edilir. Hətta Babür dönəmində yaşayan Şair Şeybani kimi bəziləri üçün onlardan da ucadır:
“Övliyalar sərvəri ol Şahi Türkistan imiş,
Yer  üzünün nuru tutqan Mahi Türkistan imiş,
Könlümə gəl gir diyormen ol Semerkand arzulap,
Bilmemişsen ey könül Dilhani Türkistan imiş”.

(Uyğunlaşdırma: Rəsmiyyə SABİR)



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az