İntiqam YAŞAR (İSGƏNDƏROV) –
AZƏRBAYCAN Universitetinin IV kurs tələbəsi
***
Qoluma qəm zəncirini,
Doladıqca dola, dünya.
Bağladınsa çalış durma,
Bircə addım dala, dünya.
Nalə, fəryad etməz dilim,
Nəyə gərək yersiz zülüm?
Kişi kimi öldür
ölüm,
Çəkmə sağa, sola, dünya.
Hər şey sadə, hər şey bəsit.
Nə söz dinlə, nə söz eşit.
Mərdi yox et, buyurub get,
namərdlə qol-qola, dünya.
Haqq olanla döyüşmərəm,
Öz yolumu dəyişmərəm.
Mən ölsəm yenə düşmərəm,
sən düşdüyun yola, dünya.
***
Qarabağsız günlərimizə...
Qismət
demə,
qisməti Allah yazar,
Bunu bir məkrli əl yazdı bizə.
Allahın nə işi quyu qazmaqla?
Bəndənin işidi, o qazdı bizə.
Əvvəli bilmədik
öz yaşımızdan,
Yağılar yol saldı, lap başımızdan.
Bizə nə dediksə qardaşımızdan –
Lap pisə layiqik, bu azdı bizə.
İllərdi biz dərdə dözə bilmirik.
Köhnə anlamırıq, təzə bilmirik.
Bu qəm dəryamızda üzə bilmirik.
Bu dərya deyəsən dayazdı bizə...
26.01.2012
***
Sən, ey başdaşından boylanan şəkil,
Dünyaya baxmaqdan yorulmadınmı?
Burdan gəlib keçən haqqa çatmaza,
Dişini sıxmaqdan yorulmadınmı?
Bir gəlib tozunu silənin də, yox.
Sən kimdin, nəçiydin – bundan kimə nə?
Bəlkə bir istəyin, bəlkə arzun var,
Utanma, çəkinmə, buyur, de mənə.
Əvvəllər bir qadın görərdim hərdən,
Gəlib dayanardı sənlə üzbəüz.
Deyəsən, heç o da baş çəkmir daha,
Nə dedin, xətrinə dəydi hansı söz?
Bəlkə o qadın da köçüb dünyadan,
Köçübsə görəsən hardan boylanır?
Yəqin başqa yerdə dəfn eləyiblər,
Yəqin bir şəkil də ordan boylanır...
***
Bizlər bir qatarın sərnişinləri,
Bir “zaman qatarı” aparır bizi.
Bu qatar sehrli bir sürət alıb,
Çəkib bu dünyadan qoparır bizi.
Qorxum yox qətiyyən, yaman rahatam.
Yolun eyniliyi mənə təsəlli.
Sən ki, yanımdasan hər şeyə dəyər,
Mənzil olmasa da heç kimə bəlli...
Bir anlıq geriyə baxmaq istədim,
Ağıl dedi baxma, baxmağa dəyməz.
Dünən baş verənlər dünəndə qaldı.
Kövrəlib ürəyi sıxmağa dəyməz.
***
İlk bahar çağının təravətindən,
Son bahar çağında tutmuşuq xəbər.
İndi bilmişik ki, vüsal nə imiş,
Buna bir ad vermək olarmı məgər?
Arxadan atılan daşa bənzəyir,
Bizim qismətimiz, bizim talemiz.
Dərd-qəmi vaxtından əvvəl görsə də,
Nədənsə görmədi bizim talemiz.
Doğma ünvanımız bizə yad kimi,
Elə bil qəribik,yadıq burda biz.
Sanki,müvəqqəti qərar tutmuşuq,
Dayanan deyilik,gedəcəyik tez.
Hara getməliyik bəlli deyil he?,
İrəli, ya geri,sağa, ya sola.
İlahi bizləri yolçu göndərib,
Dörd dənə ayrıcı olan bir yola.
BU GÜN MƏNİM DƏRDİM OLAN...
Dərdə dözməz bir ürəkdir, hey çağlayım coşum deyən,
Tük ürpədən dərd deyilmi hər laldinməz daşım deyən?
Ey dini bir, imanı bir,
mənə
din qardaşım deyən.
Bu gün mənim dərdim olan sabah sənin dərdin olar.
Əl bir şey etməyəcəksə yalandan barmaq tuşlama.
Ağlarsan doğrudan ağla yalandan gözü yaşlama.
Məni görəndə yas tutaraq, onu görəndə alqışlama.
Bu gün mənim dərdim olan sabah sənin dərdin olar.
Sən olmusan seyrçisi başım üstə duman, çənin.
Qanlı əlinə su tökdün hər zaman yağı düşmənin.
"Əl tutmaq Əlidən qalıb" - əməlində varmı sənin?
Bu gün mənim dərdim olan sabah sənin dərdin olar.
Arxada arxa olduğun sanma ki, sən çaldı zəfər.
Bu torpaq bu qədər qanı bil ki, udmayıbdı hədər.
Baxma, mənəm dərdi çəkən hiss etməyirsən mən qədər.
Bu gün mənim dərdim olan sabah sənin dərdin olar.
Yorumunuz
Şərhlərə görə (3 göndərilib)
-
Yerləşdirilib Tebriz Xelilov, 24 Fevral, 2012 06:43:33Her zaman oldugu kimi zovqu oxsayan seirlerine gore cox sag ol,sene yeni-yeni yaradiciliq ugurlari arzulayiram
-
Yerləşdirilib Fidan, 22 Fevral, 2012 08:58:29Intiqam bey tebrik edirem sizi,ugurlar size...Weirlerin her biri alqiwalayigdi...
-
Yerləşdirilib Ruslan, 21 Fevral, 2012 01:50:07ela







YENİLİKLƏR