Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

SÖZÜM SƏNƏDİR , TANRIM

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image   Namiq HACİHEYDƏRLİ

   MƏN İNSANAM

 Mən dəmir deyiləm,
 Güc düşəndə əyiləm.
 Daş-qaya deyiləm,
 Yağış vura, yeyiləm.
 Polad deyiləm sınam,
 Kömür deyiləm yanam,
 Mən insanam.

İnsan yaranmışam, insan ömrümü,
Sonacan insantək yaşamalıyam.
Yarıb qasırğanı, keçib tufanı,
Çiynimdə el yükü daşımalıyam.

Yaranmadım diri ikən ölməyə,
Yaranmışam şəhid kimi köçməyə.
Yaranmadım kefə, deyib-gülməyə,
Yaranmışam alovlardan keçməyə,
Yurd dərdini şərbət kimi içməyə.

Sözüm haqq olmalı iti qılınctək,
Xain ürəkləri dağlatmalıdı
Gəlişim bir evi sevindiribdi,
Gedişim bir eli ağlatmalıdır.

2000

MƏRDLİK HEYKƏLİ
(Zamanın əzablarına sinə gərərək ləyaqətli
övlad böyüdən ərsiz ər qadınlara)

Zaman taleyində tufan qoparır,
Ürəkdən mərdliyi qopara bilmir.
Sabaha sən oğul, qız aparırsan,
Adam var, özünü apara bilmir.

Saçına dar günün ağ ləkələri,
Xoşbəxt günlərinin rəngi qonubdur.
Sənin timsalında ulu Yaradan,
Mərdliyə canlıca heykəl yonubdur.

Enməz qürurundan ibrət götürsün,
Hərraca namusu, arı qoyanlar.
Kişi mənliyindən qoy utansınlar,
Qadın mənliyinə möhtac olanlar.

2000

XEYRİNƏ

Bir eşqin odundan əriməkdəyəm,
Yaşasam fayda yox, ölsəm xeyiri nə?!
Əl götürdüm bu dünyanın varından,
Qəmi seçdim bir sevdanın xeyrinə.

Dünya körpü, gəlmisən ki, keçəsən,
İcazə yox taleyini seçəsən,
Köçəndə də şəhid kimi köçəsən,
Can verəsən min insanın xeyrinə.

Kimsə qalmaz dünya adlı daxılda,
Açılacaq bütün sirr də, paxır da.
Ay Namiq, ha çalış, vuruş, axırda
Bir sıfırdır bu dünyanın xeyrinə

2001

SÖZÜM SƏNƏDİR , TANRIM

İnsan sirdir, həyat sirr,
Bu sirri kimsə bilmir,
Heç bilmirəm nədəndir,
Bitməyir əkdiklərim,

Haqq istədim qovdular,
Haqq eşqimi boğdular.
Gözlərimi ovdular,
Gözümü dikdiklərim.

Qəm dövlətim, dərd varım ,
Qışa dönmüş baharım.
Sözüm sənədi, Tanrım,
Bəs deyil çəkdiklərim?!

2002

ÖLÜMƏ GEDİRƏM...

Nələr çəkdiyimi bir Tanrı bilir,
Durmuş başımızın oyaq üstündə.
Köksümdə bir qəlb var, qəlbimdə min dərd,
Dayanıb bircə cüt dayaq üstündə.

Mənliyi, qüruru qoru həyatda,
Əfəli, acizi sevmir həyat da.
Yad qızıl axtarır yurdumun altda,
Biz də günümüzü sayaq üstündə.

Ay Namiq, bu dünya gəlməz amana,
Meydan vermə, meydan oxu yamana,
Sürünə-sürünə gəldim cahana,
Ölümə gedirəm ayaq üstündə.

2002


YARIMÇIQ VƏSİYYƏT

Bir gün bu torpağa qarışacağam,
Fələk rəhm etməmiş hələ heç kəsə.
Məzarda od tutub alışacağam,
Bölünmüş Vətənim bütövləşməsə.

Ölərkən eşidin siz məni barı,
Sağ ikən naləmi eşitmədiniz.
Üzümü çevirib Savalan sarı,
“Yanıq Kərəmi”ylə dəfn eləyərsiz.

Ruhum səmalarda şad olsun deyə,
Millətə uçalıq diləyərsiniz
Gül-çiçək yerinə məzarım üstə,
Arazın suyundan çiləyərsiniz.

Xeyirsiz yaşayıb, faydasız ölsəm,
Qayadan dərəyə yellədin məni,
Dünyadan şəhidtək köçə bilməsəm,
Qurdlara, quşlara yem edin məni.

2001

TİKƏMİZİN DUZU YOX

Tikəmizin duzu yox,
Şitlikdən yorulmuruq.
Çalxalandıq yüz kərə,
Arınıb-durulmuruq.

Ömür yolumuz ağ qar.
Həyatımız lal axar.
Döyməli başımız var,
Başımıza vurmuruq.

Namiq, söz demək artıq,
Söz kara gəlmir artıq.
Yatsaydıq, oyanaraq,
Ölmüşük ki, durmuruq.

2001

MƏNSƏ...

Bülbül gülə, dilsiz dilə, mömin dinə möhtac,
Cansız cana, qansız qana, torpaq günə möhtac.
Yerlər göyə, göylər yerə, mənsə, gülüm ancaq,
Təkcə sənə möhtac, sənə möhtac, sənə möhtac.

1999



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az