“Natəvan” klubunda Südabə Sərvinin “Çingiz Aytmatov: Mən Manas oğluyam” kitabının təqdimat mərasimi keçirilib
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Südabə Sərvinin müəllifliyi ilə “Çingiz Aytmatov: Mən Manas oğluyam” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabda Çingiz Aytmatov haqqında sənədlər, məqalələr, xatirələr, müsahibələr, fotoşəkillər yer alıb. Tədbirdə çıxış edən AYB sədri, xalq yazıçısı Anar Ç. Aytmatovun yaratdığı əsərlərlə dünya şöhrətli yazıçı olduğunu bildirib. Onun qırğız ədəbiyyatına verdiyi töhfələrdən danışan AYB sədri Çingiz Aytmatovla bağlı xatirələrindən də danışıb. Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və başqaları çıxış edərək Çingiz Aytmatovun öz əsərləri ilə dünyaya səs saldığını vurğulayıblar. Kitabın müəllifi Südabə Sərvi AYB rəhbərliyinə kitabının təqdimat mərasimini keçirdikləri üçün təşəkkürünü bildirib. O qeyd edib ki, bu kitab Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi münasibəti ilə nəşr olunan kitablar silsiləsindəndir. Qeyd edək ki, kitabın redaktoru Arif Məmmədovdur.







YENİLİKLƏR