Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
272829

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Qarabağ mövzusunda yazılmış hekayələr

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

 Xanverdi TURABOĞLU

 Müharibə insanların taleyi, yaşayış və düşüncə tərzində ağrılı cəhətləri ilə sağalmaz və silinməz izlər buraxır. Yetmiş il boyunduruq altında addımlayaraq ötən SSRİ məkanında 15 respublikalardan biri kimi yaşayan Azərbaycan dövləti əsrin 80-ci illərin sonundan etibarən, azad, müstəqil, hüquqi dövlət uğrunda mübarizəyə qalxır. Tarixə çevrilmiş ötən 90-cı illərin ilk dövrlərindən ölkəmiz dövlət müstəqilliyinə nail oldu. Bununla bərabər, çoxdan bəri bizim torpaqlarımızda gözü olan qonşu Ermənistan dövləti ərazimizin faydalı, əvəzsiz, zəngin sərvətlərə malik olan Qarabağ torpağını neçə illərdir işğal altında saxlayır.  Azərbaycan dövləti öz növbəsində neçə illərdir ki, qonşu Ermənistan dövlətinin işğalçılıq siyasətini pisləyir və bunu bütün dünya dövlətləri və xalqları qarşısında qaldırıb bəyan edir. Ədəbiyyatımız da hər dövrdə olduğu kimi, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, onun bədii təsvir obyektinə çevrilməsinə nail olur.
Nəzərdən keçirdiyimiz son dövr hekayə nümunələrində bunun aydın, qabarıq bədii ifadəsini görürük. Qarabağla əlaqəli bədii səhnələr təfərrüatı ilə açılır, insanı səylə, cidd-cəhdlə düşünməyə vadar edir və torpaq itkisi ilə barışmayaraq vətən sevgisi naminə mübarizəyə səsləyir.
İsa Hüseynovun “Şapalaq” hekayəsində azərbaycanlı ailəsi ilə dostluq edən və birgə yeyib-içən erməninin son anda ikiüzlü hərəkət və davranışları ilə müşayiət olunaraq qarşı tərəfdə güclü ikrah hissinin oyanmasına təkan verir. Firuzə Məmmədlinin bu cəhətdən iki hekayəsi diqqəti çəkir. Yazıçının “Atilla, Atilla, Atilla” əsərində itirilmiş hissiyyatları, paslanmış beyinləri vətəndaşlıq duyğuları ilə oyadan, titrədən hüznlü, eyni zamanda, döyüşə, vuruşa, mübarizəyə səsləyən “Qarabağ uğrunda qılınc (oxu: silah) götür, vuruş” ideyası tarixi-mifoloji nümunələrdən tanıdığımız əzəmətli Atilla simasında gerçəkləşib qabardılır.
Yazıçının bu hekayəsində qoyulan problem, təsvir olunan hadisə, vəziyyət qüvvətli vətəndaşlıq duyğusuna köklənib təhlilə çəkildiyindən başqa Qarabağla əlaqəli yazılan Qarabağnamələrin lirik-romantik nəsr nümunəsi kimi dəyərləndirmək olar. Müəllifin “Müsibət” əsərində toxunulan mövzuda da Qarabağ torpaqlarının itkisi ilə bağlı vətəndaş təəssübkeşliyi öndə dayanır. Burada olacaq gerçəkliklərin öncə duyulması kimi gələcək arzuolunmaz məqamların qarşısını almaq üçün imkan yaradırsa, bundan bəhrələnməkdənsə, onun məhvinə gətirib çıxarır. “Müsibət” hekayəsində məhz qabaqcadan hiss edilən öncə duyum hadisəsinə inanmağın nəticəsi o olur ki, məhedici şər qüvvə öz əməlində israrlı, qətiyyətlidir. Əsərdə şər qüvvəni təmsil edən işğalçı tərəf - qonşu ölkə istənilən vaxt imkanlarını işə salır, hansı yolla, necə, nə iləsə zəbt edəcəyi ərazilərdə içəridən daxili qarmaqarışıqlıq yaratmaqla, şər niyyətlərinin baş tutacağına inanır və belə də edir. Qarşı tərəf öyrənir ki, yaxınlaşacağı həmin yaşayış məskənində toy olmalıdır. Toy ərəfəsi müvəqqəti atəşi dayandırıb sakitliyə riayət etməklə, qonşuların isə bu sakitlikdən istifadə edib toy gününün tezləşdirməsini qabaqcadan bildiyindən, məhz toy gecəsi güclü atışma yaradır, onların xeyir işini pozub daxili sarsılmaya məruz qoymaq, ümidsizliyə qapılıb oranın tərk edilməsinə nail olmaq istəyir. Yazıçı hekayədə təsvirini tapan işğalçı ölkənin bədniyyətli, qəddar, amansız hərəkətlərinin qabarıq bədii ifadəsində onların qonşusu olduğu xalqın müqəddəs toy mərasimlərinin icra edilməsi gününə təhqirdolu hərəkətləri ilə ümumbəşəri nifrətə layiq olduqlarını ibrətamiz epizodlarla təqdim edir. Yaradıcılığında əsasən müharibə mövzusuna önəm verən Miraslan BəkirliYadigar” hekayəsində onun insan taleyində oynadığı acı həqiqətlərin, dəhşətli məqamların bədii ifadəsini verir. Əsərin qəhrəmanı min bir əzab-əziyyətlə qəpik-quruş hesabına tikdirdiyi evdə rahat sığınacaq tapa bilmir, müharibənin törətdiyi ağlasığmaz vəhşiliklər, yerindən, yurdundan, doğma torpağından, el-obasından ayrı düşmüş adamların acınacaqlı taleyi yazıçının əsərində ürəkağrısı ilə xatırlanır. Vətəndaşlıq duyğusu ilə yoğrulan bu hekayədə həm nisgil, həm də düşmənə qarşı qüvvətli nifrət var. Yazıçı-dramaturq Aygün Həsənoğlunun “Qarabağı qaytaran oğlan və ya Fərhad əfsanəsi” hekayəsində müharibə mövzusu və əsirliyin əzablı, işgəncəli həyatı bütün ağırlığı, gərilmiş halları kəskinliyi ilə bədii mətnə köçürülür. Və bütöv halda müharibə obrazının bədii-psixoloci portretinə çevrilir. A.Həsənoğlunun təsvirlərində müharibə obrazından alınan görümlülük əsər boyu səpələnir. Müharibə anlayışı yazıçının bədii düşüncəsində, hətta obrazların nitqində özünəxas cəhətləri ilə açılır. Hekayə rəsmi, sənədli faktlar əsasında qələmə alınsa da hadisə və proseslərin və insan taleyinin güclü bədii-mifik təsir və mənalandırmaları baxımından təbiiliyi, inandırıcılığı ilə diqqəti çəkir. Əsərin qəhrəmanı iyirmi bir yaşlı Fərhad daim ağır, üzücü işgəncələrə məruz qalsa da əsl igid kimi aydın, işıqlı əqidənin yorulmaz mübarizəsi olaraq yüksəlir. Hekayədə təsvirini tapan bu obraz mifikləşərək rozulmaz qan yaddaşında bərkiyib ucalan ruhu ilə yazıçının bədii düşüncəsində və estetik idealında torpaqlaşan qurd balasının rəmzi-simvolik obrazı kimi mənalanır. Hekayədən misal kimi götürülən kiçik mətn fikrimizə bu baxımdan söykənəklidir; oğlanın içərisinə torpağın özü yox, ruhu dolurdu və bütün vücudu hissə-hissə torpaqlaşırdı və bu dəyişiklik elə sürətlə baş verirdi ki, hay onun saçından yapışıb qaldıranda gözlərinə inanmadı, oğlan dirçəlmişdi, əzabdan, döyülməkdən və ucalıqdan solğunlaşmış sifətinə həyat eşqi gəlmişdi. Şişmiş gözləri də elə qəzəblə parıldayırdı ki… Haya elə gəldi ki, əlinin altındakı bir qurd balasıdır… İndi anladı ki, bütün bu bədəni parça-parça olmuş oğlanın bütün ruhunda torpaq varmış, bu torpağı ondan qoparmaq, almaq mümkünsüz bir şeymiş”.

Reallıq budur ki, nəzərdən keçirilən ilin hekayə canrında müstəqillik dövrünün adamları problemləri ilə birgə alınaraq təqdim olunsa da bütövlükdə onun mühitlə bağlı əlaqələri dolğun ictimai məzmun və dərin fəlsəfi ümumiləşmə ilə gerçəkləşə bilmir. Başqa ifadə ilə qeyd etsək, yaşamaq uğrunda çılpaqlığı ilə nümayiş etdirilən mübarizə əzmi obrazın fərdi aləmində köklənərək bəzən maksimalst emosional haləti ilə üzə çıxsa da vətəndaşlıq duyğusu ilə yüklənən dərin fəlsəfi ümumiləşmə, ictimai məzmun qazana bilmir. Bütün bunlar onu göstərir ki, ilin hekayə məhsullarında qoyulan problem, onu doğuran ictimai-sosial kökləri, bəlaları çoxcəhətli tərəfləri ilə bədii təhlilə cəlb edilə bilmir. Eyni zamanda hekayələr üzərində aparılan müşahidələr təsdiq edir ki, müharibəyə qədərki və ya şərti olaraq müharibədən sonrakı yaşayış və düşüncə tərzi indiki halda və anlamda müxtəlif bədii-estetik baxış bucağından qiymətləndirilərək izlənilir, xatırlanır və özünəməxsus cəhəti ilə inikasını tapsa da ümumilikdə dolğun ictimai məzmuna çevrilə bilmir. Sadəcə bir misal. Qərib Mehdinin «Toyda» hekayəsində hadisə toy fonunda cərəyan edir. Əsərdən məlum olur ki, Əsəd Qəmbəroğlu oğlunun müharibədən yayınması üçün imkanından istifadə edib başqa şəhərə göndərir. Bir müddət keçəndən sonra, o qayıdan oğluna toy eləyir. Əsgər   kişini qonşu kimi toya dəvət etsə də, Şəhid atası olduğu üçün onun bu toyda iştirakından toy sahibi o qədər məmnun deyil. Digər tərəfdən yazıçının bədii məqsədinə görə Şəhid atasının toyda iştirakı bir neçə mühüm cəhəti qabardır.
Birinci mühüm cəhət odur ki, torpaqların azad olunması yolunda Əsgər kişinin oğlu vuruşaraq döyüşdə həlak olur. Təxminən eyni yaş mərhələsində olan toy sahibinin oğlu isə gərgin müharibə vəziyyətindən tam uzaq bir şəhərdə gününü  keçirməklə məşğul olur. İndi isə evlənmək ərəfəsindədir. Şəhid atası Əsgər kişi və fərari atası Səftər Əsəd Qənbər oğlundan fərqli olaraq o qədər imkan sahibi olmadığı üçün deyil, sadəcə Əsəd Qənbəroğlu düşüncə və hərəkətləri, davranışları səviyyəsində ola bilmədiyindən övladlarını əsgəri xidmətə göndərir. Buna baxmayaraq fərari atası özü istəməsə belə yenə oğlunun səhv, düşünülməmiş addımları üçün imkanlı Əsəd Qəmbəroğlu vəziyyətində ağır məsuliyyət qarşısında qalır. Əslində fərarilik edən əsgərin və əsgəri xidmətdən yayınanın hekayə boyu yadda qalan heç görüntüsü belə yoxdur. Sadəcə onlar haqqında danışılır. Bəlkə, azca da olsa onların bədii cəhətdən əsaslandırılmış səhvləri, nöqsanları ilə birgə alınaraq obraz kimi canlı görüntüsü təsvir və təhlildən keçirilsəydi bu daha güclü estetik təsir gücünə malik olardı. Digər tərəfdən, düzdür, hekayədə Əsəd Qənbər oğlunun özlüyündə özünün laqeyd hərəkətlərinə qarşı hansısa daxili peşmançılığı, əzabları da kiçik bir detal da olsa təsvirini tapmır. Və ya ola bilər ki, bu müəllifin bədii düşüncəsinə görə Əsəd Qəmbəroğlu davranışların məntiqi nəticəsi kimi görsənsin. Həmçinin biz də elə düşünürük. Digər tərəfdən fərari atası Səftər kişi isə yazıçının bədii təsvirində Əsəd Qəmbəroğludan fərqli olaraq fərari atası olduğu üçün həmişə daxili əzab, peşmançılığı ilə müşayət olunur. Bu, hər şeydən öncə hekayədə təsvirini tapan Əsgər kişi ilə qarşılaşmasında qabardılır. Həmin məqamla ilişik fərari oğul atasının etirafları da maraqlı səslənsə də, bu, problemin həllində dərin ictimai məzmun və ümumiləşmə ilə gerçəkləşə bilmir. Hekayədə tam əks qütbdə təhlilə çəkilən Əsgər kişi düşünür ki,  o əli silah tutan kişilərin qaçqın, mühacir, didərgin kimi dünyaya səpələnməsinin əleyhinədir. O, bu cür adamları icralarla ictimai qınağa cəlb etmək istəyir. Xatırladır ki, insan olan kəs gerçəyin qulu, yalanın ağası olmalıdır. Belə olmazsa bu yazıq vətəni kim xilas edəcək. Ancaq Əsgər kişinin qınağı ümumilikdə ictimai qınaq yox, Şəxsi qınaq təsiri bağışlayır. Buradakı qınaq dərin bədii-fəlsəfi ümumiləşdirmələri ilə qabardıla bilmir. Nüşabə Məmmədlinin «Bayraq, papaq və həqiqət» hekayəsində hadisə, əhvalat əsasən qəhrəmanın düşüncələri üzərində köklənib üzə çıxır. Təhlilə çəkilən hadisə və prosesdə itirilmiş, dağıdılmış və xarabalığa çevrilmiş torpaqların azadolma istəyinin reallaşdırmaq cəhdində lirik-romantik qatla təqdimi üstünlük təşkil edir. Qəhrəman itirilmiş torpaqların geri qaytarılması yolunda mübariz, çevik düşüncə tərzi nümayiş etdirə bilmədiyindən hekayə dərin ictimai məzmun və fəlsəfi ümumiləşdirmə səviyyəsinə qalxa bilmir. Əsərdən yalnız onu öyrənirik ki, qəhrəman baharın gəlişi, nəfəsini duymaq, hiss etmək, yaşamaq üçün kəndə getmək fikrinə düşür. Belə bir məqamda onları ailəliklə başqa rayona toya dəvət edirlər. Qəhrəman yolüstü maşının arxa küncünə qısılıb gözlərini yumaraq xəyalən arxada qalan, ötüb keçən günlərin bahar çağını xatırlayan anda Xarabalığa çevrilmiş həyat-bacaların ağrı-acılarını yaşamağa məcbur olur. Addımladığı hər hansı künc-bucaq hansısa xatirələr olayların assosiativ düşüncələrini yaradır və çox keçmir qəhrəman düşüncələrindən ayrılır. Məlum olur ki, maşında yanaşı əyləşmiş oğlu ona şad xəbər  verir  «Ana, Qarabağı azad etdik».
«Nənni» hekayəsi (Aydın Tağıyev) baxmayaraq günümüzlə səsləşən mövzu ilə diqqəti çəksə də «Bayraq, papaq və həqiqət», «Toyda» hekayələrində müşahidə olunan bəzi qüsurlu cəhətlə müşaiyət olunur. Hekayədə təsvirini tapan erməni-azərbaycan münasibətinin əvvəlki illərində olduğu dostluq, yoldaşlıq cəhəti sadə əmək adamının simasında qabardılaraq üzə çıxır. Əsərdən məlum olur ki, erməni Arakel Azərbaycan kəndlərində qapı-pəncərə ustası kimi tanınaraq hörmət qazanır. Arakel bu hörmətin müqabilində Azərbaycanlı balasını sənət, peşə öyrətmək üçün şagird götürür. Azərbaycanlı usta köməkçisi qaldığı erməni evində çoxlu tabut yeşikləri gördükcə uşaq ağlı ilə daxilən qorxu hissi keçirir. Usta onun narahatlığını gördükdə başqa peşə, yəni tabutla tam əks qütbdə olan uşaq beşiyi -nənni düzəltmək sənətini öyrədir. Arakelin köməkçisi ilə təxminən eyni yaşda olan oğlu erməni Slavik isə tabut yeşiklərini düzəltməklə məşğuldur. Amma, azərbaycanlı balasının nənni, erməni, Slavikin eyni vaxtda tabut yeşiklərini düzəltməklə məşğul olub tanınması kiçik detal və epizodlarla olsa əyani təsvirin görünmədiyinə görə hekayədə qoyulan problemin, ideyanın açılmasında bədii həllini tapmır. Eləcə də sonradan düzəldilən çoxlu nənnilərin satılması və ya alıcıların azlığı, yaxud  müharibə vəziyyəti ilə bağlı detalların dumanlı təsviri belə oxucunu inandıra bilmir. Həmçinin qəhrəmanların sürətlə, hissolunmadan yaşca böyümələri də inandırıcı və təbii görünmür.

 

 



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az