Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

Altaylardan qopan atlar

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Əkbər QOŞALI

***
Altaylardan qopan atlar
Getdiyi göy yoluydu.
Altaylarda doğan Aylar,
Biz çıxanda doluydu.

Altaylardan qopan atı,
Daha kimsə minmədi,
Altaylardan qopan atlar,
Ağ köpüklü dənizlərə
Çatmayınca dinmədi.

Biz çıxanda Ay doluydu,

Biz getdikcə Ay Yolu
Ayağımız üzəngidə əyildi,
Yay-oxumuz qırılanda,
Ay göylərdə bir yay kimi gərildi.

Biz çıxanda Ay doluydu,
Çıxdıq oldu Aypara.
Ay Altayda dolunaydı,
Avropada Aypara.

Altaylardan qopan atı,
Bir də, bir də minərmi olam?!,
Altaylardan qopan atın
Ağ köpüklü dənizədək
Dinmədiyni görərmi olam?!,

Altaylardan qopan atlar
Avropanı nə vaxt adlar?!.

***
Atamızdan olmuşuq, -
Atamızdan olmuşuq.
Atamız, dan olmuşuq,
«Axşam» ola bilmərik.

Biz söz ilə böyüdük,
Biz Söz ilə böyüdük.
Bir söz ilə, böyüdük,
Axşam ola?-Bilmərik.

Sufi varmı, hələ bə?
Çevrilərik xələfə…
Tale atıb Hələbə,
Ax, Şam olar bilmərik…


***
Torpaq
ağır gündə bayraq tutmuş,
alnı dərddən qırış-qırış
qat kəsmiş
kişilərin
yerişindən dincələr
qarış-qarış.

Torpağı
hər yerdə şəhid məzarı ilə
möhürlənmiş
millətin
bayrağı əbədidir…

***
…Mən
daşları çiçəklərdən az sevmədim,
Daşlar bu dünyada,
bəlkə də, ən gözəl yaddaşdı-
GÜL-TƏKİN misalı.
Daşlar vətənə qardaşdı-
VƏTƏNDAŞ timsalı.
2001

QARABAĞ

…dağların uca olmasa
düzlərin necə olmasa
dərələrin irmaq-irmaq
buludların yumaq-yumaq
axmasa
ceyranların – cüyürlərin
adam kimi baxmasa
nə dəyişər?
Mən sənin özünü sevirəm
sən mənim Qarabağımsan
sən mənim qara bağımsan
sən mənim qaram ağımsan
sən özündən böyüksən
sən sözümdən böyüksən
(sözdən qabaq səsimsən)
Qarabağ!
Sən mənim alın yazım
mən bir barmaq qələmlə
ağ kağıza nə yazım?
Bircə onu bilirəm,
sənə qayıtmayınca
kürəklərim qısa,
boyum balaca
çiynim əyri
dilim gödək
gözüm kölgəli –
qısası, şikəst olacam
bu isə yaşamaq deyil
sabah Tanrı deməzmi:
ya insan,
mən səni belə ha yaratmamışdım.
10.06.06, BAKI

* * *
Nə susarsan, susmaz könül,
Ta əyninə nimdaşammı?
Səninlə yol gedəmmirəm,
Mən vəfasız yoldaşammı?

Görüb gəldim o dünyanı,
Dar eyləmə bu dünyanı.
Bir gün bassa su dünyanı
Nuhmu ollam, Ağrıdağmı?

Gerilərdə qazanmadım,
Acıları qucub qaldım
Alnımı oxuyammadım,
Alnı belə qırışammı?
1999, BAKI

ŞÜKÜR

dizimin əyilən vaxtı
güc gələn qeyrətə şükür
nur üzə hər gün təzədən
yaranan heyrətə şükür.

yaxınlardı uzaq billəm
uzaqlardı sazaq billəm
mən babamçün yaş tökmürəm
doğulan Mehmetə şükür

ömür - durmur axarında,
ölüm - bəlkə də yaxında.
danışmağa söz qalıbsa
şairə və şeyrə şükür.

DEYİLƏM

Nə kafirəm, nə də pirəm,
Nə ikiyəm, nə də birəm,
Mən Allahın adaşıyam,
Mən Ona yoldaş deyiləm.

Ondördümdə şah olmadım,
Bəlkə də vaxtsız doğuldum
Nə çiçək ömrü yaşadım,
Nə də qara daş deyiləm.

Eh! Mən ta bəşərdən əvvəl
Cənnətdən çıxıb gəlmişəm
Yenə ora yol gedirəm
Hələ otuz yaş deyiləm.

QARDAŞ

Xoş günümü görmədin,
Ölləm, görərsən, qardaş,
Mənə öy hörəmmədin,
Qəbir hörərsən, qardaş.

Ürəyimiz düz oldu,
yolumuz düz çıxmadı,
Nə yazımız yaz oldu,
güzümüz güz çıxmadı.

Bir qarında yatmışıq,
Bir qəbirdə yatmarıq.
Bir kişinin oğluyuq,
Bir ünvanda qalmarıq.

Mənə öy hörəmmədin,
Qəbir hörərsən, qardaş.
Qoy mən ölüm görməyim,
Birdən ölərsən, qardaş.

Qışımız buzdan ötə
Yazımız yaz olmadı,
Yayımız oddan ötə,
Payız payız olmadı.

Bir anadan olmuşuq,
Bir daha doğulmarıq.
Bir atanın oğluyuq,
Ayrılsaq ayrılmarıq.

Burda bir gün görmədim,
Orda görərəm, qardaş.
Qoy mən ölüm görməyim,
Ölsən Ölərəm, qardaş.

***

Ə.Həsrətə

… Ən gözəli darıxmaqdı
Darıxmaq özü bir haqdı
Ya nahaqdı, ya da haqdı
Şeir yazırıq hələ də

Hələ də şeir yazırıq
Baxmaki yanır yazırıq
Bəlkə də yazıb yanırıq
Umudumuz var Hələbə

Hələbə umudumuz var
Ömür - hələ bir udum var…
Həsrət adlı bir dostum var
Həsrət gətirib şeirə də
21.08.08

***
Gəmiləri sudan çəkib quru ilə sürərəm
İstanbulun eşqinə
Qılıncımı suvararam
«Babək» deyən bir cüt qolun eşqinə
Böyüdərəm doğma yurdu
Xətainin başladığı ulu yolun eşqinə
Yaşamaram künc-bucaqda onun-bunun eşqinə
Yaşayaram TURAN adlı bir acunun eşqinə
Yad sözlərə tövbə deyib
Öz dilimdə danışaram
Dədə Qorqud eşqinə
Bu duyğudan kənar türkün yaşamı nə,
Eşqi nə?!.

Lənkəran, yaz-2008



Yorumunuz comment Şərhlərə görə (2 göndərilib)

  • Yerləşdirilib Nicat Göyüşlü, 15 Dekabr, 2010 02:38:16
    Əkbər müəllim, sizə çalışmalarınızda uğurlar arzulayırıq.
  • Yerləşdirilib habil yasar, 07 Sentybar, 2009 14:04:53
    Ekber muellim sizin serleriniz Azerbaycan genclerine duzgun istiqamet verir.tesekkurler cox sagol

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az