Hafiz HACXALIL ***
Birinə gələrsə, beşinə gəlməz .
Yatsa yuxusuna, huşuna gəlməz .
Bu arzu çoxunun xoşuna gəlməz .
Bir gözəl gəzirəm məni öldürə.
Gəzirəm dişimdə can adlı tikə
Bu canı bir alan tapıla bəlkə .
Ya bıçaq saplaya, ya tətik çəkə .
Bir gözəl gəzirəm məni öldürə.
Döndərə toxuma, çiyidə öldürə,
Sala dəyirmana, üyüdə öldürə .
Yerdə də tapmasa, göydə öldürə .
Bir gözəl gəzirəm məni öldürə.
Səs versin səsinə - ününə gedim ,
Yanına sevinə -sevinə gedim .
Desin ünvanını, evinə gedim .
Bir gözəl gəzirəm məni öldürə.
Getdiyi cığırdı, izdi deməyə .
Eh nə tez canından bezdi ,deməyə .
Hələ çox cavandı ,tezdi deməyə .
Bir gözəl gəzirəm məni öldürə .
Düşə taleyiylə, düşə acığa
Adam öldürməyə könlü acıxa .
Məndən yerin - göyün hayfını çıxa
Bir gözəl gəzirəm məni öldürə .
Gözüm qapananda yuxum öləcək .
Ölümdən qorxmayan qorxum öləcək .
Özümü öldürsəm, ruhum öləcək .
Bir gözəl gəzirəm məni öldürə .
Səbrin ki böyükdü ,yenə bağışla
Döndüyüm qibləyə ,yönə bağışla .
Ilahi ,özümü görməzliyə vur .
Məni öldürəni mənə bağışla .
Sənin öldürdüyün zülümnən ölmür .
Bilirəm günahdi keç günahımdan
Nə olar ,nə olar məni bağışla
Bir gözəl gəzirəm məni öldürə.
***
Səni itirəndən sonra qısqanmağa başladım .
Baxışlarınla göz –gözə gəldim
Divarlar arasında .
Hər şeydə sən vardın
Sonuncu dəfə çəkdiyim siqaretin
Tüstüsündə ilişib qalmışdın
Gedərkən çəkdiyin ah ,
Ah , səni itirəndən sonra
Qısqana – qısqana yaşamaq .
Bitmiş bir fikrin sonu nöqtə
Arzusunda olduğu kimi ,
Mən də sənin həsrətindəyəm .
Məndən olsa ,
Məndən olsa nöqtə qoyaram hər şeyə ,
Lap elə ömür adlanan bu mürəkkəb cümləyə
Tək bircə sözünün şəkli qalıb yaddaşımda .
“Məğlub olmuşlar qələbənin dadını bilməz .”
Mən səni heç zaman ömrümün
Sevgi qumarı sanmadım, əzizim .
Gözlərimin duzunu yalayan ürəyimin
Yanıq quzusu mələdi arxanca .
Təəssüflərim, təsəllim oldu səndən sonra .
Nə nəğmə ,nə səs ,
Nə də sonuncu nəfəs oldun sən mənə .
Səni itirəndən sonra ,
Dünya boyda qəfəs oldun sən mənə .
16.01.2007.
***
Eşqə həmdəm eyləyər, Tanrı böyük ürəyi.
Nə yorar, nə bezdirər dartdığı yük ürəyi.
Yığılsa kin–küdurət, qara qanlar çoxalsa
Eyləyər parça –parça, bölük –bölük ürəyi.
Özünü yoxuşlarda, zirvələrdə yormasa,
Hər könüldə özünə isti yuva qurmasa.
Allahu–Əkbər deyib, döyünməsə -vurmasa
Tanrı özü susdurar Haqqa dönük ürəyi.
Duam göylərə uçar Haqqın qanadlarında,
Həyat var–gəl eyləyir ömrün qıratlarında.
Itərdim ilim–ilim tarixin qatlarında.
Döyünməsə sinəmdə sevdalı Türk ürəyi.
***
Lalların toyu.
Dünyanın ən sakit toyu.
Hərəkətlərin sözləri üstələdiyi an
Və bir səs və bir söz
Hamı bir ağızdan.
A –a a-a -
Beləcə,
Xoşbəxtlik dilənir Allahdan.
***
Korların toyu ...
Hamı görür kimi...
***
Fikri alnının qırışlarında
əzik -əzik olan bu kişinin
80 illik ömrünün ağırlığına tab gətirməyən
Qaşlar barak təkərlərinə oxşayır artıq .
Üzərrik topası saçları vaxtından tez yanıb elə bil.
Başının ortası illərin və nəsillərin at oynatdığı
El yolunu xatırladır
Qovğalar, davalar,
Isti –soyuq havalar keçib başından,
Bir palıd ağacı ilə yan –yana,
Yan –yana dursa uzaqdan baxanlar
Lap ata –oğul zənn edərlər onları .
Qocalar da vaxtından əvvəl qocalırmış sən demə İlahi ,
Ağıllıların dediyi həyat fəlsəfəsi, yaşamaq həvəsi
Gözlərinə əbədi hopmuş bir göl yerindən miras qalmış
Sonuncu yaş damlalarında ulduza dönər, bir vaxt gəldiyi
Göylərə qayıtmaq üçün . Ulduz demişkən.
Ulduzlar qocalanda ölmür ,sönür , sönən ulduzları isə görmür.
Onları sonsuzluq udur.
Qarşımdakı bu qoca da, özünü –sözünü, yaddaşını
Hər şeyi unudur,
Qocalmamaq istəyini belə.
Bilir ki , gəldiyi yolla geri dönəcək günlərin bir günü ,geri dönəcək
Onda nə işıq yanacaq, nə də it hürəcək
Onda heç qayırma dişləri də ağzında olmayacaq.
Ona əziyyət verməsin deyə ,özləri düşüb qaçacaq ağzından.
Qocalıq və cavanlıq sahilləri heç vaxt qovuşmayan bir dənizdi.
Bu yaşdan sonra dərd çəkmə, qoca.
Qorxuram ki ,çəkib aparasan izə bir şey qalmaya.
O dərddən bir az da bizim qocalığa saxla.
Indinin cavanları sırtıq böyüyür qoca
Ağlın sizlərə getməsin
Nə isə uzun danışdım deyəsən
əməlli – başlı qocaldım,
bu yazını yazınca.
***
Əlini əlimdən üzmə sən Allah,
Onsuz da ürəyim üzülüb gedir
Dayanmaz gözümün yaşı dayanmaz
Gizlicə gözümdən süzülüb gedir.
Çəkdi sinəm üstə bu dağı dərdim.
Könlümün qaranlıq otağı dərdim
Yandırır kağızı ,varağı dərdim
Söz –söz, misra –misra düzülüb gedir.
Gedirsən ,qalıram ürəyi yaşlı.
Bu da bir taledi haqdan yazılı
Ömrüm əcəl adlı sapdan asılı
O da günü - gündən nəzilib gedir.
***
Yaşdı, yanağımdan asıb qalır,
Daşdı, ayağımdan asılıb qalır.
Canı dodağımdan asılıb qalır
Bir qadın gözləri can verir hələ.
Qəm hökmdar oldu ömür taxtına
Azmı, çoxmu qalıb görən vaxtına
Baxıb vaxtsız sınan güxgü baxtına
Bir qadın gözləri can verir hələ.
Təngiyən nəfəsdi, döyünən ürək
Daha indən belə kimədi gərək
Çiçək yarpağında şeh damlası tək
Bir qadın gözləri can verir hələ.
Əllərdən üzülən ətəkdi indi,
Arısı dönməyən pətəkdi indi.
Yaşamaq eşqindən əl çəkir indi
Bir qadın gözləri can verir hələ.
Kamandan üzülən oxmu ilahi,
Belə can verənlər çoxmu ilahi
Bəlkə də xəbərin yoxdu ilahi
Bir qadın gözləri can verir hələ.
***
Hərdən fikirləşirəm,
Gözlərimi yumub, ayaqlarımı uzadıb ölüm.
Qurtarım özümü bu yaşamaq adlı cansıxıcı yorğunluqdan.
Onsuz da bu dünyada hər şey bir andan asılıdır.
Bir an isə bizə məlum olduğu qədər də naməlum olandan.
Demək əvvəli və sonu bilinməyən bir ömür yaşayır insan.
Istəsək də ,istəməsək də,
Zaman adlı qəlibin ölçüsünə uyğunuq hamımız.
Ölümü sapanda qoyub daş kimi özündən uzağa atanlar
Öz oxundan çıxıb özünə qayıtmayanlar tək peşimandı bəlkə də.
Axı ölüm sapı qırılmış mirvari deyil ki,hər addımda bir dənəsini tapasan.
***
Mənim ümidim yox, sənin konturun
Nə üzlə əlimi cibimə salım
Qoy sənin yanından uzaq oturum
Sakitcə səsimi içimə salım.
Səsin titrəyəndə tutub ürəyim.
Demə ki ,sən mənə kədər vermisən
əlim çatmayana səsim çatanda
sevinci bir dünya qədər vermisən.
Səndə neçə qəlbin pıçıltısı var.
Hər səsin saçına sığal çəkmisən
Içində bir qızın hıçqırtısı var
Yadına düşəndə min ah çəkmisən.
Varaq olmayada şeirlərimi ,
Bir –bir ürəyinə köçürtmüşəm mən
Uzun gecələri həsrətim kimi.
Sənə damla –damla içirtmişəm mən.
Kül altda xatirə axtarmağımin,
Daşını lap çoxdan atmışam dostum.
Mən öz yaddaşımda itirdiyimi
Sənin yaddaşında tapmışam dostum.
***
Eh, bu hələ harasıdır əzizim,
Kərəm kimi yananda gör sən məni.
Dəli könlüm qəfəsindən ayrılıb.
Zirvələrə qonanda gör sən məni.
Məcnun dərdi təzələnər sözümdə,
Leyli sızlar ürəyimin közündə.
Dostu yolar saçlarını gözümdə.
Dilqəmini ananda gör sən məni.
Indi bildim, Hafiz, dünya yalandı.
Dərd sinəmə qalaq –qalaq qalandı.
Bu şəhərdə ömrüm –günüm talandı.
Gəl dağda gör ,aranda gör sən məni.
***
Getməyin könlümə elə dərd olub,
Hələ də saxlayır izini yollar.
Gedirəm üstünnən quru can kimi.
Bulayır üstümə tozunu yollar.
Əyilər ,burular gedər dərinə.
Nə bezər ,yorular ,nə də ərinər.
Sürüyər arxamca kölgə yerinə
“Unutsun “kəlməni ,sözünü yollar.
Əl açar, əlləri çatmaz ki, göyə
Sığınar qəlb adlı uçuq bir köyə.
Getdiyin yollarla gələrsən deyə.
Dikər yollarına gözünü yollar.
Son ayaq səsində gömüldü andın.
Artıq bir xəyaldın ,ötəri andın
Bir Allah bilir ki ,gələndə adın
Nə çəkdim, söyləsin düzünü yollar.
Adın çiçəkliyər dilimin üstə.
Südəmər həsrətin qolumun üstə.
Min günəş doğsa da yolumun üstə
Əritməz hicranın buzunu yollar.
Hafizəm dil bilməz dərdin ,qəmin də.
Sən kef həvəsində, vüsal dəmində.
Elə apardığı qız görkəmində.
Nə ola qaytara özünü yollar.
***
Yollar gözümü çəkirdi,
Gözlərim yol çəkir indi.
Baxışım şəkil dünyanı
Gündə min yol çəkir indi.
Yenə nəfsimin üzündən
Düşdüm fələyin gözündən
Şirəsi itmiş sözümdən
Arılar bal çəkir indi.
Dərdimə əl çalan gözəl,
Ucalıb ,alçalan gözəl
Könlümə xal salan gözəl
Üzünə xal çəkir indi.
Qalandıqca ah –ah üstə
Yanğılı bir seygah üstə
Çiynimdəki günah üstə
Ruhum min hal çəkir indi.
Su qatıb haqq xəmirinə,
Döndərdilər qan –irinə.
Allahın ölüm əmrinə
Bəndələr qol çəkir indi .
***
Doğmadı-yaddı bilməz,
əldən tutandı əlim.
Bir anda Xızır kimi
Dada çatandı əlim.
Nə yerin, nə göyünəm,
Nəyim var ki, öyünəm.
Mən özüm ərköyünəm
Ipə yatandı əlim.
Kül deyil ki, sovula.
Daş deyil ki, ovula,
Yüz danla, yüz də tovla
Axı ətdəndi əlim.
Durub uzaqdan baxan,
Hənirtimə darıxan
Odu gözümdən çıxan.
Yanan vətəndi.
***
Özünü aldatma, mavi gözlü qız
Bir yaşıl yarpaqsan körpə budaqda
Başına gün döyər, dondurar şaxta,
Hələ görəcəyin günlər qabaqda
Bir sevgi nəğməsi oxu bir az
Özünü aldatma, mavi gözlü qız.
Yollar qırış –qırış, yollar dağ –dərə
Yıxılsan çətin ki,biri əl verə
“Açma ürəyni ürəksizlərə“,
Dərdini dediyin dostlar vəfasız
Özünü aldatma, mavi gözlü qız.
Tanımır getdiyin küçələr səni ,
Doldurub kuzəyə içəllər səni
Çəkər ağuşuna gecələr səni
Bir qəmli xatirə, bir qələm –kağız.
Özünü aldatma mavi gözlü qız.
Ağıza söz olub, səsə düşmüsən
Bu da bir bəladı, ”nəsə“ düşmüsən.
Deyən bu dünyayla bəhsə düşmüsən.
Bu həyat çeynənib, çürüyən saqqız,
Özünü aldatma, mavi gözlü qız.
Ruhuna köklənən qəm var, acı var.
Könlünün xoş sözə ehtiyacı var
Bağrının başında dərd ağacı var.
Çəkdiyin əzablar saysız ,hesabsız.
Özünü aldatma mavi gözlü qız.
Zaman çalxalandı ,ömür daşladı,
Danışsam deyərlər yenə başladı.
Bu yazıq Hafizin dərdi başqadı.
Haqq ayaq altında ,hökm edir haqsız.
Gözünü aldatma mavi gözlü qız.
***
Aşıq Fəzail Miskinliyə
Ay Fəzail, yaralıyam nə vaxtdı,
Sarımağa sarı telli yar hanı?
Yüz təbibim çarəsindən nə fayda
Kim sağaldar haqdan gələn yaramı.
Mənim bəxtim saçım kimi ağ –qara,
Amandı qoy bu dərd ilə ağara.
Bir qığılcım bəs eyləyər dağlara.
Onda gördün sel apardı ,Aranı.
Nalə qopar ürəyimin sazından,
Neçə ildi əriyirəm nazından
Bir soruşun o zalımın qızından
Niyə kəsdi görən bizdən aranı.
***
Sənsiz ömür necə keçdi,
Il də gəldi, il yerinə
Sənin yerin ürəyimdir
Qurban olum gəl yerinə.
Hicranında gəmi oldum
Vaxtsız yanan zəmi oldum
Küləklərin yemi oldum
Ocağında kül yerinə.
Lələliydi sevgi yurdu,
Hələ arzular puçurdu.
Gözlərimdə bənd uçurdu
Xatirələr sel yerinə.
Qəm ürəkdə, yara canda
Kədər yedim yar acanda
Səni gəlin aparanda
Qəlbim əsdi tel yerində.
Fələk acımaz yaşıma
Çox oyun açar başıma
Sən qoyarsan başdaşıma
Gözlərini gül yerinə.






