Fransa Senatının, bu ölkədə qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəzanı nəzərdə tutan 23 yanvar tarixli qanununu qınayır, bu siyasi həyasızlığı demokratik dəyərlərə sayğısızlıq, Fransada yaşayan və ya Fransaya səfər edən hər bir həqiqətpərəst insanın düşüncə, söz, fikir azadlığına qəsd sayıram. Fransız xalqının qanunverici orqanda təmsilçiləri olan Fransa parlamentarilərinin bu adıyaman addımı, tarixi hadisələrin siyasiləşdirilməsi və Türkiyəyə, ümumən Türk Dünyasına qarşı əsassız, əsilsiz kin-küdurətinin ifadəsidir. Bu, üzərindən 100 ilə yaxın bir dövr keçmiş tarixi hadisələrin yanlış yorumu, yanlış dəyərləndirməsi və bu yanlışlıqlar üzərində yanlış hökmdür; bu hökm, ilk növbədə tarixə, fransız mədəniyyətinə, haqq dünyasında olan fransız aydınlarının ruhuna, bütün fransız xalqına hörmətsizlikdir. Fransa Senatının heç bir sağlam məntiqə sığmayan, sorumsuz qərarı, Batı dünyasının əldə bayraq etdiyi bütün demokratik dəyərlərin Batının aparıcı dövlətinin parlamentincə tapdalanması faktıdır; Fransanın orta çağ qanunlarına məzmunsuz gerilimidir. “Erməni soyqırımı”nın özü kimi qondarma və əsilsiz olan bəlli “qanun” yalnız Türkiyə ilə Fransa arasındakı tarixi və çoxyönlü ilişgilərin, işbirliyinin sıradan çıxmasına xidmət etməyəcək, həm də bütün türk xalqlarının Fransa ilə işbirliyinin geridönüşü çətin bir səhifəyə salacaq.
Uluslararsı hüquq normalarına, söz və fikir azadlığına zidd, tarixi baxımdan əsassız belə bir “qanun”un qüvvəyə minməsi, biləvasitə Azərbaycan-Fransa münasibətlərinə də zərər verəcəkdir. Uzun illər ərzində Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarının azad olunması, bölgədə barış yaranması üçün uluslararası mandat etibar edilmiş Fransa bu etibarını itirmiş durumdadır. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olmaq hüququnu itirmiş durumdadır və bu gerçəklik gərəkən səviyyə və şəkildə öz həllini tapmalıdır. Fransa hakimiyyəti açıq-açığına özünü Ermənistanın haqsız iddialarının vəkili kimi göstərir və belə olan halda, Ermənistanın tərəf olduğu bir münaqişədə onun haqlı olduğunu düşünmək sadəlöhvlükdür. Fransız qanunvericiləri tarixlə üzləşmək istəyirsə Əlcəzairə, Afrikadakı digər sömürgələrinə baxsın; fransız qanunvericiləri soyqırım faktı axtarırsa, qondarma “erməni soyqırımı”ndan 5 dəfə daha yaxın tarixdə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan dövlətinin (erməni dövlət başçıları Robert Köçəryan və Serj Sarkisyanın) biləvasitə iştirakı ilə dinc Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım aktına diqqət yetirsin.
Bir daha, Fransa Senatının bu qərarını qınayır, fransız aydınlarını, fransız şair və yazıçılarını öz Senatlarına etiraz etməyə dəvət edirəm!
Əkbər QOŞALI
DGTYB başqanı







YENİLİKLƏR