- Əkbər bəy, ötən il Sizin Birliyin və şəxsən Sizin fəaliyyətinizdə də əlamətdar hadisələrlə yadda qalmışdır. Mənim də iştirakçısı olduğum – 1-4 dekabr 2011-ci il tarixdə qardaş Türkiyənin Ərzurum şəhərində düzənlənmiş “Müstəqilliyinin 20-ci ilində Azərbaycan – Türkiyə münasibətləri” konfransı və “Ərzurum Azərbaycan şair-ozanlar gecəsi” haqqında oxu¬cularımıza bilgi verməyinizi Sizdən xahiş edirəm. Oxucularımız üçün də maraqlı olardı, - tədbirdə kimlər iştirak edirdi və özəlliklə hansı məsələlər müzakirə olunurdu?
- Təşəkkür edirəm. İliniz, gününüz aydın olsun!
Məlumunuz, Ərzurum konfransı Azərbaycan və Türkiyə parlamentarilərinin iştirak və çıxış etdiyi mötəbər bir tədbir idi. EkoAvrasya, Əziziyyə Bələdiyyəsi və Avrasya Sivil Toplum Quruluşları Birliyinin ortaq səyləri və Azərbaycan tərəfdən bizim partnyorluğumuz sayəsində gerçəkləşmiş bu konfrans və Əziziyyə Bələdiyyəsi ilə DGTYB-nin ortaq layihəsi olan şair və ozanlar gecəsi, hesab edirəm iştirakçıların çoxunun yaddaşında 2011-ci ilin ən əlamətdar hadisələrindən biri kimi qalacaq. Sözükeçən tədbirə qardaş ölkə Başbakanı cənab Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu göndərməsi; iqtidar partiyasının Baş katibi Haluk İpəyin, digər 4 millət vəkilinin, üçü Ankaradan olmaqla 5 bələdiyyə başqanının iştirakı; Azərbaycan tərəfdən, toplam 20 nəfərlik nümayəndə heyətinin, o cümlədən Milli Məclisin Komitə sədri, Azərbaycan- Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun və AŞPA-dakı parlament nümayəndə heyətimizin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın, Qars konsulumuz Ayxan Süleymanovun iştirakı, çıxışı təşkilatçı qurumlara bəslənən etimadın, sayğının göstəricisi idi, deyə düşünürəm. Bununla belə, heç şübhəsiz, hər birimizin üzərində “bir millət, iki dövlət”in mənsubu olmanın şərəf və məsuliyyəti vardı. Bir də, dostlarımızın etiraf etdiyi və sizin də tanıqlıq etdiyiniz kimi, DGTYB-nin Bəxtiyar Vahabzadə adına Türk Dünyasına Xidmət Ödüllərinin verilməsi törəni konfransın birinci gününə damğasını vuran hadisə oldu.
Konfrans və şair-ozanlar gecəsi barədə təşkilatçı qurumların saytlarında, bir sıra digər mətbu oraqanlarda bilgi verildiyi, müvafiq foto və video materiallar yayımlandığı üçün təkrarçılıq etməməmək istərdim. Yalnız onu deyim ki, gərgin çalışmalar sonrası böyük bir tədbiri keçirə bildiyimiz üçün çox məmnunam. Ərzurumda tarix yazıldı. İstərdim, əməyi keçən hər kəsə, şəxsən EkoAvrasyanın başqanı Hikmət Ərənə, Əziziyyə Bələdiyyəsinin başqanı Fatih Çingizə, “Avrasya Sivil Toplum Quruluşları Birliyi”nin başqanı, millət vəkili İsmayıl Safiyə bir daha təşəkkürlərimiz yetirim.
Müzakirə olunan məslələrə gəldikdə, deyim, öncədən tərtib olunmuş proqrama uyğun olaraq, siyasi, iqtisadi və mədəni bloklarda cəm olmaqla, üç ana istiqamət üzrə edilən məruzələrdə, iki qardaş ölkə arasındakı münasibətlərin dünəni, bugünü və gələcəyi elmi yöndən ələ alındı. Daha çox son 20 ilə vurğu yapan məruzəçilər məsələlərə üfüqgenişliyi ilə, dünya birliyində yerimiz, rolumuz prizmasından, Azərbaycan – Türkiyə qardaşlığı və siyasi partnyorluğunun xaricdə buraxdığı siyasi-ideoloji izlər baxımından yanaşdılar, desək yanlış olmasın gərək.
- Ozan və şairlərimizin ifası necə qarşılandı?
- Sizə deyim, ifalar da gözəl idi, ifalara bəslənən münasibət də, alıqşlar da... Ən gözəl məqamlardan biri də Ərzrum küçə və meydanlarında iriplanda vurulmuş elanlar, elanlarda bizimkilərin adı, DGTYB-nin emblemi... – bunlar həm duyğusal anlar yaşatdı bizə, həm də QHT-lərcə qət edilmiş məsafəni bariz şəkildə göstədi hər birimizə. Nəhayət, yenidən səhnəyə çağrılmalar, verilən plaketlər, yeni görüş vədləri, yeni planlamaların cızılması, kitab mübadilələri münasibətlərin davamlılıq amili kimi diqqəti cəlb edir, bir baxıma. Bax, işin bu yönü məndən ötrü çox dəyərlidir. – Biz, əgər bir neçə sənət adamının, elm adamının, sənət adamı ilə tamaşaçıların, dinləyicilərin arasında bağ qura bilmişiksə bu bir mənəvi qazancdır!
- Bu gün Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan qüvvələr də olmamış deyil. Sizin başqanı olduğunuz DTGYB iki qardaş ölkə arasında münasibətlərin daha da yaxınlaşmasında böyük rol oynayır və ümumilikdə, Türk Dünyasının birliyi istiqamətdinə önəmli layihələrə imza atır. Nə düşünürsünüz, bu qüvvələr istəklərinə nail ola biləcəklərmi?
- Hesab edirəm, haqqında danışdığımız konfrans və şair-ozanlar gecə özlüyündə Türk Dünyası sevdalıları və düşünürlərinin qalib gələcəyini, qarşı qoyanların isə məğlub olacağını göstərən aksiya idi, mədəni akt idi. İki qardaş ölkənin, qardaş xalqın ruh birliyini, can birliyini uzun illər tikanlı məftillər, yabançı ideolojilər poza bilmədi, indi də poza bilməyəcəklər, gələcəkdə də pozmağa nail ola bilməyəcəklər! Azərbaycanla Türkiyənin arasına girən özü-özü əleyhinə sərəncam vermiş olur. O qərar istər ermənicə yazılsın, istər fransızca, ən yumşaq ifadə ilə desək, atlıq kağız parçası olacaq, zamanın rüzgarı ilə sovrulacaq...
- Son illər Sizin də əməkdaşlıq etdiyiniz Avrasiya Ekonomik İlişkilər Dərnəyi və Dərnəyin “Ekoavrasiya” dərgisi Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı istiqamətində yeni layihələrə imza atır. Qarşıda yeni layihələrin gerçəkləşməsi gözlənilirmi?
- Əlbəttə. Biz bir toplantının, bir layihənin bitdiyi gün o biri layihənin haqqında ilkin görüşlərdə, istişarədə bulunuruq. Hələ görüləcək çox işimiz var. 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümüdür. XX yüzilin bu insanlıq dramını, sonra digər ortaq ağrılarımızı birgə konfrans, sərgi, aksiya və başqa tədbirlərlə gündəmə gətirmək, qətnamələr qəbul etmək, dünyaya haqq səsimizi bir daha və bir daha duyurmaq niyyətindəyik. İnşallah, niyyətlərimiz əməli müstəvi üzərində öz inkasını tapacaqdır. Başqa planlar da var, zamanı gəldikcə onlar haqqında da danışarıq.
Elnur ELTÜRK







YENİLİKLƏR