Ana səhifə | Forum

Arxiv

B.E. Ç.a. Ç. C.a. C. Ş. B.
123456
78910111213
14151617181920
21222324252627
28293031

Səsvermə: Sorğu

Veb saytımızda ən çox nələri görmək isteyirsiniz?


Dünya Gənc Türk Yazarlar Birliyi, ”Тürkün səsi” (Məqalələr toplusu), “Vektor”, Bakı – 2008, 190 səh.



Əkbər QOŞALI «Ölümlərin ötəsi» (şeir və deyimlər). «Vektor» Nəşrlər Evi. Bakı, 2007. 140 səh.

“Bu faciə uyğurların taleyində yeni bir dönüş nöqtəsi olacaq”

Şriftin ölçülərini müəyyənləşdirin: Decrease font Enlarge font
image

Çində uyğurlara qarşı törədilən qətliam hazırda bütün dünyanın diqqətini çəkir. Çinin Sincan (Şərqi Türküstan) bölgəsində baş vermiş qarşıdurma nəticəsində ölən uyğurların sayı 1000-i keçib. Çin hökuməti isə yalnız 200 adamın öldüyünü təsdiqləyir.

Türkiyədə bu hadisələrə ciddi reaksiya verildi. Həm dövlət rəsmiləri, həm də ictimaiyyət nümayəndələri açıq şəkildə etirazlarını bildirdilər və Türkiyə əhalisi Çin malı almaqdan imtina kampaniyasına başladı. Eyni zamanda, hadisələr vaxtı fəallıq göstərmiş və mühacirət etməyə məcbur olmuş uyğurlara viza verdilər. Azərbaycanda da bu hadisələrə rəsmi səviyyədə reaksiya verildi, mediada uyğurlara geniş dəstək ifadə olundu.

Bu mövzuda Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ilə söhbət etdik:

- Şərqi Türküstanın taleyi faciəli bir vəziyyətdədir, tarixən belə olub. Çin uzun müddətdir ki, bölgədə uyğurlara qarşı zorakılıq siyasəti aparır. Uyğurlar oğuzlara ən yaxın türk xalqlarından biridir. Azərbaycan da bu hadisələrə laqeyd qala bilməz. Türkiyədə uyğurların maraqları ilə bağlı bir çox işlər görülüb və indi də bu proses davam edir. DAK olaraq biz də uyğur cəmiyyətləri ilə sıx əlaqə saxlayırıq. Onların mübarizəsi, ümumiyyətlə, Şərqi Türküstanda baş verən bütün proseslər tərəfimizdən diqqətlə izlənir.

Türkiyə prezidenti Abdulla Gül bu yaxınlarda Çinə səfər etdi və bizdə çox böyük ümidlər var idi ki, bu səfər orada yaşayan uyğurların taleyində müsbət rol oynayacaq. Təəssüf ki, tam əksinin şahidi olduq. Çində soydaşlarımıza qarşı vəhşilik baş verdi. Uşaq, qoca demədən qətliam törətdilər. Son illərdə bu faciəyə yaxın gələcək hər hansı hadisənin şahidi olmadıq. Eyni zamanda dünya birliyindən də bu faciəyə adekvat münasibət görmədik. Azərbaycanda Müsavat Partiyası artıq Çin səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyini bəyan edib. Biz də Vətəndaş Həmrəyliyi Partiyası olaraq Çin səfirliyi qarşısına qara əkil qoymaq niyyətindəyik. Amma bunlar da baş verən hadisəyə adekvat cavablar olmayacaq. Mən hesab edirəm ki, bütün türk dövlətləri rəsmi olaraq Çinə nota verməliydilər. Uyğurlar bizim qardaşlarımızdır. Axı niyə qırırlar bu əhalini? Mən demirəm ki, Çinlə münasibətlərə son qoyulsun. Sadəcə, bu məsələyə aydınlıq gətirilməsi tələb edilməliydi. Uyğur türkləri də bilməliydilər ki, qardaş dövlətləri onların yanındadırlar. Bütün dünyada başqa ölkələr onlara qohum olan xalqların başına bir faciə gələn kimi reaksiya verirlər. Bu istiqamətdə Rusiyanın fəaliyyəti göz qabağındadır. Nəyə görə biz bu həmrəyliyi göstərməməliyik? Əgər biz öz keçmişimizə hörmət edir və gələcəyimizi düşünürüksə, hökmən bu faciəyə ciddi münasibət bildirilməlidir.

Amma onu da deyim ki, bu qanlı hadisələrdən sonra mənim içimdə başqa bir hiss də var. Mənə elə gəlir ki, bu faciə uyğurların taleyində yeni bir dönüş nöqtəsi olacaq. Və onlar öz tarixi torpaqlarında azadlıqlarını təmin edə biləcəklər.

- Sizcə, belə bir vaxtda Çinə, uyğurların yanına getmək lazımdırmı?

- Təbii ki, getmək yaxşı olardı. Sizə onu da deyim ki, bütün Türk dünyasını qarış-qarış gəzmişəm, bircə orada olmamışam. Planlaşdırırdım ki, Sincana da gedim. Bir neçə səfərlərim var, onlardan sonra bu ilin payızında, inşallah, uyğurların yanına gedəcəyəm.

- Türkiyədə çin mallarını boykot etdilər, Azərbaycan da bu yolu tutmalıdırmı?

- Çinin alınası malı var ki? Hamısı keyfiyyətsizdir. Bunlar həmişə dünyanın inkişaf etmiş şirkətlərinin mallarının ucuz variantlarını hazırlayırlar. Özü də beynəlxalq hüququ pozaraq. Gec-tez dünya bu məsələyə də münasibət bildirəcək. Çin tarixən türklərə qarşı həmişə qəddarlığı tanınıb. Türklərin dünyaya belə sərasər şəkildə yayılmasının səbəblərindən biri də Çindir. Onlar əslində Çin səddini çəkərək sərhədlərini müəyyənləşdiriblər. Amma indi dövlət səviyyəsində bir siyasətləri var ki, bütün dünyaya yayılsınlar. Dünyanın rəngini sarılaşdırmaqla məşğuldurlar. Düzdür, bu miqrasiya normal prosesdir. Amma çinlilər başqa xalqı ayaq altına salanda onlara qarşı da eyni münasibət formalaşmağa başlayacaq.

- Sizcə, Azərbaycanda çinlilərə qarşı münasibət dəyişəcəkmi və dəyişərsə bu nəyə gətirib çıxara bilər?

- Çin dövləti uyğurları qətlə yetirməzdən əvvəl bunları düşünməliydi. Çiyinlərində bir torba düşüblər bütün Azərbaycanın canına, ən ucqar kənddə belə bunları görmək mümkündür. Azərbaycan Türk dünyasının taleyinə heç vaxt biganə qalmayıb. İndi də xalqdan kimlərsə bunlara etirazını bildirə bilər. Ona görə də Çin öz vətəndaşlarının taleyini düşünməlidir.

Səbinə Əvəzqızı

LENT.AZ



Yorumunuz comment Şərhlərə görə (0 göndərilib)

 

© 2008-2009 Dünya Gənc Türk Yazarlar Birliyi / www.dgtyb.org / Powered By WebStudio.Az