Çağdaş Azərbaycan poeziyasının mənzərəsində Rəsmiyyə Sabir şeri özünəməxsus bədii-estetik keyfiyyəti ilə yadda qalır. Onun şerlərində lirik-romantik qat, əhvali-ruhiyyə üstünlük təşkil edir. Rəsmiyyə Sabir poeziyasının lirik qəhrəmanı daim ilahi varlığa üz tutub onunla yaxın təmasda olmağa çalışır, ona qovuşmağa can atır. Şerlərinin müraciət formasında həmişə «Allah», «İlahi» kəlməsi öndə dayanır. Məsələn deyək ki, belə:
Günahlarımızı əhv et.
Yenə yerdən göyə qaldır bizi, İlahi.
***
…Mənə borc verdiyin bir əmanəti,
Qaytarana kimi öldüm, İlahi.
***
Yerdən ayaqlarım üzülüb, əlim,
Asılıb səmada səndən, İlahi.
***
…İçim, çölüm od içində,
Üşüyürəm niyə, Allah? və s.
Allaha, İlahi məqama üz tutub tapınmaq, İlahi varlığa qovuşmaq üçün Rəsmiyyə Sabirin qəhrəmanı ruhən özünü təbiətin ecazkar müğənnisi sayılan qu quşunun ruhi varlığı ilə vəhdətdə olaraq Ulu Dərgaha qovuşmanı özlüyündə üstün hesab edir:
Gözlərəm ay batanadək,
Fələk sayan bitənədək,
Gələcəyəm qu quşu tək,
Nəğmə deyə-deyə, Allah.
Rəsmiyyə Sabir şerlərində sözü dəyərləndirmək, sözlə Uca Məqama qalxmağa da böyük məna verilir, yeni mahiyyət və məzmun qazanır. Bu baxımdan sözün fövqündə ucalan şairin qəhrəmanı məhz, sözün ləyaqəti ilə Ulu Dərgah qarşısında fəxrlə öyünür:
Fırladır səhnəni əsən qara yel,
Qopub yerlə göyü bağlayan son tel,
Mən yer kürəsinin üstündə deyil,
Sözümün üstündə durmuşam, Allah.
Və şairin poetik qəhrəmanı sözlə addım-addım ağlayaraq Ruhi təmizlənmə ilə İlahi Varlığa qovuşmağa tələsir:
Sənə doğru gəldim addım-addım,
Səsimlə deyil, sözümlə ağladım, İlahi.
Rəsmiyyə Sabir poeziyasının qəhrəmanı ömür, gün, vaxt, tale, kədər yükü içində dolub-boşalır və bununla da dünya, həyat, sevgi barədə özünəxas düşüncə yaradılmasına nail olur:
Bu dünyada ən gözəl şey,
Dərddə özünü tapmaqdır.
Ömür adlı bir ocağın,
Sönməz közünü tapmaqdır.
***
Hicran nə yaman acıdır,
Gözlərimi hey acıdır,
Bədənim dar ağacıdır,
Dərdim asıb ürəyimi.
***
Bu dünya qəm yükü qoyulan masa,
Kədər rahat olmaz qəlbi oymasa,
Bilirəm, nə vaxtsa gözü doymasa,
Torpaq öz yeminə qatacaq məni.
***
Rəsmiyyə Sabirin poetik mətnlərində ömür, tale qəlbdən keçən yolla mənalanır. Çünki, qəlbdən keçən yol həssas və zərif olduğundan ora daxil olmaq üçün hər an eyni qəlibdə biçilmiş həssaslıq və incəlik tələb olunur. Azacıq ehtiyatsızlıq qəldən keçən zərif yolu qıra bilər:
Qəlbimdən keçən yollar dar,
Bu yollar hey məni yorar,
Dayandığım bir nöqtə var,
O da ki, özümə sirdir.
Digər şerində Rəsmiyyə Sabirin qəhrəmanı dünya üzündə ruhani sığınacaq tapa bilmədiyinə görə «ruhi qəbrinin məskənini insanların ecazkar, balaca, dar, lakin, işıqlı, saf, təmiz gözlərində aradığına sevinir:
Özümə yer tapmadım,
Sənin geniş üzündə.
Nə xoşbəxtəm, qəbrimi,
İnsanların gözündə
Oyub gedirəm.
Rəsmiyyə Sabirin qəhrəmanı bəzən qəm, kədər yükünün hədsiz ağırlığına dözə bilən məzar daşı axtarırkən ürəyinin daşı ona, onun günahsız Ruhuna məlhəm olacağını anlayır. Çünki, o ürək vaxtilə sahibi olduğu Dərdlə birgə addımlamış və birgə də Ulu Dərgah önündə son məqama qədər dayana bilər:
Dərdlərimin üzü qış kimi bərkdir,
Ölümün silləsi üzümə ərkdir,
Məzarım üstünə bir daş gərəkdir,
Gücüm ürəyimin daşına çatır.
Rəsmiyyə Sabirin şerlərində lirik qəhrəman bəzən kövrək arzu və istəklərin həyata keçməməsində özünü günahkar hesab edir. Ancaq bu günahkarlığın özündə ilahi varlığa və bütün hami insanlara və insanlığa həyata, kainata, təiətə qarşı çevrilən yanğılı günahsız səmimi, həssas etiraf gizlənir. Bu etirafda isə emosiyalar, hiss və düşüncələr gah kükrəyən əzəmi dalğa tək, gah da sakit, hüzünlü məqamlarla müşaiyət olunur:
Qatil imişəm, Allah!
Ürəyimdə doğulan, yaşaması üçün ümid verə bilmədiyim,
bu dünyanın havasında boğulan neçə–neçə arzumun qatili.
Qatil imişəm, Allah!
Udduğum havanın, yaşaya-yaşaya öldürdüyüm hər bir anın,
içdiyim suyun, dərdiyim çiçəyin, yarpağın, ayaqlarım altında
tapdayıb öldürdüyüm torpağın qatili.
…Bəzən dəli kimi hönkürmək istədiyim halda boğduğum göz yaşlarının qatili.
Rəsmiyyə Sabirə görə insanlığın himni daxildə, batində o zaman kükrəyir ki, kəsilmiş qollardakı zəncirlərin cingiltisi və əzilən ruhların iniltisində, atılmış başların kəsilən nəfəsində və şikəst ayaqların addım səsində, həmçinin lal edilmiş dillərin susqunluğunda İnsanlığın Himni öz əksini tapır.
Rəsmiyyə Sabirin lirik qəhrəmanı gerçəklik və onunla bağlı tərəflərinə aydınlıq gətirmək üçün bəzən elə düşünür ki, bütün istəkli qovuşulan, görüşülən yer, məqam olan dünyanın dayaq nöqtəsi məhz gecə ilə gündüzün həmahəng sirli, möcüzəli birləşməsində üzə çıxır:
Görüş yeri axtarırıq,
bir-birimizdən xəbərsiz.
Əgər tələsməsək görüşəcəyik.
Paralel xətlərin kəsişdiyi,
gecə ilə gündüzün qovuşduğu yerdə.
Dünyanın dayaq
N-ö-q-t-ə-s-i-n-d-ə.
Rəsmiyyə Sabirin poetik qəhrəmanı həsrətdən, qəm yükündən saçlarına düşən dəndə bəzən xoşbəxt günlərin rəmzi, simvolik mənası anıldığını önə çəkir:
Fələk bu sevginin durub qəsdinə,
Bilmirəm mənimlə axı qəsdi nə,
İllərin saçıma səpdiyi dənə,
Arabir səadət adlı quş gəlir.
Rəsmiyyə Sabirin qəhrəmanı digər halda hansısa əzizlənmiş xoş duyğulu arzu və xatirələrin ağırlığından doyan yaddaş adlı Ruhi məkan və qəlbdə əlavə olaraq yeni, eyni ab-havada toxunmuş xatirələrin əsrarəngiz burulğanına yüklənməkdən ehtiyat edir. Ona görə ki, yaddaş adlı ruhi məkan və qəlb o qədər zərif və kövrək hörüldüyündən neçə-neçə xoş təmaslı xatirələri birləşdirib yükləsə belə, onun zərif biçilmiş donuna hopmağa tab gətirə bilməz. Necə ki, buna görə şairin qəhrəmanı acizanə etiraf edir:
Səni toz basmış xatirələrlə dolu
yaddaşımda saxlamaqdan
çəkinirəm.
Rəsmiyyə Sabirin şerlərində mükəmməl təsvirini tapan obrazlar sırasında şərti metaforik üsuldan istifadə edilərək şəhərin də insan kimi qaynar təbiəti özünəməxsus spesifik cəhətləri ilə təqdim olunmasıdır. Belə ki, bu şəhərin dəlisov küləkləri, tarıma çəkilmiş elektrik məftilləri, darıxan yastı-yapalaq evləri hərdən həsrətlə pəncərə önünə gəlib ulduzları seyr etməsi, yorğun küçələrin sabahdan günahkar gecələri gözləməsi, bu dünyanın işlərinə heyrətlə tamaşa edən ağacların hətta dərddən belinin bükülməsi, işıqlar isə bəd əməlinə görə insanlardan nifrətlə gündüz qaçaraq gecələr qəzəbdən alışıb yanması, nəhayət dənizin neft qoxusundan insan kimi ürəyinin bulanması səhnəsi bədii boyada sərtliyi, reallığı ilə üzə çıxır. Ümumiyyətlə, maraqlıdır ki, Rəsmiyyə Sabir şerində inikasını tapan hər hansı hadisə və predmet, mövzu, ideya mətnə köçürülərkən onun bədii-estetik şərtləri həmişə gözlənilir…






