Əzizim Əkbər Qoşalı!«Ölümlərin ötəsi» kitabını oxudum. Və ikinci dəfə bir də oxudum. Ona görə ki, şeirlərin «rahat-hülqum» deyil. Avropanın kəndarına, Asiyanın ilkinliyinə, Altay çaparlarının cənginə, Türkün mübarək tarixinə və çağdaş bəlasına, Dədə Qorqud yaşıdlığına… körpələrinin mayası gəraylıynan, qoşmaynan tutulan aşıqlar diyarı Tovuzdan gəldin. Yəni genin və ruhun qoruduğu mühafizəkar poetika ilə bilgisində modernizmin yer aldığı müasir ədəbi təfəkkürün sintezindən yoğrulmuş bu kitabın yazısını özün dediyin kimi anlamaq, özün duyduğun kimi duymaq hər oxucunun işi deyil.
Yaxşı eləyirsən ki, çox zaman fikri qafiyənin ayağına vermirsən.
Onu da yaxşı eləyirsən ki, hərdən də klassik, gözəl-göyçək qafiyəli nəğmələri də dilə gətirirsən. Onsuzdan da ədəbiyyatımızda bu keçid zərurətdi və bunu istedadı, haqqı olan gənclər etməlidi
Bəri başdan deyim ki, səmimi şairsən.
Səmimiyyət şeir yazanda özünü unutmaqlıqdı!
Mövzunu beynində fırladıb şeir uydurmağa meyilli deyilsən. Könlünün duyğusuna tabe olan şairsən. Mükəmməl elmi dünyagörüşünə yiyələnib Sözə gəlmək başqa məsələdi. Çünki, hərə öz səviyyəsinin nəğməkarıdı.
İndi özünün, sözünün və kitabının portret cizgilərini çəkdikcə fikrim aydınlaşacaq.
Kitabın nəşri ərəfəsində, son anlarda Masallıda, Ninalovda yazdığın şeirlər formaca, deyimcə Tovuzda, orta məktəbdə düşündüyün, düzdüyün şeirlərlə son dərəcə yaxındı, qohumdu. Bilirsənmi niyə? Dabanqırma yazılmış o silsilə camaata yerindəcə oxumağa, özü də onların sevdiyi və anladığı biçimdə, dildə oxumağa yazılıb. İçində qədim və ali azadlıq yaşatdığından dinin xeyli pərçimləndiyi cənub bölgəsində onun qabağa dığırlanmış kərənə dönməsi yetərincə görüntülüdü. Saza yatan könül pıçıltıları… İlkinliyə qayıdış…
Səmimiyyət elə budu ki, ortada Bakıya dönürsən, yenə mühit havanın kökünü dəyişir, qaşlar çatılır, türkçülüyün əzəli-əbədi qayğıları düyünlənir.
Əzizim Əkbər! Sən həm də ona görə səmimisən ki, dərdlərini tanıyırsan və bu tanışlıq süni yaranmış şən əhvalı, auranı əsla yaxına buraxmır. Mötəbər vəzifən, titulların, mükafatların, şərəfli səfərlərin, bir sözlə ədəbi mühitdəki dəyərli mövqeyin zamanın və zaman içrə özünüdərkin ağrı-acısını səngitmir. Şükranlığında da üzün gülmür:
…ömür – durmur axarında
ölüm – bəlkə də yaxında.
danışmağa söz qalıbsa,
şairə və şeyrə şükür!..
Və bir də «Mən Türkəm» (səh. 44) həqiqətini daşıyan, ağısını yazan Türk oğlu Türkün, şairin nə kefi olmalıdı ki?!
Şeirlərində əvvəldən axıra «ölüm» obrazı ya mübtəda, ya da xəbər şəklində görünür və rəngini dəyişmir. Diqqətlə araşdırıb anladım ki, bu işarələmə səndə fiziki yoxluğun qara xofu deyil, əbədiyyət qazanmağı hər dəfə xatırlatmaq və unutmamaq cəhdidir və:
…olumların ötəsində ölüm var,
ölümlərin ötəsində olum var
sonluğuna qulluqdur.
Səmimiyyətin bir göstəricisi də budur ki, məkandan başqa zamanca da bir arada olan şeirlərin boy-buxununa, motivnə görə bir-birinə oxşayırlar. Bu beyinin müdaxilə etmədiyi (edə bilmədiyi) təbii köklənmə əlamətidir.
Ünvanlı yazılarının, ithafların özəlliyi mədhiyyəçilikdən iraq, üz tutduqlarında mətləbin çaları onların xarakterinin, durumunun canlı və dinamik görüntülü olmasındadır.
Cocuqlara ayırdığın guşədə potensial söz ehtiyatının, ifadə çevikliyinin göstəriciləri var.
Səni və sənin sözünü tanımaq türk gəncliyinə özünü, ulu keçmişini, müasir sıxıntısını, məramını bilməyə, Dədə Qorqud dilindən, duruluğundan, özəlliyindən uzaqlaşma məsafəsinin faciəsini və bu araya su salmaqda bulunanların məkrini dərk etməyə imkan verir.
Əzizim Əkbər! İndi kitab oxumağa həvəsi və vaxtı olmayanlara ağlım kəsən seçmə misraların bir qismini təqdim edirəm.
***
mən hələ bir cavan bulud yaşdayam,
yağış olmadım ki, yağıb yaşayam.
***
səni dar ağacı bilib gələni,
sarı yarpaq kimi yerə salmısan…
***
…ünvansız bir həsrət sıxar qəlbini,
gözünə düşən yol gözündən düşməz.
***
Ayağım yerə yetəndən,
yer yetmədi ayağıma.
***
ürəyin nəynən oynasın?
nə sevinc var, nə kədər.
***
Ömrüm uzun çəkmədi
kasıb gülüşü kimi.
***
Alnımı oxuyammadım,
alnı belə qırışammı?
***
…Qadınlar kişilərin çiynində gedir,
kişilər qadınların göz yaşında.
***
Altaylardan qopan atlar
Avropanı nə vaxt adlar?!.
***
Yüz il həsrətin çəkdik,
gəldik alverə gəldik.
Bilmirəm nə ibnəyik,
can, ay Təbriz.
***
Zaman keçdi, dedik son söz dinindi,
eşq yolunu kəsib durub din indi.
Ağılda din, ürəkdə eşq! Din indi,
bir addım at, bu sərhəddi yar, aşiq!
***
Olum-ölüm arası
bir imtahan yeridi.
***
Sevinc gəlir - gödək olur,
mələk gəlir - fələk olur.
Bizə nəynən örnək olur,
dünya bizdən nə istəyir?
***
…gözünə düşən yol gözündən düşməz.
Bu qədər. Arzu edirəm ki, Haqq yolunun yolçularının yol gözündən düşməsin. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı olmağınla bayrağın uca olsun.







YENİLİKLƏR