NAXÇIVANDAN TÜRK DÜNYASINA
Tural Vidadi oğlu Bağırov 13 iyul 1981-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Naxçıvan şəhər 11 saylı orta məktəbi 1998-ci ildə bitirib. Elə həmin il Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında Saz ifaçılığı ixtisası üzrə ali təhsil alıb. Onun saza vurğunluğu hələ uşaqlıq illərindən başlayıb. Turalın dayısı Aşıq Abdulla Naxçıvan Muxtar Respublikasının sayılıb-seçilən aşıqlarından olub. Şahbuzda yaşayan Aşıq Abdullanın bu sirli-sehirli milli musiqi alətimiz-dəki özünəözügü ifası Turalı da uşaqlıq illərindən cəlb edib və beləliklə Turalın saz aşiqliyi ortaya çıxıb. Hətta Turala ilk sazı da dayısı Aşıq Abdulla bağışlayıb. Qeyd edək ki, dayısı hə¬min sazı ünlü sazbənd Xududan alıb ki, öz bacısı oğluna ba¬ğışlasın. Musiqiyə, saza aşiqlik Turalı 2 saylı Naxçıvan şə¬hər Uşaq Musiqi Məktəbinə gətirib və o, burada Aşıq Cəbrayıl Gilançaylıdan sazın gizlinlərini daha dərindən öyrənib. Bar¬maqları pərdələrə daha gözəl yatıb, ifası dinləyiciləri özünə cəzb edib.
2002-ci ildə ali təhsdilini başa vuran Tural Bağırov 1 illik hərbi xidmət dövründə də hərbi hissə klubunun fəallarından olub. Öz əsgər yoldaşları və komandirləri onun ifasında “Ruhani” ilə ruhlarını dinləndiriblər, “Cəngi” ilə coşublar, “Naxçıvani” ilə vətənə daha möhkəm sarılıblar, “Yanıq Kərəmi” ilə gözü yolda qoyub gəldikləri sevgililəri ilə xəyalən görüşüblər...
Hərbi xidmətdən qayıtdıqdan sonra Tural Naxçıvan Dövlət Filarmoniyasında solist kimi əmək fəaliyyətinə başlayıb. Eləcə də Babək Rayon Uşaq Musiqi Məktəbində saz müəllimi kimi işləməyə başlayıb. O, hər iki iş yerində kollektivin və həmkarlarının sayğı və sevgisini qazanıb və bu qazanılım günümüzdə də davam edir.
Tural hələ tələbə ikən Naxçıvan Dövlət Universitetinin ya¬radıcı kollektivləri ilə birgə istər ölkə daxilində, istərsə də bir neçə qonşu ölkədə qastrollarda olub. Sinəsinə sıxdığı sazıyla könülləri riqqətə gətirib, türk ruhunun səsi olan sux havalarıyla dinləyicilərinin ürəyində məskən salıb. Onun 1999-cu ildə Türkiyənini Bayburt şəhərində keçirilən Uluslararası Dədə Qorqud Festivalındakı çıxışı, ifası və səsi festival iştirakçılarının sürəkli alqışları ilə müşayiət olunub. Dəfələrlə Türkiyənini Qars, Van, Ərzurum və digər şəhərlərində, İranın paytaxtı Tehranda olan Tural Bağırovun ifası, təbii ki, muxtar res¬publikada da sayılan, seçilən və sevilən ifalardandır. Bunun sonucudur ki, bu gün Naxçıvan Muxtar Respublikasının əksər el şənliklərində, dövlət tədbirlərində saz ifası zamanı Turalın da özünəözgü ifasını eşidirik. Bu həm də Turalın səsi və sazının ona bəxş etdiyi uğurlardandır. Bu uğurlardan birinin xüsusi önəmi var. Belə ki, Tural Bağırov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. O həmçinin Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul edilib və hazırda Naxçıvan Aşıqlar Birliyinin katibidir.
2009-cu ildə Bakı şəhərində keçirilən Azərbaycan Aşıqlar Birliyinin konsertində, 2010-cu ildə Bakıda keçirilən Uluslararası Aşıq Festivalındakı yaddaqalan ifaları olub. O, Aşıqların V Qurultayının nümayəndəsi olub.
Mən Tural Bağırovun ifasında “Dübeyti”nin daha yad¬daqalan ifa olduğunu düşünürdüm. Özüylə söhbətimiz zamanı Tural da etiraf etdi ki, onun ən çox müraciət etdyi hava “Dübeyti”dir.
Tural sazıyla müxtəlif şairlərin, aşıqların sözlərini də birləşdirib. Belə ki, Tural daha çox Məmməd Arazın, Zəlimxan Yaqubun, Zəki İslamın, Xanəli Kərimlinin, Əbülfəz Muxtaroğlunun qoşmalarına, gəraylılarına, təcnislərinə üz tutur.
Turalın ifasında Məmməd Arazın aşağıdakı misraları Vətəninn müxtəlif bölgələrindəki gözəlliklərini gözlərimiz önündə canlandırır:
Ana, yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Kimi sənin çiynində, sən kiminin,
Şöhrətini yaşadan az yaşayır…
Amma Turalın şöhrətini yaşatdığı saz heç vaxt az yaşaya bilməz. Çünki saz ilahi səs, ilahi nəfəsdir. Buna görə də səsini, avazını, pərdəsini, havasını yaşatdığı saz yaşadıqca Turalın ifasını, səsini, avazını və özünəözügülüyünü də yaşadacaq!
AŞIQ ŞİRİNİN İFASINDA SÖZ DƏ,SAZ DA ADAMA ŞİRİN GƏLİR...
Şirin Mayıl oğlu Şirinzadə 01 aprel 1982-ci ildə Nax¬çıvan Muxtar Respublikasının Şahbuz rayonunun Gömür kəndində dünyaya gəlib. Gözünü açdığı ailədə bir neçə nəfərin musiqiçi olması Şirinin də taleyini uşaqlıq illərindən bəlli edib. O da musiqi dünyasının sakini olub. Babası – balaban çalan Şirindən, atası – qarmonçalan Mayıldan fərqli olaraq balaca Şirin könlünü saza verib. Gömür kənd orta məktəbində oxu¬duğu 1988-1999-cu illərdə, qonşu Kolanı kənd Uşaq Musiqi Məktəbində də saz sinfində musiqi təhsili alıb. Musiqi mək¬təbində Aşıq Zülaldan sazın sirlərini öyrənən Şirin müəl¬li¬minin də ən istedadlı və yetənəkli şagirdlərindən biri olub. 2000-2002-ci illərdə keçdiyi hərbi xidmət dövründə də sazını qara köynəyində bir küncdə qaralmağa – tənha qalmağa qoy¬mayıb. Belə ki, hərbi hissə klubunda xidmət keçən Şirin özəl günlərdə, bay¬ramlarda sazını si¬nəsinə basıb, könülləri şad edib…
Əsgərlikdən gələndən sonra el şənliklərində sazın və sözün xidmətində olan, sazı, sözü təbliğ və tərənnüm edən Şirin 2010 -cu ildən etibarən bir vaxtlar musiqi təhsili aldığı Kolanı kənd Uşaq Musiqi Məktəbinə bu dəfə müəllim kimi qayıdır. Hazırda Şirin sazın sirlərini yeniyetmələrə öyrədir və deyir ki, imkanı olsa hər kəsin sazı öyrənməsinə çalışar.
Şirin Naxçıvan Muxtar Respublikasındakı mədəni-kütləvi tədbirlərdə də daim iştirak edən istedadlı aşıqlardandır. Öz bacarığı ilə muxtar respublikanın ayrı-ayrı rayonlarında, kənd və qəsəbələrdəki el şənliklərində də Şirin daha çox mü¬raciət edilən aşıqlarımızdandır. İstedadı ilə seçilən gənc aşıq Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir çox ölkələrdə qastrol səfərlərində də olub. Qonşu, dost və qardaş Türkiyənin mədəniyyət paytaxtı İstanbulda keçirilən Gənclərin Yaradıclıq Festivalındakı çıxışı onu dünya gəncləri arasında da tanıdıb. Bundan savayı Tacikistanda, İranda müxtəlif uluslararası tədbirlərin iştirakçısı olan Şirin, orada “Sarıtel”imizi, “Ruhani”mizi, “Cəngi”mizi sazının simlərində özünə özgü şəkildə səsləndirib, yaddaşlara köçürüb.
Gənc aşığın ifasında Aşıq Ələsgərin qoşmaları, gözəlləmələri, Aşıq Nəcəfin gəraylıları, Məmməd Arazın fəlsəfi şeirləri, Dədə Şəmşirin təcnisləri, Zəlimxan Yaqubun poetik duyğuları elə gözəl səslənir, elə gözəl səslənir... bir də baxırsan xəyal səni haralara aparıb gətirib…
Sazının pərdələrinə mizrabını vurduqca ayrı bir dünyaya daxil olan Şirinin ifasında dinlədiyim qoşmalar, gəray¬lılar, təcnislər, divanilər uzun illər yadddaşımdan getməyəcək. Hələ Aşıq Əlsgərin “Gərəkdi” qoşmasını elə ürəkdən oxuyur, deyirsən, ustad sözü onunçün bir təlimə çevrilib:
Aşıq olub, tərki-vətən olanın
Əzəl başdan pürkəmalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
Hələ 30 yaşını tamamlamayan bu gənc istedadın dalısınca xoş sədasını çox eşidəcəyik, inşallah… Şirinin adı kimi şirin ləhcəsi və ifası Naxçıvan aşıq mühitini Azərbaycanın digər bölgələrində və ölkəmizin hüdudlarından kənarda da tanıdır və gələcəkdə də tanıdacaq. Söz və saz sevənlər Aşıq Şirinin avazında sözə və saza daha da möhkəm bağlanacaqlar – biz buna inanırıq.
Elxan YURDOĞLU (MƏMMƏDOV)







YENİLİKLƏR