İlqar İLKİN 1972-ci ildə Gürcüstanın Qaraçöp mahalında doğulub. 1995-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür
KAZIMOĞLUNUN BAYRAĞINA SÜKUT
I.
Allahın izni ilə şahidlik edə bilərəm ki, sonuncu nəfəsin avazıyanda uzun donlu bir bayrağın ətəklərindən öpüb gedə bilmədin. Sən istəyən bayraqların bu dünyada nə rəngini tapmaq olar, nə də onu sancmağa bir qarış torpaq tapılar. Sən öz bayrağını Azadlığa sancmaq istəyirdin. Məxmər baldırlarını düzə qoymuş xanımlar kimi abrını yuxarı dartışdırmış bayraqların ətəklərindən öpməyi isə Tanrı sənin o mübarək ruhuna qıymazdı. Şükürlər olsun ki, qıymadı da. Amma mən Tanrının mərhəmətlilərin ən böyüyü olduğuna şahidlik edərəm ki, o sənə doğulduğun, yaşadığın və son nəfəsini tapşırdığın bu üç qürbət ölkədən də üstün bir «Ağ çadır» vermişdi. Yadındamı Ağ çadır? Uca bir dağ başında qurmuşdun. Sonra sənin bir oğlun da oldu. O Ağ çadırın eşqinə doğmuşdular sənə. Kürəkləri bayraq sancılmalı oğul idi. Yox! Yox! Deyəsən sənə oğul doğa bilmədilər... Sənin heç Ağ çadırın olmamışdı axı!
Mən Azadlığam dedin, sən bayraq! Bir gecə küçənin ortasında qəfil vurdular səni, içində öldürdün onu da. İçinə alıb apardığın o bayrağın qüruruna və namusuna and olsun ki, sənin o ağzı süd qoxulu bayrağının Tanrı dərgahında şərəfli və imanlı bir yeri mütləq olacaq. Çünki bu dünyada bayrağına tamarzı gedənlərə o mərhəmət və can yiyəsi öz ətəklərini bayraq kimi səcdə qılmağa hələ heç bir mübarək üzlüyə qızırğalanmayıb.
II.
Sənin cütbaşlı qartal caynağından güclə qoparıb qaldırdığın o gözəlim bayrağının önündən sürüldüyünü mən Tanrı dərgahında mütləq dilimə gətirəcəm. Uc-uca calaq vurulmuş parçaların altında sümüksüz koramal kimi sürünməkdən torpaq olmuş kürəklərini çırpdırıb, üzü qürbətə səsləyirdin hələ şərəfinin və qürurunun ağası ola bilənləri... Amma o gözəlim Allah sənə uzun barmaqlı bir dost vermədi ki, sənin torpaq kürəklərini çırpsın. Çünki ayaqlarına yox, sürünməkdən kürəklərində damğa kimi qalmış Ata torpağını bütün qürbət boyu üzqarası kimi gəzdirməyi Tanrı sənin açıq alnına bir cəza yazmışdı. Amma sən o yolu da getmədin, gedə bilmədin, geri döndün Vətənin qırağından. Özü də yanımıza qayıtmadın, ruhunu Tanrının nurlu və işıqlı məkanında əbədi dincə qoydun. Sənin Vətən deyib, səcdə qıldığın bəlkə elə bu imiş. Yoxsa sən də mənim kimi Tanrı nemətlərinin üstündə bir-birinin gözünü tökən bu insan yığnağının daraşdığı torpaq bölgüsünə deyirdin Vətən? Burda torpağa atılan buğda dənlərində məzlumların nəfsi qaldığından bir damla yaş düşmür zəmilərə. Yox! Sən buna Vətən deməzsən. Çünki bütün ruhların nəfsini doyura bilən Tanrı ruhunun dolaşdığı əbədi bir VƏTƏNdə yaşayırsan.
III.
…sonra
dördgöz bir pəncərə çırpıldı,
çilikləndi bayatılı dodaq.
sancılı küləklər başağrısını qoydu
biz yatdıq,
tavanlar oyaq
bir can uçur… uçunur
QANdı soyuyan gecə
bu gecə könlünü Allaha ver
başını göylərə tut
bizdən bir vətən öldü
sabah bir günlük sükut...
sabah bir günlük sükut
bir gün səssiz səmirsiz…
küçələrə çıxmayın,
qatarlara çıxmayın,
kimsə yola salmayın
bayraqlar dizəcən sükutda …
IV.
eşidirsənmi?
bir pəncərə daha çırpıldı.
Atamın çökən dizləri,
balamın yellənmək həvəsi
çat verdi aynaların səssizliyində
əl saxladım, əl tutmağa
göz qoydum göz, görməyə
yenə bir vətən doğuldu
atamın dizləri düşən torpaqdan
tutub qalxdı balam yeriməyə
…Pozulsun,
bütün səssizliyin bağrını yarın –
kişilər dizəcən sükutda,
bayraqlar tanrı sığalında…
Yorumunuz
Şərhlərə görə (1 göndərilib)
-
Yerləşdirilib yazar, 01 İyul, 2009 05:29:14yazan ellerine, ureyine gurban!






